Xəbər lenti
Dünyaya səs salan “Apokalipsis” filminin sensasion həqiqətləri – FOTOLAR/VİDEO
İlk dəfə 2006-cı ildə ekranlara çıxan və Hollivud aktyoru, rejissoru Mel Gibsonun iranlı sənətçi Fərhad Safinya ilə birlikdə ssenari müəllifi olduğu məşhur “Apokalipsis” son 10 il ərzində bütün dünyada təkrar, sevilə-sevilə baxılan filmlərdən biridir. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, Mel Gibson və tərəfdaşı Fərhad Safinya milyonlarla insanın dönə-dönə izlədiyi filmin yüksək səviyyədə ərsəyə gəlməsi üçün bütün güclərini sərf etmiş, zəhmətlərə, əziyyətlərə qatlaşmışdılar.
Manevr.az publika.az-a istinadən “Apokalipsis”, onun çəkilişi, habelə aktyor heyəti ilə bağlı maraqlı faktları təqdim edir:
İlk fakt bundan ibarətdir ki, bu cür maraqlı, baxdıqca baxılan filmin Mərkəzi Amerikadan olan aktyorları qeyri-peşəkarlardır. Onların əksəriyyəti ilk dəfədir ki, filmə çəkilirlər. Qəribədir, təcrübələri və istedadları o qədər də güclü olmayan aktyorlar rejissorun və ssenari müəlliflərin böyük ustalığı ilə belə gərgin süjetlərdən ibarət film ərsəyə gətirə biliblər.
Filmdə aktyorların tullandığı Salto de Eyipantla 45 metr hündürlüyə malik şəlalədir. Bəzi filmlərdə kaskadyorların əvəz etdikləri aktyorlardan fərqli olaraq, “Apokalipsis”in aktyorları özləri həmin şəlalədən tullanmalı olublar. Bu, olduqca riskli və təhlükəli idi. Çəkilişlərə yarana biləcək hər hansı xoşagəlməz halların qarşısını almaq üçün xeyli sayda həkim, tibb işçisi də cəlb olunmuşdu.
Mel Gibson və filmin digər ssenari müəllifi Fərhad Safinya çəkilişlərdən əvvəl mayalıların dillərini, tarixlərini, maya mifologiyasını öyrəndilər. Bu, onlara bir neçə aya başa gəldi.
Apokalipsis sözü həm xristianca dünyanın axırı, həm də yaxın gələcəkdən xəbər vermək anlamına gəlir. Eyni zamanda – özünü göstərmək və ya həqiqəti aşkar etmək mənasındadır. Amma Mel Gibson bunları inkar edir. Rejissor deyir ki, filmin adı “Apokalipto” yunan sözü “Açılış” və ya “Yeni başlanğıc” mənasını verən universal sözdür.
Filmdə gördüyümüz yırtıcı heyvanları Meksika zooparkından gətirmişdilər. “Apokalipsis”lə bağlı növbəti maraqlı faktlardan biri elə Mel Gibsonun özüylə bağlıdır. Sən demə, rejissor bizim hər dəfə sevə-sevə izlədiyimiz bu əsərinə görə tənqidlərə tuş gəlib. Film ekranlara çıxdıqdan sonra alimlər Mel Gibsonu maya cəmiyyətini tamaşaçılara qəddar və qanlı təqdim etməkdə günahlandırıblar. Hətta maya cəmiyyətinin nümayəndələri Meksikanın Yukatan ştatının İnsan Hüquqları üzrə Komissiyasına ayrıseçkiliyə məruz qalmaları və ləkələnmələrindən şikayət ediblər. Və onu məhkəmə ilə hədələyiblər.
Sən demə, rejissor mayalıların bəzənmələrində də səhvlərə yol verib. Mel Gibsonu tənqid edən hindu rəhbərləri ona dedilər: “Rejissor bilməli idi ki, mayalılar heç vaxt burunlarında, dodaqlarından, qulaqlarından qızıl bəzək əşyaları, gümüş məftillər, boyunlarlından ağac asmadılar”.
Bir sözlə, film Mel Gibsonun başını çox ağrıtdı.
Filmin digər ssenari müəllifi Fərhad Safinya İran-Amerika əsilli teleprodüsser, ssenaristdir. Hazırda Los-Ancelesdə yaşayan Fərhad 1975-ci ildə Tehranda doğulub. Dörd yaşında ailəsi ilə birlikdə İranı tərk edib. Kembric kollecində iqtisadiyyat üzrə təhsil almış Fərhad Kembric universitetinin Həvəskar Dramatik Klubunda aktyorluq və rejissorluq edib.
“Biz 45 metrlik şəlalənin kənarında kameraları aktyorların çiyinlərinə quraşdırdıq. Onlar çiyinlərindəki kamerayla şəlalənin düz qarşısına gəldilər. Əlli dəqiqəlik kaseti beləcə çəkib qurtardıq. Amma bir dəfə obyektiv dumanlandı və çəkiliş alınmadı”, - deyə rejissor bildirir.
Meksikadakı güclü yağışlar və tufanlar səbəbindən filmin çəkilişləri bir neçə dəfə təxirə salınıb.
Büdcəsi 40 milyon dollar olan “Apokalipsis” filminin baş qəhrəmanı "Yaquar Pəncəsi" Rudi Yanqbladın kinoda ilk işidir. Birinci dəfə filmə çəkilən Rudi ilk öncə maya dillərindən birini - yukateki öyrənməli olur. Bildiyimiz kimi, dramatik filmlərdə aktyorlar yüksəkliklərdən tullanarkən, habelə digər gərgin səhnələrdə onları kaskadyorlar əvəz edirlər. Lakin yüksək səviyyəli atletik hazırlığı olan Rudi Yanqblad bu gərgin səhnələri, o cümlədən bir neçə metr hündürlüyə malik şəlalədən tullanışı məhz özü edir.
Sentyabrın 21-də 34 yaşını qeyd edəcək Rudi Yanqblad ABŞ-ın Texas ştatının Belton şəhərində doğulub. O, iki bacısından və afroamerika əsilli anasından ibarət ailəsini dolandırmaq üçün erkən yaşlarında işləməyə başlayıb. Damarlarında komançe və yaki hindularının qanı axan Rudi erkən yaşlarında xərçəng xəstəliyinin hədələdiyi ölüm təhlükəsindən güclə xilas olub. Kinoya “Apokalipsis”dəki məşhur rolu ilə gəlmiş aktyor Rudi hazırda asudə vaxtlarında boksla, qaçışla, habelə rəssamlıqla məşğul olur.
Filmdə onun həyat yoldaşı rolunu oynayan aktrisa Daliya Ernandez 1985-ci ildə Meksikanın Verakrus şəhərində doğulub. İndiyədək 5 filmə çəkilmiş aktrisa döyüş, macəra, dram janrlı ekran əsərlərində bir sıra obrazlar yaradıb.
Filmin baş qəhrəmanı "Yaquar Pəncəsi"nin azyaşlı övladı “Qaçan Tısbağa” rolunu oynayan Karlos Emilio Baezin uşaq rolunu çox gözəl canlandırmasını xüsusi olaraq vurğulamalıyıq. Bu, çəkilişlər zamanı 4 yaşı olan Karlosun kinoda ilk işidir. O, hələlik cəmi 1 filmə çəkilib.
Filmin baş mənfi qəhrəmanı “Baş Canavar” obrazını canlandıran Xose Raul Truxilyo hindu apaçi tayfalarının törəmələrindəndir. O, karyerasına şou-biznesdə başlayıb və Şimali Amerikanın köklü sakinlərinin xalq rəqslərinin peşəkar ifaçısıdır. Kino və teatrda 70-dən çox rola çəkilmiş 61 yaşlı Xose Raul Truxilyo hazırda Amerika Hindularının Teatr Rəqslərinin (“American Indian Dance Theatre”) rəhbərlərindən biridir.
“Apokalipsis”dəki vəhşi tayfa başçısı “Baş Canavar”ın qəddar köməkçisi, “Yaquar Pəncəsi”nin atasının qatili, habelə digər mayalıları öldürən zalım “Orta Göz” rolunu oynayan Xerardo Tarasena Meksika aktyoru və prodüseridir. Hazırda ABŞ-dakı kiçik seriallarda rollar oynayan aktyor “Theater Myth” aktyor qrupunu yaradıb.
Filmdə əsas rollardan birinin ifaçısı Conatan Bryuer də Meksika aktyorudur. O, 2003-2012-ci illərdə 6 filmə çəkilib.
“Apokalipsis” bəzi aktyorların da filmdəki ilk işidir.
Gözəl peyzajlarla, maya sivilizasiyasının ispan işğalçılarının Amerikaya gəlişinə qədərki dövrünü əhatə edən film cəmi 1 il sonra 3 nominasiya üzrə “Oskar” mükafatı alan “Apokalipsis” “Qızıl Qlobus”a, həmçinin “BAFTA”ya (xarici dil üzrə) layiq görüldü. Təbii ki, bu mükafatlardan da yüksəkdə duran milyonlarla seyrçinin sevgisi öz yerində... Düşünürük ki, saysız-hesabsız qeyri-peşəkar aktyorların yaratdıqları çətinliklərə, çəkiliş üçün əlverişsiz şəraitdəki məhrumiyyətlərə baxmayaraq, belə gözəl ekran əsəri yaratmağa dəyərdi.
Anar Tağıyev
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar