Xəbər lenti
Səssiz döyüş: İstiqamət Laçından Xankəndiyədir
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Bildirilib ki, Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Şuşa istiqamətində keçirilən son əməliyyatlar nəticəsində isə iki kənd Azərbaycan Ordusunun nəzarətinə keçib. Belə ki, hərbçilərimiz martın 25-də keçirilən əməliyyatla bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndlərini nəzarətə alıb.
Ordumuzun səssiz əməliyyatı erməniləri təşvişə salıb. Sosial şəbəkələrin erməni seqmentində növbəti hədəfin Xankəndi şəhəri olması barədə həyəcan təbili çalınır. Bildirilir ki, Azərbaycan digər ərazilərdə olduğu kimi, Xankəndidə də öz bayrağını ucaldaraq, vahid idarəçilik sistemini tətbiq edəcək.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı modern.az-a danışan hərbi analitik Alparslan İmamqulu qeyd edib ki, bir sıra strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad olunması yeni bir başlanğıcdır.
"Çünki bizi buna məcbur edənlər var. Əsas məsələlərdən biri odur ki, bu gün şərti sərhədlərimizdə hələ də Ermənistan və Rusiyanın birgə oyunlarını müşahidə edirik. Azərbaycanın məqsədi məlumdur. Biz daim sülh tərəfdarı olmuşuq. Məhz bu səbəbdən şərti sərhəddə tez bir zamanda demarkasiya və delimitasiya prosesinin yekunlaşıdırılması, sülh müqaviləsinin imzalanması, xüsusən də Xankəndidə yaşayan erməni əhalinin Azərbaycan vətəndaşlığına qəbul olunması ilə bağlı gərəkli işlər görülməkdədir. Ancaq bundan əvvəl müdafiə və təhlükəsizliyimizi təmin etmək üçün bir çox ərazilər, yüksəkliklər, kəndlər azad olunmalıdır. Bu da əksər hallarda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə olduğu üçün bir az çətin məsələdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu çətin əməliyyatların öhdəsindən gəlməyi bacarır. Düşünürəm ki, növbəti əməliyyatlarda bir çox strateji əhəmiyyətli ərazilər düşməndən azad ediləcək", - deyə o bildirib.
Hərbi ekspert Elxan Şıxəliyevin fikrincə, əsas hədəf ondan ibarətdir ki, indiki mərhələdə Azərbaycanın yurisdiksiyasında olmayan bütün ərazilər nəzarətə götürülsün:
"Rahatlıqla deyə bilərik ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində nəzarətimizin bərpa olunması məsələsi yavaş-yavaş başlayır. Sərhəddə əməliyyatın keçirilməsi, Şuşanın iki kəndi və şərti sərhədin nəzarətə götürülməsindən sonra sülhməramlıların olduğu ərazilərdə də mərhələli şəkildə bu cür addımlar atılacaq. Biz həmin torpaqların nəzarətə götürülməsini gözləməliyik. Çünki Azərbaycanın strateji hədəfi tam yerinə yetirilməyib".
E.Şıxəliyev vurğulayıb ki, Qarabağda hərbi gücün yumşaq təsiri davam edəcək: "Rusiya sülhməramlıları 2025-ci ilə qədər buradadır. Ondan sonra bütün bölgə Azərbaycanın nəzarətinə keçəcək. Ümumiyyətlə, Qarabağda sülhməramlıların olmadığı və ermənilərin yerləşmədiyi ərazilərə ordumuz yerləşməlidir. Xankəndi də daxil olmaqla bütün ərazilər nəzarətimizə keçənə qədər hərbi gücün yumşaq təsiri davam edəcək. Son 20 gündə neçə əməliyyatın keçirildiyinin şahidi olmuşuq. Ayın 1-də Müdafiə Nazirliyinin toplantısı oldu və orada birinci eşalonun tapşırıqları açıq şəkildə müəyyənləşdirildi ki, bütün ərazilər mərhələli şəkildə ciddi əməliyyatlar keçirilmədən nəzarətə götürülsün. Təbii ki, separatçılar təxribat törədərsə, Azərbaycan Ordusu antiterror əməliyyatına başlaya bilər.
Onu da qeyd etmək lazımdır ki, son addımlar özünü doğruldur. Biz Qarabağda olan separatçılara və Rusiya sülhməramlılarının 30-a yaxın postuna nəzarət edirik. İndi hansı birliyimizə müəyyən zolaqlarda özünümüdafiə tapşırığı qoyulsa, o da həyata keçiriləcək. Biz bilirik ki, ermənilər bəzi kəndləri dağıdıb və orada heç vaxt yaşamayıb. Bu yaxınlarda nəzarətə götürülən iki kənddə də ermənilər yaşamayıb. Qarabağda təxmini belə vəziyyətdə 20 kənd mövcuddur. Bundan sonra əsas istiqamətimiz Laçından Xankəndiyə doğru olacaq. Yəni şərti sərhəddən Qarabağın daxilinə doğru irəliləyəcəyik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar