Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qardaşının ölümünü ondan gizlədilər, həkimlər övlad qadağası qoydu, “Ağlama, Zaur” şeirini yazdı - Anar Təhminəni onun həyatından götürmüşdü?

Tarix: 26-12-2021 11:22     Baxış: 3257 A- / A+



Manevr.az kulis.az-a istinadən şairə Nurəngiz Gün haqqında maraqlı faktları təqdim edir.
Əslən Ərdəbildən olan Nurəngiz Quliyeva 21 sentyabr 1938-ci ildə Bakı şəhərində dünyaya gəlib. Ailədə üç bacı, üç qardaş olublar.

***
Ana babası Mirzə Ələkbər Əfəndi Hacızadə dövrünün məşhur həkimi olub, kimsəsiz insanlara əl tutub. Görkəmli dramaturq Hüseyn Cavidin yaxın dostu Mirzə Ələkbər Əfəndi 1937-ci ildə "pantürkist" damğası ilə repressiya olunub. 

Nurəngiz Günün gəncliyi

O, orta məktəbi bitirəndən sonra 1 saylı Bakı Tibb Məktəbinə daxil olur. Buranı başa vurandan sonra isə İncəsənət universitetinə daxil olur. Azərbaycan Televiziyasının ilk diktorlarından biri kimi fəaliyyət göstərir, populyar verilişlərin aparıcısı kimi tanınır. 1979-cu ildən sonra o, böyük ədəbiyyata yazıçı kimi "Tanrı bəşər övladıdır" povesti ilə gəlir.
***
Ailəsindəki itkilər Nurəngiz Günü gənc yaşlarından haqlayır. Əvvəl atasını, daha sonra isə anasını və qardaşını itirir.
***
Bir müddət işlədikdən sonra o, televiziyadakı işindən könüllü ayrılır. İncəsənət universitetində müəllim kimi fəaliyyətə başlayır.

Nurəngiz Gün qızı Jalə ilə

1965-ci ildə 27 yaşında televiziyada musiqi verilişlərinin redaktoru kimi fəaliyyət göstərən Fazil adlı insanla tanış olur. Bir-birlərini bəyənən bu iki insan ailə qururlar. 1966-cı ildə Nurəngiz xanımın qızı Jalə dünyaya gəlir. Nurəngiz Günün ürəyində ciddi problem yarandığı üçün həkimlər ona növbəti dəfə ana olmağı qəti şəkildə qadağan edirlər.
***
Bu haqda qızı Jalə Əliyeva müsahibələrinin birində deyir:
"Anamın hələ gənc yaşlarında ürəyində problem var imiş. Həkim ona ikinci uşağı dünyaya gətirməyə qadağa qoyubmuş. Onun üçün mənim qardaşım və bacım olmayıb... Uşaq idim, bir gün evdə təsadüfən eşitdim ki, xəstəlik anamı hər an əlimizdən ala bilər. Çox qorxmuşdum. Uşaqlığım onu itirmək qorxusuyla keçdi. Hər an səksəkədə idim. 16 yaşımda ad günümü qeyd eləyəndə mənə bir fransız ətiri hədiyyə elədi. Çox qəribədir ki, mən o ətiri evdə uşaqlığımdan bəri görürdüm, amma anam o ətirə yaxın qoymurdu məni. Sən demə, onun içində sirr varmış. Ürəyində ciddi xəstəlik olduğunu eşidəndə bu ətirin üstünə yazıb ki, "Jalim, böyüyüb gənc qız olanda bu ətiri vurarsan. Anan bunu sənə 16 yaşın münasibəti ilə hədiyyə edir". Hesab edib ki, o zamana qədər yaşamayacaq".

Gənclik

Deyilənə görə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanı Təhminənin prototipi Nurəngiz Gün olub. Şairə "Ağlama Zaur, ağlama" adlı şer də yazıb. Sağlığında bu barədə müsahibələrinin birində deyir:
"Anar məni diktor kimi tanıyırdı. Ola bilsin, mənim danışıq tərzim, ifadələrim onun yadında qalıb. Təhminə də diktor idi. Onun əsərdə yaşadıqları isə heç uyğun deyil mənim həyatımla. Açığını deyim ki, Anar əsəri çox güclü yazıb. Rejissor işi isə alınmayıb. Yəni bu filmi çəkə bilməyiblər. Təhminənin iç dünyası gözəl idi. Filmdə isə onun etdiyi hərəkətlər, vərdişləri mənə yaddır. O, mənə necə oxşaya bilər axı? Getdi içdi, həyatını itirdi. Mən isə ana südündən başqa ancaq su içmişəm. Onu yazan bilir ki, kimin həyatını qələmə alıb. O əsərdə həyatı qələmə alınan adam ölüb".

Qızı Jalə Əliyeva ilə

Nurəngiz Gün şair təbiətli, özünə qapanan, insanlarla ünsiyyətə o qədər də açıq olmayan insan olub. Müsahibələrinin birində deyir: "Bir gün qardaşımın oğlu bizə gəlmişdi. Divarlardakı portretlərə baxıb dedi ki, bibi, sənin evin ölülər qalereyasıdır? İtirdiyim əzizlərimin hamısının portretlərini düzmüşəm evin divarlarına. Mənim üçün bu portretlər ölülər yox, dirilər qalereyasıdır. Bir dəfə isə qızım Jalə hönkür-hönkür ağladı, dedi, ana, sən nə vaxta qədər evdə oturacaqsan. Ancaq mən evdən çıxmasam da, vaxtımı boş keçirmir, ciddi mütaliə ilə məşğul olurdum".
***
Mehriban və həlim xasiyyətli Nurəngiz Gün həmçinin çox mühafizəkar biri olub. Xüsusilə qızlara qarşı tələbkar olan şairə "Qızın səsi bərk çıxmaz, hər şeyə gülməz, bir kənarda sakit oturub dinləyər" kimi fikirlər səsləndirirmiş. 65 illik yubileyi keçiriləndə danışmaq üçün qızına söz verilir. Bu zaman o, təəccüblə qızına baxır. Bu o demək idi ki, qızı heç vaxt o olan yerdə danışmaz, fikir bildirməzdi, indi isə birdən-birə öz anası haqqında danışacaqdı.

Nurəngiz Gün artıq tanınmış şair idi

Deyilənlərə görə çox elitar zövq sahibi bir insan olub. Evində heç vaxt bahalı, büllur qab-qacaq dəsti olmayıb. Evini çay daşları, balıqqulaqları, hardansa tapıb gətirdiyi maraqlı təbiət əşyaları ilə bəzəməyi sevib.
***
Nurəngiz xanımın ürəyi xəstə olduğu üçün ailədə və yaxın ətrafda baş verən pis hadisələri ondan gizlədirmişlər. Hətta bir dəfə o, bacısı ilə xarici ölkədə səfərdə olanda ondan yenicə dünyasını dəyişmiş qardaşının ölümünü belə gizlədirlər. Qızı Jalə qohumlarına tapşırır ki, bu barədə anama heç kim məlumat verməyəcək. Mən bir gündə evimdən üç tabut çıxara bilmərəm. Nurəngiz xanım qardaşının xəbərini onun ölümündən iyirmi gün sonra Bakıya qayıdanda qardaşıgilə getmək istəyəndə xəbər tutur. Qızı ona deyir, istəyirsən məni döy, söy, övladlıqdan çıxar, amma mən bunu etməliydim. Dayım artıq həyatda yoxdur. Heç hara getmə.

1990-cı ildə çap olunan "Günəşə dua" şeirlər kitabı

Bu əhvalatın üzərindən bir həftə keçəndən sonra o, gəlib qızını qucaqlayıb, öpüb deyir, mən bilirəm sən bunu nə üçün etmisən, sənin qeyrətinə, ana istəyən canına qurban olaram. Sən məni qorudun, ömrümü uzatdın.
***
Ömrünün son illərində şairənin böyrəkləri ona əziyyət verir. Həyəcanlanmaması üçün qızı ondan xəstəliyini gizlətməli olur. O, hər dəfə qızından həkimə nə üçün getdiklərini soruşanda qızı ona müxtəlif yalanlar deyir, sakitləşdirməyə çalışır. Nurəngiz xanım isə bu yalanlara uşaq məsumluğu ilə inanırmış.
***
Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar