Xəbər lenti
İmarət Cəlilqızının "Yuxu"su-(ŞEİR)

İmarət Cəlilqızı
Yuxu
Bir ümman söz...
dalğaları arasında batır-çıxır baxışlarım,
kiçik bir ada həsrətiylə
əllərini gözləri üstə qoyub baxır baxışlarım.
Sakit-sakit uğuldayır,
gözlərimi sığallayır
ilıq, həzin ləpələri,
kirpiklərimi aşır,
gözlərimə dolur,
ürəyimə ay işığı səpələyir.
Ürəyimdən işıq düşür
sirli, sehirli,məchul,
cazibədar qaranlıqlara,
işığı tutub gedirəm,
arxada qalan mən
məni səsləyir:
"Hara gedirsən, dəli, hara?!.
Sən üzə bilmirsən axı,
boğularsan!"
"Mən getmirəm ki...
məni bu işıqdır aparan
sakit, sabit, əmin sahildən
qoparan.
Sahildə qala bilmirəm,
ondansa boğulsam, yaxşıdır,
bəlkə, yenidən doğuldum,
yenidən doğulsam, yaxşıdır.
Bəlkə, boğulmadım heç,
nur ləpəli dalğaların ləngəri
xilasım oldu—
yaşıl bir adaya
tuş oldum, bəlkə,
deyirsən üzə bilmirəm,
bəlkə, uça bildim,
quş oldum, bəlkə...
Dalğaların arasında
batıb-çıxır baxışlarım...
Qəfildən nə isə ilişir
kirpiklərimə,
baxıram, baxıram,
inanmıram gözümə,
İçimi cəkirəm,
heyrət dolur köksümə:
ruhumdan qopub ayrılanlarım
mehriban-mehriban
gülümsəyir üzümə.
"Ah, mənim yaşıl adacıqlarım!..
Hardan gəlıb düşmüsünüz
bu qəribə ümmana?
O nədir sizi yollayan
mən olduğum ünvana?
Hardan bildi, necə duydu
bir tənha adaya
qovuşmaq həsrətimi?
Necə gördü
görünməz qanadlarımı,
naməlum səmalara
uçmaq həsrətimi?
Üzgəclərim yoxdur mənim,
dogrudur,
amma qanadlarım var,
gecələr yuxularımda uçuram
ayın gümüşü saçları arasında
küləklər kimi,
yumulu gözlərimlə görürəm özümü
səssizcə sıyrılıb keçən
mələklər kimi...
Mənim yaşıl adacıqlarım,
sizə yan ala bilsəydim,
qanadlarımı gərərək
qoynunuzdan səmalara
pərvazlana bilsəydim,
uçardım düz ay işığına doğru.
Bilmirəm amma
tab gətirərmi qanadlarım,
yolumu kəsməz ki qara buludlar?
Ətrafımda ucsuz-bucaqsız ümman,
bir addımlıqda yaşıl adalar,
öndə ay işığına bələnmiş
sonu görünməyən,
sonu bilinməyən uçuş xətti—
həm təhlükəli,
həm cazibədar...
...Nə yuxudur
bu gördüyüm,
nə də ki aşkar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























