Xəbər lenti
Qaradır, yoxsa rəng qatılır?
Ekspert deyir ki, qənnadı məhsulları və içki istehsalında geniş yayılmış "koller” adlı rəng maddəsindən çörək istehsalında da geniş istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar Sovet dövründə və ondan sonrakı bir neçə ildə insanlar daha çox qara çörəkdən istifadə edirdilər. Daha doğrusu buna məcbur olurdular. Xüsusən də kənd yerlərində. Çünki mağazalarda ağ un tapmaq müşkül idi. Vətəndaşlar məcbur olub ya qara un alırdılar, ya da qara unla ağ unu qarışdırıb çörək bişirməli olurdular. İndi isə əksini müşahidə edirik. Qara çörək olduqca bahadır. Müxtəlif markalar altında 250-300 qramlıq qara çörək 1,5-2 manata da satılır. Üstəlik, münasib qiymətə olan qara çörəyə də şübhə ilə yanaşılır. İddia olunur ki, guya ağ una rəng qatırlar. Sual yaranır: niyə əvvəllər daha ucuz başa gələn qara çörək indi ağ çörəkdən baha qiymətə satılır? Həqiqətən də aldığımız qara çörəyin tünd rəng alması üçün boyadan və ya digər qatqılardan istifadə olunur?
Əgər rəng varsa…
Rəng qatılmasının səbəbi
Sayat Quliyevanın sözlərinə görə, qara çörəyi rəng və digər qatqılar vurmadan da istehsal etmək mümkündür: "Çörəyin qatqısız, sadəcə xammal vasitəsilə istehsalı mümkündür. Lakin istehsalçılar qabarıq, məsaməli olması, saxlama müddətinin artırılması, yumşaq qalması üçün çörəyə müəyyən qatqılar əlavə edirlər ki, bunlardan ən birincisi rəng maddələridir. Yəni qatqıların, rəng maddələrinin istifadəsi unun maliyyətinin yüksək olması ilə əlaqəli deyil, bazarda olan rəqabətin göstəricisidir”.
Ucuz olması üçün
Fərid Səfərov deyir ki, çovdarı xaricdən idxal etdiyimiz üçün bu da qiymətlərə öz təsirini göstərir: "Qara çörəyi əldə etmək üçün lazım olan çovdar ununun ölkəmizdə istehsalı çox azdır, daha çox başqa ölkələrdən idxal olunur. Bu da qiymətə istər-istəməz təsir göstərir. Bu səbəbdən də, bəzi yerli sahibkarlar çovdar unundan deyil, ucuz olması üçün rəngləndiricilərdən və müxtəlif qatqılardan istifadə edərək qara çörək əldə edirlər”.
Çay, qəhvə, kakao
S.Quliyeva bildirir ki, tünd rəng əldə etmək üçün təbii vasitələrdən də istifadə olunur: "Qənnadı məhsulları və içki istehsalında geniş yayılmış "koller” adlı rəng maddəsindən çörək istehsalında da geniş istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar. Kakao və qəhvə ölkəmizə idxal olunur, həmçinin maya dəyəri də yüksəkdir”.
Qara çörəyin faydası
Sayat Quliyevanın sözlərinə görə, xüsusi xəstəliyi olan insanların sağlamlıq baxımından qara çörəkdən istifadə etməsi çox vacibdir: "Əvvəllər qara çörəkdən yalnız şəkər xəstələri istifadə edirdisə, günümüzdə pəhriz saxlayanlar da üstünlük verirlər. Çünki qara çörəyin kalorisi ağ çörəyə nisbətən azdır. Həmçinin ağ çörəyə nisbətdə qara çörəyin tərkibi vitaminlər, minerallar və təbii liflərlə zəngindir. Bəzi xəstəliklərdən əziyyət çəkən insanlar qara çörəkdən istifadə etsinlər ki, bu maddələri də qəbul edə bilsinlər”.
Qatqıların ziyanı
Fərid Səfərov deyir ki, qara çörəyin tərkibinə qatılan qida maddələri hər insanda müxtəlif xəstəliklərə gətirib çıxara bilər: "Çörəyin istehsalında istifadə olunan qatqı maddələri hər bir insana fərqli şəkildə təsir göstərə bilər. Bu, həm də istifadə edilən maddənin miqdarından da asılıdır. Bu maddələr mədə turşuluğunu artırır, mədənin selikli qişasını qıcıqlandırır, həzm sistemində problemlər, piylənmə, qəbzlik, sinir pozğunluqları, allergik reaksiyalar yaradır”.
Tərkibini oxuyun
Sayat Quliyeva oxuculara məsləhət görür ki, çörək alarkən tərkibi ilə mütləq maraqlansınlar: "Üzərində geniş məlumatlar qeyd edilməyən, özünəməxsus qablaşdırması olmayan, tərkibində kənar qatqıların qeyd edildiyi çörəkləri almasınlar”. /"Kaspi" qəzeti
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar