Xəbər lenti
Qanlı yanvardan Qələbə müjdəli sentyabra aparan yol: Bir millətin dirçəliş dastanı
Tural Akif oğlu VəlizadəMMU tabeliyində Bakı Hərbi Kollecinin müəllimi,
Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı.
tural.akif.velizade@gmail.com
20 Yanvar və 20 Sentyabr tarixləri sadəcə təqvimlərin dəyişməsi deyil, bir millətin dirçəliş, mübarizə və mütləq zəfər dastanıdır. Bu yolun başlanğıcı 1990-cı ilin qanlı və şərəfli 20 Yanvar gecəsidirsə, zirvəsi 2023-cü ilin 20 sentyabrında əldə olunmuş tam suverenlikdir. Bu iki tarix arasında keçən 33 il Azərbaycan xalqının “olum, ya ölüm” sınağından keçərək, məğlub millət kompleksindən xilas olub, qalib dövlətə çevrilməsinin epopeyasıdır. Bu yol, sadəcə işğal altındakı torpaqların azad edilməsi deyil, həm də xalqın özünəinamının bərpası, milli birliyin poladlaşması, Azərbaycanın SSRİ tərkibindən çıxaraq müstəqil dövlət qurmaq yolundakı geri dönməzliyinin təsdiqi və nəhayətində Azərbaycanın beynəlxalq münasibətlər sistemində subyektdən güclü bir aktora çevrilməsi prosesidir.
20 Yanvar Azərbaycanın azadlıq mübarizəsinin ilk böyük sınağı və mənəvi qələbəsi idi. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədi daşıyırdı. Lakin bu faciə əks-effekt verdi; "Qanlı Yanvar" Azərbaycanın müstəqillik yolundakı qətiyyətini daha da möhkəmləndirdi və SSRİ-nin süqutunu sürətləndirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıda törətdiyi qırğın Azərbaycanın müstəqillik hərəkatını boğmaq məqsədi daşıyırdı. Tankların küçələrdə insanları əzməsi, dinc əhaliyə qarşı açılan atəşlər əslində can verməkdə olan bir rejimin son çırpıntıları idi.
20 Yanvarı "Zəfər Yolu"nun başlanğıcı edən əsas amil xalqın qorxu səddini aşması oldu. Həmin gün Azərbaycan xalqı sübut etdi ki, azadlıq hissi tank lüləsindən daha güclüdür. Şəhidlərin dəfni zamanı milyonlarla insanın "Azadlıq!" şüarı ilə ayağa qalxması müstəqilliyin mənəvi bünövrəsini qoydu. Ümummilli Lider Heydər Əliyevin hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu cinayəti pisləməsi isə xalqın siyasi iradəsinin ilk böyük nümayişi idi.Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Heydər Əliyevin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı DQMV-nin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri məhz o gündən başlamışdır.
Bəli, şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar. Ancaq onlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar.Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalmışdı, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
Qəhrəman, qorxmaz həmvətənlərimizin şəhid olduğu 20 Yanvar tarixi xalq olaraq bizim diriliş günümüzdür.
Ordu Bakıya gəlmişdi ki, Azərbaycanın azadlıq mübarizəsini boğsun və SSRİ-nin dağılmasının qarşısını alsın, ancaq SSRİ dağıldı, Azərbaycan müstəqil oldu.Ordu Bakıya gəlmişdi ki, Qarabağın hansı yolla olursa-olsun Ermənistana verilməsini təmin etsin, ancaq bu gün Qarabağ Azərbaycandır.
Bu qəhrəman xalq himnimizdə keçən “Səndən ötrü can verməyə cümlə hazırız” misrasını 20 yanvar 1990-ci ildə, “Səndən ötrü qan tökməyə cümlə qadiriz”i isə 2020-ci ilin 44 günündə həmrəy şəkildə yaşadı. Bu məmləkətin gələcək övladlarının əliyalın sovet tanklarının qarşısına gedən və bu müstəqilliyimizi qazanmaqda qəhrəmanlıq göstərən oğul və qızlarımızdan, eləcə də cəsur əsgər, gizir və zabitlərimizin Qarabağdakı fədakarlıqlarından, birlik və bərabərliklərindən, həyata keçirdiyi ağır mübarizələrdən öyrənəcəkləri çox şey var.
Düşünürəm ki, Cənab Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunması barədə bəyənatı Şəhidlər Xiyabanında elan etməsi təsadüfi deyildi. O elan tarix üçün bir elandır. Şəhidlər Xiyabanı bu millətin yaşayan yaddaşıdır. O yaddaşa müraciət idi. Rəmzi, simvolik, tarix üçün ciddi bir mesajdır. Çünki o şəhidlər bu Vətən torpağının bütövlüyü, azadlığı uğrunda savaşıblar. Onların tökülən qanı bu millətin yaddaşı, heysiyyatı, namusu üçündür.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, “...20 Yanvar faciəsi nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır. Onların axan qanı xalqımızın hər bir fərdinin qanıdır və o qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, o qanın hər damcısında xalqımızın milli azadlıq, müstəqillik arzusu vardır”.
20 yanvar 1990-cı ildən 20 sentyabr 2023-cü ilə qədər keçən dövr bir millətin dirçəliş dastanıdır. Azərbaycan bu illər ərzində sübut etdi ki, heç bir işğal əbədi deyil və ədalət gec-tez zəfər çalır. 20 sentyabr qələbəsi Azərbaycanın müstəqillik tarixinin məntiqi yekunu və yeni, daha parlaq dövrün başlanğıcıdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri aparan qalib və suveren bir dövlətdir. Bu dövr sübut etdi ki, milli birliyi olan, güclü liderə və sarsılmaz orduya malik xalq istənilən ədalətsizliyə qalib gələ bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























