S
Sevinc Qəribin poetik dünyası
Ön söz
Uzun zamandır şeirlərini həvəslə oxuduğum, oxuyarkən düşündüyüm müəlliflərdən olan Sevinc Qəribin poetik dünyasında səs-küylü etiraflar, həyat həqiqətlərini hökm kimi təqdim edən qənaətlər yoxdur. Onun poeziyasında hər misra insan ruhunun dərinliklərindən süzülüb gələn həzin duyğuların, yaşanmış təcrübələrin və zamanın sınağından keçmiş düşüncələrin ifadəsidir. İnsanın daxilində baş verən ən adi görünən duyğular belə onun poetik təfəkkürünün süzgəcindən keçərək yeni mənalar qazanır. Ayrılıq, həsrət, inam, tənhalıq və ən əsası gələcəyə ümid bu poeziyanın əsas mövzu dairəsini təşkil edir. Fəqət bu mövzular oxucuya artıq tanış olan qəliblər içərisində deyil, yaşanan duyğuların səmimi təzahürü kimi təqdim olunur.
İşığın izinə düşmüşdüm,
sərmişdim əllərimi
qaranlığın üstünə,
günəş kimi gülümsəyirdi içim.
Qoymuşdum buludları yerinə,
sevinc ələnirdi baxışlarımdan.
Az qalırdı ümidlərimi qovan
ayrılığı keçim,
nahaq öldürdün məni
Lirik qəhrəman nikbinliklə kədəri, ümidlə itki hissini eyni anda yaşayır. Müəllif az sözlə güclü emosional təsir yaratmağa nail olur və oxucunu ruhun ən həssas məqamları ilə üz-üzə qoyur. Sevinc Qərib üçün ən böyük mübarizə xarici aləmdən çox insanın öz daxilində baş verir. Onun lirik qəhrəmanı tez-tez həyatın sərt həqiqətləri ilə üz-üzə qalır, itkilər yaşayır, inamı sınanır. Fəqət bütün bunlara baxmayaraq, mənəvi bütövlüyünü qorumağa çalışır. Elə bu kitabın poetik məkanı da kədərin və ümidin eyni dərəcədə mövcud olduğu bir dünyadır.
Həsrətimin hönkürtüsü buludları silkələyir,
dağ başında qara dönür yanağımı yuyan yaşlar.
Ayrılığın üzü sərtdi, ümidimi tikələyir,
vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar.
Dizimə dayaq etdiyim təpər əsası çatladı,
ürəyimi calaq etdim rəngə susamış ruhuma.
Off… uzaqlara yerikləyən duyğularım atlıdı,
oxuma daha, "olmaz" sətirli nəğmələr oxuma.
Lirik qəhrəman üçün sevginin itirilməsi insanın öz mənəvi bütövlüyünü itirməsidir. Şeirin ümumi ruhunda həm ümidsizlik, həm də bu hisslərə qarşı müqavimət duyulur. Emosional yükü yüksək olan poetik dillə sevginin, ayrılığın və həsrətin insan taleyində buraxdığı izlər təsvir edilir. Şair oxucunu kədərə qərq etsə də, şeirin əsas təsir gücü hisslərin təbii ifadəsindədir. Onun poeziyasında bədii təsvir və ifadə vasitələri də zəngin və özünəməxsusdur.
Sevinc Qəribin yaradıcılığında diqqəti cəlb edən cəhətlərdən biri də daxili hisslərlə təbiət mənzərələrinin üzvi şəkildə vəhdət təşkil etməsidir. Yağış, külək, bulud, günəş, dağ, dəniz, yarpaq, sükut və işıq insan ruhunun müxtəlif hallarını tamamlayan estetik elementlərə çevrilir. Təbiət hadisələri ilə mənəvi aləm arasında qurulan bu paralellik şeirlərə emosional dərinlik və obrazlılıq qazandırır. Oxucu hiss edir ki, müəllif üçün xarici aləm insanın daxili dünyasının davamıdır.
Hələ yağışlardan səs-soraq yoxdu,
hələ toz uduruq quru havadan.
Hələ dalğalar da öz rəngindədi,
qayalar sağ çıxır sulu davadan.
Hələ meh darayır güllərin telin,
hələ küləklərin boyu gödəkdi.
Günəş geniş açıb pay verən əlin,
hələ şəfəqlər də dolu yedəkdi...
Həyatda və insanın daxili aləmində hələ hər şeyin sakit göründüyü, böyük dəyişikliklərin baş vermədiyi bir anın təsviri ilə zahiri sakitliyin arxasında yaxınlaşan hadisələrin, taleyin gətirəcəyi sınaqların hissi duyulur. Müəllif təbiətlə insanın daxili aləmini paralel şəkildə təqdim edərək zamanın və hisslərin axıcılığını ifadə edir. Həyatın sakit görünən məqamları belə öz içində gələcək sevincin də, kədərin də başlanğıcını gizlədir. Bu xüsusiyyət şeirə həm fəlsəfi dərinlik, həm də emosional təmkin qazandırır.
Sevinc Qəribin poeziyasında diqqət çəkən başqa bir xüsusiyyət lakoniklikdir. Şair fikrini yığcam və təsirli detallar vasitəsilə ifadə etməyə üstünlük verir. Bir neçə misrada bütöv bir həyat, illərlə yaşanan bir ayrılıq və ya insanın daxili sarsıntısı canlandırılır. Bu cəhət müəllifin poetik müşahidə qabiliyyəti və sözə həssas münasibətindən xəbər verir. Şeirlər oxucunu hadisələrdən daha çox hisslərin mahiyyəti üzərində düşünməyə sövq edir.
Sevinc Qəribin poetik düşüncəsində sevgi də özünəməxsus məna daşıyır. Bu sevgi bəzən həyata bağlılıq, bəzən itirilmiş zamana həsrət, bəzən də insanın öz mənəvi bütövlüyünü qorumaq arzusu kimi təqdim olunur. Buna görə də bu kitabdakı sevgi şeirləri sentimental təəssürat yaratmaqdan çox, insan ruhunun dərin qatlarına işıq salır, oxucunu hisslərin ifadəsindəki ustalıqla baş-başa qoyur.
Kitab boyunca hiss olunan mühüm cəhətlərdən biri də müəllifin insan psixologiyasına incə bələdliyidir. Şeirlərdə emosiyalar süni şəkildə kəskinləşdirilmədən həyatın təbii axarı içərisində təqdim olunur. Elə buna görə də oxucu bu poetik mətnlərdə öz yaşantılarından parçalar tapır. Hər kəsin yaşadığı gözlənti, gecikən ümid, yarımçıq qalan arzular, unudulmayan xatirələr və səssiz ağrılar burada ümumbəşəri duyğuya çevrilir.
Adam barmağından yıxıla bilər,
sürüşər ovcunun doğmalığından.
Adam barmağından asar özünü,
üşüsə üzüyü yad barmağında.
Sınar ümidlərin göy bağlılığı,
uzanar əllərin ətəyin boyu.
Ötürər köksünü çarəsiz ürək,
çalınar o tayda "yadının" toyu.
Donar xatirələr bir şəkil üstə,
ötüşər yuxundan dünənin izi.
Yozarsan min yerə çıxılmazları,
su yuyub aparar gözün dənizi.
İnsanın itki, xəyal qırıqlığı və daxili sarsıntı qarşısında yaşadığı mənəvi enişi təsvir edilir. Bəzən sarsıdıcı hadisələr kənardan böyük görünməsə də, insanın daxili dünyasında dərin izlər buraxır, inamını, xəyallarını və özünə güvənini sınağa çəkir. Şeirdə yaşanan ağrı bir talenin hüdudlarını aşaraq ümumiləşdirilmiş hala çevrilir. İnsan psixologiyasının incə məqamlarını Sevinc Qərib özünəməxsus üslubda təqdim edir. Ümidsizliklə yanaşı, insanın öz daxilində yaşadığı mənəvi mübarizə də hiss olunur. Şeir oxucunu həyatın sərt gerçəkləri, etibarın kövrəkliyi və ruhun sınma nöqtələri haqqında düşünməyə sövq edir.
Müasir Azərbaycan poeziyasında fərdi səsi qorumaq və eyni zamanda oxucu ilə emosional təmas yaratmaq asan deyil. Sevinc Qəribin şeirləri məhz bu tarazlığı saxlaya bilir. Müəllif klassik duyumla müasir insanın psixoloji vəziyyətini bir araya gətirərək səmimi, axıcı və düşündürücü poetik məkan yaradır. Onun şeirlərini pafosdan uzaq, təsir gücü yüksək olan daxili intonasiya müşaiyət edir. Bu intonasiya oxucunu tələsdirmir, ona düşünmək, hiss etmək və yaşadıqlarını yenidən xatırlamaq imkanı verir.
Əsl poeziyanın əsas xüsusiyyəti oxucunu təkcə duyğulandırmaq deyil, həm də onun daxili aləmini hərəkətə gətirməkdir. Sevinc Qəribin bu kitabı da məhz belə bir təsir yaradır. Kitabdakı şeirlər bitdikdən sonra da oxucunun yaddaşında yaşamağa davam edir, çünki onlar həyatın dəyişən hadisələrindən çox, insan ruhunun dəyişməyən həqiqətlərindən bəhs edir. Kitabı vərəqləyən hər bir oxucu burada müəllifin poetik düşüncəsindən çox öz daxili dünyasının müxtəlif çalarları ilə qarşılaşacaq. Bəlkə də, poeziyanın ən böyük missiyası elə budur: insanı özünə qaytarmaq, ona hiss etməyin, düşünməyin və yaşamağın hələ də mümkün olduğunu xatırlatmaq. Sevinc Qəribin şeirləri də məhz bu missiyanın keşiyindədir…
İlahə Səfərzadə,
Ədəbiyyatşünas, yazıçı,
BDU - Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının doktorantı
****
Ön söz üzrə qeydlər, hərfi səhvlər və durğu işarələri düzəlişləri:
Abzas-abzas qeydlər:
Mətnin ümumi üslubu, dili və tərtibatı çox səliqəlidir. Ön söz Sevinc Qəribin yaradıcılığını, poeziyasının daxili dünyasını və psixoloji dərinliyini peşəkar şəkildə əks etdirir.
Səhifələmə və ya format zamanı bəzi sözlərin arasında yaranan tirelərə (
qənaətlər,insan,sənağın,təbiətivə s.) kitab dizaynınızda diqqət edə bilərsiniz.
Xüsusi düzəlişlər:
Mətndə hər hansı kobud qrammatik və ya orfoqrafik səhvə rast gəlinmədi. Yalnız oxu ritmini və estetik görünüşü təmin etmək üçün durğu işarələrini (vergül, nöqtə) kitabınızın formatına uyğun olaraq tənzimləyə bilərsiniz.
****
“Tanrıdan öncə tapındığım adam…”
(Müəllifdən)İllər əvvəl “Tanrıdan öncə tapındığım adam” başlıqlı kiçik bir mətn yazmışdım. Mətnin boyca kiçik olması onun mahiyyətcə, mənaca böyüklüyünə xələl gətirmirdi. Mövzu atam idi. Bu başlığa, düşüncəmə görə məni qınayanlar oldu. Ta ki, mətni oxuyub əslində nə demək istədiyimi anlayana qədər. Bir qadın isə təkidlə günah etdiyimi vurğulayır, fikrimin Allahın acığına gedəcəyini bildirirdi. Anlayışla qarşıladım. Nəticədə hər kəsin öz düşüncəsi var. Bir də ola bilsin ki, qadın ya mətni oxumamışdı ya da oxumuşdusa da mahiyyətinə varmamışdı. Sonra mən məcbur qalıb əslində nə demək istədiyimi qadına izah etməli oldum. Deyəsən razılaşdı...
Bəli, mən Tanrıdan öncə atamı tanımışdım, ona tapınmışdım. Tanrını dərk edənə, sevənə qədər mən atamı görmüş, sevgini ondan öyrənmişdim. Böyüdükcə əməlləri, davranışı ilə ötürdüyü, xarakterimə yansıyan, insanlığıma hopan mərhəmət, qayğı, məhəbbət, şəfqət hissləri sevgimi bütöv, tam etmişdi. Zamanla Tanrını tanıtmışdı mənə. Onun sayəsində dərk etmişdim Tanrını, o sevdirmişdi göyləri mənə. Mənən böyüklüyü, sevgisi, haqqı tanıması, ədalətliliyi şəxsiyyət kimi formalaşmağıma təsir edən ən böyük amillər idi. Demədən, davranışı, əməlləri ilə aşılamışdı bütün müsbət keyfiyyətləri. Əslində bu bir nəticə idi. Keyfiyyəti aşılamaq, tərbiyə etmək, yetişdirmək deməkdən, anlatmaqdan daha çox göstərməklə nəticə verir. Bu da “öyrədənin” nəyi və necə “öyrətməsindən” asılı olaraq yaxşı və ya pis nəticə ola bilər.
Atam haqqında keçmiş zamanda danışmaq, onun yoxluğunu hiss etmək ruhumu ağrıdır. Heç nə ilə təsəlli tapmasam da xatirələri ilə ovunmağa çalışıram. Lap kiçik yaşlarımdan atama çox bağlı olmuşam. Biz nəsil uşaqların atayla birbaşa ünsiyyət saxlaması, ataya sevgisini bildirməsi və ya atayla fikir bölüşdürməsi açıq-aşkar qadağan olunmasa da mental dəyərlər, o vaxtkı ailə formulu atayla məsafəli davranmağı təlqin edirdi bizlərə. Eyni zamanda da atanın (ananın da həmçinin) övladlarını əzizləməsi və ya sevgisini biruzə verməsi yazılmamış qanunların əksinə getmək idi. Bizim ailədə isə münasibət tam başqaydı. Həmişə sevgi hiss etdik, nəvaziş gördük valideynlərimizdən. Amma deyəsən atamın azad ruhu ailədə ən çox mənə yansımışdı. Başqaları ilə münasibətdə nə qədər çəkingən olsam da atamla uşaqlıqdan danışa, söhbətləşə bilirdim. Uşaqkən səhərlər yuxudan oyanıb otaqdan çıxdığımı görən atamın şən səslə "urra Veviş durdu, Veviş durdu" deməsi inanılmaz sevinc bəxş edirdi mənə. Onun həqiqi sevinci səsində, mehriban üzündə o qədər bəlli olurdu ki, uşaq olsam belə bu sevincdən ürəyimin telləri əsir, kövrəlirdim. Sürücüsünün diliylə məni belə çağırırdı. Deyəsən elə ancaq səhərlər eşidirdim bu "adı".
Fərqliydi bizim münasibətimiz. Ailədə 6 uşaq olsaq da təkcə mən böyüyəndən sonra belə çəkinmədən qucaqlaya bilirdim onu. Bəzən də pişik kimi qucağına sığınırdım. Ürəyinin döyüntüsünü dinləmək xoşuma gəlirdi. Saçlarıma sığal çəkən əllərini çox sevirdim. İndi də saçlarımda hiss edirəm əllərini... Soyuq havalarda üşüdüyümü hiss edib ovuclarının içinə alardı əllərimi. Mən də onun əlləri üşüməsin deyə geri çəkərdim buza dönmüş əllərimi. O isə israrla əllərimi ovcunda tutar, isinənə qədər buraxmazdı.
Son gecə də ovuc ovucaydı əllərimiz. Gözlərimin içinə baxıb gücü çatdığı qədər əlimi sıxmışdı ovcunda. Bəlkə də mənə möhkəm ol deyirdi. Bəlkə getdiyini anlamayım deyə gözləri ilə danışırdı mənimlə... bilirdi ona düşkünlüyümü, bilirdi onunla nəfəs aldığımı...
Bərabər futbol izlədiyimiz günlər də uşaqlığımın ən gözəl xatirələrindəndi. Evdə divan, əlavə olaraq qatlama çarpayı olmasına rəğmən futbol nümayiş olunan axşamlarda televizorun qarşısında yerə döşək sərdirər, uzanıb futbolu seyr edərdi. Mən də həmən yanında uzanar, ona diqqət kəsilərdim. Oyun boyu onunla bərabər həyəcanlanar, qol vurulanda onun "qool" qışqırığına mən də uşaq səsimi qatardım. Sonralar anladım ki, sırf futbol sevgisi deyilmiş o anlarda atamın yanında olmaq səbəbim. Mən futboldan çox onu izləyirdim, az qala onun hərəkətlərini təkrarlayırdım. Demə, onun yanında olmağı, onunla bərabər o hissləri yaşamağı, o sevinci bölüşməyi sevirəmmiş mən. Bərabər futbol izləmək istəyi əslində, atama daha yaxın olmaq istəyindən doğurdu...
Nədənsə mənə xüsusi diqqəti vardı atamın. Ya da mən elə hiss edirdim. Bəlkə, incə ruhlu, söz sevdalı və hədsiz həssas olduğuma görəydi. Bəlkə, onu çox sevdiyimdən elə düşünürdüm. Son illər isə səhhətimdə yaranmış ciddi problemlər səbəbindən daha çox qorumağa çalışırdı məni. Xəstəliyim aşkarlananda analiz nəticələrim yaxşı çıxmayacağı təqdirdə müalicəni davam etdirməməyə qərar verdim və bunu anama söylədim. Yəni cəhdlərin mənasız olduğunu, boşuna maddi sıxıntılara və psixoloji sarsıntılara səbəb olmağın gərəksizliyini düşündüm. Nəticələr bəlli olmamış bir səhər atamın bağda başını ovuclarına alıb, səssizcə uzaqlara daldığını gördüm. Çox kədərliydi. Bəlkə, ağlamışdı da. Atamın o halını görüb, mübarizəni davam etdirməli olduğumu anladım. Onun yaralı ürəyinə bala dağı çəkdirməyə haqqım yox idi. Onsuz da bir qərinəlik həsrət yanğısı ürəyini közə döndərmişdi.
Bir də söz sevgisi vardı... bizi bir-birimizə daha çox bağlayan nəsnə. Gen daşıyıcıları onun ədəbiyyat, söz sevgisini, yazmaq, yaratmaq eşqini qızırğalanmadan mənə ötürmüşdü. Əlbəttə, bunu çox sonralar biləcəkdim. Məktəb illərindən ruhumda cücərən, bu günə kimi həyatımın anlamı olan o sevdanın da məhz atamdan ötürülməsi ikiqat səadət bəxş edir mənə.
Atam çox mehriban və mədəni insan idi. Tanıyanların yaddaşında da məhz o cür qaldı atam. Əslində, türk kişisinə xas zabitə, ağayanalıq hələ gənc yaşlarından ona ağsaqqal titulu qazandırmışdı. Yaşı artdıqca üzünün nuru da artırdı. İçi təmiz və işıqlı idi atamın. Bunu hiss etdiyimdən idi bəlkə də zabitəsinə baxmayaraq, "qaydaları pozmağım".
İstər bərabər yaşadığımız, istərsə də ayrı qaldığımız vaxtlarda o mehriban bağlarımız qırılmadı. Məsafələr bizi ayırsa da həmişə bir yerdəydik. Şirin zarafatlarımız, ona ana qayğısıyla yanaşmağım, ərkyana davranışlarım könlünü oxşayırdı, hiss edirdim. Ürəyi dərd yüklüydü atamın. Vaxtsız itirdiyi qardaş, bacılarının ağrısı, ən çox da yurd göynəyi həssas ürəyini yaralamışdı. Gənc yaşlarında övlad acısı da çəkmişdi. Bəlli etməsə də bilirdim ki, o doyunca görmədiyi körpələrinin də xiffətini edir. Buna rəğmən o sonacan dağ vüqarını itirmədi. Məişətdən uzaq, giley-güzarsız, dünyəvi düşüncəli biri idi atam. Hər nə qədər qayğıları çox olsa da, problemlərə yenilmədi heç vaxt. Nə də asi olmadı. Çətinlikləri sınaq kimi qəbul etdi. Zamanla öhdəsindən gəldi. Şəxsiyyətini qorudu hər zaman. Şərəfli ömür yolu keçdi. Hörməti, nüfuzu sırf şəxsiyyəti ilə bağlıydı. Məsul vəzifələrdə işləmişdi, müəllim kimi də fəaliyyət göstərmişdi. Hər yerdə ucada qalmağı bacardı.
Maraqlı, şirin söhbətləri ilə müsahiblərini darıxmağa qoymazdı. Ünsiyyətcil və qonaqpərvər idi. Harda yaşamağımızdan asılı olmayaraq evimizi həmişə qonaq-qaralı gördüm. Ayrıseçkiliyi sevməzdi. Qapıdan girən kim olur olsun, evinin qonağıydı və eyni diqqət, eyni qonaqpərvərliklə qarşılanar, yola salınardı.
Düşündükcə xatirələr, xəyallar məni ağuşuna alıb aparır. Yaddaşıma yazılan acılı-şirinli xatirələrimdə nələr var, nələr... zarafatlarımız, söhbətlərimiz, müzakirələrimiz, bəzən qəhqəhəylə, bəzən səssiz gülüşlərimiz. Elə şirin gülürdü ki.. O qədər canlı xatırlayıram ki, hər şeyi, yoxluğunu unuduram. Biz həm də sirdaş idik.
Yaman kövrək olmuşdu son vaxtlar. Mehriban, nurlu simasında, kədərli gözlərində, hərdən titrəyən həzin səsində o kövrəkliyi hiss etməmək mümkün deyildi. İki il əvvəl otuz iki il həsrətini çəkdiyi yurduna - adı dilindən düşməyən Laçınına qovuşmuşdu. Bir yaz günü istəmədən tərk etdiyi torpağına qarlı qış günündə - yeni ilin ilk ayının sonunda dönə bilmişdi. Könlünə bahar gəlmişdi, ruhunda çiçəklər açmışdı. Bircə şəhərdə qoyub getdiyi övladlarından, xüsusən də məndən nigaran idi... Əlbəttə, bizim üçün darıxacaqdı. Elə biz də onlar üçün... Nigarançılığının bir səbəbi də səhhətimdəki ciddi problemlər idi. Ona görə də bütün doğmalara “Sevinc amanatı“ deyib getmişdi. Yola salanda da bərk-bərk qucaqlamışdı məni. Hamıyla təmkinlə görüşsə də mənə çatanda kövrəlmişdi. Göz yaşlarını görməyim deyə üzünü yana çevirmişdi.
Zamanla alışmışdıq məsafələrə. Gün ərzində neçə dəfə görüntülü danışırdıq. Canlı görüş effekti verməsə də təskinlik idi. Sonra bir gün mən də dözə bilməyib, həkimlərin rizasını almadan üz tutdum ulu yurda. Həm torpağımla, həm də valideynlərimlə həsrətimə son qoymağa. Üç aylıq ayrılıqdan sonra valideynlərimə, otuz iki il sonra doğma yurduma qovuşduğum anın təsvirini heç bir sözlə ifadə edə bilmərəm. İlahi, o nə hisslər idi mən yaşadım?! O nə duyğular idi könlümü yardı keçdi?! O günü xatırladıqca yaşantılarım geri dönür... həyəcanım, sevincim, ad verə bilmədiyim qarışıq hisslərim...
Amma indi içimdən bir istək keçir, kaş yenə ayrılığımız müvəqqəti olardı. Kaş yenə gizlincə gəlib sənə sürpriz edəydim, ata! Yenə qəfil qarşında məni görüb duruxaydın. Sonra qollarını açıb bərk-bərk qucaqlayaydın məni. İkimiz də kövrələydik...
Xoşbəxt idik o günlərdə. Yenə bir yerdəydik. Yenə anası olmuşdum atamın, balam kimi qayğısına qalırdım. Daha telefonda narahatlıqla özünü qorumasını tapşırmırdım. Yanındaydım, əlim çatırdı, səsim yetirdi...
İllər əvvəl söhbətlərimizin birində anam demişdi mənə. Sadəcə söz deyildi bu. Nə də əzizləmə anlamında deyilməmişdi. “Sən mənim həm də anamsan axı” cümləsi o an fikrimi qarışdırmışdı. Çaşqınlıqla üzünə baxmışdım. Əslində, kiçik bacım nənəmin adını daşıyırdı, ona anam deməsi gərəkirdi. Beynimdən keçəni dilimə gətirdim. Atam gülümsəyərək, bir az da qayğılı şəkildə: “Adla deyil ki, onu qazanmaq lazımdı. O adı daşıyır, sən isə...” Onun bu sevgisindən həm sevinmişdim, həm də çox kövrəlmişdim. Sonra atam duyğulandığımı görüb zarafat etmişdi. Ciddi görkəm alıb: “Deyəsən qəbul etmək istəmirsən, neynək, bala” demişdi. İkimizin də gözləri dolmuşdu. Nəm gözlərlə baxışıb gülümsəmişdik. O an baxışı ilə qucaqlamışdı məni. Mən də sığınmışdım atamın qucağına. İndi mən həm də balamsız qalmışam...
Qəfil xatirələrin ağuşuna düşürəm. Xəyal məni uzaqlara aparır. Nələr, nələr keçir gözümün önündən. 90-cı illər, xüsusən də ortaları çoxlarının yaddaşında ağır və çətin dövr kimi qalıb. Əhalinin çox hissəsinin yoxluqla üz-üzə qaldığı illər idi o illər. Çörəyi belə çətinliklə əldə edirdi insanlar. Ən pisi o idi ki, biz illərlə çiynimizi əyən məcburi köçkün həyatı yaşayırdıq. Adın altında əzilmək bizi mənən məhv edirdisə, yaşamağa məcbur olduğumuz həyatın çətinliyi, maddi sıxıntıları da bir yandan üzürdü. Ailədə altı uşaq idik, hamımız da məktəbli. Bir tək atam çalışırdı. Doğrudur, qayğılar, problemlər ailəmizdəki mehribanlığı, sevgini, birliyi sındıra bilməmişdi. Amma atamın necə əziyyət çəkdiyini görürdük və şəxsən mən fikir etməməsi üçün həmişə onun yanındaydım. Zatən, biz nəsil uşaqların xüsusi istəkləri və tələbləri olmazdı. Ehtiyacımız olanı valideynlər özləri bilər və imkanları çatdığı dərəcədə bizi hər şeylə təmin edərdilər. Amma o illərdə əmək haqları aylarla verilmir, çox vaxt da hissə-hissə verilirdi. O sıxıntılı günlərin birində atam səhər tezdən evdən çıxmış, axşamdan xeyli keçməsinə baxmayaraq geri dönməmişdi. Təlaşla müvəqqəti məskunlaşdığımız evdə atamın yolunu gözləyirdik. Mobil telefonların hələ bizlərə çatmadığı o vaxt atamla necə əlaqə saxlayacağımızı bilmirdik. Öynəmizi anamın birtəhər hazırladığı yeməklə ötürmüşdük. O an bizi nə aclıq, nə də başqa heç nə düşündürmürdü. Bircə atamız sağ-salamat evimizə gəlsin. O vaxta kimi yoxluq çəkmədiyimizə baxmayaraq, biz vəziyyəti anlayışla qarşılayırdıq. Bu günlərin geridə qalacağına əminlik vardı içimdə. Təki atam əzab, nigaranlıq çəkməsin, üzümüzə rahatlıqla baxa bilsin. Atam gəldi... qapıda onu mən qarşıladım və o an atamın gözlərindəki, üzündəki ifadə illər keçməsinə baxmayaraq heç vaxt yadımdan çıxmadı. Əlində selofan torbalar vardı. “Bu gün mənim balalarım nə yeyib?” - dedi və torbaları anama verdi. Səsində titrəklik qarışıq bir sevinc vardı. Bir az da qüssəliydi. O mənzərə çox şey deyirdi. Atam çörək dalınca getmişdi və əliboş qayıtmamışdı... Bir atanın övladları qarşısında çarəsiz duruma düşməsi ağır mənzərədir...
Zamanla hər şey qaydasına düşdü. Bütün çətinliklərə baxmayaraq atam heç vaxt məğrurluğunu itirmədi. Həmişə dağ kimi vüqarlı, başı dik gəzdi. Məcburi köçkün adının onu necə sıxdığını bilirdim. Həmişə söhbətlərində əminliklə mütləq geri dönəcəyimizi, o addan xilas olacağımızı deyirdi... Yəqin ki, elə o əminlik, o ümid tab verdi ona, yurd həsrətinin ağırlığını ürəyində daşımağa. Pafosdan uzaq, səssiz sevirdi vətənini, yurdunu, hay-küysüz çəkirdi dərdini. Səssizcə də sevdiyi torpağına qovuşdu. El adamıydı atam. Ona görə indi hamı bizə təsəlli kimi “Qərib müəllim təkcə sizdən getmədi, eldən getdi” deyir.
Nədəndir bilmirəm, həmişə sevdiklərim haqqında yazmağa çətinlik çəkirəm. Atamla bağlı yazacaqlarım çox olsa da, fikirlərim haçalanır. Bəlkə də xatirələrdə ilişib qaldığımdan, bəlkə də yazdığım yerdə qəfil yanımdaymış kimi onunla söhbətə keçdiyimdən fikirlərimi toplaya bilmirəm. Ya da onu tam ifadə edəcək sözləri tapa bilmədiyimdən. Bəlkə, nə vaxtsa atamla bağlı xatirələrimi kitaba köçürərəm, bilmirəm.
Yubiley yaşıma hədiyyə etmək istədiyim, ancaq atamın vəfatı ilə əlaqədar ertələməli olduğum bu şeirlər kitabımı da məhz atama ithaf edirəm. Məndən çox onun istəyi idi növbəti kitabımın çap olunması. Əslində, iki il əvvəl bir kitabımı nəşrə hazırlamalıydım. Yubiley üçün də başqa bir kitab nəzərdə tutmuşdum. Müəyyən səbəblərdən nəşri gerçəkləşdirə bilmədim. Atam hər danışanda soruşurdu ki, qızım sən o kitablarını niyə hazırlamırsan? Vəfatından bir neçə gün əvvəl də söhbətimizin mövzusu kitab oldu. Dedim mütləq edəcəm... Edəcəm, amma atam göylərdən görəcək o kitabı, əlinə alıb kövrəlməyəcək, sevindiyini görə bilməyəcəm... Bağışla, ata!!!
Sevinc Qərib
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də üz tutub göyə gedərdim,
"dön" səsi oxundu qulaqlarıma.
SƏN EY, İLAHİ ADAM...
Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,
əllərini arayıb boşa çıxmaq zülümdü.
Bu kədərlə nə etsəm olmur "diri" dayanmaq,
bu ayrılıq deyil ki, bu bildiyin ölümdü...
Yolları yadırğayan izə dönüb gözlərim,
çəkilib uzaqlara su səpir yanağıma.
Dilim taqətdən düşüb, ağrı çəkir sözlərim,
cavab verə bilmirəm özümün qınağına.
Qorxuram son nəfəsdə adını sayıqlayam,
diksinib xatirələr dualara qarışa.
Yalanları adlayıb, gerçəyi ayaqlayam,
əcəlin barmaqları xəyalınla yarışa.
Yaddaşına sığal çək, gözləyənin var burda,
ruhum əsir üstünə, duymursanmı, sevdiyim?
Qubarında boğulan bu ürək qalıb darda,
Sən ey, ilahi adam, sən ey evim dediyim!..
22.05.2022
ATARSAN ÖZÜNÜ MƏN ZİRVƏSİNDƏN
Adam barmağından yıxıla bilər,
sürüşər ovcunun doğmalığından.
Adam barmağından asar özünü,
üşüsə üzüyü yad barmağında.
Sınar ümidlərin göy bağlılığı,
uzanar əllərin ətəyin boyu.
Ötürər köksünü çarəsiz ürək,
çalınar o tayda "yadının" toyu.
Donar xatirələr bir şəkil üstə,
ötüşər yuxundan dünənin izi.
Yozarsan min yerə çıxılmazları,
su yuyub aparar gözün dənizi.
Çökər dizi üstə xəyalların da,
qəminə bulaşar saçının teli.
Nəm çəkər duan da, susdura bilməz,
dərdin əsdirdiyi o dəli yeli.
Atarsan özünü mən zirvəsindən,
yıxılar içindən o böyük adam.
Budaqlar əl çalar eniş müjdənə,
quru yarpaq olar "dadına çatan".
27.05.2025
* * *
Ehh... mən də qoşuldum gedən karvana,
əllərim arxamca süründü qaldı.
Bir körpə bələdim xəyallarımda,
baxdım boş beşikdə "ağlayan" şaldı...
Nəm düşdü qupquru ömrümün üstə,
tutdum qismətimə duadan çətir.
Nə vardı könlümdə sevgidən ayrı,
niyə qəm geyindi yazdığım sətir?!
İz saldı saçıma dərdin ağ əli,
yollara yad oldu açdığım cığır.
Yaşadım birtəhər yıxıla-dura..
ömür ha uzansa, bir ömrə sığır...
Mən divanə oldum, sevdiyim dəli,
yerə ağır gəldi bu sevda yükü.
Mizana uymadı istəklərimiz,
göy də ətəyini qıymadı, bükdü...
07.06.2025
NAHAQ ÖLDÜRDÜN MƏNİ...
İşığın izinə düşmüşdüm,
sərmişdim əllərimi qaranlığın
üstünə,
günəş kimi gülümsəyirdi içim.
Qoymuşdum buludları yerinə,
sevinc ələnirdi baxışlarımdan.
Az qalırdı ümidlərimi qovan
ayrılığı keçim,
nahaq öldürdün məni...
Təzədən uşaq olmuşdum
yaşamadıqlarını yaşayan,
harda bir sevinc görsə
ürəyinə daşıyan.
Rənglərə boyanmışdı dünyam,
sənin yuva əllərinlə,
bir az ərköyün olmuşdum,
bir az dəcəl qız kimi..,
elə öyünürdüm ki, sevdiyin
tellərimlə
nahaq öldürdün məni...
Şeirlərim əlçim-əlçim
arzuya dönürdü,
Duaya sarılırdı dilim,
şükran diləklərim xoşuna
gəlirdi Tanrının.
Könül evimdə qəm çırağı
sönürdü,
sətir-sətir sənə köçürdüm,
heca-heca nur hörürdü
barmaqlarım,
nahaq öldürdün məni...
Qu quşu nəğməsiydi
dodaqlarımdan qopan ah,
söz dadında öpüşlərin
süzülürdü gözlərimdən
eşq adına.
Ən gözəl musiqi idi səsin,
xoşbəxt olurdu qulaqlarım
pıçıltılarınla,
nahaq öldürdün məni...
Vida məktubuydu üzündən
oxuduqlarım,
çəkdi məni xatirələrin qoynuna.
Qarlı gündə qismətin "toruna"
düşmüşdük,
tapılmayan nemət kimi
görüşmüşdük.
O qar bizi isitmişdi,
bu qar üşütdü məni.
Uddum qəhərimi,
asdım soyuqluğundan
son kəlməmi:
nahaq öldürdün məni.
Ölürdü vallah, ağrılar ölürdü,
nahaq öldürdün məni...
22.10.2021
YETİM QALMAQ QİSMƏTİDİ BU EŞQİN...
Bilirəm, ömrünə kədər gətirdim,
ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm,
sən də çıx get, artıq təməl qoyulsun.
Nə gördük ki, göz yaşından savayı,
qısır oldu bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
hara getsək tapdı bizi birinci.
Arzularım qundağında boğulur,
vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
sığalını yadırğayır tellərim.
İnanmıram fələk bizi qarğıya,
bədhaxların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
yetim qalmaq qismətidi bu eşqin.
Nəm gözlərim yollarına yıxılsın,
intizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
kiridərəm için-için ahımı...
Ayrılığın mürgü vursun gözümdə,
qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
təki səni ağrıtmasın mənsizlik...
Get, sevincin qucaqlasın boyunu,
işıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu "oyunun",
gedişinə yas tutaram gizlində...
19.11.2021
BİLMƏZSƏN...
Bir az unutqanlıq səpələnər çiyinlərinə,
unudarsan saçlarımın döyüş bölgəsində olduğunu,
xatırlamaszan ayaqlarımın yerimədiyini.
Əllərində aha çevrilər dilində susan kəlmələr..,
gözlərindən gilə-gilə ayrılıq tökülər.
Bir az sıyrılmış dizimin qanı qorxudar səni,
heyfin gələr göyərmiş dodaqlarıma.
Köz arayarsan atəşin söndüyü yerdə,
qığılcıma sarılan hisslərin yaddaşsız doğular,
bilməzsən ocaq öpüşündən alovlanar....
Bir az yağışa düşər baxışların,
yanaqlarımın yaşında isladarsan kirpiklərini.
İtirərsən qollarını boynumda,
sığınar köksünə ürək döyüntülərim,
unudarsan bunun qucaqlamaq olduğunu...
Bir az aynalarda əksini axtararsan,
üşüdər könlünü yoxluq havası...
Hənirti arayarsan sükut notunda
pıçıltılar aldadar qulaqlarını...
Duymazsan ruhumun "əlvidasını",
bilməzsən getdiyimi, bilməzsən öldüyümü...
11.10.2022
SONRA...
Sonra kirpiklərim yükünü atdı,
boşaldı gözümün dolu tərəfi.
Sonra boğazımda dağı əritdim,
qəhər selə döndü o dar cığırda,
çəkdi qoşunların nəfəs yolumdan,
yenildi səbrimə qəzəb ordusu...
Sonra zəfər çaldı çiyinlərim də,
soyundu əynindən məğlub libasın.
Açıldı qaşımın düyünləri də,
sovruldu alnımdan qırış topası.
Sonra qollarımı havaya açdım,
"çiçəyi çırtladı" ümidlərimin...
Sığalsız saçlarım çox ağlamışdı,
sonra barmaqlarım savaba batdı.
Qurudu göz yaşı saçlarımın da
öldükcə ovcumda sığal həsrəti.
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də üz tutub göyə gedərdim,
"dön" səsi oxundu qulaqlarıma.
Sonra ürəyimə bir nəğmə axdı,
dirildi içimdə ölən arzular.
Çəkdim pərdələri günəşə sarı,
tutdum şəfəqinin hörüklərindən.
...sonra gülümsədi aynamın üzü
baxdım ki, əksimi yaz qucaqlayıb...
06-09 may 2023
YANAQLARIMDA MİSRALAR GÖYƏRDİ
...O qaranlıq quyuda da xəyal qurdum
işıqlı sabahların eşqinə...
tərpənməyən vücuduma
könlümü dayaq etdim,
sevgi ötürdüm duyğularıma,
ruhumda şeir doğuldu.
Nə dilimdə səsləndirə bildim,
nə əlimdə dirildə,
eləcə gözlərimə töküldü bənd-bənd,
kipriklərim söz-söz nəmləndi,
yanaqlarımda misralar göyərdi...
20.01.2022
HƏLƏ
Hələ yağışlardan səs-soraq yoxdu,
hələ toz uduruq quru havadan.
Hələ dalğalar da öz rəngindədi,
qayalar sağ çıxır sulu davadan.
Hələ meh darayır güllərin telin,
hələ küləklərin boyu gödəkdi.
Günəş geniş açıb pay verən əlin,
hələ şəfəqlər də dolu yedəkdi...
Hələ ürəyimin yanğısı sönük,
hələ qollarımda sızlamır ağrı.
Hələ dərd verməyir bir üzü dönük,
hələ öz eşqinə yuvadı bağrım.
Hələ düz yeriyir ayaqlarım da,
hələ əsalara bağlıdı yollar.
Durur kürəyimdə dayaqlarım da,
hələ qucaqlayır məni o qollar.
Özümü görürəm hələ güzgüdə,
hələ əllərimin sahibi mənəm.
Hələ ögeyləşmir ruhum özgədə,
hələ vətəniməm, hələ ölkəməm.
05.01.2024
EŞQİN DUA KİMİ,,,
Sən susduqca, mən özümə çəkildim.
içimdəki o tənha qız danışdı.
Sənsiz ömrün qəm üzünə büküldüm.
sükut adlı bu dərd mənə tanışdı.
Alışdıqca içimdəki söz odu,
ürəyimi nişan aldı ağrılar.
Vüsalın kəm, ayrılığın tez oldu,
həsrətimin səbri geniş, bağrı dar.
Niyə çəkim bu bədənin yükünü,
ruhumda ötürsə əcəl kəlməsi?!
Yandırsam da xeyri yoxdu "tükünü",
nağıl olar ta Sənimin gəlməsi...
Neçə dərdə qucaq açdı qollarım,
əskik qaldı bala sözü dilimdə.
İzə düşdüm sənə gəldi yollarım,
balam oldun, bala batdı dilim də...
Eşqin dua kimi yetdi könlümə,
ümid geydi ürəyimin çatları.
Qayıt, ömrüm, əzrayılı önləmə!
Sən gəl, diri qalsın son saatlarım...
01.09.2023
ADINI PIÇILDAYIRAM...
Adını pıçıldayıram, duyursanmı?
Çatırmı bu həzin eşq nəğməsi qulaqlarına?
Ruhun titrəyirmi dodaqlarımın atəşindən?
Kəpənək duyğular sarırmı ürəyini?
Arayırsanmı mən adlı səadətini?
Yuva əllərini ciblərində gizlət, əzizim,
əllərim elə hey uçunur evinə sarı.
Yenə baxışlarım qovur darıxan kölgəmi,
nəm gözümdən sökülür həsrətinin divarı...
Külək haray çəkir pəncərəmin önündə,
bəlkə ağacların ahını alır,
bəlkə "ağacla" gəzənlərin günahını.
Bəlkə də dərdini çırpır şəhərin küçələrinə,
mən də ortaq oluram küləyin sərsəriliyinə...
Adını pıçıldayıram dua kimi,
xəyalın keçir Tanrıyla aramda olan körpüdən.
Hasil olmuş dilək kimi isidirsən ürəyimi,
unuduram ayrılıq fəslinin soyuqluğunu,
atıram özümü havanın qollarına...
Adını pıçıldayıram...
Dəli külək qoparır adını dodaqlarımdan,
qonur pıçıltılarım küləyin qanadına,
uçur ruhumun kəşf etdiyi ünvana-
-dur, aç pəncərəni, səsim sənə qonaq gəlir...
Adını pıçıldayıram, duyursanmı?
26-27.11.2023
DİRİLİM YAR BUSƏSİNƏ
Bu nə dəli darıxmaqdı,
alıb başımın üstünü.
Bir mən, bir də Tanrı görür,
köksümdən qalxan tüstünü.
Darıxır əlim-ayağım,
saçlarım da incik düşür.
Xəyalımdan lent sayağı
ömrümün Səni ötüşür.
Darıxır dualı ovcum,
əllərimə həsrət çökür.
Bu xiffət insafsız ovçu
ürəyimə tətik çəkir.
Gözümün çəkdiyi yola
nəm kipriyim naxış salır.
Yenə hicranla qol-qola
səbrimin boyu qısalır.
Yeriməyə yox həvəsim
sənə gəlmir ki, yollarım...
Canıma sığmır nəfəsim
qoynumu boğur qollarım.
Sən çağır, harayla gəlim.
qüssə yenilsin səsinə.
Öldürdü darıxmaq- ölüm
dirilim yar busəsinə.
25.07.2025
*******************************
Şeirlər üzrə qeydlər və düzəliş tövsiyələri:
SƏN EY, İLAHİ ADAM...
Son misrada:
Sən ey, ilahi adam, sən ey evim dediyim!..– nida işarəsinin qabağından vergülləri tənzimləmək olar. Başqa ciddi dəyişikliyə ehtiyac yoxdur.
ATARSAN ÖZÜNÜ MƏN ZİRVƏSİNDƏN
Başlıqdakı "mən" sözü ilə bağlı: Əgər məna "mənim zirvəm" deməkdirsə, "mən(lik) zirvəsindən" və ya olduğu kimi saxlaya bilərsiniz.
(Adsız / 07.06.2025)
3-cü bənddəki
...yerinə nöqtələri səliqəyə sala bilərsiniz. Qrammatik olaraq hər şey qaydasındadır.
NAHAQ ÖLDÜRDÜN MƏNİ...
Burada sərbəst şeir olduğundan bəndlərarası fasilələrə və misra sonlarındakı nöqtə/vergüllərə (məsələn,
"Nahaq öldürdün məni..."təkrarına) diqqət etmək kifayətdir.
YETİM QALMAQ QİSMƏTİDİ BU EŞQİN...
4-cü bənddə:
bədhaxlarınsözünübədxahların(x-la) olaraq düzəldə bilərsiniz.
BİLMƏZSƏN...
1-ci bənddə:
xatırlamaszansözünüxatırlamazsanolaraq düzəldə bilərsiniz.
SONRA...
Durğu işarələri yerindədir. Axıcılığı qorumaq üçün nöqtəli vergüllərə baxa bilərsiniz.
YANAQLARIMDA MİSRALAR GÖYƏRDİ
Şeir səlisdir, yalnız kiçik hərflə başlayan misraları öz kitab formatınıza uyğunlaşdıra bilərsiniz.
HƏLƏ
5-ci bənddə:
hələ əllərim sahibi mənəmifadəsinihələ əllərimin sahibi mənəm(-in şəkilçisini artırmaqla) yoxlaya bilərsiniz.
EŞQİN DUA KİMİ,,,
Başlıqdakı vergülləri
...(üç nöqtə) ilə əvəz edə bilərsiniz.
ADINI PİÇILDAYIRAM...
Başlıqdakı və mətn içindəki
pıçıldayıramsözlərində hərflərə diqqət edin (ç-ilə).
DİRİLİM YAR BUSƏSİNƏ
Son bənddəki
darıxmaq — ölümtir (tire) işarəsini öz səhifələmə dizaynınıza uyğun qoya bilərsiniz.
**************************************
QAN AĞLAYIR YETİM QALAN ƏLLƏRİM
Çəkilib çiynimdən ata əlləri,
daha o dodaqlar alnımı öpmür.
Aldada bilmirəm dəli yelləri,
Atam yollarıma dualar səpmir.
Duyulmur evimdə isti nəfəsi,
soyuyub divarım, buz tutub daşım.
Sıyırıb əynindən yaşam həvəsin,
acımın önündə əyilir başım.
Qara dərdin ağ izləri saçımda,
üsyan edir sığal uman tellərim.
Darıxıram, dilə gəlir saçım da,
qan ağlayır yetim qalan əllərim.
Mən ruhumun qəm üzünə bələdəm,
salxım-salxım yaşa dönər gözümdə.
Hər ağrını bir sevincə bələdim,
bir bu dərdə güc tapmıram özümdə.
Göynək tutar bu yaram heç sağalmaz,
qəhər dağı böyüdərəm içimdə.
Kədər yeyər bu ömür də sağ qalmaz,
hər gün bir az yox oluram içimdən...
15.05.2026
MƏN SÜKUTAM
Mən sükutam...
zülmətlərin köksünü yaran
işıq kimi dələrəm qulaqlarını,
səs olaram, ün olaram
yorğun beyninin fikirlə
qalaqlanmış dar küçələrində.
Xəyal görünər gözünə...
Tanrının təbəssümünü
geyinmiş qadın ulduz gözlərini
baxışlarına yar edər,
öpüşər nəm kirpiklərin
xoşbəxtliyin rəsmiylə.
Boşluğa yuvarlanan ruhuna
işıq düşər,
qoparsan qaranlığın qollarından..,
ağrı köynəyini soyunar bədənin.
Göyün bulud saçlarından
bir tel düşər yanağına,
əllərimi axtararsan,..
həsrətinə asi düşən ürəyin atlanar
üz çevirdiyin uzaqlara...
SEVGİM TƏNHALIQDAN ÖLDÜ
Yenə bağrımı oydular,
yenə köksümü soydular,
yenə məni tək qoydular,
mən sevgimə sığınmışdım.
Mən küldən ocaq "cücərtdim",
mən yoxdan ümid göyərtdim,
eşq bilib günah törətdim,
mən sevgimə sığınmışdım.
Bu qisməti çox bəyəndim,
əynimə sevinc geyindim,
bəxtə güvənib öyündüm,
mən sevgimə sığınmışdım.
Sınıq könlüm uddu qəmi,
qurutdum gözümdə nəmi,
o imiş ömrümüm kəmi,
mən sevgimə sığınmışdım.
Min il sonra üzüm güldü,
xəbis şeytan hardan bildi?!
sevincim gözümdən gəldi,
mən sevgimə sığınmışdım.
İndi evim soyuq çöldü,
dərd ömrümü qışa böldü,
sevgim tənhalıqdan öldü,
mən sevgimə sığınmışdım.
Yenə bağrımı oydular,
yenə köksümü soydular,
yenə məni tək qoydular,
mən sevgimə sığınmışdım.
16.12.2025
ŞEİR ÇƏK GÖZLƏRİMƏ...
Bilirəm, sən də yatmamısan bu gecə,
yerdən göyə ucalıb təlaşa sarılan səsin.
Dua adlı yalvarışın göz yaşına qarışıb,
çağırmısan ilahini köməyə,
səsləmisən yeri-göyü...
ulduzlardan haray umub,
ayın başına dönmüsən.
Minnətçi düşmüsən uçan ruhuma:
"qaylt bu uçuşdan, qayıt cisminə..."
Əzrayılı lənətləyib, fələyə qarğış
tökmüsən.
Sonra çarəsiz-çarəsiz
qarşısında diz çökmüsən
ölüm adlı mələyin...
Qulağımda neçə doğma səs ağladı,
neçə-neçə dua ötdü yanımdan.
Sənin səsin inadını qırdı göyün
çəkdi əllərini üstümdən,
buraxdı ruhumun yaxasın..
gecəyarı döndüm cismimə
dualarının qanadında.
Uzaq yol gəlmişəm, sevdiyim,
indi çox yorğunam.
Ruhunu sər üstümə,
şeir çək gözlərimə, yuxusuzam...
SON GECƏYMİŞ...
Daha küləklər də qorxutmur məni,
nə olacaqsa, olsun deyir içimdəki səs.
Dik duruşuma baxma,
daha yazıqdı o gördüyün qız.
Qollarım elə hey qoynuma sığınır,
ovcumdakı izlər itməsin deyə
sıxıram əllərimi bir-birinə...
O gecə əlimi əlində saxlayıb
gücü yetdiyi qədər sıxmışdı,
nəsə demək istəmişdi atam,
danışa bildiyi halda susmuşdu.
Qəfil sinəsinin üstünə qoymuşdu əlimi,
gözlərində narahatlıq şəkli,
üzündə nigaran ifadə.
Azca gülümsəmişdi də...
bəlkə anlamayım getdiyini,
bəlkə qorxmayım deyə.
Son gecəymiş...
son dəfə tuturmuş əlimi,
son baxışı imiş vücudumu sığallayan,
səssizcə vidalaşırmış atam mənimlə...
İndi əllərimi qoruyuram,
ürəyimdə əzizləyirəm də.
Hərdən ovuclarımı öpmək keçir könlümdən
Atamın əllərini öpdüyüm kimi...
28.04.2026
SƏNSİZ YAŞAMAĞI YADIRĞAYIRAM
Heç kim sənin kimi döymür qapımı,
səsinə bənzəyən bir səs də yoxdu.
Arayıb halımı soruşur anam,
deyə bilmirəm ki, evim soyuqdu.
Buralar itirib doğmalığını,
yadlaşıb məhəllə, yadlaşıb küçə.
Küskündü qapılar, pəncərələr də,
o cənnət həyətin dönüb bir heçə.
Bağçada can verir əkdiyin güllər,
xiffətin soldurub torpağın üzün.
Nəfəsi kəsilir ağacların da,
quruyub meynə də, gətirmir üzüm.
Sənsiz nə mən mənəm, nə də ev, Ata
mənim ruhum çöküb, evin də damı.
Bircə diri qalan xatirələrdi,
aldadıb başını qatır adamın.
Ata, yoxluğunu gözümdə boğub,
sən dərdimi içimdə ağrıyıram.
Tez-tez unuduram dərmanlarımı,
sənsiz yaşamağı yadırğayıram.
03.08.2026
GECƏNİN AĞRISI...
Hamı tərəfindən unudulmaqdıağrılarına bürünüb gecəni
sübhə daşımaq.
Pəncərəni döyəcləyən küləyin
vahiməli səsindən,
xəstə uşaq kimi zarıyan pişiyin
iniltisindən gizlətdiyin qulaqların
səhərə kar doğular.
Yumulmayan kipriklərini
qucaqlayan barmaqların kor olar,
yuvasını tapmaz.
Saçların balışla savaşar,
məğlub olmaz,
bir-birinə dolaşıb boğular.
Şirin yuxu diləməz,
gecən xeyirə qalsın deməz,
ömrünə yazılan o adam da.
Bədbəxt görünər gözünə narahat
yatağının adamsız tərəfi.
Divarları cırmaqlayan kölgənin
qanayan dırnaqlarından
ölüm qoxusu gələr.
Fikrin ruhuna sədd çəkirmiş kimi
duman şəkli cızar
baxışlarınla yorduğun tavanda.
Ay nə qədər hüznlü,
ulduzların işıq libası oğurlanıb.
Qaranlıq rəngində kədər yağır
əyinlərindən.
Göy üzü ikiqatdı, sancı-sancı,
göynək-göynək doğranır...
Tanrı mələklərinin dərslərini yoxlayır,
nə gecənin, nə sənin dərdin
vecinə deyil,
Sabahkı tapşırıqları yerbəyer
edir beynində...
KEÇDİ DARIXMAQ AĞRISI
O darıxan yolun
üzünü güldürdüm bu səhər,
yenə sevindirdim
izlərimsiz qəribsəyən yolu.
Bitirdim həsrətini
ayaqlarımın da,
xiffət üzü silindi izlərimin.
Nə fərqi var, hara aparır məni-
sevincə ya kədərə..,
təki yol hicrana yenilməsin,
təki ayaqlarım yoldan kəsilməsin...
Yolun başında ayaqlarımı
qucmaq havası,
qolları açıq qucaq kimi həvəsli.
Ayaqlarımın könlündə yerimək sevdası,
içimdə vurnuxan titrək kəpənək,
yola susamış arzuların dirçəliş səsi,
yol qovuşuq nəfəsli...
Yol vüsalına çatdı,
keçdi darıxmaq ağrısı.
Gözümdə yaş gülümsədi,
mən yaxşı bilirəm darıxmaq nədir...
21.10.2025
İÇİMDƏ QURDLAR ULAYIR
…Ucsuz bucaqsız çöl kimidi
ayrılıqdan arxada qoyduqlarım.
İnsafsızca uzanır
ömrümü kəsən boz yollar,
ağrılarımı duymadan
sənsizliyə daşıyır məni…
ən ağır dərd kimi
bükürəm ürəyimə
sənsizlik xofunu.
İncidir ruhumu
könlümdəki küskünlük,
yuvasını yadırğamış quşlartək
həsrətə yoluxur əllərim.
Susqunluğuma baxma
içimdə qurdlar ulayır
bir yandan da mərəz “varımı” talayır
qanıma susayan hüceyrələr
kimidi sənsizlik
için-için əridir
çarəsi yoxdu bu “xəstəliyin”...
12.11.2025
ÇƏKİLDİM GÖYLƏRƏ...
Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır Tanrının ovcunda
kəpənək kimi...
********
Şeirlər üzrə qeydlər və düzəliş tövsiyələri:
QAN AĞLAYIR YETİM QALAN ƏLLƏRİM (15.05.2026)
3-cü bənddə:
saçım daifadəsini səhifə dizaynınıza uyğun olaraq bitişik və ya ayrı (saçımda) yoxlaya bilərsiniz.Son bənddə durğu işarələri (nöqtələr, vergüllər) ahəngə uyğun tənzimlenə bilər.
MƏN SÜKUTAM
Sərbəst şeir olduğundan bənd və misra bölgülərindəki durğu işarələrini (
...,,,;) oxu nəfəsinə görə səhifədə yerləşdirə bilərsiniz.
SEVGİM TƏNHALIQDAN ÖLDÜ (16.12.2025)
4-cü bənddə:
ömrümüm kəmiifadəsindəki hərfi səhfiömrümün kəmi(n-lə) olaraq düzəldə bilərsiniz.
ŞEİR ÇƏK GÖZLƏRİMƏ...
Mətndəki
qayltsözünüqayıt(y hərfi ilə) olaraq düzəldə bilərsiniz.
SON GECƏYMİŞ... (28.04.2026)
Durğu işarələri (mötərizələr, nöqtələr) yerindədir, yalnız sətiraltı fasilələri kitab formatınıza uyğunlaşdıra bilərsiniz.
SƏNSİZ YAŞAMAĞI YADIRĞAYIRAM (03.08.2026)
1-ci bənddə:
Buralar itirib doğmalığınımisrasında vergül qoyula bilər.Son bənddə:
Ata, yoxluğunusözündən sonra vergülün düşməsinə (Ata, yoxluğunu...) diqqət edin.
GECƏNİN AĞRISI...
Sərbəst üslubda yazıldığı üçün misra sonlarındakı nöqtəli vergül və durğu işarələrini səhifə düzəni zamanı nəzərdən keçirə bilərsiniz.
KEÇDİ DARIXMAQ AĞRISI (21.10.2025)
sevincə ya kədərə..hissəsindəki nöqtələri üç nöqtəyə (...) çevirə bilərsiniz.
İÇİMDƏ QURDLAR ULAYIR (12.11.2025)
quşlartəksözünü kitabda istəyinizə görə ayrı (quşlar tək) və ya bitişik yaza bilərsiniz.mərəz "varımı" talayırhissəsində dırnaq işarələrini səhifə formatınıza uyğunlaşdıra bilərsiniz.
ÇƏKİLDİM GÖYLƏRƏ...
Güzgüdəki mənəm?!.ifadəsində sual və nida işarələrini ardıcıl səliqəyə sala bilərsiniz.
******
QƏFİL
..qəfil əllərin düşür yadıma..,
saçlarım göynəyir,
əllərim yazıqlaşır,
susdura bilmirəm
içimdəki naləni...
qəfil gülüşünü eşidirəm
nəfəsin hopan
divarlar arasından,
bir yanğı sökür ciyərimi.
ruhumun harayından
inləyir kimsəsiz evimiz...
qəfil xatirələr karvana dönür,
səhra gözlərimdən dünən boylanır.
çəkilir baxışım uzağa sarı,
yenə var olursan gözüm önündə,
yenə qulağımda mehriban səsin…
qəfil diksinirəm bir zəng səsinə,
xəyalın dumantək göyə sovrulur.
atamdı zəng edən deyirəm yəqin,
başqa kim darıxar bu gecə vaxtı...
qəfil telefonun gözümə dəyir,
qəfil ayılıram şirin yuxudan.
qəfil yoxluğunu xatırlayıram,
köksümə bir ağrı saplanır, Ata…
17.06.2026
SÖZÜM İÇİMƏ YIXILIB
Bütün mövzular tükənib,
Arzular tükənən sayaq.
Qırıq ümidə söykənib,
Ruhumu etmişəm dayaq.
Gecə pəncərəmi döymə,
Qəfil səslərdən qorxuram.
Çarpaz qollarıma dəymə,
Dərdi özümə sıxıram.
Təlaşla budaqdan düşən
Yarpaq kimi əsir ürək.
Çoxdan özümdən keçmişəm,
Mənə dua, and nə gərək.
Qırılmış ayaq kimiyəm,
Daşdan asılıb qalmışam.
Bütün qəmlərin qəmiyəm,
Dərdlə qol-boyun olmuşam.
Sevinci kəmdi ömrümün,
Qıtlıq vaxtına düşmüşəm.
Kasası daşdı səbrimin,
Qismətə lal ötüşmüşəm.
Asiyəm udduğum sözə,
Udub içimdə ölmüşəm.
Aldanıb işaran közə,
Sönəni yanan bilmişəm.
Ovcum duasız göynəyir,
Əlim yumruğa sıxılıb.
Dişim dilimi çeynəyir,
Sözüm içimə yıxılıb.
ÖMÜRDÜ DƏ...
Ömürdü də..,
bir az elə, bir az belə.
sevinci gilə-gilə,
kədəri dərin-dərin...
yıxıla-dura böyüdük,
yaşamaq qoyduq adını.
dərdlə, ələmlə "döyüldük",
gördük hər ağrının dadını.
bir az qəlbimiz qırıldı,
ümid sardıq yaralara.
bir az bağrımız yarıldı,
üsyan etdik qorxulara.
Ömürdü də..,
günü aya, ayı ilə dəyişdik.
ara-sıra yollaşdıq,
hərdən də küsüb, əyişdik.
yoxuşu nəfəs kəsdi,
ətək də bizlik olmadı.
dedik bu qədər bəsdi,
Tanrı yanına almadı...
olsaq da varın kasıbı,
ürəkdə adam daşıdıq.
nə qədər çəksək hesaba,
bu ömürlə həmyaşıdıq.
Ömürdü də..,
qaçdıq, qovduq, yarışdıq,
bir az mənim, bir az sənin.
bəxtə düşənlə barışdıq,
payı yeyilər küsənin...
24.07.2026
UNUDURAM...
Qəfil unuduram hər şeyi,
yadımdan çıxır əşyaların adı,
beynim soyunur yaddaş əynini,
qaçır ağzımın xatirə dadı...
Qəfil unuduram harda olduğumu,
küçələr, döngələr yadlaşır mənə,
xatırlamıram nə vaxt doğulduğumu,
nə vaxt böyüdüyüm yadıma gəlmir,
nə vaxt uşaq idim unutdum yenə...
Nədisə bu ad da yaddı, ögeydi,
özgədən borc alıb veriblər mənə.
Uzaqların əli hafizəmin divarlarında
sökür yaddaşımı insafsızca
unuduram... hər şeyi.
Üzü dünənədi kövrək xatirələrin,
indi şəkilsizdi yaşadıqlarım.
boşluğa sürünür könlümdəki səs,
soyuyur əllərimin nəfəsi,
bu mən o mənlə vidalaşır...
03.06.2024
Biçənək kimidi arzumun üzü,
bir-iki dən düşüb ümid yerinə.
Təsəlli seçmişəm könlümə sözü,
ömür də sığınıb Tanrı şeirinə.
AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR...
Həsrətimin hönkürtüsü buludları silkələyir,
dağ başında qara dönür yanağımı yuyan yaşlar.
Ayrılığın üzü sərtdi ümidimi tikələyir,
vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar.
Dizimə dayaq etdiyim təpər əsası çatladı,
ürəyimi calaq etdim rəngə susamış ruhuma.
Off.., uzaqlara yerikləyən duyğularım atlıdı,
oxuma daha, "olmaz" sətirli nəğmələr oxuma...
Ömrümdə məğrur dolanan ölçüsüz qəmə asiyəm,
könlüm libasın dəyişib sevinc geyinir əyninə.
Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm,
Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə.
Ağrıları sınaq bilib qollarımı qucaqladım,
ağacları zikr edirəm ovcumda pöhrə arzular.
Soyuq dərd yükünü atıb yuvamda ocaq qaladım,
İlahi, eşq bulağından axacaq könlümə ruzular?!!
13.10.2021
ANA OLURAM MİSRALARIMA
Yollar çox yordu məni,
and içdim ayaqlarıma
daha qəmə bulaşdırmayacam
izlərimi.
Köçürəm kədərin villasından,
bir sevinc daxması tikdim ruhuma.
Qollarımı boşluq zindanından azad edirəm,
qucaqlayıram özümü.
Ölməkmi?
Nə ölməsi, yaşamaq lazım, yaşamaq!
Ulduzların öpüşünü təbəssüm
edirəm dodaqlarıma,
bu gecə ay da eşqlə baxır gözümə,
göy üzü ritmini tutur xoşbəxtliyin.
Bəyaz gəlinlik geyinir hisslərim,
diyğularımdan sevgi doğulur,
bətni sevinir ruhumun,
ana oluram misralarıma...
17.05.2022
BARMAQLARIMIN MATƏM SƏSİ...
Ən çox barmaqlarım ağladı
yazılmayan misralara.
Qəfil yaxalandı rütubətin
analıq bəxş etdiyi hüceyrələrə.
Dərd süzülən ovcumda
ağrısını ovudardı bəlkə də,
ruhumda qırılan səs öldürdü
şeirini itirən barmaqlarımı.
Kötük yükü çəkir indi
qələmə yadlaşan barmaqlarım.
Duyğularım havada asılı qalır,
ağ vərəq kəfən olur çiliklənən hecalara.
"Toppuşluq yaraşır əllərimə" təsəllisi,
bir dəqiqəyə məğlub olur gözlərimə.
Göyərmiş dırnaqlarımın rəng boyası
su dəyənəcəndi əllərimə.
Ümidlərin "bəlkə" qışqırığı
bətninə inam salır çarəsizliyin,
susur gecənin üzünə
barmaqlarımın matəm səsi...
12.05.2022
BOŞA ÇIXIR TANRININ ƏLLƏRİ...
Qollarım ağlamaqdan yorulsaydı,
dizlərimi təsəlli edərdi,
hasar olardı köksümdəki ağrılara,
qucaqlayardı tənhalığımı...
Ehh... yanmaq alova sarılmaqdı,
kül olmaq közdən ayrılmaq.
Arzuların sürükləndiyi edam kötüyü
kiminsə hegomonluq taxtıdı,
kiminsə ölüm vaxtı.
İşıq qaranlığı boğa bilmir,
yenilir zülmətin çirkin xislətinə.
Çarmıxa çəkilir həyat,
insanlıq öldürülür,
dualara qəsd edilir bu məmləkətdə..,
boşa çıxır Tanrının əlləri.
Yerdəki "allahlar" dünyanı qamarlayıb,
quru çörəyə boyun əydirir bəndələri.
Şeytana könül verənlərin qulağı kar,
iblisə tapınanların gözü kor...
Aclığa ibadət edir könüllər,
nədisə yox olur mərhəmət,
göy uzaqlaşır yerdən,
dərin quyulara qərq olur sevgilər,
hissiz doğulur ürəklər.
Bətni boş qalır buludların,
yananların üstünə qaçır yağışlar...
17 iyul 2022
ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ
Bəzən tanımıram heç özümü də,
ruhuma yad gəlir hissim, həvəsim.
Hərdən qınayıram bu dözümü də,
sıxdıqca köksümü ölüm nəfəsi.
Əynim iztirabın təzə donunda,
kirpiyim yuyunur köhnə yağışda.
Bəlkə də işıq var yolun sonunda,
sönür ümidlərim yalnış naxışda.
Kimsə əl uzadır duama sarı,
göy üzü doludu qırıq diləklə.
Bəxtim cadar üzlü zavallı qarı,
özüm hələ körpə qızdı bələkdə.
Biçənək kimidi arzumun üzü,
bir-iki dən düşüb ümid yerinə.
Təsəlli seçmişəm könlümə sözü,
ömür də sığınıb Tanrı şeirinə.
DÜNYA MƏNƏ YAD ÖLKƏ...
Yeni ayaq açmış körpə kimiyəm,
addımlarım kövrək, yerişim əyri,
ayaqlarıma güvənmirəm,
ümiddən asmışam bədənimi.
Mən dünyanın qərib sakini,
dünya mənə yad ölkə.
Əllərim saçlarımın hakimi,
sığal hökmü verdi bəlkə...
Sevgi döyünür ovuclarımda
əllərim min savaba batır.
Kirpiyimdə susur yağış,
gecə də səhəri yubadır.
Pəsdən oxunan nəğməyəm,
zil səslər ruhuma ögeydi.
Eşqimə vüsal behi verməyən
könlüm həsrəti alıb geyindi...
16.08..2023
ADIMA BÜRÜNMÜŞƏM...
Yenə yollar görünür sən olmayan şəhərə,
əllərinin həsrətin şaxtada dondururam.
Gözümdəki buludu yem edirəm qəhərə,
bu sərçə ürəyimi ovcuma qondururam.
Dualar göndərirəm sevginin Allahına,
ayrılığın ömrünü bir az gödək eləsin.
Qaranlığa əsirdi hər günüm vallah, inan,
az qalır ki, öz əlim özümü kötəkləsin.
Aydınlığa çıxaram zülməti pusa bilsəm,
gəncliyinə susayıb qocaltdığım o qız da.
Yaşayardım bəlkə də içimdə susa bilsəm,
demədiyim nəsnələr boylanır ağ kağızdan.
Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,
qorxuları yenməyə tab gəzirəm özümdə.
Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,
gün darayan bəxtimi dərd gətirdi gözümdən.
Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,
adıma bürünmüşəm əyilmərəm kədərə.
Kif basmış arzuları əlçim-əlçim didirəm,
yeni ümid əyirib don hörürəm qədərə.
YAĞIŞLAR ALDATDI İÇİMDƏKİ SÜKUTU
Köhnəydi gözümü aldadan pəncərələr,
o üzü, bu üzü yalan çətirli.
Aynaların boğulmuş rəngində
azmışdı günün şəfəqləri.
Çiynimi söykəsəm küçənin tini qaçacaqdı,
divarlar sədd olmaqdan yorulmuşdu.
Əllərimi uzatsam yolların boyu sınacaqdı,
geri addımlayırdı torpaq üstündəki kölgələr,
qorxunun rəsmiydi yeriməyən izlər.
Sulara üz tutsam susacaqdı səssizliyim,
yağışlar aldatdı içimdəki sükutu.
Əl çatmayan dalğaların su savaşı
qayaların köksündə zəfərlə bitirdi,
dəniz də inadkarcasına
göz yaşıyla isladırdı qumlu sahilləri.
Düşə bilərdim boşluğun qəddar ağzına,
əyilə bilərdim dərdin önündə.
Açmışdı qucağını qolsuz istəklər,
vermişdi səs-səsə lal quyular da.
Aldana bilərdim isti nəfəsə,
yenilə bilərdim aldanışıma...
Tutub biləyimin döyüntüsündən
İşıq da qaçırdı zülmətə sarı.
Boşluqlar, quyular, qolsuz qucaqlar..,
qaranlığı seçən işıq..,
nəfəsi kəsilən biləyim...
Qəfil cəftəsi açıldı aydınlıq qapısının,
dizi qırıldı qaranlığın.
Tanrının gözü üstümdə,
Tanrının əli telimdə,
getmədiyim yoldan geri döndüm...
08.04.2026
* * *
Çiçək kimiydi arzularım,
hər səhər günəşə
boylanırdı...
Böyük ağacların kölgəsi
yad nəfəs kimi üşüdər
şəfəqlərə sarılmaq
istəyən çiçəkləri.
Soyuqdan içinə yığılan
çiçəklər kimi,
ürəyimə qısıldı,
günəşə əli çatmadı
arzularımın...
YOLLAR
Uşaqlıqdan vurğunuydum yolların,
bəlkə də çox yol getmədiyim üçün
cazibəli gəlirdi mənə.
Hərdən rayonla kənd arası
o narahat yollarda sevinirdi
uşaq ruhum.
Bir də evimizin altından keçən
o uzun yolu ölçərdim baxışımla.
Xatirələrimin bir küncündə
şəhərə aparan yollar var,
daha uzaq, daha cazibəli...
Əvvəl üzümdə təbəssümlə
keçirəm o yollardan,
gözlərimdə xoşbəxtlik işartısı,
şəhərlə görüşmək həvəsi
ən çox da uzaqlıq...
Bəlkə, yollar içimdəki axtarışın,
ruhumdakı idarəolunmaz təlatümün
ünvanını tapmaq ümidi idi.
Bəlkə, yollar məni içimdən daşıyırdı,
bəlkə, uzaqlarda bir mən vardı.
Bir də uzaqlardan dönmənin,
həzzini yaşayırdım yollarda..,
evinə dönmək çox gözəldi axı...
Yollar ağ vərəq kimi sərilirdi önümə,
duyğularımı səssizcə söyləyirdim
"ağ vərəqə".
Canlanırdı, rənglənirdi yollar...
Bir gün bozardı yolların üzü,
ümidsiz apardı uzaqlara,
geri qayıtmağa işıq saxlamadı,
küsdürdü özündən,
incidim uzaqlardan,
susdum...
Duyğularım sözə çevrilmədi,
qəm dəstələndi rəngsiz baxışlarımda.
Yurda yollar bağlandı,
həsrət bir qərinəlik göynək saldı araya,
ruhumun üstünə dağlar uçdu,
yollar da uçqunun altında əzildi.
Günahsızıydı yollar,
istəsə də iz tapammadı geriyə.
Qapılar insafsızca kilidlənmişdi,
bağrı yarılmışdı yolların...
Bir gün əsgər ayaqları nəğmə oldu,
doğma izləri yadırğamış yollara.
nəfəs-nəfəs dirildi yollar
xoşbəxtlik səpələndi yaraların üstünə Zəfər məlhəmi adında.
sonra bağışladım günahsız yolları
yenə duyğularım boylandı yollardan
yenə misra-misra rəngləndi yollar
10.08.2026
QOLTUQ AĞACLARI İZ SAXLAMIR YOLLARDA
Çıxıb gedərəm ömründən,
Tanrı da tapmaz məni...
yerimdə qalan boşluğa
açılar qolların,
duyğuların ruhundan küsər,
bəlkə yaşayarsan birtəhər
ürəyini buz kəsər.
Yerimi bilməzsən
soraqlayıb gələsən,
təngə gətirərsən küçələri,
ayaqların üzünə durar,
yorğun dabanların baxmaz sözünə...
Öz-özünə danışarsan,
buludlar enər kipriklərinə,
əllərinə hönkürərsən
dizlərində kiriyərsən.
Dönüb-dönüb eyni yerə gələrsən,
görənlər elə bilər dəlisən.
Qəsdinə durar yaddaşın,
unudarsan yuvam olduğunu...
Yorma yolları,
yaddaşını lənətləmə,
ayaqlarına da yazığın gəlsin,
bütün nişanələr yoxluğa aparır..,
qoltuq ağacları iz saxlamır yollarda...
24.12.2021
BU QƏRİBİN GÜNAHINA KİM BATA...
Bilirsənmi, payız kəsib qapını,
xəzəl örtüb izlərimi yollarda.
Qarı nənə yığıb yenə sapını,
toxuyacaq buz donunu yollarda...
Kəsiləcək yoxuşlardan ümidim,
don vuracaq arzuları bələkdə.
Taleyimin baharından kəm idim,
qismətimə əl uzadır külək də.
Əllərimin harayına kim çata?
hovurmaqdan nəfəsim də yorulub.
Bu qəribin günahına kim bata,
boş otaqda “dar ağacı” qurulub...
Duymazsan içimdə nalə çəkəni,
səsim ürəyimdə boğulub qalar.
Sənsiz gündüzünə zülmət çökənin
qaranlıq gecədən qorxusu olar?!
Köhnə libas təzə dərdi yormamış,
kürüyərəm xəzəlləri izindən.
Bəyaz qoca çöllərdə taxt qurmamış,
qayıt, itək qayğıların gözündən.
Həsrətin şəklidi saçımdakı dən,
qırışlar da cığırlanıb üzümdə.
Qibləsinə durduğumuz sevgi də
yazıq olub, fağırlanıb gözümdə.
Xəbər göndər üzü bəri gələndən,
donmuş əllərimdə ümid göyərsin.
Yapış elə bu payızın əlindən,
gəl, qapımı bahar kimi döyərsən.
ÜRƏYİM NÖQTƏ OLSUN...
Darıxırsan, şeir yaz..,
adını da Sevinc qoy!
Əllərimi çək misraya
sığal olsun sözlərinə.
Bir beyti də çətir elə
yağış tökən gözlərimə.
Heca-heca hör şeirinə
sözlərinlə ətirlənim.
Ruhumu geyindir əyninə
üzü gülsün sətirlərin.
Saçlarımı cığır et
bənd-bənd uzanan yoluna.
ürəyim nöqtə olsun
mən adlı şeirin sonuna.
29.02.2024
DÜZ SÖZƏYDİ APARDIĞIM PƏNAHIM
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım "dağları”.
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim "ağları”.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq xəzanlar,
Yalanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.
O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim...aldandım kişi sözünə.
Bircə adam saxlayaydın gözümdə,
Bircə ümid, bircə inam, tək güvən..
MƏLƏK İDİ, YA MƏN İDİM?!!
Yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
gözümdəki sevincin
balaları doğulur üzümə
gülüş şəklində...
ruhum bədənimi çəkir
göydəki doğma evinə.
-ay ana, bax, mən uçuram,
uçuram, ana, vallah uçuram..
bax qollarım necə açılıb,
gör havanı necə qucuram.
ilahi, o necə sevinc idi,
o necə gülüş idi,
mələk idi, ya mən idim
qanadı eşq geyinən.
tut ağacının gülüşü
ağappaq çiçək açmışdı.
yuxuma Tanrının gəlişin
görüb dərd hara qaçmışdı?!
uçdum boyu boyunca
budaq-budaq ucaldım.
tellərimi doyunca
sığalladı göy üzü...
güzgü oldu gözlərim
qanadlanan könlümə.
yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
16.04.2025
SAÇLARIM ÜŞÜYÜR, ANA!
Saçlarım üşüyür, ana!..
başımla belim arasındakı
məsafədə balasını itirmiş
ana fəryadı dolaşır.
Kürəyim gizildəyir
aradakı boşluqdan.
Bəlkə qarla
öpüşdürdüyüm üçün
incidi məndən,
soyuq havalarda üstünü
örtmədim deyə üz çevirdi.
Bəlkə də küləklərə
yoldaş etdiyim üçün küsdü,
sevdiyim yağışlara
sərdiyim üçün
ayrılığın boynuna
sarıldı bəlkə...
İndi boynumun
ardını örtməyən saçlarım
kimsəsiz uşaq kimidi,
əlimin sığalından belə hürkür.
Sığınıb tanımadığı bir örtüyə
gizlənir işıqdan,
yağışdan, küləkdən, qardan...
qoruyur özünü,
məndən ümidini kəsib daha...
20.01.2022
* * *
Bomboş küçə kimidi
ruhumda avazıyan şəkillər,
nə ağac var söykənəcək,
nə divar var yapışacaq.
Ümidsizdi səhra tənhalığına
uzanan yollar,
gedilmədikdən sonra
nə anlamı var...
Uzaqların isti cazibəsi
daha çox təsəllidir.
MƏN EŞQİN QADINIYAM
Min ildi tanıdığın mən
niyə birdən yad oldu?!
Niyə ulduz gözlərim
sönük oldu qəfildən?!
Əllərimin istisi
azaldı birdən birə,
uzun qara saçlarım
gecəyə tay olmadı.
İtdim baxışlarından
yoxa çıxdım harasa...
Məni, səni biz edən
bir dünyanı yıxdın sən
yaralandı yuvamız
pəncərələr ağladı
qapımızın üzünə
kədər çökdü bir anda
daha bizə gələn yol
Pir, ocaq sayılmadı.
Həzin pıçıltılarım
utandı dodağımdan
özgə nəfəs duyuldu
üzündən, qulağından.
Yenildin şəhvətinə,
qırdın ilahi bağı.
Sındı bütün tilsimlər,
itdi eşqin qibləsi.
Bilirsən, dəhşəti nə?!
ürəyimin susmağı.
Sən şeytana uyanda
göydə Tanrı diksindi.
Mələkləri don vurdu,
vədini unudanda.
Ahlar töküldü yerə
buludların əlindən,
çilikləndi göy üzü,
ay küsdü yatağından.
Eşq göylərin halalı
Eşq Tanrının lütfüdü.
Eşq haramı götürməz,
Eşq adamı öldürər
adam eşqi öldürməz.
mən eşqdən yaranmışam,
mən eşqin qadınıyam,
sən bizi bitirsən də
Tanrı bizi bitirməz...
28.07.2026
ATASAN ÖZÜNÜ DƏLİSOV ÇAYA
Alasan əlinə mürəkkəbini,
düşəsən yolların ağ izlərinə.
Çəkəsən sınağa şair təbini,
sərəsən ruhunu kəhrizlərinə.
Təşnə dodaqların yanğısı sönə,
soyuya ürəyin bulaq suyu tək.
Susmuş bülbüllərin nəğməsi dinə,
torunda dincələ, yata hörümçək.
Çevirib yönünü gedəsən uzaq,
düşüb izlərinə gələ sərin meh.
Çiçək qucaqlaya səni bir qucaq,
gizlənə ovcunda bircə damcı şeh.
Atasan özünü dəlisov çaya,
çəkə ürəyindən çıxara səni.
Elə rast gətirə bir özgə taya,
özün tapmayasan özündə səni.
TORPAQ GÖYƏ ÇIXACAQ
O dolan qara bulud,
gizlədir qəhərini.
Göyün üzünə sərib
bir topa zəhərini.
Nə var göyün üzündə
qaranlığa bürünüb.
Hikkəli qara bulud
yerə tərəf sürünür.
Hikkəsini sıxacaq
yorğun daşlar üstünə.
Görünəcək daşların
altı nədi, üstü nə.
Yağış döyən otların
şux qaməti sınacaq.
Ağaclar küyə düşüb,
göyü ölmüş sanacaq.
Dəniz heyrətə gəlib,
sığınacaq özünə.
Dalğalar baş qoyacaq,
qayaların dizinə.
Göydən bir əl uzanıb
buludları sıxacaq.
Tutub yağışın ucundan
torpaq göyə çıxacaq.
26.06.2026
TANRIM
Tanrım,
sınaqların bitdisə,
dərindən nəfəs alım.
verdiyin vaxt yetdisə,
yardan halallıq alım.
Tanrım,
bir az nurundan ələ,
ömrüm aydına çıxsın.
ağır gəlir bu şələ,
qıyma dərd məni yıxsın.
Tanrım,
Saflığımın bədəlin
belə ödətmə mənə.
bu yarımcan bədənin
ruhu tam gəlsin sənə.
Tanrım,
dua yazdım kağıza
şeir qoydum adını.
salma dilə-ağıza
sözə aşiq qadını...
Tanrım,
nə alırsan, al məndən,
söz sevdam lütfün olsun.
bircə "gəl!"inə bəndəm,
ölsəm sözüm sağ qalsın...
27.07.2026
RUHUM ŞEİRƏ UÇUR
Önümdə ümidlər,
arxada atamın yüyürən duaları
düşdüm yolun ağına.
Yollar üzümü ağ etsə barı,
ağarsa alnımın qara yazısı
gülə-gülə dönsəm
atamın açıq qollarına,
bitirsəm adamın çarəsizliyini...
...hardansa bir səs düşür ürəyimə
"yenidən doğulacaqsan"- deyir.
əriyir könlümün buzu,
ruhum şeirə uçur
Günəş də gülümsəyir...
13.05.2022
GÖY YIXILIR ÜSTÜMƏ
...əllərim yorğun,
saçlarım pərişan,
gözlərim susqun..,
sənsizlik ağrısı çəkir ruhum...
göy yıxılır üstümə,
qaçır yerin ayağı,
çəkir məni uçurum,
ver əlini qurtulum.
əynimdə həsrət donu,
hicranla savaşdayam,
bilmək olmur bu ömrü,
bəlkə geri dönəsən...
gəl, libasım dəyişsin,
gəl, bitirim savaşı,
təkliyə zəfər çalım,
sağ çıxım bu döyüşdən...
20.11.2024
TANRIYA...
Boş əlim, boş qucağım,
Alışmadı ocağım.
Yox daha umacağım,
Çək göyünə, çək məni!
Sevgim tənha qarıdı,
Dərdim məndən yarıdı.
Üzüm sənə sarıdı,
Çək göyünə, çək məni!
Dibi su tutmaz quyum,
Bəxtimə çatmaz boyum,
Nə yatdım, nə də doyum,
Çək göyünə, çək məni!
Ümidlərə sarıldım,
Üz görmədim qırıldım.
Bu ömürdən yoruldum,
Çək göyünə, çək məni!
YENƏ
Yenə əllərimin ünvanı göylər,
yenə dualardı son ümid yerim.
Mələklər duamı Tanrıya söylər,
unudar kədəri, sevinər şeirim.
Ataram könlümdən qüssəni, qəmi,
gözümə sevincdən yaşlar düzülər.
Yetişər ömrümün o vüsal dəmi,
həsrətin əlimdən əli üzülər.
Ruhuma sarılar yenə o işıq,
qorxulu yuxular tərsə yozular.
Dönər qollarıma o dəli aşiq,
yenə çiçək açar pöhrə arzular...
Əlimi havada yelpik eylərəm
çəkilər buludlar dağlara sarı.
Günün ətəyindən tutub əylərəm
yenə sevinc olar könlümün barı.
21.07.2026
MƏNƏMMİŞ YANIMDAN TƏLƏSİK KEÇƏN
Yoldumu izimi çəkib aparan,
mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
kimiydi uzaqdan əl edib duran?
Yol məni, mən yolu gedib bitirdik,
indi ayrılırıq bir tin başında.
O məndə , mən onda itib gedirdik,
fərqində deyildik yayın, qışın da.
Fəsil tanımadıq, il tanımadıq,
qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
küləyi belindən iki qatladıq.
Keçdik keçilməzi, tərsi ram etdik;
aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri tam etdik;
hasil ömrümüzdə qoşa ədəddi.
Mənəmmiş yanımdan tələsik keçən,
mən yola düşəndə saçım qaraydı.
Dünən zirvədəki qartalı seçən,
göz indi bilmədi hara haraydı.
Belə unudurmuş insan özünü,
belə ötüşürmüş illər xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
təzə iz qoymağa ayaq təpərsiz.
DUYMAZMI SAÇLARIMIN HƏSRƏTİNİ?!
...yoxluq kimidi uzaqlarda
xatırlanmadığını bilmək.
boşluğa uçuşan düşüncələrin
quyuya bağıran səs kimi boğular.
Xatirələrini ağladan unutqan adamın
əlləri düşər yadına,
özgə kim siləsidi göz yaşlarını?!!
O var, təkcə o var...
İşıq kimi ümidlərinin əlindən tutub
sevgiyə götürər səni...
Ahh, o təbəssümlü üzündə
titrəyən barmaqlarını hiss etməzmi adam?
Duymazmı saçlarının həsrətini?..
ÜNVANINI BİLMİRƏM
İndi görən hardasan?!
de yerini, gəlmirəm.
Sənə məktub yazmışam,
ünvanını bilmirəm.
Namiq Dəlidağlı
Bilsəm darıxırsan qürurumdan keçərəm,
gəlib küçənizin tinindəcə duraram.
Su satandan su alıb birnəfəsə içərəm,
bir bəhanə uydurub nömrənə zəng vuraram.
Deyərəm, təsadüfən küçənizdən keçirdim,
elə-belə zəng etdim, dedim görüm necəsən?
İstəsən çıx eyvana uzaqdan görüm səni,
ya da en gəl aşağı, özüm görüm necəsən.
Saçlarının ağında gəzdirim baxışımı,
xəyalım daraq olsun tellərini darayım.
Sən gözünün ucuyla bax üzümə arada,
mən sınıxmış çöhrəndə bir təbəssüm arayım.
Gizlədim əllərimi gödəkcəmin cibində,
darıxan əllərinə qəfil qonaq gəlməsin.
Sıxım dodaqlarımı dişlərim arasında,
ürəyimdən keçəni dil-dodağın bilməsin.
Bilirəm darıxmırsan, könlümü tox tuturam,
aldanıb iç səsimə sizə tərəf gəlmirəm.
Bir söz idi... dedim də, hesab et deməmişəm..,
ürəyin atlanmasın ünvanını bilmirəm.
10.09.2026
DUALARIM NƏM…
İndi boşluq adlı ağrı
hakim kəsilib ruhuma,
içim də uçurum kimidi,
hər gün bir əsrlik
boşluğa yuvarlanıram.
Bilirsən, qaçmaq şansım yoxdu,
ayaqlarım beynimin əmrini dinləmir,
qollarım da asi çıxdı,
əllərimi utandırdı göylərdən...
Gözlərimdəki selin
dayanacaq yeridi qucağım.
Dualarım nəm, dilim titrək...
çatmır göyə dilədiklərim.
Bəlkə də ölmüşəm,
sinəmdəki göynərti cəhənnəm odudu...
İndi tam uçurumun kənarındayam,
əlsiz, ayaqsız ümidimi asmışam andan,
ya uzat əlini,
qurtar məni qorxularımdan
ya ölümə tərk elə...
14.09.2023
******
Şeirlər üzrə qeydlər, hərfi səhvlər və durğu işarələri düzəlişləri:
QƏFİL
..qəfil əllərin düşür yadıma..,– Başlanğıcdakı iki nöqtə və misra sonundakı iki nöqtə-vergül birləşməsi yerinə, standart olaraq üç nöqtə (...qəfil əllərin düşür yadıma...) qoyula bilər.atamdı zəng edən deyirəm yəqin,– Qiraət ahənginə uyğun olaraq vergül əlavə edə bilərsiniz:atamdı zəng edən, deyirəm, yəqin,
SÖZÜM İÇİMƏ YIXILIB
Misraların bəzilərinin əvvəlində yersiz boşluqlar (məsələn,
Ruhumu etmişəm dayaq.) düşüb, sola yaslana bilər.Mənə dua, and nə gərək.– Sual intonasiyası olduğuna görə sonuna sual işarəsi (?) daha uyğundur.
ÖMÜRDÜ DƏ...
Ömürdü də..,– Buradakı iki nöqtə və vergül birləşməsi yerinə standart üç nöqtə (Ömürdü də...) istifadə olunmalıdır.Bəndlərin əvvəlindəki baş hərflər (bəziləri böyük, bəziləri kiçik) kitab səhifələnməsinə görə eyniləşdirilə bilər.
UNUDURAM...
unuduram... hər şeyi.– Sözlər arasındakı üç nöqtə oxu ritmi üçün gözəldir, saxlanıla bilər.Nədisə bu ad da yaddı, ögeydi,– Əgər mənada vurğu fərqi yoxdursa, "Nədirsə" kimi də yoxlaya bilərsiniz (lakin şeir ahənginə görə "Nədisə" də məqbuldur).
AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR...
Off..,– Orfoqrafik qaydalara görə tək 'f' və üç nöqtə (Of...) şəklində yazılmalıdır.ruzular?!!– Standart ədəbi dildə "ruzilər" olsa da, "arzular" sözü ilə qafiyələndiyinə görə bədii təhrif kimi qala bilər. İki nida, bir sual yerinə (?!) formatı daha səliqəlidir.
ANA OLURAM MİSRALARIMA
diyğularımdan sevgi doğulur,– Hərf səhvi var,duyğularımdanolaraq düzəldilməlidir.
BARMAQLARIMIN MATƏM SƏSİ...
su dəyənəcəndi əllərimə.– Məhəlli söz formasıdır, "dəyənə qədərdir" və ya "dəyənəcəndir" mənasında işlənibsə,dəyənəcəndirşəklində yazıla bilər.
BOŞA ÇIXIR TANRININ ƏLLƏRİ...
kiminsə hegomonluq taxtıdı,– Hərf səhvi var,hegemonluqolmalıdır.
ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ
sönür ümidlərim yalnış naxışda.– Hərf səhvi var,yanlışyazılmalıdır.Qeyd: Bu şeirin sonuncu bəndi yuxarıda (4-cü şeirdən sonra) adsız formada bir daha təkrarlanıb, kitabda təkrara yol verməmək üçün nəzərdən keçirin.
ADIMA BÜRÜNMÜŞƏM...
hər günüm vallah, inan,– "Vallah" və "inan" ara sözlər olduğu üçün hər iki tərəfdən vergül qoyula bilər:hər günüm, vallah, inan,
YOLLAR
Günahsızıydı yollar,– Qrammatik cəhətdənGünahsız idi yollar,və yaGünahsızdı yollar,daha doğru səslənir.Şeirin son 4 misrasında durğu işarələri unudulub:
Zəfər məlhəmi adında.(Nöqtə bura yox, növbəti misraya və ya heç qoyulmaya bilər)sonra bağışladım günahsız yolları,(vergül)yenə duyğularım boylandı yollardan,(vergül)yenə misra-misra rəngləndi yollar.(nöqtə)
QOLTUQ AĞACLARI İZ SAXLAMIR YOLLARDA
kipriklərinə,– Hərf səhvi var,kirpiklərinəyazılmalıdır.
ÜRƏYİM NÖQTƏ OLSUN...
Darıxırsan, şeir yaz..,– İki nöqtə və vergül birləşməsi yerinə üç nöqtə (...) yazılmalıdır.ürəyim nöqtə olsun– Misranın əvvəli olduğu üçün böyük hərflə (Ürəyim) başlamalıdır.
DÜZ SÖZƏYDİ APARDIĞIM PƏNAHIM
Bircə ümid, bircə inam, tək güvən..– Sonda iki nöqtə yerinə üç nöqtə (...) olmalıdır.
MƏLƏK İDİ, YA MƏN İDİM?!!
-ay ana, bax, mən uçuram,– Dialoq olduğu üçün tire qoyulub, lakin misra böyük hərflə başlamalıdır (- Ay ana...).uçuram, ana, vallah uçuram..– Sonluqda üç nöqtə (...) qoyulmalıdır.
MƏN EŞQİN QADINIYAM
Eşq haramı götürməz, / Eşq adamı öldürər / adam eşqi öldürməz.– İkinci misranın sonunda vergül (öldürər,) və üçüncü misranın başlanğıcında böyük hərf (Adam) texniki düzəni daha da yaxşılaşdırar.
TORPAQ GÖYƏ ÇIXACAQ
Dəniz heyrətə gəlib,– Sözlər arasında artıq boşluq (iki probel) var, biri silinməlidir.
RUHUM ŞEİRƏ UÇUR
"yenidən doğulacaqsan"- deyir.– Tirenın ətrafındakı boşluqlar tənzimlənməlidir:"yenidən doğulacaqsan", – deyir.
YENƏ
Yetişər ömrümün o vüsal dəmi,– "Vüsal" və "dəmi" sözləri arasında artıq boşluq düşüb.Son bənddə durğu işarələri yaddan çıxıb:
Günün ətəyindən tutub əylərəm,(vergül)yenə sevinc olar könlümün barı.(nöqtə)
ÜNVANINI BİLMİRƏM
Başlıqla ilk bəndin arasına sizin adınız (
Namiq Dəlidağlı) düşüb, səhifə dizaynında yəqin ki, sağda və ya sonda yerləşdiriləcək.Bilsəm darıxırsan qürurumdan keçərəm,– Vergül əlavəsi məna bölgüsünü yaxşılaşdırar:Bilsəm darıxırsan, qürurumdan keçərəm,
DUALARIM NƏM…
ya uzat əlini, / qurtar məni qorxularımdan / ya ölümə tərk elə...– Qrammatik olaraq ikinci misranın sonuna vergül əlavə edib, üçüncü misranıya da ölümə tərk elə...kimi vermək olar.




| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||































