Xəbər lenti
Qarabağ münaqişəsinin həlli Putindən, yoxsa Kremldən asılıdır?
Elxan Şahinoğlu: “Rusiyanın başında başqa prezident olsa və onun nüfuzu Putininkindən az olsa...”; Əhəd Məmmədli: “Putinin yerinə Kremlə daha yumşaq, demokrat lider gəlsə...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə gücün Rusiya və ən önəmli şəxsi kimi Vladimir Putin olması barədə dedikləri hələ də gündəmdədir. Türkiyə liderinin fikirləri ilə bağlı səslənən mövqelər diqqət çəkir.
Əsas sual da elə Putinin personası üzərində cəmləşib. Bəs Putinin iqtidardan getməsi ilə Kremlin Qarabağ münaqişəsindəki mövqeyinə hansısa təsirlər mümkünmü, yoxsa yenə hər şey eyni dərəcədə növbəti prezidentdən asılı olacaq?
Doğrudur, əksəriyyət Rusiya münaqişə ilə bağlı oturuşmuş siyasətinin olduğunu düşünərək, bu ölkədə baş verə biləcək istənilən rəhbər dəyişikliyinin Qarabağ siyasətinə təsir etməyəcəyini düşünür. Amma bununla belə, 17 ildir şimal qonşumuza rəhbərlik edən Putinin Ermənistan-Azərbaycan arasındakı münaqişənin həllinə imkan verməməsi ilə bağlı düşüncələr də az deyil.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın haqlı olduğunu düşünür: “Münaqişənin həlli Rusiya prezidenti Vladimir Putinin əlindədir. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, Ermənistan tamamən Rusiyadan asılıdır və işğalçı dövlət Kreml sahibinin əmr və tapşırıqlarını yerinə yetirmək məcburiyyətindədir. İkinci səbəb, Putinin Rusiyada reytinqinin yüksək olmasıdır. O Ermənistanı Azərbaycanla sülhə məcbur etsə, Rusiyada əksəriyyət buna mane ola bilməyəcək. Ancaq bu deyilənlər yalnız Putinə aiddir. Rusiyanın başında bir başqa prezident olarsa və onun nüfuzu Putinin nüfuzundan az olarsa həmin şəxsin Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməsi problematik olar. Misal üçün, Putinin indiki prezidentlik müddətindən əvvəl onun dostu indiki baş nazir Dmitri Medvedyev Kremin sahibi idi. O, Putindən daha çox Qarabağ münaqişəsinin həlli ilə məşğul oldu. Medvedyev 3 il ərzində 10 dəfə Azərbaycan və Ermənistan prezidentlərini görüşdürdü. Medvedyev bəlkə də münaqişənin ədalətli həllini təmin etmək istəyirdi. Ancaq iki səbəbdən bu alınmadı. Birinci səbəb o idi ki, münaqişənin həllində Azərbaycanla Ermənistan arasındakı fərq ortadan qaldırılmadı. İkinci səbəb Medvedyevin prezidentliyinin Rusiyada bütün siyasi və güc strukturları tərəfindən birmənalı qarşılanmaması idi. Çünki çoxlarına bəlli idi ki, Medvedyev o dövrün baş naziri Vladimir Putinlə hesablaşmaq məcburiyyətindədir. Putin isə o dövrdə tez-tez Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşürdü. Köçəryan isə Azərbaycanla istənilən razılaşmanın əleyhinə idi. Rusiyada güc strukturları prezidentə tabe olsa da, xarici və təhlükəsizlik siyasətində proseslərə müəyyən qədər nəzarət edirlər. Bu qüvvələr üçün Ermənistan əbədi müttəfiqdir. Ermənistan hakimiyyəti onlara da arxayındır”.
Politoloq Rusiyanın mövqeyini dəyişmək üçün əlimizdə olan imkanlardan da söz açdı: “Rusiyadan münaqişənin həllində müsbət heç nə gözləməsək də, daima gözləmə mövqeyində dayanmamamız da doğru olmaz. Rusiyanın siyasi dairələri və cəmiyyəti ilə işləmək lazımdır, bu dövlətin ictimai rəyinin dəyişməsinə çalışmaq lazımdır. Məsələn, son zamanlar rusiyalı ekspertlər arasında ”Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır" deyənlərin sayı nisbətən artıb. Bu yaxşı haldır. Doğrudur bu çağırışlar Kremlin mövqeyinin dəyişməsinə səbəb olmur, ancaq hər halda bu səslənir və müzakirə olunur. Üstəgəl, rəsmi Bakı tez-tez Moskva və Sankt-Peterburqda müxtəlif konfrans və seminarlar düzənləyir və bu tədbirlərdə iki ölkə arasındakı münasibətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsindən danışılır. Bu təşəbbüsləri də müsbət qiymətləndirirəm. Əlbəttə Rusiyada oturuşmuş sistemi və Putinin münaqişənin həllinə baxışını dəyişmək çətindir. Ancaq bu bizə əsas vermir ki, “Rusiya daima Ermənistana dəstək verəcək”, “Putin heç zaman işğal altındakı torpaqların boşaldılmasını təmin etməyəcək” deyib oturaq yerimizdə. Bu siyasət bizi daha da tənbəlləşdirə bilər. İşləmək lazımdır. Hətta erməni cəmiyyəti ilə işləmək, onların dünyagörüşünün dəyişilməsi istiqamətində təşəbbüsləri artırmaq lazımdır. Biz Rusiya və Ermənistan cəmiyyətinə elə mesajlar göndərməliyik ki, işğalın davamının onlar da xeyirli olmadığını və müharibə riskinin böyük olduğunu anlasınlar. Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu mesajları almalıdır. Yoxsa Lavrov Bakıdakı mətbuat konfransında faktiki deyir ki, BMT qətnamələri münaqişənin həlli üçün əsas olmaya da bilər, xarici işlər nazirimiz Elmar Məmmədyarov bu fikrə reaksiya vermir. Belə olmamalıdır. Rusiya və Ermənistanın hakimiyyət nümayəndələri daima Bakının qəti mesajları ilə üzləşməlidir".
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli tam fərqli mövqedədir. O hesab edir ki, münaqişənin həllində əsas açar dövlət Azərbaycandır: “Əsas açar Azərbaycan hakimiyyəti və xalqının milli iradəsidir. Əgər dövlətlə xalq Qarabağı azad etmək məsələsində bütövləşsə, onda biz bu problemi çox qısa müddətdə həll edə bilərik. Bu olmayana qədər Rusiya bizi şantaj edəcək. Azərbaycanın təhlükəsizliyinin qorunması üçün Türkiyənin hərbi bazalarının yaranması gərəkdir. Əks halda, Lavrov kimilər hələ çox bizə ağalıq etmək arzusunda olacaq. Əgər sabah Putinin yerinə Kremlə daha yumşaq, demokrat lider gəlsə, bəlkə o zaman Qaradağ düyününü açmaq bizim üçün daha asan olar. Rusiyadan qorxmamalıyıq, nə vaxta qədər ki, Rusiyadan qorxacayıq, o vaxta qədər də yarı-erməni olan Lavrov kimilər Bakıda bizə hədə qorxu gəlməyə davam edəcək. Rusiyadan qorxmamızın yolları isə milli iradə göstərib dövlətlə xalqın bütövləşməsi, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşməsidir. Bunların baş verməsi üçün də Azərbaycan hakimiyyəti iradə göstərməlidir”./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar