Xəbər lenti
"Mən əlahəzrət oxucuyam" - Təranə Dəmir yazır

Maraqlı fikirləri var, eyni zamanda orijinal. Gözəl şeiri ədəbiyyat hadisəsi adlandırır. Ümumiyyətlə gözəllik vurğunudu. İçində kin , küdurət saxlamaz, paxıllıqdan min il uzaqdı. Açıqsözlüdü. Həqiqətləri deməkdən çəkinmir. Sözü sevir, poeziya qanına hopub. Düşüncələri fərqlidi . Elinə, obasına çox bağlıdı. Özünü gürzəli şoran torpaqların şairi adlandırır. Bununla da fəxr edir.
Üzünü doğma elinə, obasına tutub :
-Nə qarlı dağların, buz bulaqların ,
Nə yaşıl nəğməli meşələrin var.
Nə mavi suların , qağayıların,
Nə dilbər qucaqlı guşələrin var,
Bəs niyə bu qədər şirinsən mənə?
-deyir şair Zabil Pərviz.
Vicdanlıdı . Pisə yaxşı , yaxşıya pis deməz. Dünyaya işıq tərəfdən baxar. Ədalət həyat amalıdı. Xaqaniylə , Saib Təbriziylə yola çıxar hərdən. Əlbəttə xəyalən. Bəzən onu anlamazlar. Sözünün dərinliklərində yatan fikirləri çox vaxt qaranlıq qalar bəzilərinə. Amma özü sözünün min il sonra da eyni dəyərdə qalacağına inanar. Haqlıdı da. Sözünə arxayındı axı. Təkliyiylə danışar çox vaxt..Özünü kiməsə etibar etməz.
"Adamlar da maşın kimidi. Gərək məsafə saxlayasan. Yoxsa qəza olar"- deyir. Bu fikirləriylə də şərikiəm.
Yaşıyla hərəkətləri bir -birini tamamlayır . Hər sözü zamana görə seçir.
Haçan ki,"ev bizim, sirr bizim olar"
Baharın yolunu qışla bağlarıq.
Dostlarla qırılan əlaqəmizi
Bəhanə gətirib işlə bağlarıq ,
Onda gəncliyimiz tərk edər bizi
-- deyən şair ömrün bütün fəsillərini ürəyi dolu qarşılayır.
Axı ömrün qışı bəhanələrin dolu olduğu fəsildi. İnsanın yorulan , dizinin gücdən , təpərdən düşən vaxtıdı. Zabil Pərviz bütün fəsillərdə sözünə söykənən şairdi. Demək qışdan da qorxusu yoxdu.
Eyni zamanda çox maraqlı və zəngin daxili aləmi var. Arada telefon söhbətlərimiz olur. O özü də bilmədən oxumağa çalışıram onu. Hər söhbətimizdə bir az da yaxından tanıyıram Zabil Pərvizi. Bu söhbətlərin hərəsi bir ədəbi hadisədi deyirəm özünə. Ara -sıra qələmə alın, yazın , itib batmasın , heyfdi, deyirəm. Oxunmalı , nəticə çıxarılmalı, ibrətamiz söhbətlərdi hamısı.
Kitab oxumağ , mütaliəni sevir. Oxuduğu kitab qəhrəmanlarına bənzədir özünü . Elə ləqəbi də özünə Xosrov Pərvizin eşqinə götürüb . Gözəl ədəbiyyatçı, səviyyəli oxucudu həm də. Sözə çox bağlıdı. Susayanda şeir yazır, darıxanda şeir yazır .Elə küsəndə , inciyəndə də.
Antik ədəbiyyatı , xarici ədəbiyyatı , klassikləri heç vaxt yaddan çıxarmır. Müasirliyin də qətiyyən əleyhinə deyil, yetər ki, əndazəni aşmayasan. Əsl Sözə sufi sevgisi var. Saatlarla ədəbiyyat söhbətləri edir , yorulmur. Bir sözlə xəmiri sözlə yoğrulub. Titul, medal dalınca qaçmaz. Əsl titulu şairlikdi. Onu da Tanrı verib(özü demiş) Bundan böyük mükafat ola bilərmi? . Dopdolu şükranlığı var Yaradana. Ovucları duadan , ürəyi sevgidən asılıb. İddiası da böyük deyil. Sözdə çəkisini və yerini gözəl bilir. Məsləhət verir, məsləhət alır. Özünü qaldırıb dağ başına qoyanları sevmir. Adamı gendən-genə tanıyır. Sözündən.
Vətəni ürəkdən sevir .Sözünün bu başı da Vətəndi , o başı da:
Mənim damarımda axan qan deyil,
Vətən cövlan edir damarlarımda -deyir.
Şairdən gözəl şeir gözləyir . "Mən əlahəzrət oxucuyam - deyir, zəhmət çək mənim zövqümü oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu məni yorasan və incidəsən".
Zabil Pərviz kədəri də , qəmi də olduğu kimi qəbul edənlərdəndi. Ağrıların gözünə dik baxan şairdi :
Yüz sevincə qatılsa da,
Yüz gülüşə qarışsa da
Yeyilməyən yavan kədər..
Sən babamdan qalan sərvət ,
sən atamdan qalan dövlət.
Mən bələdəm dəyərinə , dəyməzinə yüngülünə, ağırına,
Çeynədiyin oğulların varisiyəm ,
Çıxacağam axırına.
Bu misralarda böyük əzm , dəyanət və inam var - sabaha, gələcəyə, sevgiyə ...
Şoran torpaqların şairi susuzluğunu sözlə yatırır . Ciyəri yananda sözlə ovunur. İlan mələyən torpaqların şairi olmağıyla həmişə fəxr edir. Bilir ki, onsuz da harda olsa səsi bütün Azərbaycana çatır. Bu sarıdan da xoşbəxtdi.
Bülbüllər oxuyar Kür sahilində,
Bülbüllər oxuyar gecə sübhəcən.
Xuraman ləpələr , xumar ləpələr
Nəğmə yarışından keçər sübhəcən.
Başdan ayağa duyğu yüklü şeirdi . Oxuduqca gözümüzün önünə Kür sahili , gecənin qoynunda bir -birilə sevişən ləpələr gəlir , qulağımızda bəxtəvər bülbüllərin səsi cingildəyir.
Nə vaxtsa bu yoldan keçmişəm atlı,
Tanışdır qarsımış çiçəklər mənə.
Bir muğam oxuyur doğmalıq adlı
Qarğılar , qamışlar , küləklər mənə.
Dizimi göynədən tikanlar tanış,
Burda qarışmışam yovşan ətrinə.
Doğma halalına haram qatmamış
Biçənək ətrinə, kövşən ətrinə ...
Bu misralarda nə gizlənməyib ? Həsrətin, ayrılığın, saflığın, doğmalığın havası uzaqdan vurur adamı. Dipdiri , dupduru hislərin təcəssümüdü bu lirik şeir. Qızmar kənd, yollar, çəpərlər küləklər, tikanlar , kollar , yovşanlar, otlar dil açıb danışır adamla Zabil Pərvizin diliylə.
Ümumiyyətlə Zabil Pərviz lirikası qaynardı , od kimidi. Hamının ürəyindən keçənləri şeirə çevirmək məharəti var bu şairdə. Özünü əsrlər sonra Nizami , Nəsimi , Xaqaniylə eyni məkanda görəcəyinə çox inanır.
İlham pərisi həmişə oyaq olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün münaqişələrdən və intriqalardan uzaq dünyasında həmişə özüylədi. Söhbəti sevir. Ədəbiyyat söhbətlərində saatlarla adama yoldaşlıq edə bilir. Hər mövzuda dialoqa girməyi bacarır . Bir sözlə sözünə sadiq şairdi. Sözünə toxunan olmasa min il yoldaşlıq etmək olar Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi danışmaz. Yalançı tərifləri və alqışları sevməz. Sözü urvatdan salanlara qarşı qalxanı elə özü demiş əlahəzrət Sözüdü. Orta həddi sevmir. Onunçun ya var olmalısan , ya da yox. Dostluqda da elədi. Tələbkardı və eyni zamanda ona bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır.
Obrazlı , poetik ifadələrlə zəngin şeirləri oxucuyla tez dil tapır .
Ən çox heca vəzninə vurğundu. Deyir o vəznin özünün xüsusi ahəngi , ritmi var . Amma bütün vəznlərdə yazılan əsl şeirlərə də hörmət və ehtiramla yanaşır. Ütülü danışmağı xoşlamır , amma pərakəndəliyində də bir nizam var.
Onunçun Azadlıq anlayışı bəşəridi, amma onun da sərhəddi olmalıdı. Keçdinsə azadlıq deyil.
Məmməd Araz , Xəlil Rza sevdalısıdı. Tez -tez onlardan söz açır , kövrəlir , qürurlanır. Deyir vaxtilə ədəbiyyata məni nəhəng söz adamları uğurlayıb. Ustadlarını daim məhəbbət və ehtiramla xatırlayır. Sinədəftərdi. Zaman -zaman sevdiyi şeirləri hafizəsinə köçürüb. Hansı mövzuda desən şeir tapmaq olar Zabil Pərvizdə.
Gözəl şeir görəndə sevinir. Uşaq kimi safdı. Ürəyində həsrət yaşayan şair bəzən sükutun diliylə də danışır adamla. Səssizliyində gizlədər bəzən ürəyindən keçənləri. Bilirəm ki, deməsə də bu yazını da çoxdan gözləyirdi məndən. O da gözləyirdi, mən də. O da darıxırdı , mən də. Axı bu yazı da doğulmalıydı. Şeir kimi . Nəhayət ki, doğuldu--
Gecənin aydınlığında , ay işığında , başında külək , gözlərində işıqla doğuldu. Əsl Zabil havasında.
Bütün şeirlərimi muğam üstündə yazıram deyir şair. İstədim bu yazı da muğam üstə doğulsun.
Xəmiri ədalətdən və həqiqətdən yoğrulan bu yazının da öz oxucuları olacağına inanıram. Ömrünün payızında könlündə bahar çiçəkləri açan şairin oxucuları da özü ruhda olmalıdı axı. Ruhu yorulmasın nə şairin, nə əlahəzrət oxucunun.
Təranə Dəmir,
şair -publisist.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar