Xəbər lenti
Azərbaycan dilinin aktual problemləri müzakirə olunub
Neftçala rayonunun dilçi alimlərinin təşəbbüsü və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG2021- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda elmi konfrans keçirilib. Mövcud pandemiya şəraiti ilə əlaqədar “Zoom” platforması üzərindən təşkil olunan elmi konfransda respublikamızın tanınmışm ziyalıları və elm adamları iştirak ediblər.
Manevr.az xəbər verir ki, Azərbaycandan və xaricdən 20-yə yaxın dilçi alimin məruzə ilə qatıldığı tədbiri giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru, konfransın təşkilat komitəsinin sədri Könül Məmmədova, həmçinin Xəzər Universitetinin təsisçisi və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı qonaqları salamlayaraq keçirilən konfransın əhəmiyyətindən söz açıblar, xüsusilə regionlarımızda belə tədbirlərin təşkilinin vacibliyini diqqətə çatdırıb iştirakçılara uğurlar arzulayıblar. Sonra Millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun konfrans iştirakçılarına ünvanlamış təbrik sözlərini əks etdirən videoçarx nümayiş olunub.
Plenar iclasda Pekin Xarici Dillər Universitetinin professoru Liu Zhaonun “Dede Korkut'tan Geriye İleriye Bakışla: Koşaçın Tarihi”, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin müdiri professor Sevinc Əliyevanın “Kütləvi informasiya vasitələrində Azərbaycan dilinin düzgün tətbiqi” və professor Hamlet İsaxanlının “Dilin fəlsəfi aspektlərinə baxış” adlı məruzələri dinlənilib.
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçilərinin - Ramil Bayramov və Pərvin Eyvazovun, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Aqil Cəfərovun moderatorluğu ilə keçirilən üç paneldən ibarət bölmə iclaslarında 17 nəfər iştirakçı dilçiliyin müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış edib. Çıxışların ardınca məruzələr ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Konfransın bağlanışında tədbirin təşkilatçıları - Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Çin Sosial Elmlər Akademiyasının ilk azərbaycanlı alimi, Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müəllimi Aqşin Əliyev, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərova məruzələrdə toxunulan bir çox məsələlərin mühüm aktuallıq daşımasından, yaxın vaxtlarda konfransın xatirə kitabının çap olunmasından, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıblar, iştirakçıların müzakirələrdəki aktivliyini yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildiriblər.
Sonda bütün məruzçilərə təşkilat komitəsi adından sertifikatlar təqdim olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar