Xəbər lenti
Əsgərimizin cəsədinin düşmən tərəfdə qalmasından 1 ay ötdü
Beynəlxalq qurumlar ermənipərəst mövqelərinə, düşmən isə həyasızlığına davam edir.
Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin Ermənistan tərəfdə qalmasından bir ay ötdü. Bu müddət ərzində Azərbaycan tərəfin etdiyi cəhdlər nəticəsiz qalıb. Düşmən öz çirkin niyyətlərindən əl çəkməyərək, şəhidimizin cəsədini öz ölkəsinə qaytarmır.
Beynəlxalq təşkilatlar, istər ATƏT-in Minsk Qrupu olsun, istərsə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi, son bir ayda bu istiqamətdə diqqətçəkən fəaliyyət göstərməyiblər. Bu da haqlı olaraq, Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub və bu qurumların ünvanına sərt tənqidlər səslənir.
Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa da şəhid əsgərimizin nəşinin düşmən tərəfdə qalmasına göz yumurlar. Təsadüfi deyil ki, bununla bağlı sərt bəyanata belə rast gəlməmişik. Bütün bunlar da beynəlxalq qurumların ermənipərəst mövqelərini bir daha ortaya qoyur.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, şəhid əsgərimizin cəsədinin qaytarılması istiqamətindəki fəaliyyət diqqətçəkən deyil: “Minsk Qrupunun fəaliyyəti artıq heç nəyi həll etmir. Sadəcə gözdən pərdə asmaq üçün mövcud olduqlarını göstərməyə çalışırlar. Burada biz ABŞ, Fransa və Rusiyanın təpkisini görmədik. Təəssüf ki, Azərbaycan hökumətində də sanki bir fikir formalaşıb, bu məsələni çox qaldırmayaq, onsuz da nəticəsi olmayacaq. Azərbaycanın Xarici İşlər Nazirliyi Minsk Qrupu ölkələrinin qarşısında sərt tələblər qaldırmalı idi ki, Ermənistan şəhid əsgərimizin nəşini qaytarsın. Amma sanki ortada nazirliyimiz tərəfindən hər üç ölkəyə qarşı ehtiyatlı siyasət var. Azərbaycan tərəfdən istər bu istiqamətdə, istərsə də, Sərkisyanın sayıqlamaları ilə bağlı bir tələb yoxdur. Lavrovun məlum açıqlamasına da Xarici İşlər Nazirliyi loyal münasibət sərgilədi. Artıq Ermənistan öyrəşib ki, nə istəsək edəcəyik, bizə qarşı da sərt təpki olmayacaq. Gələcəkdə bu kimi hallar yenidən təkrarlanarsa, artıq konkret həmsədr ölkələr qarşısında qəti şəkildə məsələ qaldırılmalıdır.
Bu məsələ Rusiya ilə daha sərt şəkildə müzakirə olunmalıdır. Çünki Ermənistanın ən yaxın müttəfiqi bu dövlətdir. Azərbaycan nə zamana qədər Rusiya ilə yumşaq siyasət yürütsə, ermənilər bu cür həyasızlıqlarına davam edəcəklər. Ermənilər bu mövzu gündəmdən düşənə qədər cəsədi saxlamağa çalışacaqlar. Şəhidimizin nəşi vaxtında qaytarılmalı idi. İndiyə qədər ermənilər dəfələrlə bu cür ediblər. Biz çox istərdik ki, bu dəfə heç olmasa, bu məsələ daha tez həll olunsun.
Söhbət burada canlı əsirdən getmir, bir meyitdən gedir. Azərbaycan diplomatiyası bunu həll etməyi bacarmır. Bu, Elmar Məmmədyarovun böyük problemidir. Qırmızı Xaç Komitəsi və digər beynəlxalq qurumlar hansısa dövlətlərə bağlıdırlar. Komitənin mərkəzi qərargahı Qərbdə yerləşir. Biz dövlət olaraq, Qərbə də sərt təpki göstərməliyik. Çünki həmsədr ölkələrdən ikisi Qərbdə yerləşir. Burada ən böyük sorun Xarici İşlər Nazirliyi və diplomatiyamızdadır. Diplomatiyamız, lobbilərimiz dişsiz işləyirlər.
Cəsədin qaytarılmaması həm də bir psixoloji savaşdır. Düşmən tərəf göstərmək istəyirik ki, baxın istədiyim qədər əsir, yaxud cəsəd saxlaya bilərəm. Həm də mesaj vermək istəyirlər ki, beynəlxalq güclər də mənim tərəfimdədir, lobbim sayəsində ABŞ və Fransa yanımdadır, Azərbaycan sən təksən. Ölkəmizin bir Türkiyəsi var ki, o da problemlər içərisindədir. Şəhid əsgərimizin verilməməsi həm də daxili auditoriyaya hesablanıb. Sərkisyan rejimi bundan daxildə təbliğat kimi istifadə edir”.
Cavanşir ABBASLI
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar