Xəbər lenti
"Meşəsi turaclı, ceyran-cüyürlü - sünbülüm, süsənim, bura Laçındı"
Ötərxan EltacBURA LAÇINDI
Eşqinlə çırpınır köksümdə ürək,
Məhəbbət dastanım, bura Laçındı.
İgidlər doğulub adına örnək:
Xosrovum, Soltanım, bura Laçındı.
Dağa bax, bərq vurur sinəsində qar,
Köksündən boylanır əzəmət, vüqar.
Daryaltək oğlu var — cəsur, xilaskar,
Baxıb ürəklənim, bura Laçındı.
Narzan bulaqları dərdlər dərmanı,
“İstisu” damarda coşdurar qanı,
“Nuhcan” şəlaləsi sübhün azanı,
Cənnətim, gülşənim, bura Laçındı.
Hər daşı, qayası möcüzə, tilsim,
Qaragöl qibləmdi, Həkəri səsim,
Qartalların qıyı yaşam həvəsim,
Ey dada yetənim, bura Laçındı.
Buralar cənnətdi — ocaqlı, pirli,
Xiridar yetişir kəlməsi dürlü.
Meşəsi turaclı, ceyran-cüyürlü,
Sünbülüm, süsənim, bura Laçındı.
Nadir Azayoğlu, Elman Elsevər,
Ağa Laçınlıtək sinəsi dəftər,
Malik Fərrux sözü uca, mötəbər,
Coşum, fərəhlənim, bura Laçındı.
Xələf İsmayılla o Sevinc Qərib,
Uca söz mülkünə pay göndərilib.
Zahir Abbas təbi “Rast”a köklənib,
Söz qədri bilənim, bura Laçındı.
Hüseyn Kürdoğlu naxışda əsrar,
Nazim Əhmədlinin öz ilməsi var.
Misrada çağlayır Kamil Vəfadar,
Sözlə ətirlənim, bura Laçındı.
Qaynar bir çeşmədi Fəxri Uğurlu,
Arif Pənshoğlu ötkəm, qürurlu.
Seyid Malik kimi misrada duru,
Qəlblərə çilənim, bura Laçındı.
Gəl Sarı Aşığı parlaq günəş san,
Seyid Nigaridən dərs al, qüsullan.
Desin Namiq Zaman, İlham Qəhrəman:
"Cəngi"yə köklənim, bura Laçındı.
Burda hər bir igid sözünün əri,
Burda qoşa düşməz naşının zəri.
Təranə Vahiddir duyğu zərgəri,
Həm Arif Məmmədlim, bura Laçındı.
Düşmən çox hiyləgər, məkrli, nadan
Olsa da ram etdik, aldıq qana-qan.
Öyrəndik sərtliyi sərt qayalardan,
Düşmənlərə qənim, bura Laçındı.
Kamillə İsrafil, Qorxmaz, Ələsgər,
Həm Fazil, həm Oqtay — ən məğrur əsgər,
Birləşib oldular keçilməz səngər,
Yurd üçün ölənim, bura Laçındı.
Yüyənsiz göylərdə buludlar əlçim,
Damlası şəfadı, doldur ver içim!
Yolunda can verim, ömrümdən keçim,
Bayrağı kəfənim, bura Laçındı.
Dosta çıraqbandı, yada göz dağı,
Ötərxan, qan tökdük, yuduq torpağı.
Ucaldı göylərə Vətən bayrağı,
Göylərdə yelkənim, bura Laçındı.
10.06.2026
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































