Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Biz yağı düşmənin gözlədiyindən də artıq səbrli və dözümlü olduq”-Namiq Dəlidağlı

Tarix: 02-04-2018 13:24     Baxış: 2967 A- / A+
“Biz yağı düşmənin gözlədiyindən də artıq səbrli və dözümlü olduq”-Namiq Dəlidağlı

Bahar bayramı Azərbaycan xalqının minillər boyu sevə-sevə yaşadıb qoruduğu milli dəyərlərdəndir. Lakin son 30 ildə başımıza gələn hadisələr nə yazın gəlişindən, nə də bu bayramdan mənəvi zövq almağa imkan vermir. Çünki bu fəslin gəlişi düşmən əlində inləyən cənnət misallı yerlərimizin niskilini oyadır qəlbimizdə.
Bir zamanlar ulularımızın at çapıb büsat qurduqları torpağı xəyalımızda canlandırır. Və çox təəssüf ki, bugün o yerləri ancaq "xəyal qanadlarlnda" seyr edə bilirik. Yurd həsrətindən yazmaq istərkən şair dostum Namiq Dəlidağlını xatırladım. Hər zaman Kəlbəcər niskili "yağan", hətta gülüş anlarında belə çöhrəsində kədər sezdiyim bu ziyalı insanı sorğu-suala tutmaq keçdi ürəyimdən. Təbii ki, ömrünün ən qaynar çağlarını- uşaqlıq və gənclik illərini Kəlbəcərdə yaşayıb Namiq bəy. Ona bu haqda dedikdə, təklifimi razılıqla qarşıladı. Bilirdim ki, onun da ürəyi doludur. Bunu onun şeirləri və publisistik yazıları da sübut edir. Namiq Dəlidağlıya bir neçə sual ünvanladım və aldığım cavabları hörmətli oxucularla bölüşmək qərarına gəldim. Sizin üçün də maraqlı olacağını düşünürəm.

- Namiq bəy, artıq xeyli müddətdir ki, hər il 2 Aprel tarixi Kəlbəcər bölgəsinin işğalı günü kimi qeyd olunur. Kəlbəcərin işğalından xeyli müddət keçib. "25 Kəlbəcərsiz il" haqda nə deyərdiniz?

- İnsan yaşadığı məkanı özü seçsə də, doğulduğu yer tale işidir. Bu baxımdan mənim taleyim öncə üzümə gülsə də, sonra gətirmədi. Qoynunda dünyaya göz açdığım, gözəlliklər diyarı olan yurdum yağı tərəfindən yağmalandı. Mən sonrakı illərdə bəlkə də Kəlbəcərdə yaşamayacaqdım, paytaxta üz tutacaqdım, ancaq onun işğal olunması və oranı məcburi surətdə tərk etməyim çox ağırdı. Bu ayrılığın, həsrətin ömrünün 25 ilə çatması isə daha dözülməzdi. Çox dözdük, çox gözlədik. Biz nə yedik, nə etdik ki, bu hala düşdük, bilmirəm. 25 il Kəlbəcərsizliyi Laçınsızlar, Ağdamsızlar, Cəbrayılsızlar...., bir sözlə, Qarabağsızlar yaxşı anlayır. Və Qarabağsızlığı bütöv Azərbaycan qəbul etməməli, torpaqlarımızın işğaldan azad olunması üçün səbrsizlik və dözümsüzlük nümayiş etdirməlidir. Biz yağı düşmənin gözlədiyindən də artıq səbrli və dözümlü olduq, artıq yetər.

- Adətən, belə rəqəmlərdən bəhs edəndə "Bir igidin ömrü qədər vaxt keçib" deyirlər. Bu müddətdə nəinki bir, hətta bir nəsil igid yetişib. O igidlər nəslinin Kəlbəcəri unutmaması üçün nə etməli?

- 25 il böyük zaman kəsiyidi. Kəlbəcərin işğalından sonra doğulan uşaqlar dediyiniz kimi "bir igid ömrü yaşayıb" və Bakıda, Gəncədə, Sumqayıtda doğulan həmin uşaqlar "Şuşa", "Qarabağ", "Laçın" restoranlarında özlərinə toy çaldırıblar. Deməli, ordan çıxanda 20-30 yaşı olan gənclər isə artıq nənə-babadı. Bir az yaşlı nəsil, o yerə, yurda bizdən daha çox bağlı olanlar isə artıq həyatda yoxdu. Və beləliklə, araya düşən 25 illik zaman kəsiyi bizim ziyanımıza işləyib. O yerlərin canlı "arxivləri" sıradan çıxdıqca, yurda bağlılıq hissinin azaldığını da müşahidə edirik. Bu da təbii haldır. Biz Kəlbəcərdən çıxanda anamın 60-dan yuxarı yaşı vardı. Ömrünün ən xoş çağları doğulduğu yurd-yuvayla, od-ocaqla bağlıydı. Onun yurda olan sevgisiylə, mənim istəyim arasında xeyli fərq var. Və beləcə, ötən hər gün bizi müqəddəs yurd yerlərimizdən uzaqlaşdırır və harda məskunlaşmışıq ora bağlayır. Müqayisə üçün deyim ki, Kəlbəcərdən çıxanda 10-15 yaşı olan uşaq, yeniyetmə ömrünün çox hissəsini burda yaşayıb və daha çox məskunlaşdığı əraziyə bağlanıb. Bu faciədi, o yerləri unutmağımız üçün zamanın əleyhimizə işlədiyi məqamdı... Kəlbəcəri unutmamaq üçün tezliklə Kəlbəcərə dönmək gərəkdi, hətta vacibdir.

- Sizinlə danışıqlarımızdan məlum olur ki, şeir yazmağa erkən yaşlarda başlamısınız. Kəlbəcərin işğalı sizin yaradıcılığınızda nəyi dəyişdi?

- Nailə xanım, "dəyişdi" çox yumuşaq ifadədir. Həyatım kimi, yaradıcılığımı da alt-üst elədi. Yaşımın sevgi çağında olduğum üçün, bütün müqəddəs duyğu və hisslərimin üstündən xətt çəkdi. O yaşa uyğun olan bütün sevinc və sevgimi itirdim. "O qıza" həsr edəcəyim sevgi şeirlərim


Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik, bu ağır bir dərd
indi də itirdik ana torpağı.

Ata, dözəmmərəm mən bu itkiyə,
köksümdə bir qəbir qazdıracağam.
Yonub ürəyimin bir parçasını,
başdaşın əvəzi basdıracağam
kimi şeirlərlə əvəzləndi.

- Yurd-yuva dərdi insanların mənəviyyatını cılızlaşdırdığı kimi fiziki görünüşünə də təsir edibmi?

- Məmləkətimizin hər qarış torpağı bizim üçün müqəddəs və doğmadı. Hər yeri canım Azərbaycandı. Ancaq dədələrimiz dediyi kimi, "daş düşdüyü yerdə ağır olur". Və təbii ki, insan digər yerdə bir az cılızlaşır, balacalaşır. Mənəvi cəhətdən isə həm də özünü kiçik, cılız görməkdə bir qınaq, təhniz amili də rol oynayır. Biz bu diligödəkliyimizi aradan qaldırmalıyıq. Yoxsa həm mənəvi, həm də fiziki cəhətdən çox kiçilib gözəgörünməz olacağıq.

- Qarabağ müharibəsi mövzusunun ədəbiyyatda təcəssümü sizi qane edir, yoxsa, siz də onun ən doğru bədii həllinin gələcəkdə olacağını düşünürsünüz?

- Müvəqqəti olsa da, bu acı gerçəklikdi ki, biz basılmış bir yurdun övladlarıyıq. Və belə olan halda yaradıcı adamların ilham pərisi içinə qısılır. İstədiyi kimi əsərlər yaza, yarada bilmir. Bu gün müharibə, xüsusilə, Qarabağ müharibəsi mövzusunda kifayət qədər əsərlər yazılıb. Sadəcə, bu əsərlər boş hay-küydən, pafosdan uzaq olduğuna görə bir o qədər gözə çarpmır. Biz səs-küylü, "Haydı, igidlərim, haydı", "Mən Koroğlu nəvəsiyəm" tipli əsərlərə öyrəndiyimiz üçün, bu gün bədii cəhətdən güclü, ancaq "lal-dinməz" əsərlərə fikir vermirik. Mən şeirin döyüşə çağırış kimi səsləndirilməsinin, şüar kimi oxunmasının tam əleyhinəyəm. Döyüş, torpağı qorumaq əsgər və zabitin vəzifə borcudu. Şeirlə kimisə döyüşə ruhlandırmaq boş söhbətdir. Müharibə şəraitində olduq-olmadıq şeir etirafdı, pıçıltıdı. Ən yaxşı halda normal şeirlər doğulduğun məmləkəti sənə bir az da sevdirə bilər.
“Biz yağı düşmənin gözlədiyindən də artıq səbrli və dözümlü olduq”-Namiq Dəlidağlı

- Hər il 2 Aprel tarixində Kəlbəcər yanğısını soyutmaq üçün hara üz tutursunuz. Həmin gün içunizdən şeir yazmaq kimi bir hiss keçirmi? Və yazmısınızmı?

- Ürəyimin yanğısını söndürəcək məkan ancaq elə Kəlbəcərin özü olar, o da... Burda ancaq acizanə şəkildə xatirələrə üz tuturam. Çox təəssüflər olsun ki, hər il üz tutduğum xatirələrim də yavaş-yavaş yaddaşımı tərk eləyir. Yuxarıda qeyd etdiyim kimi, zaman hər an bizim əleyhimizə işləyir. 2015-ci ilə qədər acı da olsa, ən çox anamla xatirələrimi bölüşürdüm. Anamdan sonra isə özümlə təkbətək qalmışam. Həm də anama o yerlə, yurdla, bir kişi olaraq onu oralara apara bilmədiyimi etiraf edirdim ki...


Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağl, “Novlu bulağ”ı,
öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün,
çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar birdə dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.


Yazıqlar olsun ki, anamı Kəlbəcərə aparammadım...

Namiq bəylə söhbət əsnasında yadıma 2016-cı ildə canlarını vətən yolunda sipər etmiş "Aprel şəhidləri"miz düşdü. (Əslində heç vaxt unudulmurlar ). Özlüyümdə dərk etdim ki, xalqımızın övladları da bahar fəslinə bənzəyir. Vətəni azad etmək istəyimiz yazda daha çox baş qaldırır. O yerlərin özümüzə qayıdacağı günü nə üçünsə baharda təsəvvür edirik. Ancaq həqiqət acı da olsa, birdi: biz itirdiyimiz torpaqları mütləq qaytarmalıyıq. Orada ulularımızın, şəhidlərimizin sərgərdan qalmış ruhlarını qələbə müjdəsi ilə ovutmaq zamanıdır. Deyirlər, vaxt ən böyük həkimdir. Məncə, bizim məlhəmimiz, əlacımız savaş və qələbədir. Sonda Namiq bəyə maraqlı müsahibə üçün təşəkkür edirəm. Özümə isə Kəlbəcər haqda növbəti yazını Dəlidağın qoynunda yazmağı arzulayıram.

Söhbətləşdi Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar