Azərbaycan şəhərsalma və memarlıq tarixinin Heydər Əliyev dövrü

Azərbaycanın müasir simasının formalaşmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev ölkənin şəhərsalma tarixində “Baş Memar” missiyasını yerinə yetirmişdir. Onun rəhbərliyi dövrü Azərbaycan şəhərlərinin həm vizual, həm də infrastruktur baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olunur.
1969–1982-ci illər: Şəhərsalmada modernləşmə və milli üslubun qayıdışı.
1969-cu ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev şəhərsalma və memarlıq sahəsini dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirməyə başladı. Bu dövr Azərbaycan tarixinə memarlıq yüksəlişi dövrü kimi daxil olmuşdur:
Əvvəlki illərdə cəmi 37 şəhərin baş planı olduğu halda, 1970–80-ci illərdə 60-dan çox şəhər və qəsəbənin baş planları yenilənmiş və ya yenidən hazırlanmışdır.
Paytaxtın simasını dəyişən Əhmədli, Günəşli və Yeni Yasamal kimi nəhəng yaşayış massivləri məhz bu dövrün strateji planlamasının nəticəsidir. Bu illər ərzində 2 milyondan çox insanın mənzil şəraiti yaxşılaşdırılmışdır.
Bakının mərkəzində “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı, “Azərbaycan” və “Moskva” (indiki “Bakı-Hilton”) mehmanxanaları kimi şəhərin memarlıq aksentlərini təşkil edən binalar ucaldılmışdır.
Memarlıqda “Azərbaycançılıq” ideologiyası.
Heydər Əliyev memarlıqda sovet standartlarından uzaqlaşaraq, milli ornamentlərin və Şərq koloritinin müasir binalarda tətbiqini tələb edirdi. O, çıxışlarında tez-tez vurğulayırdı ki, “hazırda inşa edilən ansambllar Bakının sabahıdır və bunlar gələcək nəsillərimizi də sevindirməlidir”.
İçərişəhərin bərpası, Şirvanşahlar sarayının qorunması və bərpası ilə bağlı sərəncamlar milli memarlıq irsimizin məhv olmaqdan xilas edilməsində həlledici rol oynamışdır.
Bakının ən mühüm nöqtələrində ucaldılan İmadəddin Nəsimi, Şah İsmayıl Xətai kimi dahi şəxsiyyətlərin heykəlləri şəhərin milli simasını gücləndirmişdir.
Müstəqillik dövrü: Strateji şəhərsalma və qlobal inteqrasiya.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ölkəni iqtisadi böhrandan çıxarmaqla yanaşı, dayandırılmış tikinti layihələrini bərpa etdi.
Bakı bulvarının bərpası, Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu və mühüm nəqliyyat qovşaqları Azərbaycanın dünyaya açılan pəncərəsi oldu.
Bakı-Tbilisi-Ceyhan layihəsi kimi strateji kəmərin inşası zamanı aparılan arxeoloji qazıntılar şəhərsalma tarixinin öyrənilməsinə, onlarla yeni yaşayış məskənlərinin aşkar edilməsinə təkan vermişdir.
Miras və davamlılıq.
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu təməllər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, Ümummilli Liderin formalaşdırdığı bu strateji xəttin gələcəyə yönəlik mühüm əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi ölkənin qlobal şəhərsalma gündəliyində artan rolunun bariz nümunəsidir. Azərbaycan bu proseslərdə təcrübə təqdim edən və təşəbbüs irəli sürən mühüm tərəfdaş kimi çıxış edir. Beləliklə, Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixdən müasirliyə uzanan davamlı xətt təşkil edir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri də məhz bu böyük şəhərsalma məktəbinin innovativ davamıdır.
Vəlizadə Tural Akif oğlu
MMU tabeliyində Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
Manevr.az





































