Xəbər lenti
İndi hardasa bir söz iməkləyir yandırılmış kitablarına sarı - Əkrəm Əylisliyə

Cavid Fərzəli
(Əkrəm Əylisliyə)
Hər səhər bir pəncərə oyanır daş yuxudan,
divarların arasında gizlənmiş bir zaman nəfəs alır...
Odda bir uşaq səsi yanır,
əlləri çatmayan sülhə, dilində böyüməmiş laylalara.
Ovcunda bir ocaq yeri soyuqdan ölür
bəlkə də dünən doğulan bir susqun nəğmənin ürəyidir o köz.
Duydum ki, ana göldə,
qanlı sularda çiçəklərlə barışmaqdır sənin adın.
Bağışlamaq suların axışı kimidir;
öz yolunu tapar qaya içindən belə.
Səni kim bağışlamaz,
vətənin qanını səngərdə içən?
Vətənin üzünü göy üzündən gizləyən...
Körpə bir kəpənəyin qanına susamaqdır vətən olmaq;
adam öz yerişlərini görmədikcə torpaq tanımaz...
Səni sevmək, hamının qorxusunu gizləməkdir,
gülüşün altında gizlənmiş bir səs kimi.
Hər evə dustaqlıq yazılıb daş yuxulardan;
divarlar səssiz ağlayır gecənin içinə.
Sənsə hələ də üzüqara yağışlardan çiçək naməsi gözləyirsən...
Bilirəm — indi Əylisdə əkdiyin ərik ağaclarından
bir qızcığaz boylanır kirlənmiş hekayələrinə,
səsini itirdiyin küçələrə...
Bütün ayrılıqlar, intiqam ala bilməmək qorxusudur.
Gedənlər susar, qalanlar danışmağa utanar...
Adam göz yaşlarını görməyəndə öz içinə uduzur.
güzgüylə göz-gözə gələ bilməyən bir alaçıq kimi.
Bir çinar boyda susqunluq danışar gecələr;
şairlərin nəfəsində titrəmiş bir kölgə kimi...
Ey Əylisli, sənin gördüyün yuxular oyatdı içimizdəki əsrlik qorxunu.
Axı Tanrı bir az da ürəyin çəkdiyi işıqdı;
nə qədər gizlətsən də sızır kor pəncərələrdən.
Yolların da bir yuxusu var;
biz onu ayaqlarımızın izindən öyrənirik.
Hər iz bir dua,
hər dua Əylisdə susan min illik səsdir...
İndi hardasa bir söz iməkləyir yandırılmış kitablarına sarı.
İndi hardasa bir leylək ağlayır, qanadlarının başında.
İndi hardasa bir ümid yıxılır ərik ağacından...
Heyif, daha Əylis axşamlarını ağlamağa kimsə qalmadı;
hamı qaçdı, vətənin dilində ağladı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar