Sizin Reklam Burada
Xəbər lenti
25-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Darıxanda barmaqlarıma rəngli-rəngli üzük şəkli çəkərdim" - Təranə Dəmirin şeirləri

Tarix: 26-11-2025 10:15     Baxış: 335 A- / A+
Təranə Dəmir


***
Yenə payız, yenə şəhər,
qarışıq küçələr,
yarıçılpaq ağaclar,
yiyəsiz skamyalar,
üstündə göyərçin ləpirləri-
bir az da xəzəl qırıntıları.
Addım səsləri, maşın siqnalları,
benzin qoxusu.
Küləkdən asılan adamlar,
Yelləncək qollardan yapışan
boş ümid çantası.
Parıltısı uzaqdan vuran mağazalar,
qandonduran qiymətlər,
Yoldan keçənlərin bədduası.
Endirimdəki növbələr, 
Sırasını gözləyən qadınların gecikmək qorxusu.
Pıçıltılar, yalvarışlar, şikayətlər-
Yol verin, yol verin, Allah rizası.
Siqaret tüstüsündə boğulan sərxoş kafelər,
Köhnə binaların pəncərəsindəki lal sükut,
Nazlı, qəmzəli göydələnlərin göyə dırmaşmaq iddiası,
Gəlib keçən boyalı xanımların selikon ədası 
Və biz-
Sən, mən və dəniz.
Bir də...
Bir də ruhumuzda tərtəmiz payız havası..

***

Həmişə qaçdım özümdən,
Qaçdıqca yolum uzandı.
Əlimi səmaya açdım,
Açdıqca qolum uzandı.

Günahdan günaha düşdüm,
Batdıqca batdım günaha.
Özümə gücüm çatmadı,
Çatdıqca çatdım günaha.

Aldandım Ol yiyəsinə,
Öldüm ölümdən qayıtdım.
Ürəyimdə ocaq çatdım,
Yandım,külümdən qayıtdım.

Heç kimə deyə bilmədim,
İçimdə sözüm qaraldı.
Baxdım ömrümün dalınca,
Baxdıqca gözüm qaraldı.

Hər şey özümdə başladı,
Tükəndim,bitdim özümdə.
Əlim heç nəyə yatmadı,
Əl atdım,tutdum özümdən.

***

Qulağıma səda gəldi,
Küyündən baş açammadım.
Bağladılar sirr qapısın,
Düyündən baş açammadım.

Özüm özümlə yarışdım,
Gah küsdüm,gah da barışdım,
Axır qaynayıb qarışdım,
Oyundan baş açammadım.

Buğda səpdim,alaq çıxdı,
Kök bildiyim calaq çıxdı,
Yaxınlar da uzaq çıxdı,
Soyundan baş açammadım.

Yelə verdim döz ömrümü,
Yola verdim söz ömrümü,
Yaşamadım öz ömrümü,
Huyumdan baş açmadım.

Qartal küsdü yuvasından,
Bülbül düşdü avazından,
Azadlığın havasından,
Suyundan baş açammadım.

Çörək tapdım yavanından,
Qaçammadım zavalından,
Zurnasından,qavalından,
Neyindən baş açammadım.

Zülməti boğa bilmədim,
Söykəndim yoxa,bilmədim,
Yerimə sığa bilmədim,
Göyümdən baş açammadım.

***

Döndüm dəli küləklərə,
Əsdim dağlara,daşlara.
Səs saldım,haray qopardım,
Susdum dağlara,daşlara.

Səsimə gələn olmadı,
Dərdimi bilən olmadı,
Eşqimdən ölən olmadı,
Dözdüm dağlara,daşlara.

Aşa bilmədim kədəri,
Bu qisməti,bu qədəri,
Ürəyimdən keçənləri
Yazdım dağlara,daşlara.

Ömrümü çəkdim payıza,
Ruhumu bükdüm payıza,
Hirsimi tökdüm payıza,
Küsdüm dağlara,daşlara.

***

Onsuz da bu dünyada
Hərənin öz dərdi var.
Ağlayanın birdisə,
Gülənin yüz dərdi var.

Bölünmüşük sədlərə,
Şəkillərə,bütlərə,
Tükəsini yüz yerə
Bölənin yüz dərdi var.

Arzunu sus aparır,
Ürəyi  buz aparır,
Gedən canın qurtarır,
Gələnin yüz dərdi var.

Dünya düşüb təpərdən,
Nə göydənik,nə yerdən,
Xəbər çıxmır xəbərdən,
Bilənin yüz dərdi var.

Hərə öz havasında,
Şükründə,duasında,
Şahlar taxt davasında,
Kölənin tüz dərdi var.

Gün görən yox biz təki,
Dayan təki,döz təki,
Hərə bir fikir çəkir,
Şələnin yüz dərdi var.

Soluruq yarpaq-yarpaq,
Ölürük torpaq -torpaq,
Hamımız ovuq,ancaq,
Tələnin yüz dərdi var.


***

Tək-tənha uşaqdım,
Hamıdan uzaqdım.
Dostum divarlardı, daşlardı,
Ağaclardı, quşlardı.
Ayla, ulduzla danışardım,
Gec küsüb, tez barışardım.
Darıxanda barmaqlarıma
rəngli-rəngli üzük şəkli çəkərdim,
Hər ölən kəpənəkçün göz yaşı tökərdim.
Dilimi kimsə bilməzdi,
Saçlarım sığala gəlməzdi,
Sonra şair oldum..

***
Neyləyim bir yerdə qərar tutmadım,
Gəzdim aran məni, gəzdim dağ məni.
Hayana getdimsə yurda tələsdim,
Çəkdi öz canına bu torpaq məni.

Çəkdi şoran çöllər məni uzaqdan,
Dumana tələsdim, çənə tələsdim.
Təndir çörəyinin ətrinə qaçdım,
Buğdaya tələsdim, dənə tələsdim.

Kəndin çamuruna,tozuna döndüm,
Açmadı şəhərin havası məni.
Məni tanımadı burda ağaclar,
Şəhərin sərçəsi, qarğası məni.

Öyrəşə bilmədim gen küçələrə,
Maşın tüstüsünə, siqnal səsinə.
Bir ürkək, bir sakit kənd uşağıydım,
Sığmadım şəhərin təntənəsinə.

Qaldım şəhər ilə kəmd arasında,
Nə şəhərli oldum, nə kəndli,neynim.
Mənim bahar ömrüm,mənim qış ömrüm,
Eləcə yollarda tükəndi,neynim.

***

Ol dedi,düşdüm tələyə,
İnandım bəxtə,taleyə,
Dayandım üzüküləyə,
Küləklədi zaman məni.

Yol verdim gəlib gedənə,
Düşdüm neyçinə,nədənə,
Bu ruh sığmadı bədənə,
Buraxmadı qadam məni.

Könlümü açdım varağa,
Açdıqca düşdüm qınağa,
Qoymadı ki,yaşamağa
İçimdəki adam məni.

Bəlkələrdən tutub qaldım,
Kölgələrdə itib qaldım,
Neyləyim ki,yatıb qaldım,
Olmadı oyadan məni.

Sözü yoğura bilmədim,
Qaldım axıra, bilmədim,
Tanrım,çıxara bilmədim
Bu dərin quyudan məni.

***

Öyrəşmədim bu dünyanın nazına,
Kötəyinə, şilləsinə tuş oldum.
Kamanına,nizəsinə,oxuna,
Mərmisinə, gülləsinə tuş oldum.

Tez-tələsik başa vurdum ömrümü,
Çaldım, çapdım,qaçdım,qovdum ömrümü,
Qurda verdim, quşa verdim ömrümü,
Ovçusuna,tələsinə tuş oldum.

Göz yaşımı içə-içə yaşadım,
Xəyanətdən keçə-keçə yaşadım,
Misra-misra, heca-heca yaşadım,
Harayına, naləsinə tuş oldum.

Sığal-sığal aldatdılar başımı,
Qoğal-qoğal aldatdılar başımı,
Atammadım həqiqətin daşını,
Ağrısına, çiləsinə tuş oldum.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar