Xəbər lenti
Özbəkistanlı gənc şairin Əfqanıstan səfəri böyük ədəbi hadisəyə çevrildi
Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında müasir Özbəkistan ədəbiyyatının parlaq nümayəndələrindən biri, gənc şair və jurnalist Şəhriyar Şövkətin “Herata, babamın hüzuruna!” (Ҳиротга, бобомнинг ҳузурига!) adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Özbəkistanın mədəniyyət, eləm və ədəbiyyat xadimlərinin toplaşdığı tədbir əsl söz və mənəviyyat bayramına çevrilib.“Jadid” qəzetinin xüsusi təşəbbüsü ilə ərsəyə gələn bu əsər sadəcə bir səyahətnamə deyil, Şərq renesansının böyük mütəfəkkirlərinin izi ilə atılmış cəsarətli bir addımdır. Gənc müəllif Əfqanıstandakı mürəkkəb siyasi şəraitə baxmayaraq Kabil, Herat, Məzari-Şərif, Bəlx, Əndxoy, Təxar və Qəznə kimi tarixi şəhərlərə səfər edərək Əlişir Nəvai, Zəhirəddin Məhəmməd Babur, Əbu Reyhan Biruni, Babarəhim Məşrəb, Mövlana Lütfi, Sultan Hüseyn Bayqara və Qövhərşadbəyim kimi dahi şəxsiyyətlərin əbədi istirahətgahlarını ziyarət edib, bölgədə yaşayan özbəklərin həyatını qələmə alıb.
Əsər işıq üzü görər-görməz Özbəkistan dövlətinin ən yüksək səviyyəsində diqqəti cəlb edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gənc müəllifin bu mənəvi cəsarətini və ictimai fəallığını yüksək qiymətləndirərək onu ölkənin nüfuzlu “Kelajak bunyodkori” (Gələcəyin qurucusu) medalı ilə təltif edib.
Özbəkistan Xalq şairi İqbol Mirzonun aparıcılığı ilə keçən təqdimatda elm və ədəbiyyat xadimləri kitab haqqında təsirli fikirlər səsləndiriblər.
Özbəkistan Xalq yazıçısı, Prezident məsləhətçisi Xayriddin Sultan təqdimatdakı çıxışında ilk olaraq gənc müəllifin ədəbi şəxsiyyətinə diqqət çəkib. O bildirib ki, Şəhriyar Şövkət artıq ədəbiyyatda öz dəst-xətti olan formalaşmış bir sənətkardır.
“Gənc qələm sahibinin yeni kitabı haqqında danışarkən adətən onun tərcümeyi-halına toxtalmaq lazım gəlir. Lakin Şəhriyar Şövkəti artıq tərifləməyə ehtiyac yoxdur. O, ilk şeirləri və məzmunlu publisistikası ilə ədəbiyyat meydanına cəsarətlə daxil olmuş, öz sözü, fikri və qələmi olan formalaşmış bir sənətkardır”.
Daha sonra Xayriddin Sultan bu əsərin ərsəyə gəlməsini Özbəkistanda yürütülən açıqlıq siyasəti və söz azadlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin mədəniyyət xadimlərinə göstərdiyi diqqət bu cür cəsarətli layihələrin reallaşmasına zəmin yaradır.
“Bu kitab, hər şeydən əvvəl, Özbəkistanda Prezidentimiz Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən açıqlıq və azadlıq siyasətinin, mədəniyyət və ədəbiyyat adamlarına göstərilən böyük diqqət və qayğının praktiki nəticəsi kimi dünyaya gəlib. Bu mənada kitabın ilk oxucularından birinin məhz dövlətimizin rəhbəri olması və müəllifin mükafatlandırılması təsadüfi deyil”, o bildirib.
Sonda Xalq yazıçısı kitabın gənclərin mənəvi inkişafındakı rolunu xüsusi vurğulayaraq, əsəri milli özünüdərk yolunda vacib bir mərhələ kimi qiymətləndirib.
Tanınmış alim, akademik Abdulla Əzəm çıxışında özbək ziyalısının mahiyyətinə toxunaraq, Əlişir Nəvai irsinin bu yoldakı rolunu xüsusi vurğulayıb. Alim, həmçinin gənc şairin böyük məsuliyyətlə yola çıxdığını və valideyn xeyir-duasını aldığını məmnunluqla qeyd edib.
“Özbək ziyalısı kimdir? Bu suala cavab tapmış kimiyəm: Özbək ziyalısı — Nəvaiyə can ataraq yaşayan şəxsdir. Nəvaiyə can atan özbək ziyalıdır, atmayan isə yox. Şəhriyar səfərə çıxanda bəndənizdən xeyir-dua almağa gəldi. Mən ondan ata-anasının razılığını soruşdum. Bəli dedi. Bu gün aramızda belə ağıllı övlad böyüdən valideynlər əyləşib”.
Özbəkistan Xalq yazıçısı Erkin Əzəm zamanında özünə nəsib olmayan bu müqəddəs ziyarəti gənc həmkarının reallaşdırmasından duyduğu qüruru dilə gətirib.
“Bir vaxtlar Herata, Nəvai babamızın ziyarətinə getmək imkanı yaranmışdı, lakin müxtəlif səbəblərdən gedə bilmədik. Mən gənc dostum Şəhriyara heyran qaldığımı açıq deyirəm. Uğur səninlə oldu, qardaşım!”.
Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Səyyid isə bu səfəri sadəcə bir səyahət deyil, böyük bir cəsarət addımı kimi dəyərləndirib.
“Bu günlər gəlib çatdı' ifadesi Şəhriyar kimi gənc sənətkarların cəsarətində aydın görünür. Onun Herat səfəri böyük mənəvi qəhrəmanlıq nümunəsidir”.
“Sahhof” nəşriyyatında kirill və latın qrafikalarında işıq üzü görən kitabın fiziki tirajı az olduğu üçün təşkilatçılar onun elektron versiyasını “Jadid” qəzetinin saytında yerləşdirməyi öhdələrinə götürüblər. Ən maraqlısı isə odur ki, kitabın içindəki QR-kodları skan etməklə Şəhriyar Şövkətin Əfqanıstanda çəkdiyi videolara canlı baxmaq mümkündür.
Bundan əlavə, Əfqanıstanda yaşayan soydaşların da bu əsəri oxuya bilməsi üçün kitabın ərəb qrafikasında elektron variantının hazırlanması qərara alınıb.
Tədbirin sonunda söz alan Şəhriyar Şövkət bu tarixi səfərin Özbəkiston Prezidentinin sülhsevər və qonşuluq siyasəti sayəsində reallaşdığını vurğulayaraq, bütün ustadlarına və oxuculara minnətdarlığını bildirib.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































