Xəbər lenti
“Ermənilər Qarabağdan qaçır” - Şuşalı Aram Karapetyan
Aram Karapetyan erməni xalqının yeni nəslinin nümayəndəsidir. Qarabağ münaqişəsi barədə düşüncəsini yeniləmiş minlərlə digər erməni kimi, o da vətənində sülh arzusundadır. Minlərlə digər erməni kimi, A.Karapetyan da Ermənistanı tərk etmək məcburiyyətində qalıb, çünki əmindir: Sarkisyan rejimi ölkəni siyasi müflisləşmə və yoxsulluq səviyyəsinə çatdırıb.
A.Karapetyan Ukraynada “Qürur inqilabı”nda fəal iştirak edib, Avromaydanın ön sıralarında olub. Bu gün o, öz ölkəsi üçün dəyişikliklər və inqilab istəyir.
İctimai fəal Ermənistan-Azərbaycan sülhməramlı platformasının yaradılması üçün Bakı deklarasiyasına qoşulmağa qərar verib. Əmindir ki, bu, iki xalqı barışdırmağın və iki Qafqaz ölkəsi arasında böyük sülhə törədilən əngəllərə qarşı ən real yollardan biridir.
Aram Karapetyanın Virtualaz.org saytına verdiyi müsahibəni diqqətinizə çatdırırıq:
- Bakı deklarasiyasını imzalamaq qərarını necə verdiniz və onun barəsində nə bilirsiniz?
- Əvvəlcə Bakı platforması barədə KİV-də dərc olunanlardan öyrəndim, səhv etmirəmsə, bir aya yaxın bundan əvvəl olmuşdu, sonra bu barədə ukraynalılar və ermənilər danışmağa başladı. Onun ideyaları məni dərhal cəlb etdi, yalnız ona görə yox ki, erməniyəm və hər zaman fəal vətəndaşlıq mövqeyim olub, həm də ona görə ki, atam Şuşada anadan olub böyüyüb və mən erkən uşaqlıq dövründən onun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını xatırlayıram.
Buna görə də, həddən çox uzanmış və fikrimcə, tamamilə mənasız münaqişənin başlanmasından sonra ilk dəfə barışığa real addımların atılmasını öyrənəndə çox sevindim. Məhz buna görə “Ermənistan və Azərbaycan arasında sülh platforması”na qoşulmaqla bağlı Bakı deklarasiyasına milliyyətindən asılı olmadan bütün xoş niyyətli insanların, ilk növbədə isə, münaqişə tərəflərinin vətəndaşlarının qoşulması çağırışına cavab verdim.
Hər zaman möhkəm dostluq əlaqələrinin bağladığı iki xalqın barışdırılması işində mənim də əməyimin olacağına ümid edirəm və inanıram ki, bu dostluq tezliklə yenidən bərpa olunacaq.
Mən Qafqazda ermənilərlə azərbaycanlıların sülh və barışını nəzərdə tuturam, çünki Qafqazdan kənarda aramızda düşmənlik heç vaxt olmayıb. Məsələn. yaşadığım Ukraynada mənim həm erməni, həm də azərbaycanlı çoxlu dostlarım var. Azərbaycanlı fəallar bizimlə çiyin-çiyinə Maydanda mübarizə aparıblar. Bundan başqa, bir çox azərbaycanlı dostumuz, Kiyev hadisələrində həlak olmuş Sergey Niqoyanın xatirəsinə həsr olunmuş yürüşdə iştirak ediblər.
- Maydanı xatırladınız, amma son bir neçə ildə Ermənistanda da Maydan proqnozlaşdırılsa da, o baş vermədi. Sizcə, nəyə görə vətənimizdə Sarkisyanın qeyri-legitim hakimiyyəti belə möhkəm dura bilib?
- Doğrudan da, belə proqnozlar çox olub, hətta il yarım bundan əvvəl erməni xalqı kommunal xidmətlərin qiymətlərinin həddən çox qaldırılmasına qarşı üsyan etmişdi. Bu il isə Ukraynada Yerevanda baş verənlərdən danışırdılar. Polis alayının zəbtini nəzərdə tuturam. Lakin inqilab baş vermədi və bu, belə desək, hakimiyyətin “nailiyyəti”dir.
Təəssüf ki, “Elektromaydan” vaxtı da, bu il də üsyana qalxmış xalq hakimiyyətin özünün yetişdirdiyi əldəqayırma müxalifətçilərin manipulyasiyalarına uydu. Ümumiyyətlə, Ermənistanda, anladığım qədəri ilə, bu cür təxribatçıların hakimiyyətin nəzarət etmədiyi istənilən proseslərə müdaxiləsinin özünəməxsus sxemi hazırlanıb. Hələlik bu sxem səhvsiz işləyir.
- Bəs bununla necə mübarizə aparmalı?
- Bu çox çətindir, faktiki olaraq, qeyri-mümkündür. Ukraynada bu mümkün oldu, lakin burada vəziyyət tam başqa idi. Biz Avropanın və ABŞ-ın dəstəyini hiss edirdik. Lustrasiya Maydanın nəticələrindən biri oldu. Ermənistana da məhz lüstrasiya lazımdır, lakin təbiidir ki, ölkənin özündə buna nail olmaq heç kəsə nəsib olmayacaq. Aydın məsələdir – hakimiyyət imkan verməyəcək.
Bunu xaricdən, diaspordan etməlidirlər. Yeri gəlmişkən, bilirəm ki, son zamanlar erməni diasporu Sarkisyan rejimi ilə mübarizədə fəallaşıb və bu sevindirir. Təəssüf ki, bu mənada Ukrayna erməniləri arasında belə bir tendensiya yoxdur, lakin inanıram ki, zamanla Ukraynada da vətənimizin naminə proseslərə təsir etmək gücü olan cəmiyyət formalaşacaq.
- Sonuncu dəfə nə vaxt Ermənistanda olmuşunuz və oradakı vəziyyətlə bağlı təəssüratlarınız necədir?
- İki il əvvəl Yerevana getmişdim, buna qədər də ailəmlə orada olmuşdum. Leninakanda (Gümridə - red.) də olmuşam, anam əslən oradandır. Təəssüratlara gəlincə... Ağrılıdır, çox ağrılıdır və təəssüfvericidir ki, SSRİ zamanında tanıdığım çiçəklənən, firavan ölkəni bu cür yoxsul vəziyyətə gətirib çıxarıblar. Yerevanda gördüklərim rəngarəng, qəşəng hava şarına bənzəyirdi. Bu şarın cəlbediciliyi yalnız şəhərin mərkəzinə aiddir. Bu hissədə normal, ləyaqətli həyat izləri var. Lakin mərkəzdən azca uzaqlaşdıqda, yaxud da paytaxtdan çıxdıqda, bu şar dərhal partlayır və anlayırsan – klublar, mehmanxanalar yalnız gözəl giriş qapısıdır və gəlmələrin gözünə kül üfürmək üçündür.
Anamın rəfiqəsi, səhv etmirəmsə, Yerevanın Çarbax adlanan rayonunda yaşayır. Orada gördüyüm dağıntını və kasıblığı dillə demək mümkün deyil. Elə təəssürat oyanırdı ki. hansısa əsir düşərgəsinə düşmüşəm. Leninakandakılar isə qorxu filmini xatırladır – bu qədər evsiz-eşiksiz və vaqonlarda yaşayanlar barədə mən heç bir yerdə nə eşitmişdim, nə də görmüşdüm. Elə oradaca məmurları və hansısa imkanlıları gördüm ki, bahalı maşınlarda gəzirlər, özlərinə elə malikanələr tikiblər ki, 50 milyonluq əhalisi olan Ukraynada belələrinə rast gəlməzsən. Aydın məsələdir ki, erməni oliqarxları xalqın hesabına varlanıblar. Buna görə də, ölkədə total yoxsuluq hökm sürür.
- Qarabağ münaqişəsinə qayıdaq. Fikrinizcə, bu münaqişə nə vaxt və əsas da necə bitəcək?
- Bilirsiniz, atamın Şuşada xeyli dostu qalıb, burada mən bir neçə il öncə Stepanakertdən (Xankəndindən – red.) gəlmiş bir oğlanla dostluq edirəm. Buna görə də, bilirəm ki, orada vəziyyət hətta Ermənistanda olduğundan da bərbaddır. Ermənilər oradan qaçır. Ona görə yox ki. müharibənin bir addımında yaşayırlar, ona görə ki, yaşamaq mümkün deyil.
Stepanakertli oğlan, misal üçün, deyir ki, orada iş tapmaq qətiyyən mümkün deyil. Hətta adicə yükdaşıyan, fəhlə kimi də işə düzəlmək olmur. Aydın məsələdir ki, bunun səbəbi bu münaqişədir. Onun həlli üçün, ilk növbədə, mənbəyini tapmaq lazımdır – necə yaranıb, kim yaradıb. Axı bu, SSRİ-nin dağilmasi ilə eyni vaxtda olub. Buna görə də, düşünürəm ki, qarşıdurmanı yalnız iki xalqın iradəsi yox edə bilər. Vasitəçilərdən əl çəkmək və özləri danışıqlar masasına oturmağa cəhd etməlidirlər.
İndi siz bunu QHT və ya vətəndaş sektoru səviyyəsində edirsiniz, mən isə dövlət başçılarından danışıram. Əlbəttə, anlayıram ki, sahibləri Sarkisyana belə addım atmağa imkanı çətin versinlər, lakin dünya yalnız onun üzərində qurulmayıb və görürəm ki, onun axırına çox qalmayıb. Ümid edirəm ki, onun yerinə gələn Sarkisyan kimi Kremlin əlində oyuncaq olmayacaq və yalnız bu halda Qarabağ münaqişəsində normal və sürətli həll mümkündür. Məlum olduğu kimi, Ermənistanın nəzarətinə keçmiş torpaqların əksəriyyəti artıq neçə illərdir ki, boşdur. Ermənilərin onları qaldırmağa, orada nəsə tikməyə, yaratmağa nə gücü, nə də arzusu var. Maraqlı sual ortaya çıxır – bəs nəyə görə həmin torpaqları bu cür qoruyub, hələ əsgərləri də qurban verirsiniz?
- Yeni il ərəfəsində ermənilərə nə arzu edərdiniz?
- Fikir vermişəm ki, Yerevanda olan ermənilərin, yaxud oradan bura gəlmişlərin üzündə həmişə qüssə olur. Onlar gülümsəmir. Hətta işləyəndə də, kafedə dincələndə də gözlərində kədər var. Səmimi qəlbdən arzu edirəm ki, nəhayət, ermənilərin üzlərində təbəssüm yaransın.
- Bu cür cəsarətli addım atdığınız və sülhməramlı platformaya qoşulduğunuz üçün təşəkkür edirik.
Vahan Martirosyan
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar