Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Eldən gedən Ağsaqqal - (Elegiya)

Tarix: 28-03-2022 11:49     Baxış: 3507 A- / A+

                       
              Böyümək şərt deyil. Şəxsiyyət kimi formalaşmaq şərtdir.
                                        (İnsanın özünüdərk fəlsəfəsindən)

Şakir Rəfi oğlu Həsənov. Bu ad və soyad məmləkətimizdə yaxşı mühəndis, bacarıqlı rəhbər, iş adamı kimi  tanınırdı. Çünki bu insanın yaratdığı və rəhbərlik elədiyi  “Az. Termoizol” Açıq Səhmdar Cəmiyyəti məmləkətimizə  inşaat və quraşdırma sahəsində dünya səviyyəli “Sokrat” mükafatı, Avropa ölkələrindən çoxli “Qızıl” medallar, diplomlar gətirmişdi. Azərbaycanın “Tərəqqi” medalı və “Əmək” ordeni kimi yüksək mükafatları, diplomları  ilə tərtif olunmuşdu.
Bu ad və soyad həm də ona görə sevilirdi ki, Şakir Rəfi oğlu Həsənov anadan olduğu 230 mindən çox əhalisi olan Masallı rayonunun və 52 ildir ki, yaşadığı 500 mindən çox ayrı-ayrı millətlərin  nümayəndələrinin yaşadığı Sumqayıt şəhərinin sayılıb-seçilən və üzdə olan hörmətli ağsaqqallarından biri idi. Eləcə də məmləkətimizin demək olar ki, bütün bölgələrində böyük hörmətlə  qarşılanan ziyalı, iş adamı, böyük təfəkkürə malik müdrik şəxsiyyət idi. Çünki o, hansı məclisdə olurdusa, on-on beş dəqiqə danışandan sonra, danışdığı müdrik kəlamlarla, çox incə yumorlarla, el məsələlərilə hamını ələ alır və insanlarda xoş ovqat yarada bilirdi. Onların sevimlisinə çevrilirdi. Şakir Rəfioğlu Allah vergisi, hərtərəfli fitri istedadlı bir insan idi. Onun yaxşı diksiyası, böyük düşüncə tərzi, savadı, çoxlu el məsələlərini və incə yumorları bilməsini, həyatı məsələləri çox incə təhlil eləmək bacarığını Ulu Tanrı ondan əsirgəməmişdi. Özünün həyatı da çox maraqlı, keşməkeşli olduğundan, öz həyatından da elə maraqlı məsələləri incə yumorla deyirdi ki, adam istər-istəməz ona maraqla qulaq asırdı. Bəli. O, Allah vergisi olmaqla, nadir şəxsiyyətlərdən biri idi.
Şakir Rəfioğlunun hələ 10 yaşı olanda, artıq Masallının sevimlisi olmuşdu. Bunun da çox maraqlı tarixçəsi var. Həmin vaxtı, yəni 65 il bundan qabaq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi Məhərrəm Əlizadənin librettosu və Ağası Məşədibəyovun bəstəkarlığı ilə, rejissor Niyaz Şərifovun qurluş verdiyi “Toy kimindir?” tamaşasıyla  Cənub bölgəsinə qastrol səfərinə gəliblər. O vaxtlar  bu tamaşa çox məşhur idi. Bu tamaşada o vaxtlar 10 yaşlı Tapdığı teatrın aparıcı aktyorlarından biri olan, çox istedadlı aktyor Məmmədsadıq Nuriyevin oğlu və sonralar Xalq artisti olan Yaşar Nuriyev oynayırmış. Həmin vaxtı Yaşar xəstə olduğundan tamaşanın yaradıcıları fikirləşiblər ki, bu epizodik rola elə Cənub bölgəsindən bir istedadlı uşaq tapıb onunla məşq edərlər və o da bu rolu oynayar. Teatrın kollektivi həmin vaxtı Masallı mehmanxanasında yerləşiblər. Qastrolun başlamasına da iki gün qalmış gəliblərmiş ki, görsünlər biletlər necə satılır və Tapdıq roluna aktyor tapsınlar.  Onunla məşq eləsinlər.  Onlar Tapdıq rolu ilə bağlı  öz fikirlərini rayon rəhbərliyinə bildiriblər. O vaxtı məktəblərdən 20 nəfər istadadlı uşaqları seçib, mehmanxanaya gətiriblər. Quruluşçu rejissor Niyaz Şərifov, bəstəkar  Ağası Məşədibəyov, Xalq artistləri Lütvəli Abdullayev və Bəşir Səfəroğlu bu uşaqlarla söhbət eləyiblər. Onların arasından Tapdıq rolunu oynamağa qadir ən diribaşı, çeviki, cəldi, yaxşı diksiyası, aydın fikirlər ifadə eləyən gözləri olan Şakir Həsənovu seçiblər. İki gün onunla məşq ediblər və Şakir Həsənovun oyunu onların xoşuna gəlib. Beləliklə, Şakir Həsənov 40 gün onlarla birlikdə Cənub bölgəsinin bütün rayonlarında qastrol səfərində olub. Müqtədir aktyorlar Nəsibə Zeynalova, Lütvəli Abdullayev və Bəşir Səfəroğlu deyirlərmiş ki, Şakir bu rolu heç də Yaşar Nuriyevdən pis oynamır. Cənub bölgəsindəki tamaşaçılar biləndə ki, belə məşhur aktyorlarla birlikdə tamaşada Tapdıq rolunu oynayan Masallıdandır, onu daha sürəkli alqışlarla qarşılayırmışlar...
Kollektiv qastrolu başa vurandan sonra Şakir Həsənovu da özlərilə Bakıya gətirmək istəyiblər. Şakir Bakıda həm məktəbdə oxuyacaqdı və həm də teatrın tamaşalarında uşaq rollarında oynayacaqdı. Amma Şakirin atası, o vaxtlar Cənub bölgəsinin sayılıb-seçilən ziyalılarından biri, bu bölgədə təhsilin inkifaşında əvəzsiz  xidmətləri  olan Mirzə Rəfi müəllim və anası, Cənubda ən ağır seyidlər nəslindən olan Mir Xatun xanım, Şakirin Bakıya getməsinə razılıq vermirlər. Çünki həmin vaxtı onların Bakıda heç bir qohumları, simsarı yox idi. 
Amma bu Tapdıq rolu ilə Şakir Həsənov Masallıda çox məşhurlaşır. Hamı ona “balaca artist” deyə müraciət edirdi. O vaxtı Masallı  Mədəniyyət evində olan Xalq Teatrı da Şakiri öz kollektivlərinə dəvət edir və ona tamaşalarda uşaq rolları verirdilər. Eləcə də Masallıda keçirilən mədəni-kütləvi tədbirlərdə Şakir Həsənov öz sinif yoldaşı, elə onun kimi istedadlı olan Bəhram Bəhramovla kiçik duet səhnəcikləri oynamaqla, tamaşaçılar tərəfindən maraqla qarşılanırdılar. Şakir teatr kollektivində məşğul olmaqla yanaşı, Masallı Pionerlər evində də tar sinifinə gedir və onun gələcəkdə yaxşı müsiqiçi olacağına da hamı inanırdı...

Şakir Həsənov orta məktəbi bitirəndən sonra böyük  qardaşı, vaxtsız dünyasını dəyişən Şaiqin tövsiyəsilə Azərbaycan Dövlət  Politexnik İnstitutunun “inşaat mühəndisləri” fakültəsinə daxil olur. Ailələri böyük olduğuna və atasına kömək etmək  məqsədilə qiyabi şöbədə təhsil almaqla Masallıda qalır. Elə bu vaxtı onu Masallı Mədəniyyət evinə bədii rəhbər təyin edirlər. O, burada çoxlu kollektivlər yaradır. Ən əsası isə, Şakir Həsənov kimi çox istadadlı insan olan Adil Səfərovla birlikdə Miniətür Teatrını yaradırlar. Hər ikisi həm rollarda oynayır, həm də tamaşalara quruluş verirdilər. Bax, bizim- Əməkdar artist, rəhmətlik  Baloğlan Əşrəfovla mənim  Şakir Həsənovla ilk tanışlığımız da həmin vaxtlardan başladı. Baloğlan və mən ilk dəfə olaraq həmin kollektivdə çıxış etməyə başladıq. Bizim teatr sahəsində ilk müəllimlərimiz də Adil Səfərov və Şakir Həsənov oldular. Baloğlan həm də Mədəniyyət evindəki xalq çalğı alətləri ansamblında qarmon çalırdı. 1966-cı ildə Şakir Həsənovu Mədəniyyət evinin direktoru təyin etdilər. Ondan sonra Şakir Rəfioğlu Masallı mədəniyyəti üçün daha çox işlər görməyə başladı. Həmin 1960-70-ci illər Masallıda həqiqətən də intibah dövrü sayılırdı. Belə ki, ədəbiyyat, təhsil, incəsənət, teatr, idman sahələrində Masallı rayonu  respublikada böyük uğurlar qazanırdı. Masallı rayon Mədəniyyət evinin kollektivləri Şakir Həsənovun rəhbərliyi ilə Cənub bölgəsinin bütün rayonlarında maraqlı proqramlarla çıxış edir və həmişə də sürəkli alqışlarla qarşılanırdılar. Şakir Həsənovun özünün çıxışı isə tamaşaçıların daha çox xoşuna gəlirdi. Həmin vaxtı reapublikanın aparıcı səhnə ustaları- SSRİ Xalq artistləri İsmayıl Dağıstanlı, Zeynəb Xanlarova, Xalq artistləri Nəsibə Zeynalova, Barat Şəkinskaya, Rübabə Muradova, Ağasadıq Gəraybəyli, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Həsnağa  Salayev, Əlibaba Məmmədov, Həsənağa Turabov, Canəli Əkbərov, Siyavuş Aslan, Hacıbaba Bağırov, Yalçın Rzazadə  və başqaları tez-tez  Masallıya  qastrollara gəlir və həmişə də tamaşaçılar tərəfindən maraqla qarşılanırdılar. O  vaxtlar Şakir Həsənov da rəhbərlik etdikləri Miniətür Teatrının kollektivi ilə onlarla  birlikdə çıxış edirdi və bu kollektiv də maraqla qarşılanırdı.
Həmin vaxtlar  Masallıda qastrolda olan Naxçıvan Dövlət Musiqili-Dram Teatrının və Gəncə Dövlət Dram Teatrının kollektivləri, teatr sahəsində təhsili olmasa da onu yüksək əmək haqqı ilə öz teatrlarında işləməyə dəvət etsə də, Şakir Rəfioğlu Masallını sevdiyinə görə həmin teatrlarda işləməyə getmədi. Amma 1970-ci ildə Masallıya raykom katibi işləməyə gələn birisi, Şakirin incəsənət sahəsində ali təhsili olmamasını bəhanə gətirib, onu Mədəniyyət evinin direktoru vəzifəsindən işdən çıxartdı. Şakir Həsənov Mədəniyyət evində işlədiyi üç ildə, teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu  istedadlı insanlar yetişdirmişdi. Sonradan bu insanlar respublikamızın  ən tanınan insanlarından oldular. Fəxri adlar aldılar. Hətta Şakir Həsənovun “şinelindən” çıxan insanlardan bəziləri müəllim, yazıçı, şair, həkim, hüquq işçisi, filologiya, pedaqogika üzrə elmlər doktoru, professor  olsalar da teatr sənətinə həmişə maraqları oldu. Özlərini Şakir Həsənovun yetirməsi bildilər.

Yuxarıda yazdığım kimi Şakir Həsənov həmin vaxtı Azərbaycan Dövlət Politexnik İnstitutun “inşaat mühəndisləri” fakültəsində təhsil alırdı. Ona olan bu haqsızlıqdan Şakir Rəfioğlu küsüb, tarını da qoltuğuna vurub, gənclər şəhəri olan Sumqayıta gəldi. Burada ən ağır iş olan betonçu işinə düzəldi. Az bir  vaxta onun savadını, təşkilatçılığını, ali məktəbdə təhsil aldığını görüb, onu iş icraçısı, sahə rəisi, baş mühəndis təyin etdilər. Bu xidmətlərinə görə Şakir Rəfi oğlu Həsənov SSRİ-nin əlaçı Əməkdar mühəndisi, Sumqayıt şəhər Sovetinin deputatı oldu. Çoxlu Fəxri Fərmanlara layiq görüldü. Nijni Novqorod şəhərində “Yüksək vəzifəli kadrların hazırlanması” institutunda  iki il təhsil aldı. Sonra Şakir Həsənovu Azərbaycanda böyük Nazirlik olan “ Xüsusitikintiquraşdırma”  naziri Telman Kazımovun əmrilə Sumqayıt “Termoizolyasiya” idarəsinə müdir təyin etdilər. Çox geridə qalan bu kollektivi Şakir Rəfioğlu az bir vaxtda respublikada tanıtdı. Müstəqillik illərində Şakir Həsənov bu təşkilatı özəlləşdirib, “Az.Termoizol” Açıq  Səhimdar Cəmiyyəti elədi. Bu kollektivlə çoxlu beynəlxalq səviyyəli layihələrin  iştirakçısı oldu. Bakı-Tiflis- Ceyhan neft kəmərlərinin çəkilişində uğurla iştirak elədi. İmişlidə Şəkər zavodunun qurulmasında, Sumqayıtda və Bakıda çoxlu kimya və neftayırma  zavodlarının əsaslı təmirində, Gəncə şəhərinin, Göy-cöl rayonunun quruculuğunda, Sanqaçal terminalının, Qaradağ Sement zavodunun və başqa yüzlərlə müəssisələrin  quruculuq işlərində “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyəti böyük uğurla iştirak elədi. Eləcə də MDB ölkələrinin, Almaniyanın, İngiltərənin, İtaliyanın, İspaniyanın, Fransanın xarici təşkilatları ilə müştərək  işlər gördülər. Bütün bu uğurlu  işlərilə Şakir Həsənov məmləkətimizə baş ucalığı gətirdi. Çoxlu mükafatlarla təltif olundu. Respublikada sayılıb-seçilən iş adamlarından biri oldu.
Şakir Rəfi oğlu Həsənov mühəndis və kollektiv rəhbəri kimi nə qədər böyük uğurlara imza atsa da, amma onun daxilində, ürəyinin sarı simində teatrla bağlı bir nisgil qaldı. Bu nisgil ömürünün sonuna qədər davam elədi...
Biz onunla hər görüşümüzdə yalnız teatr haqqında, teatrda çalışan aktyorlar və teatr tamaşaları ilə bağlı söhbətlər edirdik. Keçmiş illərə, onun Masallı Mədəniyyət evinə rəhbərlik etdiyi illərə, oynadığı rollara, quruluş verdiyi tamaşalara qayıdırdıq...
Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrında aktyor işlədiyim doqquz ildə və bu teatrın bədii rəhbəri-direktoru olduğum on il müddətində,  Şakir Həsənov həmişə bu teatrın tamaşalarının  ilk premyeralarına gəlirdi. Teatra rəhbərlik etdiyim vaxtı Şakir Həsənov həm də bədii şuranın üzvü idi və teatra lazım olan kimi maliyyə yardımı ilə köməklik edirdi. Hər tamaşadan sonra mənə maraqlı təkliflər verirdi. Bəli. Teatr sənətinin aşiqi Şakir Həsənov bu sənətin  ardınca getsəydi, ömrünün 50 ilindən çoxunu teatr sənətinə həsr edən, bu sahədə Azərbaycanda və Moskvada ali  təhsil alan, 140-dan çox tamaşaya quruluş verən, 40-dan çox rol oynayan mütəxəsis  kimi qətiyyətlə deyirəm ki, o, Xalq artisti olub, Azərbaycan teatr tarixində maraqlı rolların, obrazların  yaradıcısı kimi qalardı. 
Tale elə gətirdi ki, 2000-ci ildə mən Xalq artisti  Yaşar Nuriyevlə Şakir Həsənovu tanış elədim. Yaşar biləndə ki, onun “Toy kimindir?” tamaşasındakı Tapdıq rolunu Cənub bölgəsində məhz Şakir Həsənov oynayıb, ona marağı, məhəbbəti daha da artdı. O vaxt mən mətbuatda onların görüşü  və söhbətilə bağlı bir yazı da çap etdirdim. Yazı belə adlanırdı. “Tapdıq, Tapdığı tapdı”. Bu yazının başlığını da Yaşar Nuriyev mənə təklif elədi və bu maraqlı başlıqla Şakir Həsənov da, mən də razılaşdıq. Bu məqalə də bir neçə qəzetdə çap olundu və maraqla qarşılandı...
Bax, mart ayının 26-da biz Şakir Həsənovu son mənzilə yola salanda, Sumqayıt qəbiristanlığında torpağa tapşıranda bütün bu hadisələr bir kino lenti kimi gəlib mənim gözlərimin qarşısından keçirdi və tez-tez də kövrəlirdim. Həmin gün təbiət də Şakir Həsənovun, belə gözəl insanın itgisinə göz yaşı tökürdü. Çisgin yağış yağırdı... 
Mən  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalı  Zakir Fərəcova bütün ziyalılar və Şakirsevərlər adından öz təşəkkürümü bildirirəm. O, Şakir Rəfioğlunun dəfnini böyük izdihamla təşkil etmişdi. Axı Şakir Həsənov 50 ildən çox idi ki, bu  şəhərdə yaşayırdı və Sumqayıtın quruculuğunda böyük işlər görmüşdü və şəhərin inkişafında əlindən gələni edirdi. Sumqayıta çoxlu xarici ölklərdən özünün peşəkar işi ilə böyük mükafatlar gətirmişdi. Şakir Həsənov bu şəhərlə nəfəs alırdı. Hamı ona təkcə Şakir müəllim yox, həm də  “Ağsaqqal”,- deyə müraciət edirdi.
Şakir Həsənovun qəbri üstündə çıxış edən azadlıq mücahidi, demokratik fikirli, müstəqillik aktına imza atanlardan biri və müstəqil respublikamızın quruculuğunda əvəzsiz xidmətləri olan Mir Mahmud bəy Mirəlioğlu çıxış edərək belə dedi:           “ Mənim inkişafımda, bu mərtəbəyə gəlib çatmağımda Sumqayıt şəhərinin çoxlu xeyirxah  ağsaqqal kişilərinin  xidməti çox olub. Onlardan birincilərindən biri də Şakir Həsənov idi. Mən ona bir dost, böyük qardaş kimi çox borcluyam. Belə kişilər indiki zamanda çox azdır. Allah ona qəni-qəni rəhmət eləsin. O, həmişə mənim kimi yüzlərlə insanların qəlbində əbədi yaşayacaq”. Onun bu sözlərini qəbir üstə, dəfn mərasimində  olan insanlar baxışları, gözləri, başları ilə təsdiq etdilər.
Biz iyun ayının 15-də teatr sahəsində sevimli ilk müəllimim  Şakir Həsənovun 75 illik yubileyini qeyd etməyə hazırlaşırdıq. Sumqayıt şəhər rəhbərliyi də bununla bağlı planlar fikirləşirdi. Taleyin hökmünə bax ki, biz 87 gündən sonra onun yubileyini keçirməyə  hazırlaşdığımız vaxtda, mart ayının 26-da Şakir müəllimi son mənzilinə yola saldıq. Ən maraqlısı isə odur ki, mən bu yazını mart ayının 27-də Beynəlxalq teatr günündə yazıram... Şakir Həsənovun ən çox sevdiyi günlərdən birində.  Doğrudan da həyat maraqlıdı və bizim hələ də başa düşə bilmədiyimiz sirlərlə doludur...  Ey gidi dünya... Heyif sizdən əziz dostum, böyük qardaşım, müəllimim, hamımızın Ağsaqqal kimi dərin məhəbbtlə sevdiyimiz Şakir Rəfi oğlu Həsənov. Sizin bu dünyadan köçməyinizə hamı heyifislənir. Ən çox heyifislənənlərdən biri də Sumqayıt şəhərinin ağsaqqallarından biri, Prezidentin Fəxri təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, çox maraqlı şair, dəyərli ziyalı  Əşrəf Veysəllidir. O, özünün ürək ağrısı ilə bu bir bənd şeiri yazıb mənə göndərdi və dedi ki, elegiyaya əlavə edim.

Nə olsun gedənlər qayıtmır, gəlmir,
Yaxşı deyirlər ki, yaxşılar ölmür.
Harda məhəbbətlə adını çəksən,
Orda varlığını hiss edəcəksən.


Mən də bu elegiyanı həmin şeirlə bitirirəm əziz müəllimim. Onu da vurğulayım ki, sizin yeriniz həqiqətən də behiştlikdir. Çünki siz həmişə insanlara əlinizdən gələn yaxşılıqları edibsiniz.  Doğrudan da əsl ağsaqqal olubsunuz. Atanız Mirzə Rəfi müəllimin  ağsaqqal kimi  Masallıdakı yolunu davam etdiribsiniz. Ən böyük şərəf xalqın rəğbətini qazanmaqdır. Atanız da, siz də həmin rəğbəti qazanmışdınız. Dahi Siseron deyib ki, “ ən böyük gözəllik təmiz vicdandır”. Siz də təmiz vicdanınızla, xeyirxah  əməllərinizlə  uca zirvəyə qalxmışdınız. Uca zirvəniz, son mənziliniz  qəbiristanda, yolun kənarındadır. Bundan sonra sizin ruhunuz  bura, bu müqəddəs yerə gələnləri  görəcək və salamlayacaq. İnsanlar da sizi həmişə ziyarət edəcək. Hamı da bu sözləri deyəcək: “Allah sizə qəni-qəni rəhmət eləsin Sumqayıtın sayılıb-seçilən ağsaqqallarından  biri olan Şakir Rəfi oğlu Həsənov”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
 yazıçı, rejissor, jurnalist

Sumqayıt şəhəri.
27 mart 2022-ci il


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar