Xəbər lenti
Xeyriyyəçilik ənənələri yaşayır
Bakının Xəzər rayonunun ən qədim və böyük yaşayış məntəqələrindən olan Buzovnada vaxtilə nüfuzlu şəxslər tərəfisndən əsası qoyulmuş xeyriyyəçilik ənənələri davam etdirilir. Bu həm sosial müdafiəyə ehtiyacı olan sakinlərin həyat şəraitinə müsbət təsir göstərir, həm də qədim yurdun dini-mənəvi sərvətlərinin qorunmasında əhəmiyyətli rol oynayır.
Qəsəbə sakinləri - Əməkdar artist hacı Mirzə Ağabəyli, Məşədi Qərib və Cümə məscidlərinin imamı hacı Şəhriyar Salami, tanınmış ziyalı hacı Əlisurət Məmmədov, "Əli ayağı" ziyarətgahının imamı hacı Maarif Niftullayev belə savab işlərin təməlində mərdlik, rəhmdillik, səxavətlilik kimi xalqımıza xas xüsusiyyətlərin dayandığını bildirirlər.
Hacı Mirzə Ağabəyli deyir ki, hər bir kənd öz xeyriyyəçilərini yaxşı tanıyır. Xüsusən də, kənd ağsaqqalları, ağbirçəkləri və din xadimləri... Məsələn, Buzovnanın nüfuzlu nəsillərindən birinin nümayəndəsi hacı Namulla bəyin xeyriyyəçiliyi barədə söhbətlər, yüz ildən çoxdur ki, nəsildən-nəsilə ötürülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın deputatlıq fəaliyyəti dövründəki xidmətləri, Heydər Əliyev Fondunun gördüyü işlər də böyük ehtiramla xatırlanır.
Qəsəbədəki "Bərəkət" çörək dükanını iyirmi beş il əvvəl açdığını bildirən Hacı Mirzə deyir: "Ötən illər ərzində kimlər camaata nə köməklik göstəribsə, hamısı bu dükanın sirridir. Müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər dükanımızın "nisyə dəftəri"ndəki borcları bağlayıblar". Hacı Mirzə son dörd ildə məhz belə imkansız adamların ehtiyaclarını, dükana yaranan borclarını bir nəfər şəxsin müntəzəm ödədiyini, lakin adının heç vaxt açıqlanmasına razı olmadığını bildirir.
Hacı Şəhriyar Salami isə İslamın şan-şöhrət üçün xeyirxahlığı qəbul etmədiyini, “əl tutmaq Əlidən qalıb” ifadəsinin elmi, savadı, qəhrəmanlığı, şücaəti və mərhəməti ilə müsəlman aləminin ideallarından olan bir şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayır. Buzovnada davamlı xeyriyyəçilik işləri həyata keçirən vətənpərvər insan nəinki şəhid ailələrinin, müharibə əlillərinin, veteranların və imkansızların ehtiyaclarının ödənilməsinə müntəzəm maddi dəstək göstərir, üstəlik, qəsəbənin dini-tarixi abidələrinin, bu qədim yurdun mədəni-mənəvi irsinin qorunmasına və zənginləşdirilməsinə də kömək edir. Onun maddi dəstəyi ilə Buzovnadakı Cümə məscidində isti döşəmə quraşdırılıb, Məşədi Qərib məscidi üçün ləvazimat alınıb, təkcə yerli camaatın deyil, respublikamızın müxtəlif guşələrindən və xaricdən gələn qonaqların da müqəddəs bir məkan kimi baş çəkdikləri "Əli ayağı" ziyarətgahında bərpa və abadlaşdırma işləri aparılıb, digər sosial yönümlü tədbirlər görülüb. Hər il Qurban və Ramazan bayramlarında məscidlərdə ehsanatlar təşkil edilir, sosial müdafiəyə ehtiyacı olan ailələrə ərzaq payı təqdim olunur.
Hacı Əlisurət Məmmədov deyir ki, koronavirus pandemiyası ilə bağlı sərt karantin rejimi, iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq edildiyi dövrlərdə xeyriyyəçi vətəndaş Buzovnada və digər qəsəbələrdə humanist fəaliyyətini daha da genişləndirib. Belə ki, sərt karantin rejiminin davam etdiyi müddətdə 250-yə yaxın ailəyə ayda iki dəfə ərzaq payı verilib. Bu zaman ərzaq yardımı göstəriləcək ailələr qəsəbənin nüfuzlu ağsaqqalları, din xadimləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanları nümayəndələrinin iştirakı ilə müəyyənləşdirilib. Şəhid ailələri, müharibə əlilləri və veteranlarının ehtiyaclarına isə xüsusi diqqət və qayğı ilə yanaşılır. Xeyriyyəçinin xahişi ilə, Buzovnanın din xadimləri və nüfuzlu şəxsləri 44 günlük Vətən müharibəsinin Xəzər rayonundan olan şəhidlərinin ailələrinə baş çəkib, onlar üçün ayrılmış maddi yardımı çatdırıblar. Hacı qeyd etdi ki, hazırda Buzovnadakı daha yeddi dükanda imkansız ailələrə pulsuz çörək və bəzi zəruri ərzaq məhsullarının verilməsi təmin olunur.
Əminiliklə demək olar ki, əsasını mərd və səxavətli kişilərin qoyduğu, bu gün Xəzər rayonunda, xüsusən Buzovnada yaşadılan xeyriyyəçilik ənənələrinin geniş yayılması, imkanlı şəxslərin bu savab işə könül verməsi dövlətimizin apardığı sosial siyasətə mühüm dəstək olar.
Elxan Salahov
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar