Xəbər lenti
Ramiz Mehdiyev işinin şifrələri: daha kimlər həbs olunacaq?

Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi seqmentində “tektonik zonalar”ın yerindən oynayacağının xəbərçisidir: 1994-cü ildən 2019-cu ilə qədər – əsrin dördə biri olan 25 il ərzində daxili siyasətin və idarəetmənin əsas fiquru rolunda çıxış edən və kifayət qədər güclü təsir mexanizmlərinə malik olan Mehdiyevi təsadüfən “boz kardinal” adlandırmırdılar.
Belə bir fiqurun həbs edilməsi – dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə görə ittiham olunmasının dəqiq detalları istintaqın yekununda aydınlaşacaq, lakin ictimai maraq açıq qalan sualların cavab axtarışını zəruri edir.
- Mehdiyev niyə indi həbs olundu?
- Bu həbs nədən xəbər verir?
- Daha kimlər həbs oluna bilər?
Bu həbs ilk baxışda Mehdiyevin “neytrallaşdırılması” kimi görünür, hərçənd, “boz kardinal” 6 il öncə siyasi hakimiyyətə vida edib, məsələ onun hələ də qalan təsir mexanizmlərinin sıradan çıxarılması olsaydı, daha öncə baş verə bilərdi. Bu halda bir versiya önə çıxır: Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin ələ keçirilməsi istiqamətində fəaliyyəti aşkarlanıb;
Onun dövlət hakimiyyətinə təhdid yaratmaq imkanları mövcud idi. Siyasi hakimiyyətdə təmsil olunduğu dövrdə geniş şəbəkə formalaşdırmışdı, hətta dövlətin mühüm strukturlarında təsir imkanlarının olduğu haqda məlumatlar vardı. Açıq mənbələrdə yayılan digər məlumatlara görə, AMEA-nın prezidenti olduğu dövrdə elm ocağını “komandası”nın koordinasiya mərkəzinə çeviribmiş. Və onun postundan getdikdən sonra hakimiyyəti ələ keçirmək cəhdlərinin olacağına dair gözlənti həmişə mövcud olub.
Mehdiyevin dövlətə qarşı “ələ keçirmə” əməlinə indi cəhd etməsinin arxasında iki mümkün versiya var.
Birincisi, “köhnə qvardiya”nın mövqelərinə ciddi təhdidin yaranması ola bilər;
Mehdiyev postundan getsə də, onun və rəhbərlik etdiyi şəbəkənin həm hakimiyyətdə, həm də biznes sektorunda mövqeləri hələ də qalmışdı. İstisna deyil ki, mövqelərinin tamamilə sıradan çıxması risklərinə qarşı hərəkətə keçiblər.
İkincisi, geosiyasi mübarizənin regiona təsiri, dəyişən şərtlər və bunun Azərbaycan daxilinə sirayəti ola bilər;
Bakı-İrəvan xəttində sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər, bu prosesdə Vaşinqtonun iştirakı, xüsusilə ABŞ-ın Zəngəzur dəhlizinə gəlişi regionda geosiyasi qarşıdurmanı kəskinləşdirdi. Rusiya zəifləyən mövqelərini bərpa etmək cəhdlərini sürətləndirir, əsas taktikası da Azərbaycan və Ermənistanda hakimiyyət və hakimiyyətə qarşı olan qüvvələrlə paralel şəkildə işləməkdir. Bu, Ermənistanda daha qabarıq görünür: Paşinyan hakimiyyəti ilə təmasları artıran Moskva opponentlərinə də ciddi dəstək verir;
Azərbaycanla bağlı yanaşmada fərqlər var: rəsmi Bakı ilə münasibətləri normallaşdırmaq mərhələsinə keçirən Moskvanın təsir imkanları minumum səviyyədə olan siyasi müxalifətə dəstək verməsi, alternativ rıçaqlar əldə etmək üçün heç nə vəd etmir; mümkündür ki, Azərbaycanda bu missiya “beşinci kalon” adlandırılan şəbəkəyə həvalə olunub;
Bu, sadəcə ehtimaldır, lakin Mehdiyevin Rusiyaya bağlılığı, hətta “beşinci kalon”a rəhbərlik etdiyi haqda məlumatlar açıq mənbələrdə dəfələrlə tirajlanıb. Və istisna edilməməlidir ki, Mehdiyevin “ələ keçirmə” cəhdi bu proseslər fonunda təhlükəsizlik orqanlarının diqqətinə düşüb.
Mehdiyevin həbsi siyasi seqmentdə “tektonik zonaları” yerindən oynada bilər, çünki onun geniş şəbəkəni koordinasiya etdiyi deyilir və bəllidir ki, “dövlət hakimiyyətini ələ keçirmə əməlləri”nə təkbaşına cəhd etməyib. Bu isə o deməkdir ki, "Mehdiyev işi" həbs dalğasının başlanğıcı ola bilər.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar