Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İyirmi səkkiz iliydi döl verməyən qısır bətnində ah göyərirdi Ana torpağın - Namiq Dəlidağlı (ŞEİRLƏR)

Tarix: 02-04-2023 14:15     Baxış: 3660 A- / A+


             

Namiq Dəlidağlı
     

    Yaşamadığımız acı, çəkmədiyimiz əzab qalmadı xalq olaraq. Keçmişimizi boyayan qan izləri, təqvimdən boylanan işğal, soyqırım tarixləri yaşadıqlarımızın yaddaşa köçən, tarixə çevrilən ən ağrılı səhifəsidi. Son 30 ildə ağrılarımız, göynəyimiz, ərşə çatan ahlarımız yüz illərdi çəkdiyimiz əzabları unutdurdu az qala. Qarabağımızın, ətraf rayonların işğalı dərdlərimizi təzələdi, yaralarımızı qanatdı. Uzun çəkdi həsrətimiz, amma sonunda Qələbə, azadlıq sevincini yaşaya bildik. Şanlı Ordumuz var olsun! Şəhidlərimizin ruhu şad olsun! Qazilərimiz sağlamlığına qovuşsun! Bu gün Kəlbəcərin işğalı günüdü. 30 il keçir o qara tarixdən. Baxmayaraq ki, 3 ilə yaxındır o möcüzə torpaqlar azaddır, bu tarixi unutmaq olmaz. Tarixi, keçmişi unutmaq gələcəyimizi kölgələyir. Bu bir qan yaddaşıdır, nə qədər ağır olsa belə, bu günü unutmaq, unutdurmaq olmaz. O illərin acısı, həsrəti həyatımıza, yaşayışımıza yansıdığı kimi yaradıcı insanların ruhuna, qələminə də təsirsiz ötüşmədi. Göynək, ağrı, iztirab dolu, həsrət yüklü şeirlər, nəsr nümunələri yarandı.
Yurd həsrətinin yaradıcılığında təzahür tapdığı şairlərdən biri də əslən Kəlbəcərdən olan Namiq Dəlidağlıdı. Onun yaradıcılığı işğal və müharibədən sonrakı dövrü əhatə edən şeir nümunələri ilə zəngindir.


Manevr.az günün (2 aprel Kəlbəcərin işğalı günü) aktuallığını nəzərə alıb Namiq Dəlidağlının işğal dövründə qələmə aldığı yurd həsrətli və qələbədən sonra qarışıq hisslərlə şəkilləndirdiyi şeir nümunələrindən bəzilərini təqdim edir:

S.Qərib


SƏNİ KƏLBƏCƏRƏ APARAMMIRAM
(Anama etiraf)

Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı,
unut Dəlidağı, “Novlu bulağ”ı,
öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün,
çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm - sağlıq olsun, ay ana,
boşalanlar birdə dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.



ATA, MƏZARINI QOYUB GƏLMİŞƏM...


 (Kəndimizin arxa tərəfində sıralanan qayanın üstünə çıxanda dönüb kənd qəbristanlığına tərəf baxdım. Qulağıma səslər gəldi: bizi qoyub hara gedirsiniz, hara? Bu səslərin içində atamın səsini lap aydınca eşitdim...)


Ata, məzarını qoyub gəlmişəm, 
bu dərd yandıracaq, yaxacaq məni. 
Səni itirmişdik bu ağır bir dərd,
indi də dağladı bu dərd sinəmi. 

Məzarına baş çəkirdim elə hey... 
həsrət, hicran ürəyimi sıxanda. 
Atalı duyurdum özümü, ata, 
hər çevrilib baş daşına baxanda. 

İndi təsəllim yox, ümid yerim yox, 
indi əsl yetim olmuşam, ata. 
Bilmirəm yaşayım, bilmirəm ölüm, 
beləcə biçarə qalmışam, ata. 

Bu dərdi fil belə daşıya bilməz, 
bu dərdi ürəkdə daşımaq çətin. 
Bu necə faciə, bu necə itki 
buna dözmək çətin, yaşamaq çətin.  

Ata, dözəmmərəm mən bu itkiyə, 
köksümdə bir qəbir qazdıracağam. 
Yonub ürəyimin bir parçasını, 
baş daşın əvəzi basdıracağam. 

Ata, məzarını qoyub gəlmişəm, 
köksümdən qırılb qəlbimin tağı. 
Səni itirmişdik bu ağır bir dərd, 
indi də itirdik ana torpağı... 

aprel 1993 



ÜŞÜYÜR     
                                                                                                                                                        
Düşmən gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb,
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.

Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim,
dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaşı üşüyür.

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı,
yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı-
toxunsan, artacaq ağrı-azarı,
orda yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.

1995



DAĞLAR NECƏDİR?!

(Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim
qonşu Başlıbel kəndindən bir neçə ailə çıxmağa
macal tapmamış, dağlara, daşlara çəkilməyə məcbur
olmuşdur. Onlardan 28 nəfəri üç aydan artıq kənddən
aralıdakı təbii kahada yaşadıqdan sonra gəlib çıxmış,
yaşı 90-ı ötmüş Ələsgər baba isə orada qalmışdır).

Bizə bir xəbər ver, Ələsgər baba,
xəbər ver, kimsəsiz dağlar necədir?
yolunu ot basmış “Tala bulağı”,
bir ildir qəlbimdə çağlar, necədir?

Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış”-yatmayan məzar,
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?

Qayanın köksünə sığınmış o kənd,
talanmış, tapdanmış, yıxılmış o kənd,
yağı əlləriylə dağılmış o kənd,
sökülmüş binalar, tağlar necədir?

Evi tikəninə qismət olmayan,
zülüm çəkəninə qismət olmayan,
barı əkəninə qismət olmayan,
bağçalar necədir, bağlar necədir?

Bizə bir xəbər ver, ixtiyar qoca,
xəbər ver, kimsəsiz dağlar necədir?!.



XATİRƏ VƏ NİFRƏT


...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...


KƏPƏNƏK AĞLADI, ARI AĞLADI...

(Dağlarda güllələnən güllərin əziz xatirəsinə)

Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara, qardaş.

Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı.
Kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara, qardaş.

Böcəklər ah çəkir, ağlaya bilmir,
sızlayan yarasın bağlaya bilmir,
bülbüllər gözyaşın saxlaya bilmir,
nə ağır yas düşdü dağlara, qardaş.

Dərələr güllərə ta açmır qucaq,
əli qoynundadı hər künc, hər bucaq,
yağını güllərin ahı tutacaq,
nə ağır yas düşdü dağlara, qardaş.


BİR DİLƏYİM VAR
(Dostum Taleh Laçın üçün)

Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən.

Çıxıb kəndimizə getməyim gəlir,
geriyə dınməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
indi qəbrim nələr boy atmışdı, boy,
üstündə nə qədər çiçək bitmişdi,
ağ, sarı, qırmızı...neçə rəngdə.

Həsəd aparırdı boz kəpənəklər,
"bəxtəvər" deyirdi çöl arıları.
Geriyə dönməyə nə ixtiyarım,
geriyə dönməyə nə də üzüm var,
bircə diləyim var, gedəm dağlara...


APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...

Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...

Bu il torpaq bətnindən
yazın ölü doğuldu,
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu,
aprel səhərlərində...

Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...

...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...

Ancaq ağrıma belə...,
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...

...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI-
onun adı QƏLƏBƏ...

Aprel 2016


AĞ GECƏNİN NAĞILI

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı
                üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına.

...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq
bu ağ karvan.

...Bu bir ağ nağılıydı,
bu nağılda ağ elədim,
buna heç kəs inanmaz. 


DAĞLAR OĞULLARINA TELEQRAM

(Yağı düşmən indi də qürur mənbəyimiz,
arxa bildiyimiz dağlarımızın torpağını daşıyır)

Qızıl-qızıl dağlarımızı yağı sökür,
torpağını çəkir,
özümüzə "dağlar oğlu" deyirdik,
adsız qaldıq.
Dağlarsız çaylar quruyacaq,
balıqlar öləcək.
(Dağların gözünün yaşıdı çaylar)
Cığırlar itəcək, bulaqlar öləcək,
çəmən, çiçək olmayacaq,
arı, böcək olmayacaq,
heç yağış da yağmayacaq dağlarsız.
Özümüzə "dağlar oğlu" deyirdik,
qürurumuzu sökürlər.
Vay dədəm, vay,
biz hələ yaşayırıq!


ÖZÜMƏ…
(…və bəzi dostlarıma)

“Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə”…
Bostanın uralandı,
bağını da aldılar.

Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.

…Özgələrə vəd vermədin,
sən özünü aldatdın,
nə qazandın, nə uddun?!
”Ağzın isti yerdəydi”,
yerə-göyə sığmırdın,
öz içinə sığışdın,
taleyinlə barışdın.

…Bu qədər yalan olmaz,
çox şeyləri demirəm.

...Bilmirdin ki, qarşına
namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?!...
“Özü yıxılan ağlamaz”,
dur, çırp üstünü-başını,
sil gözlərinin yaşını.
Yaşamağa “öyrənginən”,
bu dövran sevmir “naşını”


KƏLBƏCƏR

Yağıya pay verdiyimiz,
yağlı tikədi Kəlbəcər.
Çiçəklərindən bal daman
ulas, cökədi Kəlbəcər.

Gözündə min muraz gedən,
hər yay gedən, hər yaz gedən.
Dilqəm gedən, Şahbaz gedən
həcdi, Məkkədi Kəlbəcər.

Düşmən bizi saldı fəndə,
günahkarıq mən də, sən də.
Azərbaycan xər(i)təsində
qara ləkədi Kəlbəcər.
 
may 2020


YADDAŞ    
 
Çaylarda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,  
əgər yaddan çıxsa lap soyadım da,  
yurdum, yaddan çıxmaz bir çopur daşın.

***


      
Namiq Dəlidağlı doğulduğu kənddə. Avqust 2022-ci il və avqust 2021-ci il...



DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN  XEYİR!

İlahi, sənə şükür, diləyimiz çin oldu,
                         Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
                        Kəlbəcərə dönürük...

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
                            Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
                          Kəlbəcərə dönürük...

Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
                         Kəlbəcərə dönürük...

Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
                           Kəlbəcərə dönürük...

Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
                                Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
                                   Kəlbəcərə dönürük...

15.11.2020



ŞƏHİD SƏSİ

(Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla ithaf edirəm...)

O gün sükut xor oxuyurdu-sükut
o gün sükut xor oxuyurdu-qulaqbatıran
o gün bütün nəğmələr 
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın 
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri 
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı

...Təyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu...
dalğaların səsini qağayılar;
qağayıların səsini 
dalğalar udmuşdu.

...Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin 
ucalığındasan-sükut səsinlə, Şəhidim
bütün səslər batacaq-sənin səsindən başqa!




...EVİMDƏ YATA BİLMƏDİM!

(Vidadi Murtuzayevə və eyni taledaşlarıma...)

Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq  və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.

Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...

İllərdi ki, həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.

Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...

Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.

Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.

Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!

Avqust 2021



SÖZ VERİB GEDƏN OĞLAN

"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar,  məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam. Narahat olma", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...


Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!

Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!

-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!

O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...


BAĞIŞLA, NƏ GÜNAHIM VAR...


Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə  dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...

Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.

Bəy atamın, xan atamın,
yuvası viran atamın, 
ruhu nigaran atamın
məzarından öpənəcən.

Min dərdim var, min ahım var,
güvəndiyim  Allahım var-
bağışla, nə günahım var
əlim  Ora  yetənəcən.

13.12. 2020


MÜHARİBƏDƏN SONRAKI TORPAQ


Köksünə basdırılan minalar
ürəyinin ritmini pozurdu
                Ana torpağın.

Hər mina çıxarılanda
elə bil ürəyindən
tikan çıxarılırdı.

Göz-göz yara kimi
görünürdü sinəsində
minaların yeri.

...İndi doğma nəfəsdən
canı isinir Ana torpağın.

İyirmi səkkiz iliydi
döl verməyən
qısır bətnində
ah göyərirdi...

2020 



QARABAĞ

Torpağın elə dadlı;
suyun elə şirindi;
havan elə gözəldi;
daşın elə ağırdı-
düşüb dünyanın başına...



AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI!

Mənim ağ yolum var, 
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim. 

İllərdi ki, gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...

Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.

...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!

12.01.2021

Namiq Dəlidağlı


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar