Xəbər lenti
Azərbaycan Ermənistanın bütün silahını əlindən alır
Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi ki, bu da regionda yeni geosiyasi vəziyyətin formalaşmasına səbəb oldu. Postkonflikt dövrünün tələblərinə uyğun olaraq Prezident İlham Əliyevin hərb meydanında olduğu kimi qətiyyətli və prinsipial mövqeyi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirməkdə davam edir.
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətinin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycanın nümayiş etdirdiyi diplomatik iradə dünya müstəvisində özünə rəğbəti durmadan artırmaqdadır.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Biz buna Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı zamanı Prezident İlham Əliyevin videoformatda çıxışı zamanı bir daha şahid olduq.
Qoşulmama Hərəkatının sədri kimi dövlət başçısının çıxışı zamanı söylədiyi "Qlobal səhiyyə böhranı fonunda "peyvənd millətçiliyi" narahatlıq doğurur" fikirləri Azərbaycanın nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirdiyini, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bir daha təsdiq edir. Ələlxüsus, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir. Biz artıq dəfələrlə şahidi olduq ki, Azərbaycan Qoşulmama Hərəkatının maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etdi. Necə ki, bu birliyi, dəstəyi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan təşkilata üzv dövlətlərdən aldı. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı II Qarabağ müharibəsində Qoşulmama Hərəkatı tərəfindən göstərilən diplomatik dəstəyi xüsusi ilə qeyd edib: "Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk".
Minalanmış bəzi ərazilərin (Ağdam, Füzuli, Zəngilan) xəritələri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində geri alınsa da, hələ də işğaldan azad olunan bir çox rayonlar əsl təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Hər qarışı ölüm saçan həmin ərazilərin də mina xəritələrinin rəsmi Bakıya verilməsi prosesinin ləngidiyindən "Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini ləngidir" narahtlığını sözləri ilə ifadə edən dövlət başçısı Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin diqqətini bu məsələyə yönəltməklə bir növ onları Ermənistana qarşı təzyiq göstərməyə çağırış edib.
Prezident bir daha revanşist qüvvələrə, Ermənistan hərbi-siyasi rəhbərliyinə və onların havadarlarına xatırladıb ki, "Dağlıq Qarabağ münaqişəsi" artıq tarixə qovuşub. Azərbaycan artıq bölgənin və regionun gələcək inkişaf perspektivlərini artırmaq yolları üzərində ciddi işlər görür və bu gün Azərbaycan üçün əsas prioritet yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməkdir. Heç şübhəsiz ki, Azərbaycan 30 illik həsrətə bir aydan bir az artıq bir vaxta son qoyan bir dövlət olaraq bu məsuliyyətli işin də öhdəsindən zamanında və düşünülmüş şəkildə gəlməyi bacaracaq. Mina xəritələrinin rəsmi Bakıya verilməsi prosesini ləngidərək azərbaycanlıların doğma yur-yuvalarına köçürülməsi prosesini ləngitmək istəyən Ermənistan rəhbərliyi özü də hiss etmədən Azərbaycanın beynəlxalq arenadakı əlini daha da gücləndirir, bütün beynəlxalq təşkilatları və beyin mərkəzlərini özlərinə qarşı çevirmiş olur. Əslində bununla da Ermənistan əvvəl-axır verəcəyi xəritələrə görə əlində olan bütün silahlarını itirmək təhlükəsi ilə üz-üzə qalır.
Təhməz Əsədov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar