Manevr.az xəbər verir ki, bu barədə "report"a onun vəkili Telman Talıbov bildirib.
O qeyd edib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Məhkəmənin ilkin baxış iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq "iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.
A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.