Mingəçevirdə "Ana dili" abidəsi önündə təntənəli keçirilib
Bu gün Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Qafarovun (və ya Həsənovun) təşəbbüsü ilə Mingəçevir şəhər mədəniyyət işçiləri və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mingəçevir bölməsinin yazarlarının iştirakı ilə "Ana dili" abidəsinin önündə Ana dilimizə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının sədr müavini cənab Rauf Qafarov da iştirak edirdi.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Qafarov açaraq abidəni ziyarətə gələn Mingəçevir şəhərinin mədəniyyət xadimlərini və yazarları salamladı. Sonra sözü AYB-nin Mingəçevir bölməsinin sədri, istedadlı şair Elşən Əzimə verdi.
Şair dilimizin Türk dili qrupuna aid olmasından və onun yüksək poetikliyindən danışdı. Dilimizin yaşamasında və inkişafında müstəsna rolu olan mədəniyyət işçilərinin, ədəbiyyat xadimlərinin, eləcə də mətbuatımızın fəaliyyətini xüsusi qeyd etdi. Poeziyamızdan, klassik şairlərimizin ana dilində qələmə aldıqları poemalardan ayrı-ayrı nümunələr gətirdi. Hörmətli Prezidentimiz İlham Əliyevin mötəbər beynəlxalq tribunalardan doğma ana dilimizdə çıxış etməsini xüsusi vurğuladı.
Daha sonra söz verilən Mingəçevir Əmək Veteranları Cəmiyyətinin sədri Rizvan Mikayılov dilimizin min illər boyu qorunub saxlanmasından və Ulu Öndər Heydər Əliyevin ana dilimizə verdiyi böyük qiymətdən bəhs etdi. Şair Məmməd Mərzili özünün "Ana dili" şeirini səsləndirdi. Şair Əhməd Əfsun isə dilimizin zənginliyini və gözəlliyini xüsusilə vurğuladı.
Sonda fotoqraf Cabir yığıncaq iştirakçılarının "Ana dili" abidəsi önündə xatirə şəkillərini çəkdi.
Məmməd Gürşadoğlu
AJB-nin üzvü, şair-publisist
Manevr.az





































