Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının bu rayonu ləğv olunur?

Tarix: 26-10-2021 10:47     Baxış: 4179 A- / A+
Bakının bu rayonu ləğv olunur?
Azərbaycanda mövcud idarəetmə sistemi elə qurulub ki, rayonların idarəçiliyində yerli icra hakimiyyəti başçılarının mühüm rolu olur. Buna görə də adətən icra başçısı vəzifədən alınan rayona tezliklə yeni rəhbər təyin olunur. Bakı şəhərinin Nizami rayonu bu baxımdan istisna təşkil etməkdədir: İcra hakimiyyətinin başçısı postu 1 il 34 aydır boşdur. Prezident İlham Əliyevin 2020-ci il iyulun 11-də imzaladığı sərəncamla Nizami Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Arif Qasımov vəzifəsindən azad edilib və indiyədək də onun yerinə təyinat olmayıb.
Manevr.az bildirir ki, məlumatlı mənbənin "Yeni Müsavat”a verdiyi məlumata görə, Nizami rayonuna yeni icra başçısı təyin olunmamasının əsas səbəbi rayonun tamamilə ləğv olunması planından irəli gəlir. Belə ki, rayonun ləğv edilməsi, ərazisinin isə Nərimanov və Xətai rayonları arasında bölüşdürülməsi nəzərdə tutulur. Qeyd edək ki, Nizami rayonu 1980-cı ilin noyabr ayında yaradılıb. Rayonun ərazisi 19,6 km2-dir. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Vaxtilə bu rayonların ərazisindən təşkil edilib. İndi də rayon Nərimanov və Xətai rayonları arasında bölünə bilər.
Bəs bunu zəruri edən nədir? Nizami rayonunun ləğv edilərək iki böyük rayona verilməsi nə dərəcə effektiv olar?

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazi bölgüsünə dəyişiklik edilməsi ilə bağlı məlumatlar paytaxtın yeni Baş Planının hazırlanmağa başlamasından sonra yayılıb. Bildirilir ki, dəyişikliklər Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır. Belə ki, yeni Baş Plana əsasən şəhərdə Səbayel, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissələrini özündə birləşdirəcək mərkəzi rayon yaradılacağı qeyd olunur. Nərimanov rayonunun mühüm bir hissəsi alınaraq mərkəzi rayona verildiyinə görə Nizami rayonu ləğv edilib, ərazisinin əsas hissəsi bu rayona veriləcək.

Nizami rayonu ərazisində Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, bir sıra iri yolötürücü kompleksləri ilə yanaşı, "Koroğlu”, "Qara Qarayev”, "Neftçilər” və "Xalqlar Dostluğu” metro stansiyaları yerləşir. Bundan əlavə, rayonun ərazisində sovet dövründən qalan, həmçinin sonradan yaradılan çox böyük sənaye və digər müəssisələr var: Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, "Bakı Şərab-1" ASC, ”Azərtunelmetrotikinti" SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, "Bakı Diyircəkli Yastıq” ASC, "European-Tobacco Baku” ASC, "Bakı Yağ-Qida Sənaye” ASC, "Veysəloğlu” MMC, "Kaspi-Yıldız” MMC və sair. Rayonda həmçinin 22 orta ümumtəhsil məktəbi, "Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan "Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.

Müstəqillik illərində vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının inzibati binaları, olimpiya idman kompleksləri inşa olunub. Lakin hələ də fəaliyyətini demək olar ki, tam dayandırmış bir sıra sənaye müəssisələrinin on hektarlarla ərazisi boş qalmaqdadır. Görünür, hökumət bu boş ərazilərdən istifadə etmək niyyətindədir.

Onu da bildirək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir.  Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilib.

Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi və eləcə də Baş Plan çərçivəsində mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.  

Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.

Baş Planın hazırlanmasını Almaniyanın nüfuzlu "AS+P” şəhərsalma şirkəti həyata keçirir. Bu iş üçün alman şirkətinə 11 milyon manat ödənilməlidir. Rəsmi məlumata əsasən, prosesin bu mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. Baş Planın hazırlanması işinin 2021-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

Bu ilin avqustunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov mətbuata verdiyi açıqlamada Bakının yekun Baş Planının hazır olduğunu, üzərində son tamamlama işlərinin aparıldığını, ayın sonunda planın Nazirlər Kabinetinə göndəriləcəyini bildirib. Komitənin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlunun "Yeni Müsavat”a dediyinə görə, Baş Plan üzərində işlər hələ də davam etdirilir. Planda Nizami rayonunun ləğv olunmasının nəzərdə tutulub-tutulmamasına dair suala cavab verən komitə rəsmisi sənədin inzibati dəyişiklik məsələlərinə aidiyyətinin olmadığını vurğuladı: "Bu, Bakı Şəhər İcra Hakimiyyətinin cavab verə biləcəyi məsələdir”.

Bakı Şəhər İcra Hakimiyyəti rəsmisi İsrafil Kərimov isə qurumda bununla bağlı hər hansı məlumat olmadığını bildirdi. Onun sözlərinə görə, Bakıda inzibati bölgünün dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər olub, amma  hələlik onlar elə təklif olaraq qalmaqdadır.

Ekspert İlham Şaban bildirir ki, Nizami rayonu dahi Azərbaycan şairi Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə yaradılıb: "Mən o rayonda yaşayıb, təhsil almışam. Rayonun yaradılmasını da yaxşı xatırlayıram. Bakının inzibati bölgüsündə dəyişiklik etmək istəyirlərsə, birinci Pirallahı rayonunu ləğv etməlidilər. 2 ada - Pirallahı, Cilov adaları və Neft Daşlarından ibarətdir. Belə kiçik bir ərazi üçün ayrıca rayon yaradıb, məmur ordusuna bu qədər pul ayırmaq hansı məntiqin məhsuludur”?

Ekspert bildirir ki, Nizami rayonundakı Neft Emalı Zavodunu şəhərdən kənara köçürüb, yerini abadlaşdırmaq əvəzinə modernləşdirməklə onun ömrünü uzadırlar: "Keşlə tərəfdə, Dərnəgülə qədər olan ərazilərdə onlarla müəssisənin hektarlarla ərazisi bomboş saxlanır. Onların əvəzində əlavə dəyər verəcək layihələr icra etmək olmazdımı indiyədək? Bakı boyda şəhərin Baş Planını hazırlayırlar, bir dəfə də olsun ictimai müzakirəsini təşkil etmirlər. Axı belə sənədlər ictimai müzakirələr şəraitində hazırlanmalıdır. Hər hansı dəyişiklik ictimaiyyətlə razılaşdırılmalıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirir ki, Bakının Baş Planında bir neçə rayonun ərazisindən kəsib mərkəzi rayon yaradjlmasının nəzərdə tutulduğu deyilir: "Nizami rayonunun ləğvi də bu məlumatlarla eyni vaxtda yayılıb. Bizim düşüncəmiz budur ki, Bakı şəhəri ərazisində böyük şəhər bələdiyyəsi formalaşdırılmalıdır. Yalnız bundan sonra şəhərdə hər hansı inzibati ərazi dəyişikliyinin aparılmasından söhbət gedə bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar