Xəbər lenti
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan hesabata MÜNASİBƏT
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabata münasibət bildirib.
Abdullayeva apa-ya açıqlamasında deyib ki, Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayırlar: “Əslində, BBQ hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur, illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq öhdəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçirilməsinin hüquqi sübutu, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır. Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaq.
İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə isə qeyd etmək istərdik ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştirakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq.
Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi və BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münaqişənin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər.
Sonda vurğulamaq istərdim ki, bu məsələlər münaqişənin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdır ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar