Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

m

Tarix: 23-10-2026 11:27     Baxış: 12 A- / A+
İnsanlığa bəxş edilən ən böyük mənəvi əmanətlərdən biri Sözdür. Çünki söz sadəcə səslər toplusu, yaxud dildəki ifadələrin ardıcıllığı deyil; insanın düşüncəsindən və mənəvi dünyasından süzülərək yaddaşın dərinliklərinə həkk olunan, zamanın sınağından keçərək gələcəyə ötürülən bir dəyərdir. Şair onun ilahi əzəmətini duyur, yazıçı və jurnalist isə ictimai məsuliyyətini çiyinlərində daşıyır. Qələm sahibləri yaxşı dərk edirlər ki, bu gün ağ kağıza köçürülən hər sətir yalnız öz dövrünün deyil, həm də gələcək nəsillərin mühakiməsinə çıxarıla biləcək bir sənəddir.
Yazmaq istedaddan qaynaqlanır, sözün yükünü daşımaq  isə vicdan tələb edir. Əsl qələm adamı yazdığının arxasında gizlənmir, əksinə, məsuliyyətini üzərinə götürür.
Bu gün qarşımızda məhz belə bir qələm adamı var - Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Dalidag.az və Manevr.az saytlarının rəhbəri, şair-jurnalist Namiq Dəlidağlı.
Zamanın sınağından keçirib gələcəyə əmanət qoyduğu sözün qədrini bilən dostumla qələmin qüdrətindən, məsuliyyətindən və dövrün diktəsindən danışdıq.
*****
- SUAL: Namiq, Kafka dostuna yazdığı məktubda bir fikri ilə mənim diqqətimi çəkmişdi. Deyirdi: “İnsanı dişləyən və sancan kitablar oxumaq lazımdır. Oxuduğumuz kitab başımıza yumruq kimi vurub bizi oyatmırsa, onu nə üçün oxuyuruq? Kitab içimizdə donmuş dəniz üçün balta olmalıdır.
Səncə, bu gün ədəbiyyat hələ insanı öz həqiqəti ilə üz-üzə qoyacaq, içində donmuş dənizi yaracaq gücdədirmi, yoxsa biz artıq oxucunu silkələməyən, onun düşüncəsində heç bir iz buraxmayan mətnlərlə kifayətlənirik?
-CAVAB:Frans Kafkanın dostu Oskar Pollaka yazdığı məktubdakı o məşhur fikir həqiqətən də çox dərin və düşündürücüdür. O deyirdi ki, oxuduğumuz kitab başımıza yumruq kimi vurub bizi oyatmırsa, ruhumuzdakı donmuş dənizi yarmaq üçün baltaya çevrilmirsə, onu oxumağın nə mənası var?!
Sualına bir yox, iki fərqli istiqamətdən baxmaq istərdim. Zənnimcə, bu gün məsələni doğru dəyərləndirmək üçün məhz bu ikili yanaşma çox vacibdir:
Birincisi, düzdür, keçmişlə müqayisədə bu gün kitab oxuyanların sayı xeyli azalıb, bunu dana bilmərik. Amma bu o demək deyil ki, insanlar ədəbiyyatdan tamam uzaqlaşıblar. Sadəcə zaman dəyişib; indi ədəbiyyat, dəyərli əsərlər təkcə kitablardan deyil, müxtəlif internet resurslarından, elektron platformalardan oxunur. Yəni mütaliənin forması və ünvanı müəyyən qədər dəyişib.
İkincisi, yüz-iki yüz il bundan əvvəl yazılan klassik ədəbiyyatımızı hər birimiz sevir, bəyənir və fəxrlə təqdir edirik. Çünki yaxşı söz köhnəlmir, hər dövrdə öz təravətini qoruyur. Lakin zamanın tələbinə uyğun yeni, güclü yaradıcılıq nümunələrinin yaranmasını da inkar edə bilmərik. Bu gün dünyada, o cümlədən bizim məmləkətimizdə də çox modern, hətta deyərdim ki, zəmanəni qabaqlayan, güclü əsərlər yazılır.
Burada məni qane etməyən, bir az təəssüf doğuran məqam oxucu aktivliyi və zövqüdür. Çox vaxt ümumiyyətlə mütaliə etməyən, kitab oxumayan adamlar ancaq dünəni misal çəkib bu günü(n) (ədəbiyyatını) kötəkləməyə çalışırlar. Ən acınacaqlısı da odur ki, bu fikri irəli sürənlərin əksəriyyəti nə kitab oxuyur, nə də digər mənbələrdən (müasir) ədəbi prosesi izləyir.
Təbii ki, Kafkanın dediyi o "balta" konkret zamana aid deyil - ədəbiyyat dünən də, bu gün də insanı öz həqiqəti ilə üz-üzə qoyacaq, o “donmuş dəniz”i yaracaq gücdədir. Sadəcə, biz çox vaxt yalnız bu günü qınamağa meyilliyik. Hər dövrdə insanı silkələyən əsərlərlə yanaşı, zəif mətnlər də olub və var. Burada hər şey oxucunun seçim azadlığından, zövqündən və daxili marağından asılıdır. Həmin balta zərbəsini hiss etmək üçün oxucu özü nəyi və necə oxuyacağını doğru seçməlidir

-SUAL: Namiq, çox dəqiq məqama toxundun. Həqiqətən də problem yalnız mətnin özündə deyil, oxucunun seçimində və mütaliə vərdişlərinin rəqəmsal resurslara keçməsindədir. Gəl məsələnin digər üzünə baxaq: bu gün alqoritmlərin, qısa vizual kontentlərin və süni intellektin təsiri ilə formalaşan rəqəmsal dövrdə yaşayırıq. Süni intellekt saniyələr içində xəbər yazır, bədii ədəbiyyat nümunələri yaradır, analitik məqalələr hazırlayır, hətta mahnı bəstələyir.
Hər şeyin bu qədər kütləviləşdiyi və mexanikləşdiyi bir çağda süni intellekt insanın içindəki “donmuş dənizi yaracaq” o canlı baltaya çevrilə bilərmi? Bütün bu informasiya xaosunun içində fərdi ədəbi zövqü və müasir oxucunu qorumağın yolu nədən keçir? Və ən əsası, ruhu olan Əlahəzrət Söz texnologiyanın qarşısında öz gücünü qoruya biləcəkmi?

– CAVAB:  Gəl, ”süni intellekt”ə adına uyğun yanaşmayaq. Fikrimcə, müasir dövrdə süni intellektin yaradılması zamanın tələbi, hətta deyərdim ki, texnologiyanın böyük bir tərəqqisi hesab oluna bilər. Ancaq bizə verilən imkandan necə istifadə edirik — bu, başqa məsələdir. Hamımıza məlumdur ki, plagiatçılıq bir çox mümkün olan sahələrdə ta o vaxtdan var. Bunu yaradıcılıqda da, elm sahəsində də müşahidə etmişik. Tanınmış yazıçı, şair, görkəmli elm adamları, professorlar var ki, süni intellektin olmadığı zamanlarda oğurluqla bu ad və titullara sahibləniblər. Çünki özündə olmayanda kiməsə əl açmalısan.
Hələ biz bu sahədə keçid dövründəyik. Ağı qaradan seçməyin zamanı gələcək. Onda istedadın, beynin, təfəkkürün məhsulu çox dəyərli olacaq. Qabında olmayanlar bu texnoloji imkanlardan istifadə etsələr də, şöhrət qazana bilməyəcəklər. İndi süni qidaların əhatəsində olsaq da, hər fürsətdə təbii məhsul axtarışındayıq — müqayisəm düz olmasa da, bənzərdir.
Süni intellektin çox müsbət tərəfləri var: məlumat almaq, öyrənmək üçün... Oğurlamaq, onun imkanlarını öz adına çıxmaq üçün yox. Rastıma dəfələrlə çıxıb, bu barədə sosial şəbəkədə qeydlərim də olub. Hətta tənqidi və “tərif” yazılarını nöqtə-vergülünə toxunmadan “süni müəllimə” yazdırıb çap etdirənlər var.
Məncə, süni intellektin özünün belə savadlı, istedadlı insanlara ehtiyacı var. Çünki onun istifadə etdiyi bütün materiallar, özünün yaranışı savadın, istedadın məhsuludur. Ona görə də “süniləşmə”nin heç bir qorxusu yoxdur. Bu, əksinə, savadlı, istedadlı insanlara kömək, yardım, savadsız və istedadsız insanlara isə təsəlli, özünü aldatma ünvanıdır.
 
 -SUAL: Səni “Dəniz” ədəbi birliyindən tanıyıram. Qələminə də, xarakterinə də bələdəm. İllərdir heç bir çətinliyə boyun əymədən, inadla öz yolunla irəliləməyin təqdirəlayiqdir.

Lakin bir məqam çox maraqlıdır: poeziyanın incə, həssas ruhu ilə jurnalistikanın soyuq, dəqiq baxışını necə eyni qəlbdə yaşadırsan? Biri günün acı həqiqətlərini, digəri isə zamanın ruhunu yazır. Bu iki fərqli dünyanın arasında yaranan mənəvi yükü Namiq Dəlidağlı necə daşıyır?

-CAVAB: Bəli, tanışlığımız ilk gənclik illərimizə təsadüf edir - qaynar ədəbi mühit, səmimi münasibətlər olan dövrlərə... Əslində, çətinliklərə boyun əyməsəm də, çiyinlərimdən basdı. Özümü düşündüyüm kimi "dağ üstünə dağ qoyacaq" gücdə saxlaya bilmədim; vaxt, zaman, bunların ən yaxın dostu olan qayğılar sıxıb suyumu çıxardı. Bu məqamda, hardasa fikrimin davamı kimi, Özümə və bəzi dostlarıma yazdığım bir şeiri cavabıma əlavə etsəm, elə bilirəm, yerinə düşər: 
“Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə”…
Bostanın uralandı,
bağını da aldılar.
Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.
…Özgələrə vəd vermədin,
sən özünü aldatdın,
nə qazandın, nə uddun?!
”Ağzın isti yerdəydi”,
yerə-göyə sığmırdın,
öz içinə sığışdın,
taleyinlə barışdın.
…Bu qədər yalan olmaz,
çox şeyləri demirəm.
...Bilmirdin ki, qarşına
namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?!...
“Özü yıxılan ağlamaz”,
dur, çırp üstünü-başını,
sil gözlərinin yaşını.
Yaşamağa “öyrənginən”,
bu dövran sevmir “naşını”:
Əslində, ikisi də bir-birinə “qohumdur”, hər ikisinin materialı sözdür. Əsas fərq odur ki, birinin peşə, həm də "çörək ağacı" olmasıdır - yəni əsas prinsipi obyektivlik və dəqiqlik olsa da, bəzən istər-istəməz halal malına haram, doğru sözünə yalan qatmaq məcburiyyətində qaldığın bir iş... Digəri isə ruhun ağrılarını sığallamaq və nəfəs almaq üçün bir sığınacaq, təxəyyülə və bədii uydurmaya geniş yer verilən bir sahədir.
Bu baxımdan ədəbiyyatla jurnalistikanın bir könüldə yuva qurması, bir insanın bu iki yaradıcılıq sahəsi ilə məşğul olması digər sahələrlə müqayisədə daha asandır. Verdiyi qərarlar qanun çərçivəsində olsa da, məhkəmə-şairlə müqayisədə jurnalist-şair daha yaxşı yola gedər. Mənə gəldikdə isə, elə də mənəvi ağırlıq duymuram.

SUAL: Bu gün ölkəmizdə obyektiv və həqiqi ədəbi tənqidin mövcudluğundan danışmaq mümkündürmü? Məlumdur ki, qərəzsiz, prinsipial və yerində deyilən söz təkcə nöqsanları üzə çıxarmır, həm də ədəbi prosesin inkişafına istiqamət verir. Bəs hazırkı ədəbi mühit bu tələblərə cavab verirmi?

CAVAB: Təəssüf ki, ənənəvi ədəbi tənqidin yerini bayağı, şit təriflər tutub. Məmur şair-yazıçıları vəzifələrinə, mövqelərinə görə göylərə qaldıran, fəaliyyəti sırf maddi umacağa söykənən “tənqidçilər”, daha doğrusu, tərifçilər meydan sulayır. Sağlam tənqid ənənəsini qoruyub saxlaya bilmədik. Ümumiyyətlə, yaradıcılıq nümunələrini saf-çürük etmək, onlara obyektiv və tənqidi yanaşmaq ənənəsi, demək olar ki, sıradan çıxıb.
Hansısa əsər haqqında kiçik bir tənqidi fikir söyləyən kimi həmin müəllifin gözündə düşmənə çevrilirsən. Bayağı təriflərə o qədər alışmışıq ki, istənilən tənqidi yanaşmanı təhqir, söyüş, qərəz kimi qəbul edirik. Halbuki sağlam tənqid ədəbiyyatın, bütövlükdə yaradıcılığın inkişafına xidmət edir, faydası danılmazdır. Tənqid əsərin qüsurlarını göstərməklə yanaşı, müəllifə öz yaradıcılığına kənardan baxmaq, nöqsanlarını görmək imkanı verir.
İndi işin asan yolu tapılıb: qarşındakını təriflə, özünə tənqidçi imici yarat, işlərini yoluna qoy. Tərifə həris olan bir ordu da daim sənin xidmətindədir: ad günündə, toyunda, sünnət məclisində - hər yerdə başda onlar dayanır. Özünü böyük şair, böyük yazıçı sayan, əslində isə bircə cümləlik, bircə misralıq sanballı bədii sözü olmayan adamların bu həddə gəlib çatmasında vicdansız, sözə xəyanət edən tərifçilərin böyük günahı var.
Beləliklə, oxucu zövqünü korladılar, istedadlı adamların qarşısına sədd çəkdilər, əsl sözü urvatdan saldılar, həqiqi yaradıcı insanları arxa plana atdılar. Baxın, ədəbi mühit hansı hala gəlib çıxıb ki, mediada, sosial şəbəkələrdə tanınmış simalar vaxtilə “böyük yazıçılara” yazdıqları əsərlərin haqq-hesabını çəkməyə başlayıblar. Pulun kəsir ödənilməsinə görə mübahisələr yaranır, ictimai məkanda bu qəbildən olan müzakirələr, az qala, reket söhbətlərini xatırladan qalmaqallar baş verir.
Ədəbiyyatın, sözün, sənətin bu vəziyyətə düşməsi, ilk növbədə, sağlam tənqid mühitinin sıradan çıxmasının nəticəsidir. Çünki tənqidçinin borcu kimisə göylərə qaldırmaq, kiminsə könlünü xoş etmək deyil. Onun borcu sözün həqiqətinə xidmət etmək, istedadlını istedadsızdan ayırmaq, ədəbiyyatın nüfuzunu qorumaqdır. Sözün qədrini bilməsək, gec-tez sözün özü də qiymətdən düşəcək. Düşüb də...
-SUAL: Namiq, sən bütün varlığınla doğma torpağa, kökə bağlı olan  insansan. Yaradıcılığındakı sarsılmaz qan bağını poeziyanda, yazdığın hər sətirdə aydınca görürük. İllərlə yurd həsrəti çəkmisən və çiyinlərində daşıdığın böyük nisgili şeirlərinə misra-misra toxumusan. Əsərlərin sadəcə bir şairin xəyalları deyil, hər kəlməsində Kəlbəcər qoxuyan, o uca zirvələrin ətəyində illərlə növbə gözləyən canlı yaddaş abidəsidir. Bu gün isə həmin nisgilli sətirlərin, intizar dolu şeirlərin özü də böyük köç karvanına qoşulub azad torpaqlara, doğma yurdun qucağına geri qayıdır. Hər kəsə məlumdur ki, Kəlbəcər sadəcə füsunkar coğrafiya deyil, həm də zəngin ədəbi məktəb, sözün müqəddəs ocağıdır. Şair və yurd övladı olaraq necə düşünürsən; dağların təbiətindən, havasından, yaddaşından və insanının mənəvi ruhundan gələn hansı gizli qüvvə sözü orada bu qədər doğmalaşdırıb, Kəlbəcəri şairlər məskəninə çevirib? Bu ədəbi mühit bu gün necə yaşayır, gənclər arasında ənənəni davam etdirən istedadlar yetişirmi və illər sonra reallaşan tarixi qayıdış çağdaş poeziyamıza hansı yeni nəfəs və fərqli fərqli ruh gətirə bilər?

- CAVAB: Mənsurə xanım, sualı o qədər səmimi, gözəl və geniş qurmusan ki, nə desəm, bu sualın kölgəsində qalacaq. Oxucu bütün dadı-duzu elə sənin sualından alacaq. Sadəcə, bəzi əlavələrim var.
Mən bunu həmişə deyirəm: doğma yurdlarımızın işğalı, 30 il düşmən nəzarətində qalması hər bir Azərbaycan vətəndaşına təsir etdi. Bu, hamımızın itkisi oldu. Ancaq yaradıcı adamlar bunu bir az da artıq, fərqli ağrı ilə yaşadılar. Çünki biz hər gün bu ağrıların incələnməsi ilə məşğul olduq. Hər sözümüz, hər yazımız, hər çıxışımız bu dərdin ruhuna kökləndi. Mən də bala vətəni yağı tərəfindən yağmalanmış bir yurd övladı kimi həmin ağrıların mərkəzində, necə deyərlər, mətbəxində oldum.
Bu gün həmin ağrılı günlər geridə qalsa da, heç nə unudulmur. O dərd iliyimizə, sümüyümüzə qədər işləyib. Hazırda doğma yurda qayıdış davam edir. Evlər də tikiləcək, bağlar da salınacaq, ancaq əvvəlki Kəlbəcərin yeri görünəcək. Çünki yurd təkcə ev-eşikdən ibarət deyil. Onun yaddaşı, ruhu, insanı, bir də illərin bizdən apardığı, geri qaytarılması mümkün olmayan yaşantıları var.
Əslində, ədəbiyyatı, yaradıcılığı hansısa bölgənin inhisarında saxlamağın, onu qohumluq, dostluq, yerliçilik, bölgəçilik və bölməçilik prinsipləri ilə dəyərləndirməyin əleyhinəyəm. Sözün sərhədi, şairin isə bölgəsi olmamalıdı. Amma Kəlbəcərin gözəlliklərini elə sadaladın ki, sualının bəzi cavablarını özün də vermiş oldun.

O gözəlliklər diyarında söz də gözəl olmalıdı. Şairlər də arılar kimi gül-çiçəkdən şirə çəkir, əzəmətli dağlardan ilham alır, sonra da bütün bunları öz istedadının süzgəcindən keçirərək gözəl bir məhsula çevirirlər. Təbii ki, təkcə təbiət gözəlliyi ilə şair yetişmir. O gözəlliyi görmək, duymaq, onunla ruhən doğmalaşmaq və gördüklərini sözə çevirmək istedadı da lazımdı.
Dünənlə işim yoxdu, bu günə baxıram. Bu gün Kəlbəcər ədəbi mühiti başqa bölgələrimizin ədəbi mühitlərindən elə də seçilmir. Açığı, ortada bəzən təqdim olunduğu qədər güclü, fərqli bir ədəbi mühit də yoxdu. Yəni məsələni şişirtməyə ehtiyac görmürəm. Ümumi ədəbi axına qoşulmuşuq, asta-asta addımlayırıq. Səmimi olmayan münasibətlərə, bəzi hallarda müştəbehliyə, özündənrazılığa da rast gəlinir. Bununla belə, özünü də, sözünü də təsdiq edən, istedadı ilə seçilən yaşlı, orta və gənc nəslin nümayəndələri var. Bu da ümidvericidir.
Mənə elə gəlir ki, ən gözəl şeirlərimizi Kəlbəcərə “qaçaqmalçılar” kimi gedib-gələndə yox, orada məskunlaşanda yazacağıq. Dağlara, çəmənlərə, çiçəklərə, kəpənəklərə, arılara yenidən tam doğmalaşanda, onların nazını çəkəndə, hər səhər həmin havanı udanda, hər axşam o mənzərələrlə baş-başa qalanda... Onda yurdun gözəlliyi təkcə xatirələrimizdən yox, gündəlik həyatımızdan süzülüb şeirə gələcək. İndi, necə deyərlər, məşq eləyirik. Əsl poeziyanın böyük qayıdışı, bəlkə də, hələ qabaqdadı.

Şairlərin bu gün necə yaşamasına gəlincə, deyəsən, məndən əvvəl kimsə deyib ki, bu məmləkətin şairləri it günündə yaşayır. Doğrudan da, şairin dolanışığı, cəmiyyətdəki yeri, dəyəri ürəkaçan deyil. Aralarında xırda məmur vəzifəsində işləyənlər də var, şükür, onların dolanışığı ömrünü ictimai əsaslarla sözə, sənətə, ədəbiyyata həsr edib özünü bu yolda əridənlərinkindən bir qədər yaxşıdır. Nə yaxşı belədi...
Həm də şairin dövrü-zadı yoxdu. Şair Allahın özünə də müxalif yaranıb. Razısı az olur. Bəlkə də, elə buna görə şair həmişə narazıdı: gördüyü ilə görmək istədiyi, yaşadığı ilə yaşamaq istədiyi dünya arasında fərq var. O fərq ki, bəzən adamın içində dərd, bəzən etiraz, bəzən də şeir olur...
 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar