Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Neçə vaxtdı sevgisizdi küçələr..." - Təranə DƏMİRin şeirləri

Tarix: 05-07-2025 10:38     Baxış: 3414 A- / A+

Təranə DƏMİR
 

Hey harasa tələsirik, 
Ömür  gödəkdi, neyləyək.
Zamana  çata bilmirik,
Bizdən zirəkdi, neyləyək.
 
Heç kimin bitmir davası, 
Göy davası, Yer davası, 
Günümüzün tən yarısı
Küydü, kələkdi, neyləyək. 
 
Dörd  yanımız çığır-bağır,
Hərə öz  dərdindən baxır, 
And yerimiz əvvəl-axır
Duzdu, çörəkdi, neyləyək.
 
Başımızda söz havası,
Dünyamız ilan yuvası,
Biz çoxuq, atam balası,
Tanrısa təkdi, neyləyək.
 
***
 
Neçə bahar, neçə payız,  qış  gələr, 
O səhərlər  geri   dönməz  bir daha.
Gah dumana, gah  çiskinə bürünər, 
O  xəyallar   göydən enməz bir daha,
Köçdü, köç.    
 
Bir də yanmaz könlümüzdə  od-ocaq,
Külümüzlə  oynayırıq nə vaxtdı.
Heç  bilmirik  hansı  sözdən yapışaq, 
Hardan tutsaq deyirlər ki, günahdı, 
Sucdu, suç.
 
Ulduzlar da parıldamır  biz  deyən,
Səhərəcən  zülmət   saçır  gecələr.
Elə bil ki,  yadırğayıb adamdan, 
Neçə  vaxtdı sevgisizdi  küçələr,
Acdı, ac.
 
Elə gözəl  sarılmışıq   təkliyə,
Dörd yanımız  hicran adlı qəfəsdi.
Vurulmuşuq   xəzəl rəngli   payıza, 
İndi bizdən bahar ummaq əbəsdi, 
Gecdi, gec.
 
***
 

Gözlərindən həsrət  baxır   adama,
Bu şəhərin baxışları  darıxır.
Bu şəhərin  ağacları susuzdu, 
Bu şəhərin yağışları darıxır,
Bu şəhərin   közü    çıxıb  yadımdan.
 
Neçə vaxtdı daş ömrünü  yaşayır,
Qurd  ömrünü, quş   ömrünü  yaşayır,
Buz  bağlayıb, qış ömrünü yaşayır,
Bu şəhərin yazı  çıxıb   yadımdan.
 
Göyə  qalxıb, gözü   görmür  heç kəsi,
Sevgisizdi  sahilləri   dənizin, 
Başı üstə  küləkləri dərd əsir,
Bu şəhərin səsi  çıxıb   yadımdan.
 
İtib batıb gəzdiyimiz küçələr, 
Döngə-döngə azdığımız  küçələr,
Yıxılanda küsdüyümüz  küçələr,
Bu şəhərin  nazı   çıxıb yadımdan.
 
Hər  yanını   tumar-tumar   yorublar,
Beton-beton,  hamar-hamar    yorublar,
Bu şəhəri əlimizdən  alıblar,
Bu şəhərin  üzü   çıxıb yadımdan. 
 
Yavaş-yavaş  tamarzıdı sevincə,
Yuxusuna  daş atırlar hər gecə,
Yaddaşımda adı qalıb eləcə,
Bu şəhərin özü  çıxıb   yadımdan. 
 
Gözlərindən həsrət  baxır adama,
Bu şəhərin baxışları darıxır.
Bu şəhərin ağacları susuzdu,
Bu şəhərin yağışları darıxır,
Bu şəhərin ... düzü, çıxıb yadımdan.
 
***
 
Qaranlığı  yenə   pusur adamı,
Qılınclayır, asıb, kəsir adamı,
Gözlərinin fəhmi basır adamı,
Vaxt  da   keçmir  bu  gecənin   baxtından.
 
Hamı səndən  bir yuxuycan uzaqdı,
Dünya  yatıb, bircə   dərdlər  oyaqdı, 
Kim duyacaq  harayını   bu vaxtı,
Kim  salacaq   bu  gecəni   atından?   
 
Ağrıların hücum  çəkir  üstünə,
Həsrət adlı  zülmət  çökür  üstünə, 
Qaramatın yenə tökür üstünə,
Hünərin var  çıx gecənin altından. 
 
***
 
Gözlərindən eşq  damırdı payıza,
Qızınırdı sevdasında xəzəllər.
Elə gözəl  oxşayırdı könlümü
O baxışlar, o sığallar, o əllər –
Oyandım.
 
Heç bilmədim hara tutum üzümü,
Hara getsəm həsrət  məni izlədi.
Baş götürüb nağıllara yol aldım,
Gedəmmədim axıracan, dözmədim,
Dayandım.
 
Var-gəl etdim payızla qış arası,
Məni yordu bu kaşkilər, bəlkələr.
Xəyallarım göy  üzünə tələsdi,
Bir  mən oldum, bir  də… bir də  kölgələr,
Yubandım.
 
Tutammadım bir ümidin əlindən,
Çiçək açmaq  bu payıza yad imiş.
Burda hər şey  aldadırmış adamı,
Burda  hər şey   ayrılığa ad  imiş –
İnandım.
 
***
 
Bu itin  it  dərdi  var, 
Gözüngə yaş, ulayır.
Baxışında xəcalət,
Başında daş, ulayır.
 
Ulayır  kölgəsinə,
Hirsinə, hikkəsinə,
Boşalan cərgəsinə
Açıb  savaş, ulayır.
 
Yoluna  baxıb hürür,
Yalına  baxıb hürür, 
Çuluna  baxıb   hürür, 
İçində  kaş ulayır. 
 
Dizində  yox  təpəri,
Aşa bilmir  çəpəri, 
Bir sümükdü, bir dəri,
Səsində  qış   ulayır.
 
Durub  yolun sonunda, 
Yüz ağrı  var canında, 
Nə vaxtdı  dörd yanında
Qorxu, təlaş ulayır.
 
Bu itin it dərdi  var,  
Gözündə yaş, ulayır.
Baxışında  xəcalət,
Başında daş, ulayır.
 


İSTANBUL DARIXMIŞAM…
 
Səhərini  günəşlə   birgə açırdım, 
İşıqlarını bağrıma  basırdım hər gecə,
Üzüaşağı, uzüyuxarı  ölçürdüm 
səni  bina-bina, küçə-küçə.
Sokakların udurdu  addım   səsimi,
bir  də   kirpiklərimin kölğəsini.
Yağışında islanırdı,
küləyində  sığallanırdı saçlarım,
Dadını  çıxarırdım    bəxtəvərliyin.
Havası  qəhvə   qoxulu, 
Səması  qağayı   sevdalı şəhər.
İpək  donlu,
Yaşıl yaxalı,
Dili dualı şəhər,
Ürkək  qız tək utancaq, 
Abırlı-həyalı şəhər.
İstanbul!
Səni  dalğa-dalğa, ləpə-ləpə sevirəm,
Dalanlarını, küçələrini, 
dağlarını, ormanlarını  
gözümə təpə-təpə sevirəm.
Heç nədən yox, 
bircə unudulmaqdan qorxan şəhər,
Çiynini qala  divarlarına   söykəyən,
Tarixin  qarşısına   alnıaçıq, üzüağ çıxan  şəhər.
Bütün dünyanı   başına   yığan şəhər…
Səni  Boğazdan seyr   etmək  var hələ...
Sularınla pıçıldaşmaq, dalaşmaq, 
Dalğalarla  gözüdoyunca   sevişmək,
Dənizlə qucaqlaşmaq …
Bir də hay-küylü  Taksimdə   
yorulunca  dolaşmaq, 
Dolaşdıqca  bütün dünyanı unutmaq,
Unutduqca  tanımadığın insanlara  
ürəkdolusu "Mərhaba " demək eşqi…
Sonra  pay-piyada  Eminönünə  düşmək,
Sərinləmək...
Balıq  qoxan  sahildə  dayanıb  gedən 
gəmilərə əl sallamaq həvəsi,
 Sonra   növbə gözləmək, 
Sonra  əlindəki    smiti martılarla  bölüşmək, 
Bölüşdükcə  yüngülləşmək , 
Yüngülləşdikcə  uçmaq, uçmaq...
Sonra da ...
Sonra  da  yenə ayrılıq,
Yenə xəyallar, 
Yenə təyyarə səsi, 
Yenə  Xəzərin sahilində  səninçün  
darıxmaq ,darıxmaq..
 

***
 
Bu  dolaşıq   ömrümdə 
Yarımçıqdı  nəyim var,
(bircə  göz yaşını çıx)
– Kəsik-kəsik arzular, 
Qırıq-qırıq xəyallar,
Dərə-təpə sevgilər, 
Dağ kimi ayrılıqlar.
Vüsallar da  natamam,   
Görüşlər  də yarımçıq.
Könlümün qapıları
Bircə həsrətə açıq…
Ruhumda  dəli sükut,
Başımda  qasırğalar,
Çöldə ölüm havası…
...Bu gün də gəlib keçdi,
İçində payız  rəngi,
Bir də şənbə duası…
Bir ümid də  yıxıldı
Qaşla gözün arası…


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar