Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ - həsrətdən zəfərə” kitabı haqqında bir neçə söz

Tarix: 13-06-2025 23:28     Baxış: 3468 A- / A+

Şair, publisist, tərcüməçi Rəfail Tağızadənin “Qarabağ – həsrətdən zəfərə” kitabına otuz ildə başımıza gələn faciələrə dair esselər, publisistik məqalələr, xatirələr toplanıb. “Su üzərində bahar”, “Gecə xəyalları, ”Su kimi sakit və güclü”, “Qarabağ rüzgarları”, “Qapı” kitablarının müəllifi Rəfail Tağızadə bu əsərində hamımızın çəkdiyimiz torpaq-yurd həsrətinə, Qarabağsız günlərimizin ağrısının, nisgilinin, sanki sözlə rəsmini çəkib. Böyüklü, kiçikli hamımız bu ağrıları çəkə-çəkə həsrətdən-zəfərə qədər çətin, məşəqqətli bir yol keçmişik. Şair taleyimizə zorla yazılan qaçqın-köçkünlük həyatını sözlə bir rəssam fırçasından çıxan bir əsər kimi təqdim edir. Hələ indiyə qədər cavabını tapa bilmədiyimiz bəzi suallar qarşısında mat qalırıq. Dərdin, həsrətin, nifrətin elə bir rəngi olur – deyə özümüz qərar veririk.
Yazıdan-yazıya keçdikcə şair işğal altında olan doğma Şuşanın, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının – hamısının oxşar halı yaşadıqlarını ürək ağrısı ilə oxucuya çatdırır – Unutma! – deyir.
Kitab başdan-başa torpaq, yurd, həsrətlə birgə ata-analarımızın, ağbirçək, ağsaqqallarımızın yaddaş ağrıları ilə doludur. Hər bir yazı o ağrıları bizə təzədən xatırladıb yaşadır. Qəlbi səslə, yaddaşına yaz, – deyir.
Bir vaxtlar analarımızın, nənələrimizin “Məğlub kişilər” adlandırdıqları kişilərimizin utancverici hallarından tutmuş, qayalardan, daşlardan asılıb Şuşanı fəth edən oğullarımıza qədər ağır, çətin bir yolla, sanki bizi səyahətə çıxarır. Xalqımızın başına gətirilən müsibətləri təkrarlamaqla, şair özü də, sanki utanır, xəcalət çəkir. Vətənin üzünə şax baxa bilmir:

Yolunda izim qalmadı,
baxmağa gözüm qalmadı,
kül oldum, közüm qalmadı,
mən sənin nəyinəm, Vətən?

İstəyəndə gəlməyim yox,
səni görüb gülməyim yox,
sənin üçün ölməyim yox,
mən sənin nəyinəm, Vətən?
– deyir.

“Mən sənin nəyinəm, Vətən” şeirində əli-qolu bağlı, tapdaq altında qalan vətənə öz əlləriylə çəkdiyi sərhəddən baxanda, insan özünü istədiyi səmtə azad uçub gedə bilən quşlardan da aciz sayır. Qurub-yaratdığı evinə daşı-daş üstə qalmayan, yolu, yolağasını kol-kos basan elinə-obasına gendən yad kimi baxır. Axı mən quş cəsarətində deyiləmsə, onda bəs mən kiməm? – deyir. Dəmir barmaqlıq, tikanlı məftillər arasından dustaq qalan yurda baxıb köks ötürəcəmsə, vətən məni bağışlayarmı? – qənaətinə gəlir, sarsılır, kiçilir. Uşaqlığının, gəncliyinin üstündə hələ də paslanmayan gilizlər yatdığını bilə-bilə, görə-görə bu faciəni yaşamağa məcbur olur.

Rəfail Tağızadə vətəndə canlı nə varsa, hamısı çəkilib getdilər, quşlar da güllə səsinə, barıt qoxusuna uçub yad ağaclarda yuva qurdular – deyərək fəryad eləyir.

Pахıllığım tutur quşlаrа.
Göydə qаnаd çаlırlаr.
Yuvаlаrınа dönmək üçün
nə tikаnlı məftil tаnıyırlаr,
nə burахılış vərəqəsi.
Təkcə səngər görəndə
yüksəkdən uçurlаr…


O, vətəndə, ancaq bizdən sədaqətli babalarımızın qoyduqları dərin bünövrə daşları, bir də nənələrimizin qara ocaqlarının qaldığını bildirir.
Kitabda yaşadığımız torpaq, yurd faciəsi, ana-nənələrimizin, qız-gəlinlərimizin vaqon-çadır taleləri sadalanır. Torpağımız kimi əsmər üzlü qızlarımızın, gəlin analarımızın gözəlliyini, şuxluğunu, qəddi-qamətini itirdiklərini ürək yanğısı ilə nəzmə çəkir və bu haldan bir şair, bir vətəndaş olaraq ağrıyır, göynəyir.

Gözəl Qarabağımızda bitən gül-çiçəklərin, ağacların, qəbir daşlarının gülləboran edildiyi, Cıdır düzündə Xarı bülbülün tökdüyü göz yaşlarını söz-söz, heca-heca şeirə köçürür. Zaman taleyimizlə oynadı, səngərdən o tərəfdə nələr qaldı, İlahi? Doğma ocaqlardan, məktəblərindən ayrılan balaca uşaqların oyuncaq əvəzinə lülə-lülə gilizlərlə oynadıqlarını haray çəkir.
Çadır evlərdə, soyuq zirzəmilərdə ovcunda bir xısma torpaq üzü vətənə sarı can verən arzuları, ölkənin hər bölgəsinə səpələnmiş şəhid məzarları, analarımızın qurumayan göz yaşları zamanın tərs gərdişi deyilsə, bəs nədir?

Kol-kos basmış yollarda
quruyub iz yarpağım.
Yolçu ordan quş göndər
dimdiyində torpağım.

Yel üzünə tutulan
tor qarını açdımı?
Uşaqlığım dururmu?
Baş götürüb qaçdımı?

Daşıdılar qalmadı
torpağımı, daşımı.
Qoymağa yer qalıbmı
ayağımı, başımı?


(“Yolçu ordan quş göndər, dimdiyində torpağım” şeirindən)

Şair elə bil oxucunun əlindən tutub Qarabağ torpağını, onun ürəyi sayılan doğma Ağdamı qarış-qarış gəzdirir. İndi yaddaş ağrılarına dönən qədim yaşayış məskənlərindən biri olduğunu xatırladır. Ağdamı – Əmir Teymurun ayağı dəyən torpaqda, Pənah xanın “İmarət” deyilən yerdə tikdirdiyi ağ sarayı oxucuya tanıdır. Ağdamın hər tinini, yolunu, cığırını yada salır. İtən uşaqlığını, gəncliyini axtarır. “Yollar” şeirində o həsrəti, o üzüntünü belə ifadə edir:

İzi yox olmuş yollarım
tük basmış üzüm kimidir.
Giləsin quşlar aparan
qurumuş üzüm kimidir.

Durub səni gözlədiyim
yol ayrıcı yoxdur, itib.
Mənim izim qalan yerdə
görən hansı otdu, bitib?


Şair həsrətin çəkdiyi yurdun dərdlərini birəm-birəm şeirə köçürə-köçürə Vətəndən qopan o kiçik vətəni ilə hər gecə yuxuda danışır. Yolları dar cığıra dirənən, işığı sönüb, tüstüsü qaralan kəndlərində məzarını yiyəsiz qoyub gəldiyi Gözəl nənəsi ilə söhbət eləyir.
“Orda bir ev vardı” şeirində  qapısı çərçivəsiz, pəncərəsi şüşəsiz ata ocağını xəyalında canlandırır. O evin dərdi nə az, nə azacıq, özü sanbalda, özü boydadır:

... bir ev vardı o yerlərdə,
bizi-bizə xatırladacaq bir ev.
Yox olan kəndin içində,
dərdləri mən biçimdə.


Rəfail müəllim hər dəfə qatardan düşüb gedəndə onu ilk qarşılayan, ondan küskün, incik düşən Gözəl nənəsini heç olmasa yuxuda da könlünü ala bilmir. Yuxudan dik atılıb oyanır: yurdunun, kəndinin həsrətin çəkir:

Sığal çəkən baxışlara,
dağ döşündə naxışlara,
qəfil yağan yağışlara
həsrətəm...


Şair düşdüyümüz bəlaların, çəkdiyimiz dərdlərin dünyanın hər tərəfində mövcudluğunu önə çəkir. Başımıza gələn fəlakətləri dünya dərdləri ilə ümumiləşdirir. Vətəndə vətən dərdi çəkmək bizim alnımıza yazılıb. Öz torpaqlarımıza əllərimizlə sərhədlər çəkib, o tay-bu taya, indi də Qarabağa sərhədlərdən baxmaq taleyini yaşayırıqsa, dünya da belə dərdlərdən xali deyil. Amma bizimkinə bənzəri varsa da, eynisi yoxdur qənaətinə gəlir. Əlini ver falına baxım – deyən falçıya qəzəblənir:

... Nə yapışıb əl çəkmirsən əlimdən?
“Yana-yana gəl söyləmə dərdimi”.
Mənim dərdim dərddimi?
Mnim dərdim dərddisə,
Söylə görüm dünyadakı dərd nədi?
Bu dünyanın falına bax, falına...


Nəhayət, otuz illik həsrət düyünü Zəfər sədaları ilə açılır. 27 sentyabr 2020-ci ilin sübh çağı qisas qolarımız gərildi, səngərdən ruhlarımız dirilib özümüzə qayıtdı. Hamımız bir nəfər kimi  “Torpaq uğrunda ölən varsa, Vətəndir”, - deyib ayağa qalxdıq. Xalqımızın milli ruhu özünə qayıtdı və önündə şax yeriyən ordumuzla birlikdə Qarabağlı olduq. Oddan, alovlardan keçən üçrəngli bayraqla Qarabağa ümümxalq yürüşü başladı. Xəyallarda, yuxularda görmək istədiyimiz Qarabağı, ata-baba yurdlarımızı gördük. Laçından Şuşaya, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Laçına, Qubadlıya, Zəngilana qədər bağlı yolları Milli Ordumuzun əsgər və zabitləri düşməndən təmizləyib açdılar.
Dünyanı heyrətə gətirəcək döyüşlərimiz dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

...Hər döyüş millətin tarix yazısı,
Qurtuluş yazısı, taleh yazısı,
Ağrını unudan fateh yazısı.
Müqəddəs torpaqdan xaini qovdun,
Mənim məğrur ordum, qəhrəman ordum!


Olmayanı da qanları, canları bahasına “ol” eyləyən vətən sevdalıları arxa cəbhədəki: “Vur, qisas al, boz qurda, şirə dön, torpağı almasan geri dönmə!” – deyən, gözləri yuxusuz, dilləri dualı ata-analar da birləşib bir cəbhə yaratdılar. Verdiyimiz şəhid oğullar, vətənə könüllü fədailər, mərmi zərbəsindən huşunu itirib ayılanda ayağını axtaran qazilərimizlə birgə şair də ölüb-dirilir. İnamlı dostlarının, “Təki vətən yaşasın!”, - deyə gözlərini yuman igidlərin şəhidliyinə sızlayır. Yenə qələmə, sözə üz tutur. Sözün gözüylə torpaq, yurd təəssübkeşlərinin sücaətlərini əbədiləşdirir. Azad Qarabağa onların gözüylə baxacağını vəd eləyir.

Bir səngər uzanıb yolumun üstə,
Neçə baş qoyulub qolumun üstə.
Daha yatammıram solumun üstə,
Hər ölən əsgərlə ölürəm, Allah!

Yuxumu görürəm, yatan yerinə,
Günəşim yol gedir batan yerinə.
Balam, sən uzanma atan yerinə,
Hər ölən əsgərlə ölürəm, Allah!


(Şəhid dostu Vitalinin xatirəsinə yazdığı “Hər ölən əsgərlə ölürəm, Allah” şeirindəndir).

Qarabağ torpağını 28 il sonra özümüzə qaytardıq. Qarabağın qayıdışı ilə biz də özümüzü tapdıq, kimliyimizi, nəyə qadir olduğumuzu anladıq. Şuşa ilə bizə Zəfərin zəfərini gətirən qalib zabitlərimizə, qazilərimizə, Şuşa fatehlərinə ehtiramla şair və yazıçılar da “qələmi süngiyə” döndərdilər. Qələmlə, sözlə döyüşüb “heç kim unudulmur, heç nə yaddan çıxmır”, – dedik.
Şəhid verdiyimiz  dörd min oğullarımızın sayəsində şair demiş: “Ələmdən-nəşəyə” keçdik. Qınaqlar, töhmətlər üstümüzdən götürüldü. Vətənin əyilən qəddi dikəldi. Ağlaya-ağlaya, sonra sevinə-sevinə gəldiyimiz bu yollarda nələr gördük, İlahi!  Zəfərimizə nə qədər sevinmişdiksə, bir o qədər də ağladıq. Qələbəmiz gözümüzün həsrət yaşını qurutdumu? Cənnət vətənimizinin hər qarışını viran gördük. Hər gecə yuxuda gedib-gəldiyimiz kəndlərə, ellərə, həyətlərə gedən yol-yolağanı tapa bilmədik. Məktəblərinin həsrətini çəkə-çəkə 30-35 yaşına çatan “uşaq”ların arzuları gözlərində qaldı. Məktəblərin zəngi çalınmadı. Hər gün naxıra heyvan haraylayan babalarımızın, nənələrimizin səsi gəlmədi. Yarı sökük divarların üstündə bayquş ulartısından başqa heç nə yox idi. Qədim məzarlıqda məzar daşlarını, tarixi abidələrini yerlə-yeksan gördük. Zəfər sevinci təzədən göz yaşları ilə əvəz edildi. Uşaqlıq, gənclik illəri, ağaclar, kollar da güllələnmişdi. Xatirələr dolu həyət-bacalar ölmüşdü. Qarabağın sinəsində bitən gül-çiçəklərin yerində minalar, bombalar, güllələr bitmişdi. Uşaqlığımız doğulan yerlərdə ölmüşdü.
Haçasında quş yuvası axtardığımız ağacların qol-budaqları budanmış, quru kötükləri qalmışdı. Nə xoruzun banlamağı, nə it hürüşü gəlirdi. Qohum-qonşular da qeybə çəkilib. Biz ikinci faciə ilə üzləşmişdik. Bizə dözümlü xalq deyirlər. Amma dözümün də bir həddi olur – deyən olmadı. “Ayrılığın sonu yoxmuş”, - deyən rəhmətlik H.Əlizadənin təbiri ilə, faciəmizin sonu yoxmuş qənaətinə gəldik.
Yox, öldürdülər, ölmədik, suda batırdılar batmadıq, odda yanmadıq. Əlimizi yenə o qara torpağa
Dirəyib ayağa qalxdıq. Dizlərimiz bükülüb, əllərimiz əsmədi. Bir amalımız oldu –Vətən-Torpaq!
Mədəniyyət beşiyimiz, and yerimiz. Kəbəmiz, Məkkəmiz olan Şuşanın fəthi ilə yenidən doğulduq. Fikrimiz, duyğularımız da təzələndi, təzə don geyindi. Qədim Odlar yurdu təzə Zəfər libasında dünyaya tanıtdı. Vətən, torpaq təəssübkeşliyimizə, döyüş əzmimizə heyran qaldılar.
Şuşa fatehlərimiz and yerimiz, qürurumuz oldu. Şəhidlərimizlə öyündük.

... Sənin yolun Zəfərlərə gedən yol,
Sənin yolun o müqəddəs Vətən, yol,
Sənin yolun bayraqlarda bitən yol,
Bu millətin ən əzizi Şəhidim,
Bu millətin ən dirisi Şəhidim!


– deyə şairin də səsi gurladı. Vətəni – Vətən, milləti – millət, dövləti dövlət edən Vətən oğullarının misilsiz şücaətindən qürur duyur, öyünür. Hamımız kimi səsi Şuşa dağlarında Koroğlu nərəsi kimi səslənir. Ordumuzun gücü-qüvvəsi sayəsində həsrət göz yaşlarımız sevinc yağışlarına dönüb torpağın cadarlanmış dodaqlarına dirilik suyu çılədi.
Zəfərimiz iki qardaş türk dövlətinin birgə Şuşa bəyannaməsi ilə tamamlandı. Bu dünyaya bir mesaj idi. Cənab Rəcəb Tayyib Ərdoğan, Ali Baş Komandanımız İlham Əliyevin imzaladıqları bu bəyannamə böyük Turan yolunun açılışının dünyaya bəyan idi.

Rəfail Tağızadə bütün bunlarla kitab boyu bizi tanış edir. Yaddaşımızı itiləyir, korşalmağa qoymur. Bir oxucu kimi mən də “Qarabağ – həsrətdən zəfərə” kitabından ayrılmaq istəmirəm. Kitabı oxuduqca, ata-babalardan bizə miras qalan torpaq, yurd məhəbbətimizə, döyüş əzmimizə inanıb bir daha qürur duyursan. İstər-istəməz Dədəmiz Qorqudun “Torpağı qorumursan, əkib becərməyə dəyməz, əkib becərmirsən, qorumağa dəyməz” kəlamı yada düşür.

Rəfail Tağızadə kitabın əvvəlini ürəyinin ağrısı, sonunu isə gözünün sevinciylə yazıb.

Olanları yaşayanın yazdığı başqasının yazdığından seçilir. Ona görə də yazılanlar adamı tərpədir, onu hadisənin şahidinə çevirir. Beləliklə, yazı da, şeir də yadda qalır.
Rəfail Tağızadə Qarabağ ağrılarını bir zabit, vətəndaş, şair olaraq yaşayaraq yazır, istər esselər, istərsə də şeirlər adamla canlı kimi danışır, hissi, duyğunu olduğu kimi oxucuya ötürə bilir. O, iştirakçısı olduğu reallıqları yazır. Yəni hadisəni yazır, hadisə haqqında yazmır.
“Qarabağ – həsrətdən zəfərə” kitabı hər birimizin adından yazılan son 30 ilin yaşantılarıdır.
Rəfail Tağızadə yaşadıqlarımızı yazılarıyla kitaba çevirərək onu bədii formada sənədləşdirib.
Bu kitab Qarabağ – Vətən həsrətimiz, Zəfərimiz haqqında yazılan bir səlnamədir.
Rəfail müəllimə təzə ruhlu yeni əsərlər yazmağı arzulayıram!

















                                                                       




 Şövkət Zərin Horovlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar