Xəbər lenti
Hər səhər könlündə gün kimi doğub, hər gecə yuxuna batan günaham - ŞEİRLƏR

Nigar ARİF
YARIMÇIQ
Biraz yağış, biraz külək,
biraz gün,
Çox gülməli havadı…
Elə bil ki, səni gördüm,
səni bildim, sən oldum…
Yaşamağı keçmişəm,
Deyirəm də…
Lap ölməli havadı…
ZAMAN
Ey, zaman!
Cavanlıqdan bu yana,
Tutmaq olmurdu səni.
Ümidlərdən doğurdun,
Hər gün yırtıb kəfəni.
İndi lap qocalmısan,
Axsayırsan elə bil,
Səfil arzular kimi…
Mən səni qınayıram,
Sənsə baxıb gülürsən,
Qapqara saçlarımda
Ağardıb dişlərini.
Ey, zaman!
Cırnatsan da eybi yox,
Təzə vərdişlərimi…
Axı heç öz gözün də
eynəksiz görə bilmir
yerdə qalan izini…
ŞAXTALI YAY
Fəsil-fəsil ömrümün
nə payızı, nə qışı,
şaxtalı bir yayısan.
Əzizim, elə bil ki,
əzəldən öz xoşumla
ayağıma tərs düşən
başmağımın tayısan.
İncitsən də geyinib
sənlə yola çıxmışam…
Bu dünya azmış kimi,
o dünyaya çıxmışam.
Səndən əvvəl var idim,
Səndən sonra yoxmuşam…
KOR HƏQİQƏT
Həqiqətlər bir olub
Yalanları qovdular.
Çox keçmədi aradan,
Yalanlar da yığışıb
bütün həqiqətlərin
gözlərini ovdular…
Yuxular vəhşiləşdi…
Yırtıcı qarğalar tək,
daraşıb fikirlərin
üz-gözünü diddilər.
Tapıb kor həqiqəti
qoparıb qaysağını
yarasın incitdilər.
Çox keçmədi aradan,
özləri də yox olub
yavaş-yavaş bitdilər.
Elə o kor gözlərin
boşluğunda itdilər…
XOŞUMA GƏLMİR
Mən axı neynirəm o sevgini ki,
Yamaqlı corabla yırtıq şərf kimi,
İsidir, amma ki, xoşuma gəlmir…
Hisslər oxunmursa dodaqlarında,
Alışıb yanmırsa yanaqlarında,
Sevgini eşitsəm qulaqlarımla,
Bəsimdir? Amma ki, xoşuma gəlmir…
Əllərim əsməsə, dilim çaşmasa,
Ürək dayanmasa, ürək coşmasa,
Neynirəm, təpədən, dağdan aşmasa,
Çox da ki, desinlər eşqin özüdür,
Özüdür, amma ki, xoşuma gəlmir…
ÖMÜR
İnsanların günah dediyi
qarğışları saf idi.
Heç vaxt tanımadılar,
ümidsiz dillərində
çarə dilənçilərini…
Ömür boyu
ən şirin qorxuları
gözlərinə batdı,
Ölüm kimi…
Ən ağrılı ölüm isə,
bilmədilər,
Ömür idi…
ŞAH VƏ MAT
Hər səhər könlündə gün kimi doğub,
Hər gecə yuxuna batan günaham.
Fikirlər içində yolunu azıb,
Yollarda fikrinə dalan səyyaham.
Ömrün sabahları sabahdan keçər,
Qovar bir-birini dünənlər köçər,
Zamanın əlinə ayrılıq keçər,
Həsrətdən qəlbini yaran cərraham.
Köhnə xəyallara qolsan,qanadsan
Arzuya yaxınsan, möhnətə yadsan,
Çarəsiz eşqinə bəlkə də matsan,
Ruhunu fəth edən qalibəm, şaham.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























