Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Biz haqqın yanındayıq

Tarix: 22-04-2022 19:32     Baxış: 35 597 A- / A+
     

                                           Rəfail Tağızadə

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. Çarli Çaplin          Müharibə qandı-qadadı. Ölümdü. İtkidi, ağrıdı. İnsan faciəsidi. Dağıntıdı. Ərazilərin işğalıdı. İnsanların yurd-yuvasından, doğmalardan uzaq düşməsidi.
Didərginlikdi. Bir daha o yerləri olduğu kimi görməməkdi. Olanları xatirələrə çevirməkdi. Hər şey bir günün, bir ayın içində keçmiş olur. Səninki deyilən bir şey qalmır, sənin olmur, qara şəkilə dönür. Reallıqlar itir. Sən də bu olanlarla birlikdə tarixin arxivinə düşürsən. Boşluğa düşən kimi. Boğulursan. İçin qovrulur. Barıt, yanıq qoxuları səni nəfəs almağa qoymur. Müharibə ağılsızların düşündüyü ən ağır bəladı. Təbiətin, dünyanın düzəninin insanlar tərəfindən dəyişməsidir. Təbii fəlakətləri başa düşmək, onu hansısa qanunauyğunlğa yazmaq olur. İnsanların törətdiyi – torpaq, iddia, qəzəb, mənəm-mənəmlikdən doğan qəsbləri, ölümləri anlamaq olmur. Tarixdə bu qədər torpaqların məcburən mənimsənilməsinin və sonda onun olmamasını görərək yenə o iddiaya düşmək başa düşülən deyil – xəstəlikdir. Didərginlik, uşaqları atasız-anasız, atanı-ananı uşaqsız, evləri viran qoyanlara, bunları törədənlərə zaman daha böyük faciə yaşadır. Tarix bunu dəfələrlə sübut edib. İsbatlayıb. Kaş bütün lüğətlərdən müharibə sözü silinəydi. Müharibə və savaş olmayaydı. 1990-cı ilin 20 yanvarında heç kəs inanmazdı ki, 70 il bir yerdə, sovetlər adlanan düşərgədə yaşamış, birlikdə hərbi xidmət keçmiş bir ölkənin ordusu öz keçmiş əsgərinə atəş açar, insanlarını güllə-boran edib öldürər. Amma etdi. Demək ki, bunlar üçün müqəddəs, dəyər deyilən heç nə yoxdur. Ədalət deyilən məhfum yoxa çıxıb. Düşüncədə ancaq mənimkidir, mənim olmalıdır, mən belə istəyirəm var. Dili, dini bir olan, çoxdan bir-birləri ilə qaynayıb-qarışmış qardaşına qarşı ən amansız zülmlər edirsə, şəhərlərini, kəndlərini yerlə-yeksan edib xəstəxanaları, uşaq, qocalar evlərini dağıdırsa, uşaqları, qocaları öldürülürsə, burda hansı insanlıqdan danışmaq olar. Haqq, ədalət itən yerdə hər şey bitir. XXI əsrdə bunları törədənlərin cəzasını verməkdə yerdəkilər acizsə, onların cəzası Yaradanlıqdır. O da, hələ ki ... Tarazlığı itmiş dünya müvazinətini itirib. Harda çökəcəyi isə hələ bilinmir. Ədalətin itdiyi, gücə hesablanan yerdə yaşamaq mənasını itirir. Düzən dəyişir, hər şey təbii halından çıxır. Biz haqqın yanındayıq. Haqqı, hüququ pozulan, şəhərləri viran olan, insanları evlərindən didərgin düşən ukraynalıların yanındayıq. Biz bu ağrını Qarabağda yaşamış xalqıq, insanlarıq. Bu ağrının nə demək olduğunu canımızda çəkmişik. Və indi də çəkirik. Viran olmuş yurdumuza hələ də qovuşa bilmirik. Yurdsuzluğun nə olduğunun ağırlığını, iztirabını bilərək haqqsız-ədalətsiz müharibəyə “yox” deyirik və bütün hallarda müharibəni pisləyirik. Bu ağır, məşəqqətli gündə mənən Ukrayna xalqı ilə birlikdəyik. Müharibə gələndə bütün qanunlar susur. Liken Mark Anney Bəli, müharibə qanunları susdurur. Müharibənin nə olduğunu anlamaq üçün müharibə etmək lazım deyil. Sonun faciə olacağı onsuz da əvvəldən bəllidir. Müharibə ölümə münasibətin mahiyyətin dəyişirdi. Adi həyatda insan ölümü cinayət sayıldığı halda, müharibədə bu qəhrəmanlıqdır. Müharibə bəd xəbərdi, əzabdı. Yoxluqlar, boşluqlar yaradan faciədi. Yaradılanların məhvidi. Hamı müharibəni pisləyir. Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də. Yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da. Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib on illərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. Hərəsinin ağrısı bir cür olsa da. Xoşbəxtlər fərqli xoşbəxt olsalar da, bədbəxtlər eyni cür bədbəxtdilər, deyirlər. Sağalmayan elə yaralar var ki, o yaralarla yaşamağa öyrəşirsən. Nə qədər insanlarımız ağrıyla, zülmlə dünyadan köçdülər. Ən çox itki verdiyimiz Fərrux dağında şəhidlərimizin qalıqları tapıldı. Gözləri yollarda olan, itkin düşəninin DNT analizinin nəticələrini səbirsizliklə gözləyən nə qədər insanlar var. Hələ nə qədər Fərruxlar tapılacaq. Nə qədər ağrısını ümidin sevincinə bağlayıb yaşayanlar var. İndi də Ukrayna. Haqsızlığa ad tapmaq olmur. Eyni ssenari, eyni vəhşilik... Çox təəssüf ki, insan ağrını, itkini öz canında hiss edəndə anlayır. XXI əsrdə müharibə, özü də bu cür vəhşiliklə normal ağılın məhsulu deyil. Bütün müharibələrdə olduğu kimi Rusiya-Ukraynaya müharibəsində də çox sayda uşaq valideynlərinin birini və ya hər ikisini itirdi. Ukrayna hərbçiləri geri alınan şəhər və kəndlərdə kütləvi məzarlıqlar aşkarladılar. Şəhərin dağıdılmış küçələri meyitlərlə doludur. Həlak olanlar arasında uşaqlar da var. Bu günə kimi Ukraynada müharibə nəticəsində 563-dən çox uşaq zərər çəkib, 202 uşaq həlak olub, 361-dən çox uşaq yaralanıb. Evlərdə, küçələrdə nə qədər dinc əhali qırılıb. Qadınlara təcavüz adi hal alıb. Təcavüzə uğrayanlar arasında uşaqlar, 73 yaşlı qoca qadın da oldu. Bu vəhşiliyin vəhşiliyidi. Mətbuatda yayılan bu məlumat hamını sarsıtdı. Kiyev vilayətində yaşayan, anasını itirən 6 yaşlı bir oğlan aclıq səbəbindən dünyasını dəyişərək həyətlərində dəfn olunan anasının qəbri üstünə konserv qutuları, meyvə şirəsi qoyur. Bu müharibə ağrısının acı həqiqətidir. Ukraynada analar övladlarının bədəninə adlarını, doğum tarixlərini və öz telefon nömrələrini yazırlar ki, uşağın ölümü və ya itməsi halında şəxsiyyətlərini müəyyənləşdirmək mümkun olsun. Hələ nə qədər oğurlanıb qaçırılan körpələr var . Bu hələ Avropada, dünyanın diqqət mərkəzində olan Ukraynada baş verənlərdi. Görün hələ diqqətdən kənar uzaq, kiçik ölkələrdə nələr baş verir... Bu keşişin ölünün arxasınca getməməsi məsəlinə oxşayır. Bu tip faciələr Xocalıda baş verəndə - ermənilər tərəfindən uşaqların dərisi diri-diri soyulanda, onların gözləri qarşısında valideynləri güllələnəndə, ən ağır işgəncə veriləndə dünya susmasaydı, o vaxt reaksiya versəydi bütün bunlar olmazdı. Ondan sonra dünyanın neçə-necə ölkələrində bu tip hadisələr - vəhşiliklər baş verdi. Ukraynadan Polşaya sığınan bir Ukranya vətəndaşı yazır: “Rusiya rəsmiləri Ukranya dövlətinə qarşı müharibə elan etdi və bu günə kimi Ukrayna xalqı görünməmiş dəhşətlərlə üz-üzədir. Kimsə mənə rus teatrlarının dünya şöhrətindən danışanda, mən rusların Buçada 9 yaşlı körpəni, qızları, qadınları zorakılığa məruz qoyub, sonra da gullələndiklərindən danışacam. Kimsə mənə rus sairlərinin məhşur şeirlərindən söhbət açanda, mən rusların Mariopol şəhərində dinc əhalini tanklarla, raketlərlə gulləböran etdiklərindən danışacam. Həyətlərdə, zirzəmilərdə, dağılıb kül olmuş evlərdə qalan insanların güllənərək qardaşlıq məzarı adlanan küçələrdə qazılmış xəndəklərdə 100,150 nəfərinin basdırıldığından danışacam. Kimsə mənə rus kinolarının humanizmliyindən danışanda, mən körpələr, doğum evlərinin raket mərmiləri ilə külə dönməsindən danışacam. Kimsə mənə məhşur rus rəssamlarının cəkdikləri sülh goyərçinlərindən söhbət açanda, mən onlara 23 fevral 2022-ci ildə son dəfə görüşüb ayrıldığım və bir də heç vaxt görə bilməyəcəyim, cəmi 3 aydan sonra diplom alacaqları günü səbirsizliklə gözlədikləri halda rus əsgərlərinin gülləsi ilə qanlarına boyanan tələbələrimdən, ailəsi ilə birlikdə həyətlərində qanlı paltarları ilə dəfn olunan tələbəmin ölmüş arzularından danışacam. Kimsə mənə rus xalqının şanlı qəhrəmanlıq tarixindən söhbət açsa, mən bir dəstə əyin paltarı ilə öz körpələrini vəhşi rus əsgərlərinin hücumundan xilas etmək üçün yüz kilometrlərlə məsafəni soyuqda, boranda, qarda xilas etməyə çalışaraq meşələrdən, çöllərdən piyada, ac, susuz qaçıb canlarını xilas etməyə çalışan günahsız analardan danışacam. Kimsə mənə rus dövlətinin işıqlı gələcək naminə apardığı layihələrdən söhbət açanda, əlində kiçik torbası, atasız-anasız körpənin təkbaşına ac-susuz, ağlaya-ağlaya insanlara qoşulub başqa ölkənin sərhədinə necə keçməyindən danışacam... Susa bilmədiyim üçün, ürəyimin param-parça olduqu üçün danışdım və danışacam...”
Bundan sonra nəsə yazmağa ehtiyac qalmır. Ağrıdan qələm də susur...


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar