Xəbər lenti
Nadir İsrafilov: “Kitab bağışlamaq ənənəsi indi də var, ancaq...”
Bu, artıq əvvəlki mahiyyətini daşımayıb, daha çox kiminsə öz kitabını reklam etmək məqsədi ilə avtoqraf verməyə xidmət edir.
Sən demə, Beynəlxalq Kitab Bağışlama Günü — 14 fevral 2012-ci ildə ABŞ-da məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb. Dünya əhalisi bu günü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır. Halbuki, biz hələ ötən əsrin 60-70-ci illərində orta məktəb şagirdi və ali məktəb tələbəsi olarkən, sinif və qrup yoldaşlarımıza onların doğum gününündə ən qiymətli hədiyyə olaraq kitab bağışlayırdıq. Düzdür, kitab bağışlamaq ənənəsi indi də var. Ancaq, bu artıq əvvəlki mahiyyətini daşımayıb, daha çox kiminsə öz kitabını reklam etmək məqsədi ilə avtoqraf verməyə xidmət edir.
Amerikan filosofu və yazıçısı Henri Devid Toronun “Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar” fikri ilə tanış olmağım isə, bir anlığa, heç vaxt yadımdan çıxmayan orta məktəb illəri ilə bağlı bəzi xatirələrimi gözümün önündə canlandırdı.
Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib, lakin hər birindən lazimi dərsi ala bilməmişik, sadəcə onun tədis etdiyi fənni üzrə proqram materialını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, onlar bizə təkcə bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər. Uzun illər keçməsinə baxmayaraq, bu gün də onların bir qismi xatirəmizdə işıq kimi, digər müəyyən qismi kölgə kimi əks olunur.
İbtidai təhsil pilləsini başa vurub, o vaxtlar əsas təhsil adlandırlan təhsilin ikinci pilləsinə – V sinfə qədəm qoymuşduq. Bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən orta yaşlı bir qadn müəllimə sinfə daxil olaraq, sanki salam verməyi belə unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən cizgilər çəkib, 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1.Sıra nömrəsi; 2.Əsərin adı; 3.Əsərin janrı; 4. əsərin müəllifi; 5.Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə qrafalara doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı.
Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir “taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik.
O vaxtlar ən ucuz qiymətə məhz kitablar satılırdı. Elə bir ev olmazdı ki, orda o zamanlar “etajerka” adlanan kitab rəfi olmasın. Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də durur. Gərək bir gün araya salıb, oxuduğum kitabların dəqiq sayını hesablayım.
Mark Tvenin bir sözü var: “ Mənim kitablarım – su; dahilərin kitabları – şərab. Suyu hər kəs içir.” Region müəlliminin adi stimullaşdırıcı bir metodu bizi uşaqlıqdan kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim təkcə dərs deyən deyil, həm də dərs verəndir.
Dövr dəyişib, yüksək texnologiyalar əsrində yaşayırıq. onlayn və ya offlayn rejimdə kompüter, planşet, mobil telefon diktəsinin əsiriyik. Ancaq, istəsək də, istəməsək də, müasir dünyanın böyük mütəfəkkirlərindən sayılan Umberto Eko ilə də razılaşmalıyıq: "Cəhd edib yarım saat hansısa romanı kompüterin ekranından oxuyun. Gözləriniz iki tenis şarına çevrilər. Kompüter elektrikdən asılıdır: ondan vanna otağında, yaxud divanda böyrü üstə uzanıb istifadə etmək olmaz. Kitab daha çevik alətdir".
Nadir Israfilov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar