Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Naibə şanlı bir sənət aşiqi...”

Tarix: 13-01-2022 17:56     Baxış: 3254 A- / A+
Sənət dostlarımız

Xalq artisti Naibə Allahverdiyeva... Ölkəmizdə çox tanınmış simalardan biri – aktrisadır. Ampluasızdır. Bu sözü hər aktrisa üçün işlətmək olmur.

O ki qala bütün ölkədə “Tomka, maçi...” kimi tanınan bir aktrisanın daxili imkanlarından xəbərsiz olan televiziya tamaşaçıları bir qədər sonra onu gözləmədikləri halda, səhnədədaha ciddi, daha sanballı obrazlarda görüb heyrətləndilər. Hələ mən özüm!.. 90-cı illərin əvvəllərindəQarabağ mövzusunda yazdığım “Namus naminə” çoxseriyalı televiziya filmindəçox mürəkkəb psixoloji obraz olan Sevinci ona həvalə etmişdim. Naibə xanımın evində məşq edirdik. Obrazın meşədə ayaqyalın, nəfəsi təngiyənə qədər, özü də soyuqda uzun məsafə qaçması tapşırığını vermişdim. Dedim ki, mütləq deyil bütün məsafəni qaçsın, bunu montaj imkanlarından istifadə edərək, göstərə bilərik. Zərif, incə Naibə xanım buna razılaşmışdı. Obrazın xarakterini və fəaliyyətini izah etdikcə sevinirdi. Bu obrazın bütün çətinliklərinə qatlanacağına söz verirdi. Gənc gəlinin övladını itirdikdən sonra sarsıntıdan havalandığını, bütün serial boyunca dəliliyini, emosional gərginliyini məqş prosesində bu gözəl komediya aktrisasının istedadının başqa qatlarının açıldığını gördüm. Həmişə deyirəm ki, ikinci dərəcəli aktyor yoxdur, ikinci dərəcəli rejissor var. Rejissorlar aktyorlarla düzgün iş qursalar, ehtiyatlandıqları aktyorlardan istənilən “xamırı yoğura bilərlər.” Naibə xanım isə əsl həqiqətdə geniş daxili imkanlara malik, obraz yaradıcılığı üçün qəlbi fantaziyalarla dolu bir sənətkardır. Onun plastikası, gəlinin keçirdiyi psixoloji sarsıntıları, ona bağlanan kəndiri vəhşicəsinə gəmirərək, bir neçə seriyadan sonra, nəhayət, onu qırmasını elə məşq edirdi, aktrisanın belə bir əziyyətə qatlaşıb, inandırıcı və təbii oynamasına heyran qalmamaq mümkün deyildi.

Çox təəssüf ki, bu serial sponsor nadanlığından çəkilmədi. 26 ildir ki, biz hələ də görüşəndə həmin serialdan və həmin obrazdan söhbət açırıq. İnanıram ki, Naibə xanımın Sevinci yüksək bədii dəyərə malik bir obraza çevrilərək, tamaşaçılar;n yüksək rəğbətini qazanacaqdı.
Sonra Naibə xanımla biz bir Novruz tədbirində tərəfmüqabil olduq. Mən Novruz obrazını oynamalı idim. Aktyor olmadığım üçün qeyri-adi həyəcan keçirirdim. Naibə xanım səhnəciyi elə idarə etdi ki, heç kəs mənim kəm-kəsirimi bilmədi. Hətta respublika radiosundan gələn iş yoldaşlarım (90-cı illərin əvvəllərində mən respublika radiosunda işləyirdim) Naibə xanımı çox təriflədilər. “Sən də heç də, hərtərəfli istedadsan.” “Buna görə Naibə xanıma təşəkkür edin. Mənim aktyorluq istedadım yoxdur.”
Sonra Naibə xanımla Sərhəd Qoşunlarının 80 illik yubiley tədbirində görüşməli olduq. Orada da mən ssenari müəllifi, quruluşçu rejissor idim. Naibə xanımı şəxsən özüm dəvət etmişdim. Onun etirazsız –filansız bir şeri ifa etmək üçün səhnəyə gəlişini dəfələrlə məşq etdik. Naibə xanım xanım-xatun bir qadındır. Lakin burada hərbi tədbirdə bir qədər sərrast, dada ciddi plastika lazım idi. Naibə xanım mənə inandığı üçün “kaprizlərimə” dözüb məşq etdi, nəticəsi də çox uğurlu
oldu. Bu prosesdə daha bir cəhəti xoşuma gəldi: rejissora inandığı üçün onun tapşırıqlarını etirazsız yerinə yetirdi.
Nəhayət, 2000-ci illərin başlanğıcında Naibə xanımla iş yoldaşı olduq. Məni teatrımıza ədəbi-dram hissə müdiri təyin etdilər.
Əməkdar artist Nicar Kazımov uzun illər kollektivin içində olduğu və sənət dostlarını yaxşı tanıdığı üçün onların potensial imkanlarını də kəşf edib. Ə. Haqverdiyevin “Pəri cadu” faciəsində Şamama Cadu obrazını Naibə xanıma həvalə edəndə bəziləri təəccüb qalmışdılar. Mən isə inanırdım ki, Naibə xanım bu obrazın öhdəsindən məharətlə gələcək və hamı da ona əhsən deyəcək. Bəli, daxili baxışda
Naibə xanım həm zahirən, həm də daxilən elə dəyişmişdi ki, adam ifaya valeh olurdu. Şamamanın iyrənc zahiri görkəmi, İblis xislətli daxili dünyası aktrisanın ifasında parlaq bir mənzərə yaratmışdı. Tamaşada maraqlı bir məqam var: Pəri Cadu (Kəmalə Müzəffər) soruşur ki, Qurbanı necə gətirmisən? Şamama Cadu cavab verir ki, nə işinə qalıb nə tovür gətirmişəm? Sən dedin gətir, mən də gətirdim... Bu zaman onların arasında münaqişə baş verir. Şamama cadu ilan kimi fısıltı ilə fışqırır ona. Bax, bu fısıltını boğazdan çıxartmaq elə də asan iş deyil.
Təlxək əcinnə (Əməkdar artist Rasim Cəfərovla) onların dalaşması, Təlxəyin eşq elan etməsi nə qədər məzəli-duzludursa, bu tərəfmüqabillər arasındakı dialoq və fiziki fəaliyyət də bir o qədər diqqətçəkəndir.
Azərbaycan xalq nağıllarının motivləri əsasında hazırlanmış “Göyçək Fatma” tamaşasında Naibə xanıma Ögey ana obrazı həvalə olunub. Bu obrazın səhnə təcəssümü üçün Naibə xanım çox maraqlı bir üslub seçib: qəddar ögey ananın Fatmanın başına açdığı müsibətləri yüngül plastika, sakit səslə elə bir psixofizioloji gerçəkliklə açıb göstərir ki, tamaşaçı ifaya valeh olur, bu ikiüzlü anaya nifrət edir. Aktrisa obrazın bütün gizli hiyləsini, paxıllığını, öz eybəcər və küt qızına olan heyvani düşgünlüyünü daxili oyun tərzindən yaranan bir oyun üslubunda yaradır. Onun qızı obrazını yaradan Xalq artisti Nübar Novruzova ilə tərəfmüqabil kimi anlaşıqlı, şirin bir lirika ilə gerçəkləşdirirlər. Həyatda da rəfiqə olan bu istedadlı aktrisalar iki mənfi personajın “küt mənəmlik” iddialarını real teatr boyası ilə boyayırlar.
Naibə xanımda ən çox xoşuma gələn xüsusiyyətlədən biri də budur ki, səmimidir və insanlarda da səmimiliyi sevir. Sirr saxlamağı bacarır. Heç vaxt kiminsə sirrini kiməsə verməz. O, insanları, tamaşaları müdafiə etməyi bacarır. Haqsızlıq görəndə susmaz.
Teatrımız təmir olanda Səttarxan adına Mədəniyyət sarayında məskunlaşmışdıq. O zaman orada bir insident baş verdi. Naibə xanım kişilərin arasına girib elə cəsarətlə fikrini söylədi ki, bütün kişilər susub geri çəkildilər. Sözsüz ki, kollektivizmizin kişiləri ilə həmin adamlara cavab verməkdə aciz deyildik. Lakin Naibə xanımın qarışması ortaya bir su çilədi və hər iki tərəf arasında bir anlaşma yaratdı. Bax, onda Naibə xanıma qəlbimdə olan hörmətin üstünə bir hörmət də artdı.
Sadəcə, “Naibə xanım...” deyən kimi bütün ölkənin tanıdığı bu istedadlı aktrisa həm də vətənpərvərdir. O, Vətən Müharibəsi dövründə də, sonra da Şəhid ailələri ilə, qazilərlə əlaqə saxlayır, onlarla xoş ünsiyyət qururdu. Ailəmziin qazisi var. Ötən il dekabrın 30-da onuu Müdafiə nazirliyinin Hərbi Hospitalından (“Papanin xəsrtəxanası”) götürüb rayona aparmalı oldum. On beş gün qazilərlə
görüşdüm. Bu barədə mətbuatda məlumat var. Teatrımızın həmkarlar təşkilatının sədri, Əməkdar artist İlham Əsədov Naibə xanıma baş çəkməyə gedəndə qazimiz barədə danışır. Naibə xanım zəng vurdu, hal-əhval tutdu. Ürək-dirək verdi. Fəxrini, hörmətini bildirdi. Düzü, çox şad oldum. Qardaşımın ailəsi də, ailənin qazisi Vüsal Rəhimli də çox sevindi. Sonra öyrəndik ki, pandemiya dövründə Naibə xanım boş oturmayıb. Vətənpəvərlik ruhunda özünəməxsus işlər görüb. Canlı, həm də elektron vasitələrin köməyi ilə bir çox qazilərlə, Şəhid ailələri ilə görüşüb.
İstedadlı insanların qəlbində həmişə mərhəmət hissi olur. Bizim Naibəmiz belə insanpərvər, vətənpərvər, həm də daxili potensialı hesabına obrazların daxili dünyasını, onların psixofizioloji gerçəkliklərini açıb tamaşaçıya aydın şəkildə ötürmək missiyasını ləyaqətlə daşıyan aktrisadır.
Rollar var, gözləyir onun yolunu.
Yollar var gözləyir onun yolunu.
Uzatsa haraya özünün qolunu
Yetər amalına, çatar kamına,
Həmişə sadiqdir o öz andına.
Naibə şanlı bir sənət aşiqi,
Qəlbində yaşadır vətən eşqini.
Kimsəyə yox kini, bəslər eşqini
Yetər amalına, çatar kamına,
Həmişə sadiqdir o öz andına.


Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri,
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar