Xəbər lenti
Şair Namiq Dəlidağlı ilə görüş keçirilib -ŞƏKİLLƏR
Manevr.az xəbər verir ki, "Kəlbəcərə dönürük" adlı görüş dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşün aparıcısı, filoloq Yelmar Mustafayev Namiq Dəlidağlının həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verdi. Ayrı-ayrı şeirlərindən nümunələr söylədi. Tənqidçilərin, ədəbiyyatşünüsların şairin yaradıcılığına xüsusi diqqət göstərdiyini nəzərə çatdırdı.
Ağsaqqallardan Fəxrəddin İsmayılov, Sabir Əzimov, Telman Hacıyev, Sahib Abbasov həmyerlilərinin uğurlarına sevindiklərini dilə gətirdilər, şairə yaradıcılıq uğurları dilədilər və öz xeyir-dualarını verdilər. Qonaqlardan Dilşad Əzimova, Sübhi Abbasov, Fazil Əzimov, Murad Baxşəliyev, Mustafa Zamanov, Taleh Əmrahov, Xəqani İsmayılov, Mahir Abbasov, Müşfiq Bahadurov, Qasman Sabir oğlu, Qəlbinur Sadıqlı, Zabil Məmmədov, Qoşqar Abbasov, Rafiq Abbasov, Cahid Həsən oğlu, Elşən Əzimov, Ceyhun İsmayıl oğlu, Aqil Telman oğlu və başqaları müəllifin yaradıcılığı haqda öz ürək sözləri və fikirlərini söyləyib, onun özünəməxsus dəst-xətti olduğunu dilə gətirdilər.
Ənənəvilikdən uzaq, fərqli düşüncələrə söykənən, çərçivəsiz şeirlər müəllifinin birmənalı olaraq yenilikçi şair olduğu vurğulandı. Bildirildi ki, müəllif bu keyfiyyətlərlə təkcə Kəlbəcər mühitində deyil, Azərbaycan ədəbi cameəsində imzasını sevdirə və rəğbət qazana bilib.
Müəllifin "Əllidə ələnənlər" adlı növbəti şeirlər kitabı pandemiya dövrünə təsadüf etdiyindən geniş ictimaiyyətə təqdim olunmamışdı. Görüş əsnasında şair həmçinin kitabını imzalayaraq oxuculara hədiyyə etdi.
Tədbir boyunca aşıq İsmayılın ifasında müxtəlif saz havaları dinlənildi, şairin şeirlərindən nümunələr səsləndirildi. Müəllif yeni şeirlərini oxudu. Şairə qiymətli və xatirə hədiyyələri təqdim edildi.
Sonda N.Dəlidağlı təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi, belə görüşlərin keçirilməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğuladı.
***
QEYD EDİM Kİ, Namiq Dəlidağlı 01 noyabr (29 sentyabr) 1970-ci ildə Kəlbəcər rayonunun Çovdar kəndində müəllim ailəsində anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. İxtisasca jurnalist-filoloqdur.
Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində və mərkəzi mətbuatda dərc edilib. "Yenilik" qəzetinin ştatdankənar müxbiri olub. 1993-cü ildən dövri mətbuatda çalışır. “Açıq söz”, “Yeni dünya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.
Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, "Kredo", “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat" və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir çox şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistika kitabının müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər" adlı şeir kitablarının müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına layiq görülüb.
Namiq Dəlidağlı hazırda “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının, "Çovdar və Şahkərəm" Cəmiyyətinin təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin Kəlbəcər bölməsinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının köşə yazarıdır. Prezident təqaüdçüsüdü. Ailəlidir, 2 övladı var.
Sevinc Qərib
Azərbaycan Yazıçılar Birliyinin üzvü
















Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































