Xəbər lenti
On beş yaşında evdən qaçdı, əmisi onu öldürmək istədi - Aygün Bəylər haqqında bilmədiklərimiz
Manevr.az xanəndə, Əməkdar artist Aygün Bəylər haqqında maraqlı faktları təqdim edir.
Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakıda çoxuşaqlı ailədə anadan olub. Beş uşaqlı ailənin ilk övladı olan Aygünün anası işlədiyi üçün digər uşaqları hər gün Aygünə etibar edib işə gedirmiş. Aygün ailəsinin qayğılarına o qədər aludə olur ki, orta məktəb təhsilini belə düz-əməlli ala bilmir.
***
Aygün ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi məktəbində nağara sinfi üzrə alır. 1988-ci ildə 13 yaşlı Aygün Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunur. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
Ancaq atasının ciddi etirazı ilə qarşılaşan Aygün müğənni olmaq üçün evdən qaçmaq məcburiyyətində qalır. O, müsahibələrinin birində deyir:
"15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım, çünki toyda oxuduğum üçün atam məni öldürəcəkdi. Rəfiqəm Elnarənin evində qalırdım. 15-16 yaşımdan tək ev tutub yaşadım. Anam 180 rubl maaş alırdı. Mən isə bir toydan 100 rubl qazandım. Gördüm ki, toylarda yaxşı gəlir var. Bibimin həyat yoldaşının dəstəyi ilə oxudum. Atama tez-tez deyirdi ki, qoy oxusun. Əmim isə məni öldürmək istəyirdi ki, niyə oxuyur?".
1998-ci ildə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygünün sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
***
2002-ci ildə Aygün Bəylər "Əməkdar artist" fəxri adına layiq görülür. Həmin ərəfədə Aygünün atası ağır xəstəlikdən əziyyət çəkir, ömrünün son günlərini yaşayırmış. O, qızının fəxri ad almağını eşidib sevinir. Bu barədə xanəndə müsahibələrinin birində deyir:
"2003-cü ildə atam xəstə idi, ömrünün son günlərini yaşayırdı. Həmin vaxt fəxri ad aldım. Necə sevinirdi... Atam ölüm ayağında dedi ki, "Məni bağışla, sənə əziyyət vermişəm. Səni düz tanımamışam. Mənim oğlum elə sən imişsən. Səninlə fəxr edirəm". Atamdan halallıq aldım. Mənə çox əziyyət verib, oxuduğum üçün evə buraxmırdı. Hamı atamın məni bağışladığına şahid oldu".
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik qazanır və mükafata layiq görülərək festivalın qalibi olur.
***
Bu dövrdən başlayaraq, 2005 - 2010-ci illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir. Böyük muğam bilicisi olan Elxan Müzəffərov ona məsləhət görür ki, o, Niyazinin "Rast", Fikrət Əmirovun " Şur", " Kürd-Ovşarı", "Gülüstan-Bayatı-Şiraz" - simfonik muğamlarına müraciət etsin, özünü daha da təkmilləşdirsin. Aygün "Humayun" muğamının üzərində simfonik - muğam yazmaq istəyi ilə 2010-ci ildə yaradıcılıq axtarışlarına başlayır. Amma bu zaman ona aydın olur ki, arzusuna yetmək üçün bu dəfə bəstəkarlıq peşəsi üzrə təhsil almaq lazımdır. Ona görə də, 2012-ci ildə Aygün Bakı Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olur.
***
2018-ci ilin iyul ayında uzun sürən xəstəlikdən əziyyət çəkən Aygünün anası dünyasını dəyişir. Sənətçinin müğənni kimi fəaliyyət göstərən bacısı Zümrüd müsahibələrinin birində anası ilə bacısı haqqında deyir:
"Anam Aygünün muğam ifa etdiyini görəndə çox ağlayırdı. O, Aygünü dəhşətli dərəcədə çox istəyirdi. On beş yaşlı qıza ailə dəstək olmalı idi. Amma anamın əlindən heç nə gəlmirdi. Aygün hamımıza kömək edirdi".
***
Əməkdar artist "Sən ruhumun qida yerisən", "Tut ağacım", "Küsmə gəl", "Qəlbimin səsi", "Özün günahkarsan" mahnıları ilə məşhurluq qazanıb. Ancaq ona ən böyük uğuru "Tut ağacım" mahnısı gətirib.
***
Aygün Bəylər haqqında ən çox yayılan şayiələrdən biri isə onun narkotik asılılığından əziyyət çəkməsi olub. Bu barədə müğənniyə sual verəndə, o, deyilənlərin şayiədən və iftiradan başqa heç nə olmadığını bildirib.
Bir neçə il əvvəl isə müğənninin qardaşının adı cinayət işində hallanıb. Belə ki, narkotik maddə istifadəçisi olan Abbas Hümmətov yaxın qohumlarından birinin ölümündə iştirakçı kimi hakim qarşısına çıxarılıb. Dörd ay müddətinə həbs olunan qardaşı barədə Aygündən soruşanda belə cavab verir:
"Qardaşımın cəzası ilə maraqlanan dövlət, aidiyyəti qurumlar var. Mənə niyə belə suallar verirsiniz? Mən öz başımı güclə dolandırıram. Qardaşımın cəzası var, getsin cəzasını çəksin.
Əvvəla, mənim kimi bacısı var idi, gərək birinci özümə deyərdi. Deməyibsə, bu, onun günahıdır. Heç bir bacı nə qardaşına, nə də bacısına cavabdehdir. Kimin ağlına nə gəlirsə, onu deyir. Xeyr, elə şey yoxdur. Kim də deyir, başından böyük qələt edir. Məni həbs ediblər məgər? Nədən danışmalıyam? Qardaşım özü bilər. Bu barədə heç kimə hesabat verməyəcəyəm. Təbii ki, qardaşımın arxasınca getmək borcumdur. Yanına getməsəm də, yeməyini, çörəyini alıb göndərirəm".
***
Bir neçə il əvvəl Aygün həmkarı Röya Ayxan haqqında səsləndirdiyi "Röya hansı sənətlə gəlib, onun kimilər çoxdur" fikirlərinə görə Röya tərəfindən məhkəməyə verilir. Röya Aygünü onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandıraraq ondan 50 min manat təzminat tələb edir. Ancaq Aygün keçirilən məhkəmələrə gəlmir. Məhkəmə Röyanın iddiasını rədd edir.
2020-ci ildə isə müğənni Moskvada keçirilən konsertlərin birində erməni müğənni İlona Nersesova ilə qucaqlaşıb duet oxuduğu üçün sosial şəbəkə istifadəçilər tərəfindən "linç" edilir.
***
Aygün Bəylər bir dəfə qeyri-rəsmi nikahda olub, onun Canan adlı qızı var.
***
Bir müddət əvvəl Aygünün xərçəng xəstəliyindən əziyyət çəkməsi barədə mətbuatda xəbərlər yayılır. Müğənni özü də bu fikirləri təsdiq edir və müalicə aldığını deyir. Ötən ilin dekabr ayında isə onun tam sağaldığı və həkim nəzarətində olması barədə məlumat yayılır.kulis.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar