Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Eyruz Məmmədovun “İyirmi ilin tarixçəsi”

Tarix: 17-12-2021 09:47     Baxış: 3288 A- / A+
                                           Eyruz Məmmədov

Sumqayıt şəhəri 1949 – cu ildə şəhər statusu alsa da, onun bünövrəsi 1930-cu illərin ortalarında qoyulmuşdu. Burada yerli əhali ilə yanaşı, “zek”lərdə işləyirdi. Müharibədən sonra alman əsirlərini də Sumqayıtda fəhlə qüvvəsi kimi istifadə edirdilər.
Yazıçı Eyruz Məmmədov 1936-1956-cı illəri əhatə edən “İyirmi ilin tarixçəsi” adlı roman yazmışdır. Əsərdə iyirmi il ərzində Sumqayıtda baş verən hadisələr, abu-hava, ictimai mühit, kriminal aləmin və sairənin cinayət əməlləri qələmə alınmışdır.
Həmin romandan bir parçanı oxucuların diqqətinə çatdırırıq.

***
...Alman əsirləri üçün ayrıca barak ayrılmışdır. Onlara gündə iki saat fasilə verməklə 10 saat iş rejimi müəyyən edilmişdir. Bazar günü istirahət edirdilər. Bəziləri iki-bir, üç-bir barakın ətrafında gəzişir, bəziləri yerli əhalinin qıyqac baxışlarından çəkinib, elə barakdaca dincəlir, bəziləri onlara yaradılan kitabxanadan istifadə edirdilər. Yay aylarında isə hərdən NKVD-çilərin nəzarəti altında dənizdə çimib sərinləyirdilər.
Əsirlər arasında da fikir ayrılığı mövcud idi, çox vaxt mübahisə edir, bir-birini lənətləyirdilər. Narazılığını daha çox bildirən isə təxminən 40-45 yaşlı uca boylu, sarışın, qalındodaqlı, saçı dibindən qırxılmış, son dərəcə eybəcər adam kimi görünən Valter idi.
-Daha yorulmuşam. İşləmək istəmirəm,- deyə, sanki günahsız olduğunu, yerdə qalanların isə günah içində bulunduğunu söyləmək istəyirdi.
60 yaşlı Henrix əsirlərin arasında ən hörmətlisi idi. Onun sözünə qulaq asır, məsləhəti ilə oturub-dururdular. Çox nizam-intizamlı idi. Səhlənkarlığı, məsuliyyətsizliyi həmişə qamçılayırdı. Hamı ilə asta danışırdı, onu başa düşməyəndə isə səsinin tonunu qaldırmağa məcbur olurdu. Bu səfər asta səslə dedi:
-Eyni sözləri təkrar edib, özünü yorma.
Valter hiddətini gizlədə bilmirdi, sərt baxışlarını ona zilləyib dedi:
-İşləmək istəmirəm, vəssalam. Bu, kommunistlərə işləməyi qüruruma sığışdırmıram. Məndən olsa hamısını güllələyərəm.
Henrix bir anlığa fikirləşdi, əllərini stolun üstünə qoyub, barmaqlarını tez-tez əsəbi halda tərpədərək, səsini yüksəltdi və soruşdu:
-Hitler kimi. Amma hamısın güllələyə bilmədi. Özünə sui-qəsd etdi.
-Hitler almanların atası olub. Nə tez unutdunuz? – Valter acıqlı-acıqlı dedi. Onun boğuq səsində qəzəb və nifrət vardı, sanki əsir düşdüyünə görə, özünü təhqir sayırdı, sovet ordusu tərəfindən ifşa olunaraq, sağ-salamat qalmasını rusların mərhəmətində yox, özünün ölümdən qorxmadığını, bununla da, Hitler siyasətinə sadiq olduğunu bildirmək istəyirdi.
Henrix həyəcanını bildirərək dedi:
-Düz deyirsən, atası olub. Amma ata kimi, öz övladlarını müdafiə edə bilmədi, güllə qabağına verib qırdırdı. Almanlar da bütün dünyada bir millət kimi hörmətdən düşdülər.
Valter sözündə israr edirdi:
-Yox, Almaniya hələ ölməyib. Ola bilsin, bu gün onu ölmüş bilirlər, lakin unutmasınlar ki, biz məğlub olmamışıq. Bu, qələbəmizin başlanğıcıdır. 20 ildən, 30 ildən sonra üçüncü reyx dirçələcək və yenidən dünyaya ağalıq edəcək.
-Hitlerin faşist ideologiyası alman xalqını 20-30 il, bəlkə də 50 il geriyə atdı. – Henrix bunu qəzəbli şəkildə dedi.
-Biz dirçələcəyik, dirçələcəyik, - Valter hirsindən əlini stula çırpdı. Stolun üstündə içi su dolu qrafin aşıb, döşəməyə düşərək sındı, su ətrafa yayıldı.
-Valter! – Henrix ayağa qalxıb ucadan qışqırdı: - Sən həddini aşırsan. Biz burada əsir olsaq da şikayətə əsasımız yoxdur. Əməyimiz ağırdır, doğrudur, bununla belə, gündəlik azuqəmizi verirlər. Xəstələrimizi müalicə edirlər.
-Başlarına dəysin onların bizə verdikləri çörək. Sən öz canını kommunistlərin əlindən qurtulmaq üçün canfəşanlıq göstərirsən, gözlərindən isə duyuram ki, kommunistlərə nifrət edirsən. Təkcə sən yox, burada olanların hamısı onlara nifrət edir. Elə bilirsən ki, bizi burada kölə kimi işlətməklə, sonralar əməyimizi qiymətləndirib, Almaniyaya gül-çiçəklə yola salacaqlar? Ay-hay. Bu, kommunist ideologiyasıdır. Onun sərt qanunları var. Taqətdən düşəndən sonra səni də, məni də, hamımızı Sibirə sürgün edəcəklər. Başa düşürsən? Düz Sibirə. Sən isə hələ də Almaniyanın xəyalları ilə yaşayırsan. Bura ölüm düşərgəsidir, hansısa bir şəhərin salınması deyil.
-Hər halda “Osvensim”ə atıb yandırmırlar? Nə tez unutdun? Həmin əsirlər də, bizim kimi adamlar idi. Onların nə günahlar vardır ki, peçdə yandırılsınlar? Hə? Deyəsən yaddaşından belə şeylər silinib. Amma bu, tarixdir, unudulmayacaq və bizi bu vəhşiliyə, qəddarlığa görə bağışlamayacaqlar, həmişə lənətləyəcəklər. Daxilimizdə icma yaratmışıq. Öz qayda-qanunlarımıza ciddi riayət edirik. Bu, sənə də aiddir. Ayrı-seçkilik yoxdur. Sən gündə ağ çörək yeyirsən, səninlə qonşu briqadada çalışan azərbaycanlıya isə qara çörək verirlər. Yadında saxla, əgər işləməsən, gündəlik normanı yerinə yetirməsən, icmanın sənə qarşı cəzası ağır olacaq.
-Mən heş kimdən qorxmuram və çəkinmədən hamının yanında “Xay Hitler” deməyə hazıram.
-Öz cəzana özün imza atırsan!
-Kommunistlərə inanmayın, - Valter ona qulaq asan əsirlərə üzünü tutub dedi: -Sosialistlərin nəzəriyyəsi təhlükəli və zərərlidir. İnsanların əlehinədir. Elə rusların özünə qarşı da. İnanmayın, işdən imtina edin. Hamımız bir yerdə olsaq, bizi bütövlükdə Sibirə göndərə bilməyəcəklər. Hüququmuzu tələb etməliyik.
Bu vaxt Gerd ona yaxınlaşdı. Bu, alman zabiti idi. Təxminən 50-55 yaşı olardı. Bir neçə il “Gestapo”da çalışmışdı. Əməliyyatların birində ifşa olunmuş və həbs edilmişdir.
-Bura bax Valter, nə sayıqlayırsan? Sağ qalmısan, Allahına şükür etməlisən. Mən də sənin kimi üçüncü reyxin qələbəsinə inanırdım. “Gestapo”da işləsəm də, ixtisasca tarixçiyəm. Nə Roma imperiyası, nə Çingizxan, nə Napaleon, nə Osmanlı imperiyası öz ideyasını dünyaya yeridə bilməyiblər. Hamısı dağılıb, bu təsadüf deyil, bu tarixi zərurətdir. Mən də almanam, qanımdan alman qanı axır. Müharibəyə gedəndə 4 uşağım vardı. Onlardan ikisi 1945-ci ilin avqust ayında
acından öldü, ortancıl oğlum yanvar ayında soyuqdan sətəlcəm olaraq dünyasını dəyişdi. İndi bir balam qalıb. Hərdən fikirləşirəm: Kimdi günahkar? Bəlkə sən cavab verəsən, hə? Üçüncü reyx? Hitler? Nasist partiyası? Gebbelsin sarsaq təbliğatı? Hə? Kim? Susursan. Çünki özün hər şeyi başa düşürsən, lakin boynuna almaq istəmirsən. “Gestapo”da əlim qana bulaşıb. Bunu etiraf edirəm. Sən yaxşı bilirsən ki, ora düşənlərlə necə rəftar edirlər. Bir səhnə heç bir vaxt yadımdan çıxmır. Gecələr hərdən yuxuma girir, diksinirəm, ayılıram, səhərəcən yata bilmirəm. 15 yaşlı oğlanın gözləri qarşısında atasının dırnaqlarını kəlbətinlə çıxartmağa başladılar, sonra atasının gözü qarşısında oğlunun barmaqlarını isti millə deşik-deşik etdilər. O, bu ağrıya dözə bilməyib huşunu itirdi. Atası yalvarmağa başladı ki, “nə desəniz edərəm, hansı sənədə imza atmaq lazımdırsa, ataram, təki siz balama toxunmayın. O, mənim yeganə yadigarımdır.” Onun gözlərinə baxanda bədənimdən axan qan sanki dondu. Soyuq tər məni basdı. Ruslara qarşı nifrətim olsa da, həmin an ona yazığım gəldi. Bu, məzlum zavallının gözlərinin içindən qan dalğası sanki coşub daşırdı. Bizdə isə mərhəmət yox idi. Oğlunu ayıldandan sonra başını qırxdılar və beyninə 5 iri paslı mismar yeritdilər. Uşaq həmin an keçindi. Atasının ürəyi bu səhnəyə dözə bilməyib dəli oldu, - dərindən ah çəkib sözünə davam etdi: - Mən də bolşeviklərə nifrət edirəm. Bununla belə, yaşamaq və Almaniyaya qayıtmaq ümidi ilə yaşayıram. İnanıram ki, bir gün gələcək bizi azad edəcəklər və biz doğma vətənimizə qayıdacağıq. Arzum yeganə sağ qalmış balamı qucaqlayıb öz ana vətənimdə ölməkdir. Sən isə...
Valter onu diqqətlə dinləsə də, öz fikrindən dönmürdü. Millətçilik ifrat dərəcədə onun qanına yerimişdi. Barakda onu hamının ürəyini bulandıran söhbətlərdən yayındırmaq məqsədilə məsləhətlər versələr də, o, dediyindən əl çəkmirdi.
-Danışdıqların boş cəfəngiyatdır, - Valter kinayə ilə güldü.
Henrix səsini ucaltdı:
-Kəs səsini!
-Üstümə qışqırma. Bəlkə sən də gestapoda işləmisən? Müllerin əlinin altında Gerd kimi ona-buna işgəncələr vermisən? Verməmisənsə, gərək verəydin. Bu ruslar buna layiqdirlər.
-Sənə son sözümü deyirəm.- Henrixin rəngi dəyişib, qəzəbli bir ifadə aldı. – Bir də faşist təbliğatı ilə məşğul olsan, icmaanın cəzası ağır olacaq.
-Tüpürüm sizin icmaya. Hamınız bolşeviklərə satılmısınız. Anti-faşist olmusunuz. Bu gün-sabah sizə partiya bileti də verərlər. Kommunist partiyasının üzvü olaraq kommunizm qurarsınız, Stalinin portretini isə çarpayınızın başından asarsınız, - deyə acı-acı güldü. Bu isə ona ağır başa gəldi.
Gerd ona sərt bir şillə vurdu. Valter oturduğu stolu onun başına çırpdı. Ara qarışdı. Onları güclə ayırdılar. Barakda abı-hava gərginləşdi. Gecə çoxlarının yuxusu ərşəyə çəkildi. Sovetlərə əsir düşənlərin heç də hamısı Valterin dediyi kimi, Almaniyaya qayıtmaq ümidləri yox idi. Onlar gecələr doğma vətənlərini, uşaqlıq illərini, xoş anlarını, sevincli günlərini yada salır, bir növ özlərinə təskinlik verirdilər. Bəziləri isə əllərini hər şeydən üzsələr də, son anda ümidlərini itirmək fikrində deyildilər. Onlar yaşamaq, öz doğma torpaqlarına qayıdaraq, ailələrinə qovuşmaq arzusu ilə yaşayırdılar. Məhz bu inama inanaraq, hər gün gündəlik
normanı artıqlaması ilə yerinə yetirir, sovet komandanlığı qarşısında nümunəvi, sakit, qayda-qanuna ciddi riayət edən əsirlər kimi aparmağa çalışırdılar.
Alman əsirləri briqadalara bölünüb Sumqayıtda mənzil tikintisi ilə məşğul idilər. Bir gün səhər işə çıxanda həmişə olduğu kimi, adbaad yoxlama keçirildi. Adları çəkilənlər iki addım irəli çıxırdılar. Valterin adı çəkiləndə əsirlərin arasına sükut çökdü. Səs verən olmadı. Nəzarətçi ucadan qışqırdı:
-Yoldaş komandir... yoldaş komandir... Valter özünü asıb.
Bu, hadisənin araşdırmaq üçün NKVD işə qarışdı. Həmin gün əsirləri işdən azad etdilər və onlar bir-bir müstəntiqlərə izahat verməyə başladılar. Sonra məlum oldu ki, Valter daxili nizam-intizamı pozduğuna, gündəlik normanı kəsirlə yerinə yetirdiyinə, tənqidlərə məhəl qoymadığına görə, icmanın qərarı ilə ona asılmaqla ölüm cəzası elan edilmişdir. “Biz onun əvəzinə işləyə bilməzdik”, deyə icmanın rəhbərləri bildirmişdilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar