Xəbər lenti
Saraçlıdan ulu Turana…

Dəyanət Osmanlının poeziyası Saraçlı torpağının nəfəsindən başlayır, Borçalı yaddaşından, mədəniyyət iqlimindən süzülür, bütün Azərbaycan hissiyatına körpü salır və Türk‑Turan ülküsünə qoşulur.
Osmanlının şeirləri ilkinlikdə Saraçlı elinin bərəkətli torpaqlarında yoğrulub, doğulub. Hər sözdə o yerin torpağının qoxusu, ocağının istisi duyulur. Doğulduğu ocaq onun milli kimliyinin qaynağıdır.
Ata yurdum sizə bəlli,
Borçalının Saraçlı köyündə
Osman əfəndinin
ocağında doğuldum.
O ocağın tüstüsü
ilk aldığım nəfəsdi
və hər sabah dua edirəm,
son çıxan nəfəsim olsun.
Bu torpaq – Saraçlı – öz enerjisi, nəfəsi ilə onun üçün sadəcə doğulduğu yer deyil, həm də yaradıcılıq nəfəsinin, ruhi gücün ilk qaynağıdır.
Ömrün altmışına gəlmiş şairin “Borçalı marşı”nda ifadə etdiyi ruhsallığa diqqət edək:
“Gökbörülər çalası
Oğuz soylu Borçalı.
Qaysaq tutub yarası,
hökmü ulu Borçalı”.
Bu bəndin yer aldığı marşda Dəyanət Osmanlı Borçalının ruhunu, eləcə də, igidə qardaş dağlarının, dağa yoldaş igidlərinin əzəmətini, o torpağın qurtuluşu uğrunda çəkilən əziyyətləri çağdaş epik-poetik tərzdə simvollaşdırıb.
“Xankəndi Dirəniş marşı”nda isə əsl yurd mücadiləçsi ruhunun obrazı var və şair qəsbçini tutduğu işğalçı yoldan çəkinməyə səsləyir:
“Eeyy qəsbçi, çək ordunu,
yolum üstündə durma!
Türkün halal yuvasını
boş qafanla qurcalama!”
Və ardınca tarixin dərslərindən, işğalın, təcavüzün son aqibətindən düşməni xəbərdar edir:
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı bayraq
neçə soysuz taxtı yıxıb.
Burada Vətənin qutsallığı, Qarabağda ağüzlü, Ayüzlü və qurdağızlı savaşımız, “halal yuva”nı, “kutsal torpağ”ı qorumaq əzmi – bütün çağırışların hamısı ulusa ünvanlanmış bir qürur tribunasıdır. İlgincdir – şair marşlarında da, tribunada da tribunluq eləmir, pafosun poeziyanı üstələməsinə yol vermir və illa, öz şairliyində qalır. Sanki o tribunada olarkən də əlində qələm və ağ kağız tutur…
Şairin poeziya dili çox sadə bir türksə ilə süslənib, bəzən poetika publisistik ritm ilə altun arna kimi çulğaşır.
Ulu türk ulusunun ortaq kökünə boylanan, bütün Türk dünyasını özünə doğma sayan baxışı Osmanlının yaradıcılığında açıq-aydın görünür. Budur, “Bozkurtlar marşı”na qulaq – daha doğrusu, könül verək:
“Türk halkının simgesi,
Bozkurtun mutlu sesi
sonsuzadek var olsun!”
Yaxud:
“Türklerin kardeşliği
düşmanı bitirecek.
Türk Devletler Birliği
Turan'ı getirecek.”
Burada həm coğrafi genişlik, həm ideoloji hədəf – Türk Dövlətləri Birliyi, Turan şairin könlündə apaydın bir ülküdür. Bəli, Turan ülküsü bizimçün yalnız us (ağıl), beyin hadisəsi yox, bəlkə ondan da irəli sevdadır, könül işidir.
Və türklük marşında olduğu kimi:
“Od içində yatıb-durduq, köz götürdü gözümüz,
biz qəhrdən ibrət aldıq, qəzadan miras ismimiz.”
Dəyanət Osmanlının yaradıcılığı çoxvektorlu, çoxplanlıdır və o, təkcə şeir yazmır, şeirin obrazını yaradır, onu həm də idealları kimi missiyalandırır.
Onun marşları simvolikasına, tipologiyasına epopeyalar, milli missiyalı çağırışlardır. Onlar oxucuya qürur, milli kökə bağlılıq, milli mücadilə işində ruh yüksəkliyi, əzmkarlıq ruhu aşılamaqla müəllifə bir publisist, esseist kimi də strateji güc verir. Şeir və publisistika ruhu burada bir-birini tamamlayır və müəllifi milli-mənəvi duruşun nümayəndəsinə çevirir.
Bəli, şair altmışıncı baharını qeyd edir, həm də “Salam, Günbatan!..” – deyərək:
Salam, Günbatan!..
Budur,
səsdən hızlı qatar
gündoğardan alıb məni,
tutub günbatan yolunu,
bir yıldız axışıyla
fit çalıb keçdi durmadan
60 nömrəli istasyonu.
Qatarın odasında
mənlə üz-üzə
susqun dayanmış
səbirsiz anılar,
bəkçi ümidlər,
qəfil sürprizlər...
Pəncərədən güz alması kimi
çox dadlı görünür həyat.
Mən hansı yüklə,
hansı ildə,
harda düşərəm,
düzünü tək Tanrı bilər...
Qutlu olsun!
O, 60 illik ömrü ilə – doğulduğu Saraçlı elinə, ağrısını çəkdiyi “Vətənin uzağı, yaxını yoxdur “ –deyə səsləndirdiyi Bütöv Can Azərbaycan çağırışına, qoruduğu Türk‑Turan ülküsünə bağlıdır. Onun yaradıcılığı bu istiqamətləri üzvi surətdə birləşdirən körpüdür. Osmanlının yaratdığı marşlar da təkcə söz deyil, zamanın və ulusun ulu ruhuna çağdaş ismarıclardır.
“Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı bayraq
neçə soysuz taxtı yıxıb”…
Tanrı türkə yar olu,
Türk qurtarar acunu!..

Əkbər Qoşalı
2025.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar