Xəbər lenti
Təhsilimizin xanım sələfi - TARİX
Manevr.az "Kaspi" qəzetinin G.Axriyevayla bağlı araşdırma yazısını təqdim edir.
Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında və onun inkişaf etdirilməsində, müsəlman qadınların məktəbə cəlb edilməsində xidmətləri olmuş bir sıra tanınmış qadın pedaqoqların həyat və fəaliyyəti kifayət qədər araşdırılmamışdır. Belə durum aradan qaldırılmalı və təhsil tariximizdə xidməti olmuş pedaqoqların həyat və fəaliyyətləri araşdırılaraq ictimaiyyətə təqdim olunmalıdır.
Azərbaycanın təhsil tarixində izi qalmış tanınmış müəllimələrdən biri də Gülbahar xanım Axriyevadır. Gülbahar xanım haqqında ensiklopediyalarda heç bir məlumat yoxdur. Onun haqqında yalnız tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun 2011-ci ildə nəşr edilmiş “H.Z.A.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitabında müəyyən məlumatlar yer almışdır. Dövrünün tanınmış qadın pedaqoqu Gülbahar xanım Axriyeva 1886-cı il yanvarın 8-də Bakıda müsəlman məmur ailəsində anadan olmuşdur. O, 1894-cü ildə imtahan verərək Bakı Müqəddəs Nina qadın məktəbinin aşağı hazırlıq sinfinə qəbul olmuş, 1895-ci ildə yuxarı hazırlıq sinfinə keçirilmişdir. Gülbahar xanım 1902-ci ildə VII sinfi bitirərək, 4 iyun 1903-cü il tarixində 264 saylı Attestat əldə etmişdir.

Yeri gəlmişkən qeyd edim ki, o dövrün qanunlarına görə müsəlman məzunların əldə etdiyi şəhadətnamənin verdiyi hüquqlar ev müəlliməsi vəzifəsinə layiq görülmüş xristian dininə məxsus şəxslərin şəhadətnaməsinin verdiyi hüquqlarla eyni qüvvəyə malik deyildi. Əgər Gülbahar xanıma yalnız öz dindaşları arasında rus dilini tədris etməyə ixtiyar verilirdisə, xristian dininə məxsus şəxslərə verilmiş şəhadətnaməyə malik olanlara dinindən asılı olmayaraq istənilən vətəndaşlar arasında rus dilini tədris etmək hüququ verilirdi.

O, 1908-ci il noyabrın 17-də Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət edərək qeyd edirdi: “Bakı Müq. Nina qadın məktəbini 1904-cü ildə bitirərək ev müəlliməsi hüququnu əldə etmişəm. Sonra isə bu ilin sentyabr ayınadək Yelizavetpol Müq. Nina təhsil ocağında müəllimə vəzifəsində qulluq etmişəm. Cənab sədr, sizdən xahiş edirəm ki, mənə şəhər məktəblərinin birində müəllimə yerinin verilməsinə etiraz etməyəsiniz. Bununla yanaşı əlavə edirəm ki, Yelizavetpoldakı xidmətimi ailə vəziyyətimlə əlaqədar olaraq tərk etmişəm”.

Gülbahar xanım 1915-ci il iyunun 26-da Məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edirdi ki, şəhər xidmətinə keçmək istədiyi üçün ona Bakıdakı şəhər məktəblərinin birində vakant müəllim yeri verilsin. Lakin Gülbahar xanım Axriyeva 1915-ci il iyulun 16-da sağlamlığı ilə əlaqədar olaraq vəzifəsindən azad olunmuş və həmin vəzifənin icrası müvəqqəti olaraq A.X.Şahtaxtinskiyə həvalə edilmişdir.
Bakı şəhəri qadın 3-cü rus-tatar məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1915-ci il sentyabrın 5-də Məktəb komissiyasının sədrinə 41 saylı məktubla müraciət edərək ona həvalə edilmiş məktəbə orta ixtisaslı müəllimənin göndərilməsini xahiş etmişdir. Məktəb komissiyası sədrinin Rəhilə xanıma ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 943 saylı məktubunda bildirilirdi ki, ali-ibtidai məktəbin müəllimə vakant yerinin tutulması üçün sentyabrın 7-dən etibarən Gülbahar xanım Axriyeva ezam edilir. Ona illik 900 rubl maaş təyin olunur. Sonradan isə Gülbahar xanım müsəlman qızlar üçün açılmış 3-cü ali-ibtidai məktəbin müdirinin xahişi ilə həmin təhsil ocağına keçirilir. Onun məvacibi artırılaraq ildə 1080 rubl olur.

Beləliklə, Gülbahar xanım Axriyevanın həmin məktəbdəki pedaqoji fəaliyyəti başa çatır. Şəxsi işində onun sonrakı həyat və fəaliyyəti haqqında hər hansı bir məlumat yoxdur. Məqaləni hazırlayarkən Gülbahar xanımın fotolarını tanınmış tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadədən əldə etmək mümkün oldu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar