Zəfərdən əbədiyyətə: üçrəngli bayrağımızın kölgəsində ucalan Azərbaycan -FOTOLAR
Zəfər Gününə aparan tarixi yol xalqımızın uzun illər davam edən mübarizəsi, səbr və iradəsinin təcəssümüdür.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və bir milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşməsi ilə nəticələnən ağır sınaqlarla üzləşdi. 1994-cü ildə imzalanan atəşkəs sazişinə baxmayaraq, münaqişə uzun illər öz həllini tapmadı.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və döyüş əzmini nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başlandı.
Bu müharibə ərzində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad etdi. Oktyabrın 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri azad edildi. Noyabrın 8-də isə Şuşanın azad edilməsi ilə müharibənin taleyini müəyyən edən tarixi qələbə əldə olundu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan öz hərbi-siyasi iradəsini nümayiş etdirərək ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticəyə nail oldu. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad olundu.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində bərpası prosesi tamamlandı.
Tarixdəki bütün zəfərlərimiz kimi, 8 Noyabr Zəfərinin arxasında da gözünü qırpmadan canlarını fəda edən igidlərimizin misilsiz şücaəti, sarsılmaz cəsarəti dayanır. Azərbaycan Silahlı Qüvvələrinin milli varlığımızı qorumaq üçün apardığı şərəfli mübarizə bunun ən bariz sübutudur.
Zəfər Günü yalnız hərbi qələbənin ildönümü deyil. Bu gün həm də milli birliyin, dövlətçilik iradəsinin, xalq-ordu birliyinin və Vətən sevgisinin təntənəsidir.
Bu möhtəşəm Zəfər bizə bir daha sübut etdi ki, xalq öz tarixi yaddaşına, milli birliyinə və güclü dövlətinə söykənərək ən çətin hədəflərə belə nail ola bilər.
Bu gün müstəqil Azərbaycanın gələcək inkişafı, azad edilmiş torpaqlarımızın bərpası və Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi Zəfərimizin davamıdır.
Başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, rəşadətli Azərbaycan Ordusunun hər bir hərbçisinə minnətdarlığımızı bildirir, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Biz bu üstün şüurla şəhidlərimizin və qazilərimizin irsini uca tutmaq, mərd və fədakar əllərlə ucaldılmış Azərbaycan Respublikasının əbədi yaşamasını təmin etmək üçün var gücümüzlə çalışmalıyıq.
8 Noyabr – Zəfər Günümüz və 9 Noyabr – Bayraq Günümüz sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!
Tural Akif oğlu Vəlizadə
MMU tabeliyində Bakı Hərbi Kollecinin müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



































