Abşeron rayonunda yerləşən “Kəpəz–M” Mənzil Tikinti Kooperativlərindən (MTK) ev alan vətəndaş mənzilinin digər şəxsə də satıldığını deyir.
Manevr.az-ın məlumatına görə, şikayətçi Hüseynağa Heydərov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Kəpəz-M” MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti 596 ünvanında yerləşən binadan üç mənzil alıb. Üç mənzildən ikisi üç otaqlı, biri isə bir otaqlıdır. Ümumilikdə vətəndaş bu mənzillərə görə şirkətin nümayəndəsinə 157 min manat ödədiyini deyir. Onun sözlərinə görə, şirkətə yalnız bir otaqlı mənzil üçün 20 min AZN borcu qalıb.
Hüseynağa Heydərov iddia edir ki, ödənişi şirkətin satış təmsilçisi Tamerlan Tağıyevə şəxsən ödəyib: “Hazırda məndə yalnız bir evin (56 saylı mənzil) çıxarışı var. Digər mənzillərə (10 və 39 saylı mənzillərə) dair isə müqavilə və maliyyə arayışlar var. Çıxarışı olan evim MTK tərəfindən başqa adama satılıb. Həmin şəxs qapını sındıraraq mənzilə başqa qapı qoyub və hazırda orda yaşayır. O, şəxs bildirir ki, onun əlində bu mənzilin alınmasına dair müqavilə var. Bu şəxs “Kəpəz – M” MTK-nın işçisidir. Maraqlı məqam odur ki, həmin şəxs digər evi məhz 56 saylı evin üstündə, 12-ci mərtəbədədir. Deməli, 2020-ci ilin sonunda biz evi almışıq, onu təmir etmişik, bütün prosesləri görmüşük. Guya bu adam, bizdən qabaq 2019-cu ildə alıb. Əgər elədirsə, niyə həmin şəxs bir dəfə də olsun təmir gedən vaxtı gəlib bizdən burada nə etdiyimizi soruşmur? Çox absurd vəziyyətdir. 10 saylı mənzildə təmiri demək olar ki, bitirmişdik, artıq ona da çıxarış alırdıq”.
Şikayətçinin sözlərinə görə, 2021-ci ilin aprel ayında ona bu mənzilin Tamerlan Tağıyev tərəfindən, şirkətin xəbəri olmadan satıldığı deyilib: “Şirkət də ondan şikayət edib və hazırda Tamerlan Tağıyev həbsdədir. Məhkəmə prosesləri zamanı Tamerlan Tağıyev özü də məndən pulu aldığını, onu şirkətə – Kəpəz MTK-ya verdiyini etiraf edir. Şirkət öz növbəsində qeyd edir ki, məsələdən xəbəri yoxdur. O, şirkətdən xəbərsiz evi satıb, pulları cibinə qoyub və xərcləyib. Mən öz izahatımda, ifadəmdə bildirmişəm ki, yaranmış vəziyyətdə günahkar “Kəpəz – M” MTK-dır. Tamerlan Tağıyev sadəcə oranın işçisidir. Şirkət ona bütün səlahiyyətləri verib, sayğacların quraşdırılması, onlara nəzarət, şirkətin möhürü, ipoteka kreditini rəsmiləşdirmək üçün etibarnamə də onda olub. İndi isə şirkət deyir ki, mən bu şəxs barədə heç bir məsuliyyət daşımıram.
MTK-ya məxsus binada 8 mənzillə bağlı eyni vəziyyət yaşanır. Ümumilikdə, Tamerlan Tağıyev yarım milyona yaxın məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur”.
H. Heydərov eyni zamanda iddia edir ki, adıçəkilən MTK sabiq deputat Mahir Aslanova məxsusdur. Onun dediyinə görə, məsələ ilə bağlı hətta Mahir Aslanovla şəxsən görüşüb: “O, mənə hazırda istintaqın getdiyini, yalnız istintaq bitikdən sonra nəsə edə biləcəyini bildirdi”.
Səsləndirilən iddialarla bağlı MTK-nın direktoru Rəşid Quliyevlə əlaqə saxladıq. O, evlərin şirkət tərəfindən satılmadığını deyib: “MTK olaraq biz o mənzilləri satmamışıq. Hazırda bu işlə bağlı istintaq işi aparılır. İstintaq getdiyinə görə, mən bu barədə çox danışa bilməyəcəm”.
Rəşid Quliyev həmçinin qeyd edib ki, Tamerlan Tağıyev bir müddət əvvəl “Kəpəz M” MTK-nın satış təmsilçisi olub.
Məlumat üçün bildirək ki, bu iş üzrə Bakı Ağır Cinayətlər məhkəməsində çərşənbə günü növbəti proses baş tutub. Şirkətin təmsilçiləri ötən dəfə olduğu kimi, bu həftə də məhkəmə iclasına qatılmayıblar. Hakim Azad Məcidov şifahi şəkildə şirkətin vəkilindən növbəti iclas zamanı şirkətin direktoru Rəşid Quliyevin iştirak etməsini tələb edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar