Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

Tarix: 14-05-2019 09:48     Baxış: 3436 A- / A+
Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

Qarabağ klanı ilə Ermənistan hökuməti arasında ixtilaf dərinləşir; eks-prezident revanşa hazırlaşır; Azərbaycan üçün yeni fürsət; politoloq: “Ermənilərin bütün siyasət və təbliğatını, hətta planlarını bir zərbə ilə poza bilərik...”

Qanunsuz olaraq Azərbaycan ərazilərinə səfər edib Şuşada yallı gedəndən sonra hərəkətlərinə beynəlxalq aləmdən təpki görməyən Nikol Paşinyan təxribatçı davranışlarını davam etdirir. Erməni baş nazir Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatla çıxış edib.

Baş nazirin mətbuat xidməti xəbər verir ki, Paşinyan keçən dövr ərzində atəşkəsin sülhə çevrilməməsinə təəssüf etdiyini bildirib. Lakin bununla birgə Ermənistan hökumətinin başçısı özünün yeni məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. N.Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk Qrupunun son bəyanatına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İ.Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə özünün inadkar mövqeyini ortaya qoyub. “Ətraflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, artsax (”Dağlıq Qarabağ"), nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanətin təsbit ediləcəyi prosesə cəlb olunacaq" - virtualaz.org xəbər verir ki, N.Paşinyanın bəyanatında belə deyilir. “Əminik ki, üçtərəfli saziş uzunmüddətli sülhün və əməkdaşlığın qurulmasının mümkün olduğu hüquqi bazadır”, - o qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın baş naziri olaraq, o, zəmanət verməyə hazırdır ki, Ermənistan atəşkəs haqqında sazişə əməl edəcək və Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olmaqda davam edərək, problemin həll olunması və regionda sülhün bərqərar olması üçün səylərini əsirgəməyəcək.

Belə görünür ki, N.Paşinyan ötən bir il ərzində yol verdiyi yanlışlıqlardan nəticə çıxartmayıb. Baş nazir təyin olunandan sonra Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi danışıqlara qatılmayacağını bəyan etməsinə baxmayaraq, sonradan eyni formatda davam edən görüşlərdə iştirak etməyə vadar olan erməni baş nazir yenə də əvvəlki mövqeyinə qayıdıb. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ separatçılarının danışıqlarda tərəf olması mümkün deyil və Qarabağdakı ermənilər ən uzağı Azərbaycan icması ilə danışıq apara bilər.

Bu günlərdə “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev modern.az-a müsahibəsində erməni icmasına mühüm bir mesaj göndərmişdi. Sitat: “Biz işğal olunmuş ərazilərimiz boşaldıqdan sonra mütləq ora qayıdacağıq və erməni icması ilə bir yerdə yaşayacağıq. Hazırda beynəlxalq təşkilatlar, QHT-lərin vasitəsilə təmasların qurulması, dialoqun aparılması üçün mesajlar göndəririk. Təəssüf ki, erməni icmasından hər hansı formada cavab almamışıq. Hesab edirik ki, bu görüş xalqların sülhə hazırlanması prosesi çərçivəsində baş verə bilər. Və sülh prosesinə xidmət etmiş olar”.
Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

Azərbaycan tərəfi daim ermənilərlə birgəyaşayışa hazır olduğunu deyir, tənzimləmə ilə bağlı yolların axtarılmasına yönəlik təşəbbüslər göstərir, lakin qarşı tərəf sülh prosesinə zərbə vurmaqdan ötrü çeşidli təxribatlara əl atır. N.Paşinyanın son təxribatları da hazırlanan Vaşinqton görüşü ərəfəsinə təsadüf edib və sülh danışıqlarına inamı daha da sarsıdıb.

Özü də təkcə Paşinyandan söhbət getmir. Ermənistanın xarici işləri Zöhrab Mnatskanyan da bəyanatlarının “barıtını” artırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Mnatskanyanın mətbuata müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. Musavat.com xəbər verir ki, XİN-in media üçün açıqlamasında bildirilir: “Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz ”demokratiya" pərdəsi ilə ört-basdır etmək istəyir. Azərbaycanın ərazilərini işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır".

Erməni nazir azərbaycanlı həmkarı ilə görüşü ərəfəsində yenə aranı qatıb. Belə ki, Belçikanın paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında qısa görüş olub. Report.az xəbər verir ki, görüş Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” Proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub. E.Məmmədyarov və Z.Mnatsakanyan ayaqüstü söhbət ediblər. Onların söhbətinin detalları açıqlanmır. Lakin Ermənistan XİN başçısı hətta diplomatik etiketi pozaraq azərbaycanlı həmkarı ilə görüş ərəfəsində belə destruktiv fəaliyyət sərgiləməyi özünə rəva bilir.

*****
Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

Prosesləri müşahidə edərkən belə qənaətə gəlmək olur ki, əslində N.Paşinyan hökumətinin güzəştli sülhə getməsi onun özünü bitirə bilər. Ona görə də o, hətta Şuşaya səfər etdiyi gün Qarabağ separatçıları tərəfindən atmacalara “qonaq” edildiyi halda, yenə də yallı getməyə üstünlük verib separatçılarla bir yerdə olduğunu nümayiş etdirməyə çalışdı.

Lakin keçmiş prezident Serj Sərkisyanın Qarabağda peyda olması və neçə gündür ki, Azərbaycan ərazilərində sülənməsi onun revanşa hazırlaşdığına şübhə yeri qoymur. Sərkisyan Kəlbəcər rayonuna səfərdən sonra Əsgəran qəsəbəsinə gedib. Respublika Partiyası Serj Sərkisyanın separatçıların lideri Bako Saakyanla birgə Əsgəranda ölən erməni döyüşçülərin qəbrini ziyarət etdiyi açıqlayıb. Xatırladaq ki, Ermənistanın sabiq prezidentin artıq 5 gündür işğal altındakı Qarabağdadır.

Ermənistanın eks-prezidenti hətta Azərbaycanın işğal edilmiş Ağdam rayonunun Mərzili kəndinə qədər gəlib çıxıb. Axar.az xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində Sərkisyanın müavini Armen Aşotyan paylaşıb. Məlumata görə, Sərkisyan kəndə Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və keçmiş döyüş yoldaşları ilə birgə gəlib. O, burada Qarabağ müharibəsində məhv edilən erməni hərbçilərin qəbirlərini və məşhur erməni terrorçusu Monte Melkonyanın abidəsini ziyarət edib.

Qeyd edək ki, Mərzili 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal edilib. Məhz bu kənddə Azərbaycan kəşfiyyatçıları məşhur terrorçu Monte Melkonyanı məhv ediblər.

İstisna deyil ki, S.Sərkisyan Qarabağa sığınmaqla özünü Paşinyanın qəzəbindən xilas etmək, həmçinin ona dirəniş göstərmək istəyir. Üstəlik, Sərkisyanın 2020-ci ildə Dağlıq Qarabağdakı oyuncaq “prezident seçkiləri”nə hazırlaşdığı da istisna deyil. B.Saakyanın namizəd olmayacağı bəllidir. Belə bir məqamda N.Paşinyan öz namizədini Qarabağ separatçılarının başına gətirmək istəyir. Ancaq Rusiyadan işarə gözləyən Qarabağ klanının Paşinyana dirəniş göstərməsi onu xilas edə bilər.

Ümumiləşdirsək, Serj Sərkisyan Qarabağdan əslində Azərbaycana deyil, Paşinyana meydan oxuyub. Bu yerlər uğrunda döyüşdüyünə işarə edərək hərbi xidmətdə belə olmayan Nikola öz yerini bilməyi məsləhət bilib. Onun keçmiş döyüşçülərlə birlikdə Qarabağa gəlişi də çox şeyi deyir. Bu məqamda ermənilərin keçirdiyi narahatlıq diqqət çəkir.
Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında Ermənistan hakimiyyətinin davranışlarının təəccüblü olmadığını dedi: “Ermənistandakı siyasət adamları və ictimai fəallar hər zaman ona çalışıblar ki, Qarabağ məsələsində ermənilərin mövqeyi zəifləməsin. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir Qarabağ mafiyası mövcud olub. Bunun adını ”klan" və yaxud başqa bir şey də qoyula bilər. Onun əsas məqsədi Qarabağdakı ermənilərin xeyrinə olan indiki durumu qoruyub saxlamaqdır, lazım gələrsə, bu klan hakimiyyətə təsir edir, onu ələ alır, diasporun yatdımı ilə bir sıra problemləri həll edir. İndi Paşinyan hakimiyyətinin Qarabağla bağlı ümumi erməni davası gətirəcək xətalarını zərərsizləşdirmək üçün erməni generalların dilindən bəzi xəbərdarlıqlar da səsləndirilir. Həqiqətən erməni generaliteti hesab edir ki, o, Qarabağı tutub və məsələni həll edib. Amma siyasilərin masada onu itirəcəyindən ehtiyat etdiyindən siyasi hakimiyyət təhdid edilir".

Q.Çaxmaqlı qeyd etdi ki, Sərkisyan da bu klanın üzvlərindən olduğundan bundan sonra da onu Qarabağda görəcəyik: “Qarabağ məsələsi ilə bağlı ən müxtəlif səviyyəli siyasətdə o da olacaq. Fürsət düşsə, əlbəttə, yenidən hakimiyyəti ələ almaq təşəbbüsündə bulunacaq. Buna revanş da deyə bilərik. Şərt deyil ki, şəxs olaraq hakimiyyətə Serj Sərkisyanın özü gəlsin. Ola bilər bu klanın başqa bir üzvü revanş götürsün. Əsas məsələ Qarabağ hərəkatını irəli aparmaqdır”.

Politoloq qeyd etdi ki, ermənilərin bütün fəaliyyətlərini, siyasət və təbliğatını, hətta planlarını bir zərbə ilə poza bilərik: “O da Azərbaycan ordusunun əməliyyatları ola bilər. Biz ermənilərin yürütdüyü siyasətə nə vaxta qədər seyrçi qalacağıq? Nə vaxta qədər bu və ya başqa bir erməninin hərəkətini yozmaqla məşğul olacağıq? Təbii ki, bunun bir sonu olmalıdır”.

Təbii ki, sonu olmalıdır. Qarabağ erməniləri ilə Ermənistan arasında uçurumun dərinləşməsi isə Azərbaycan üçün əlavə fürsətlər yaradır...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar