"2025-ci il konstitusiya və hüquqi dəyərlərin daha da inkişaf etdirildiyi bir il olacaqdır" Gülay İsmayılova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixində imzaladığı sənədə əsasən, 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu qərar Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, konstitusiya quruluşunun ölkənin bütün ərazilərində bərqərar olması və Konstitusiyanın qəbulunun 30 illiyi kimi mühüm tarixi hadisələrlə bağlıdır.
Bundan başqa 19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı sərəncamda qeyd etmişdir :
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq qərara alıram:
1. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Suverenlik, bir dövlətin öz yurisdiksiyası daxilində müstəqil şəkildə idarəetmə formasını həyata keçirmək qabiliyyətidir. 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-i Ermənistanın işğalı altında olmuşdur. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Bununla da, ölkəmizdə konstitusiya quruluşunun bütün ərazilərdə bərqərar olmasının 5 ili tamam olur.
Hər nə qədər Ermənistan öz suverenliyi ilə bağlı konstitusiya aktında tarixi Azərbaycan torpaqlarına iddia qaldırsa da Azərbaycan Respublikası Suverenlik tədbirləri ilə konstitusiyadakı bu qondarma maddəni təkzib etdi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyası müstəqillik dövrümüzün ən mühüm hüquqi sənədidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində hazırlanan bu konstitusiya ölkədə demokratik, hüquqi dövlət quruculuğu prinsiplərini əsaslandırmışdır. Bu sənədin qəbul edilməsindən 30 il ötür və bu yubiley çərçivəsində konstitusiya dəyərlərinin təbliği xüsusi əhəmiyyət daşıyır.
Konstitusiya və Suverenlik İlindən bir sıra gözləntilər mövcuddur:
2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə ölkədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər konstitusiya hüquqlarının təbliği, dövlət suverenliyinin qorunması və hüquqi maarifləndirmə istiqamətində olacaqdır. Bununla yanaşı, Azərbaycan xalqının dövlətçilik ənənələrinə və qanunun aliliyinə bağlılığının bir daha vurğulanması məqsədilə müxtəlif konfranslar, seminarlar və ictimai tədbirlər təşkil ediləcəkdir.
Bu il, həmçinin, Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurların, hüquqi və siyasi müstəqilliyinin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə yeni təşəbbüslərlə yadda qalacaq. Beləliklə, 2025-ci il Azərbaycan üçün həm tarixi qələbələrin xatırlandığı, həm də konstitusiya və hüquqi dəyərlərin daha da inkişaf etdirildiyi bir il olacaqdır.
Gülay İsmayılova,
Naxçıvan Dövlət Universitetinin
Hüquqşünaslıq ixtisası üzrə tələbəsi.
Manevr.az






