Xəbər lenti
Ramiz Mehdiyevin kitablarını kimlər yazırmış? - SİYAHI
Manevr.az-ın məlumatına görə, Gundem.az-ın elektron ünvanına özündə AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin çoxsaylı elmi məqalələrinin başqaları tərəfindən qələmə alınmasını əks etdirən yazı göndərilib.
Həmin məqaləni olduğu kimi təqdim edirik:
Məşhur ingilis şairi Uilyam Bleyk həqiqətin uydurulmuş bütün yalanlardan daha amansız olduğunu deyirdi.
AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyev haqqında son günlər səsləndirilən həqiqətlərin onun bu vaxtadək danışdığı bütün yalanlardan daha amansız olması da mərhum şairin deyimini bir daha təsdiqləmiş oldu.
Dünən Ramiz Mehdiyev AMEA-nın prezidentliyi vəzifəsindən istefa verdiyini elan etdi. AMEA-nın keçmiş prezidenti istefasına əsas səbəb kimi "evdə oturub kitab yazacağını” bildirdi. Siyasi karyerası rəsmən sona çatan Ramiz Mehdiyevin açıqlaması haqlı olaraq onun akademik karyerasının yenidən gündəmə gətirilməsinə səbəb olub.
Son günlərdə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı da verdiyi müsahibədə olduqca önəmli bir məqama toxunmuşdu. Həmkarına müraciət edən institut direktoru "Ramiz Mehdiyevin kitablarını kim yazıb?” sualı ilə oxucularda ciddi şübhələr yaratdı.
Məlumdur ki, Ramiz Mehdiyev siyasi karyerası ilə yanaşı ictimaiyyət arasında elm xadimi kimi də tanınır. Onun yazdığı onlarla elmi əsər bu gün hələ də bir çox universitetlərdə dərs vəsaiti kimi istifadə olunur.
Lakin uzun illər siyasi proseslərin içərisində olan və demək olar ki, "başını qaşımağa vaxtı olmayan” akademikin bu qədər elmi əsər yazması qəribə görünür. Bu yaşına qədər siyasi fəaliyyətindən və idarəçilik ambisiyasından əl çəkməyən qocaman akademikin özünü cəmiyyətdən təcrid edərək elmə, kitaba yönəlməsini düşünmək elə də inandırıcı görünmür.
Ramiz Mehdiyev kitab istehsal edir?
Bu baxımdan Akademiya daxilində Ramiz Mehdiyev haqqında səsləndirilən bəzi iddialar bu şübhələrimizdə haqlı olduğumuzu deməyə əsas verir. Ramiz Mehdiyev özünü dünya tarixində eyni anda həm görkəmli elm xadimi, həm də peşəkar siyasətçi olmağın ilk nümunəsi hesab etsə də, reallığın bu cür olmadığı aydındır. Almaniyanın keçmiş kansleri xanım Merkelin fizika kitabına ön söz yazdığını təsəvvür edirsinizmi?!
Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş şəxsin elmi karyerasından çox siyasi karyerasını önəmsədiyi aydındır. O zaman ortaya belə bir sual çıxır: Bəs bu qədər elmi əsərin müəllifi kimdir?
Məlumatlara inansaq, Ramiz Mehdiyevin müəllifliyi ilə 23 il ərzində 32 kitab nəşr olunub. Bu hər il ən azı (!) 1 kitabın işıq üzü görməsi deməkdir.
Sual edə bilərik, Ramiz Mehdiyev hər il bir "samballı” əsər yazmağı necə bacarıb? Yoxsa, 24 saat dövlətin taleyini düşündüyünü iddia edən Ramiz Mehdiyevin əvəzinə bu əsərləri kimlərsə yazıb?
Sadə hesablama ilə hər yarım ildə bir kitab ərsəyə gətirdiyi məlum olan Ramiz Mehdiyevin qəribə şəkildə çoxsaylı akademik və ictimai-siyasi məqalələri də mövcuddur.
Akademikin hətta hər iki əli ilə yazmağı bacaran Leonarda Da Vinçinin belə çatması mümkün olmayacaq bu "uğur”u necə əldə etdiyi həqiqətən müəmmalıdır. Səsləndirilən iddialar və bu suallar ətrafından apardığımız araşdırmalar Ramiz Mehdiyevlə bağlı gizlin qalan bəzi məqamları ortaya çıxarmağa imkan verir.
Ramiz Mehdiyevin "yazarlar” şəbəkəsi
Ramiz Mehdiyevin sitat gətirməyi çox sevdiyi Samuil Conson qeyd edir ki, "yazarına əziyyət verməyən kitab, oxuyucusuna da zövq verməz”. Elə Ramiz Mehdiyevin əziyyətsiz dünyaya gətirdiyi əsərləri də yazarından çox başqalarına əziyyət verənə oxşayır. Ramiz Mehdiyevin əsərlərinin müəllif hüquqları ilə bağlı araşdırmamız nəticəsində müəyyən etdiyimiz ilk şəxs hazırda Dövlət İdarəçiliyi Akademiyasının prorektoru, Ramiz Mehdiyevlə qohumuluq münasibətləri olan professor Əlikram Abdullayevdir.
Qeyd edək ki, Ramiz Mehdiyev 2020-ci ilədək DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini icra edirdi. Əlikram Abdullayevin də bu kaferda çalışdığı məlumdur.
Vaxtı ilə Azərbaycan Dillər Universitetinin baş elmi işçisi olmuş, siyasi elmlər üzrə fəlsəfə doktoru və dosent Eldar Əmirovun da adı Ramiz Mehdiyevin əsərlərinin müəllifləri sırasında çəkilir. 2013-cü ildən etibarən Ramiz Mehdiyevin müəllifi olduğu kitab və məqalələrin əksəriyyətinin məhz Eldar Əmirov tərəfindən yazıldığı məlumdur. Eldar Əmirov Ramiz Mehdiyevə adi edilən azərbaycan və rus dillərində məqalə və kitabların əsas mətnlərini yazır, daha sonra həmin məqalə və kitablar Azərbaycandan və ya Rusiyadan cəlb edilmiş mütəxəssislər tərəfindən təkmilləşdirilirdi.
Ramiz Mehdiyevin istefasından dərhal sonra həbs olunan Eldar Əmirov "akademikin” çıxışlarının mətnini hazırladığı, onun adından yayımlanan məqalələrin müəllifi olduğu bildirilir. Belə ki, Ramiz Mehdiyevin 2015-ci ildə çap olunan "Tarixi idrakın elmiliyi problemlərinə dair” və "Dünya nizamından nizamsızlığa doğru” əsərlərini əslində Eldar Əmirov tərəfindən yazıldığı məlumdur.
Ramiz Mehdiyevin məqalələrini və kitablarını yazan şəxslər arasında daha iki nəfərin Tələt Nəcəfəliyev və Ərəstun Mehdiyevin də adları çəkilir. AMEA-nın əməkdaşlarından olan Tələt Nəcəfəliyev "akademikin” tarixlə bağlı bəzi əsərlərinin, xüsusilə məqalələrini yazan şəxs olduğu qeyd olunur. Ərəstun Mehdiyev isə 2019-cu ilədək Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin (Əli Həsənovun) müdir müavini vəzifəsini icra edib.
Ramiz Mehdiyevin müttəfiqləri kimlərdir?
Vəzifədə olduğu dövrdə o, Ramiz Mehdiyevin adından bir sıra kitabların, o cümlədən mətbuatda dərc olunan ictimai-siyasi yazıların, KİV və TV-lər haqqındakı tənqidi məqalələrin ("Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”, 2009) yazılmasını təşkil edən əsas şəxslərdən biri olub. Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılması ilə onun müavini, həm də tələbə yoldaşı olan Ərəstun Mehdiyev də tutduğu vəzifədən azad edilib. Hazırda bu şəxslər arasında münasibətlərin əvvəlki qaydada davam etdiyi istisna edilmir.
2008-ci ildə Ramiz Mehdiyevin "müəllifi” olduğu "Demokrasiye giden yol” adlı kitab Türkiyədə Diyalog Avrasiya Dərnəyi tərəfindən və Əli Həsənovun köməyi ilə çap olunub. Dialoq Avrasiya Dərnəyi eyni zamanda Fətullah Gülənin kitablarının çap olunmasında və tədbirlərinin təşkilində mühüm rol oyanmış təşkilatdır. Qeyd edək ki, bu dərnək tərəfindən təşkil olunan tədbirlərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun da müntəzəm olaraq iştirak etdiyi də məlumdur.
Adı çəkilən şəxslərlə yanaşı hazırda parlamentdə təmsil olunan bir sıra millət vəkillərinin və bəzi məmurların da Ramiz Mehdiyevin akademik karyerasına töhfələr verdiyi, AMEA Dilçilik institutunun əməkdaşların Ramiz Mehdiyevin sifarişi ilə yazılan kitabların ərsəyə gəlməsində xüsusi xidmətlərinin olduğu da məlumdur.
Sadalanan məqamlar Ramiz Mehdiyevin tabeliyində olan və ya yaxşı əlaqələri malik olduğu şəxslərdən elmi əsərlərinin və məqalələrinin yazılmasında faydalandığını sübut edir. Tabeliyindəki "yazar şəbəkəsini” və təsir imkanlarını itirən Ramiz Mehdiyevin gələcək kitablarını kimə yazdıracağı isə olduqca maraqlıdır.
Görəsən qürubunu yaşayan akademik üçün kimsə yenidən qələmini əlinə alacaqmı? Vəzifə və pul qarşılığında kitab yazanlar bu dəfə şəxsi "hörmətə” xidmət edəcəklərmi?
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar