Xəbər lenti
Zəfər dastanını yazan igidlərimizdən biri - Şəhid Niyamin Niftalızadə
Vətən Müharibəsinin zəfər dastanını yazan igidlərimizdən biri də 23 yaşlı Niyamin olub. Özündən iki yaş böyük bacısının yeganə qardaşı olan Niftalızadə Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində doğulub. Onun 5 yaşı olanda Bakı şəhərinə köçüblər. O da 2003-2012-ci illərdə Bakı şəhəri Xətai rayonunda yerləşən 191 saylı tam orta məktəbdə təhsil alıb.
Şəhidimizin müəllimi öz şagirdini belə xatırlayır: “Niyamin sakitçiliyi ilə bütün uşaqlardan fərqlənirdi. Tənəffüsdə belə bir qırağa çəkilirdi, sanki onun bir başqa dünyası var idi. Məktəbdə oxuyarkən ən sevdiyi fənn tarix və ədəbiyyat idi. Olduqca vətənpərvər böyüyürdü”. Niyamin 9 illik təhsilini bitirib komyuter ixtisası üzrə peşə təhsilinə yiyələnmişdi.
2015-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Naxçıvan Muxtar Respublikası N sayılı hərbi hissədə, düşmənlə 50 m məsafədə olan postda xidmət keçmişdir. Həmin müddətdə nümunəvi əsgər olaraq hərbi hissə komandirləri tərəfindən dəfələrlə müxtəlif təltiflərlə mükafatlandırılmışdır. Komandiri Niyaminin xidmət yerini dəyişdirmək istəsə də, xahiş etmişdir ki, mən postda durmaq, cəbhə xəttində olmaq istəyirəm. 2017-ci ildə ön cəbhədə xidmət edən əsgər kimi hərbi xidmətini başa vurur.
Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra ikinci peşə təhsilini alıb, aşbazlıq sənətinə yiyələnmişdir. 2017-ci ildən məşğul olduğu həmin peşəsində olduqca böyük uğurlar qazanmışdı. Aşbaz köməkçisi olaraq işə başlayan Niyamin şəhadətindən 1 ay əvvəl aşbazlıq səviyyəsinə qalxmışdı. Aşbaz olaraq çalışdığı maaşını əlinə ala bilmədi. İşində çox peşəkar olsa da, ürəyi hərbi ilə döyünürdü. Dəfələrlə “mən hərbiyə getmək, müddətdən artıq hərbiçi kimi çalışmaq istəyirəm” – desə də, ailəsi onu bu fikrindən daşındırırdı. O isə həmişə cavab verib ki, “siz deməklə deyil, mən bir gün hərbidə çalışacağam”.
Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyev həqiqi hərbi xidmətdə olarkən Niyamin komandiri olmuşdur. Komandiri İlqar Mirzəyev şəhid
olduqdan sonra Niyamin könüllü olaraq qeydiyyatdan keçir. Komandirinin qisasını almağı qarşısına məqsəd qoyur. 23 yaşlı Niftalızadə Niyamin Xaliq oğlu könüllü olaraq ikinci Qarabağ müharibəsinə qoşulur. 21 sentyabrdan təlimlərə qatılır və 27 sentyabrdan ön cəbhədə döyüşlərdə iştirak edir.
Niyaminin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərindən keçib. 07 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 09.10.2020-ci ildə Dədə Qorqud məzarlığında torpağa tapşırılıb. Ölümündən sonra Niyamin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Döyüş və qazi yoldaşları onun qəhrəmanlıqlarını belə nağıl edirlər; “düşmən gözlənilməyən anda hücuma keçdi, iki tankları üzərimizə gəlirdi. Niyamin bütün yoldaşlarını arxaya verdi - siz gözləyin, mən gəlirəm - deyib özünə yüksəklikdə yer təyin edərək düşmənin bir tankını məhv etdi. İkinci tank artıq geri qayıtmaq istəyirmiş ki, Niyamin aman verməyib, ikinci tankı da partlatdı. Elə həmin an düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı”. Döyüş yoldaşları Niyaminin taborun ürəyi olaraq şəhid olduğunu vurğulayıblar.
Ailəsini ziyarətə gələn qazi yoldaşlarından biri söyləyib ki, “Niyamin çox sakit, paylaşan oğlan idi. Hələ təlimdə ikən iki dəfə mənə corab vermişdi. Ayın beşi ağır döyüşlər gedirdi. Mən yaralanıb neytral zonada qaldım. Çox qan itirirdim, özümə müdaxilə edə bilmirdim. Heç kəs bu riskə girməzdi, bir də baxdım ki, Niyamin yerə uzanıb fırlana-fırlana mənim yanıma gəldi, ilkin müdaxilə edib yaramı bağladı və eyni vəziyyətdə yerə uzanıb fırlana-fırlana geri qayıtdı. Mən bu gün həyatımı Niyaminə borcluyam”.
Digər qazı yoldaşı bildirir ki, döyüşdə olduğumuz müddətdə heç vaxt Niyamin arxada durmurdu, həmişə qabaqda döyüşürdü. Bir dostu ilə danışanda dostu Niyaminə deyir ki, ehtiyyatlı ol, çalış arxada get. Niyamin cavab verir ki, “mən qorxaq kimi arxada olmağa getmirəm, gedirəm döyüşəm, ya qəhrəman, ya qazi, ya da şəhid kimi geri qayıdam...”
Niyamin həm də Fənərbaxça komandasının qatı azarkeşi imiş. Dəfn olunduqdan sonra doğmaları qəbrinin üstünə ancaq sarı və mavi güllər apararq,
formasını, bayrağını məzarı üstünə qoyublar. Bu sevgiyə Fənərbaxça futbol klubu biganə qalmamış, rəsmi səhifələrində Niyamindən bəhs edib, başsağlığı vermişlər.
Bacısı Nərmin qardaşının vətənpərvərliyini belə təsvir edir: “Şəhadətindən sonra qardaşımın bir paylaşımını tapdım. 2019-cu ildə qardaş Türkiyədə baş verən bir hadisədə şəhid ailələrinə baş sağlığını bildirib yazmışdı: “vətəni namus, bayrağı şərəf, şəhadəti mükafat bilən ölümlə qorxudula bilməz!”.
Niyamin şəhadəti ölüm bilməyib... Son dəfə evdən çıxanda danışdıq – dedi, bacı, narahat olma, uzağı 2 həftəyə evdəyəm. Dediyi kimi də etdi, söz verdiyi gündən 2 həftə sonra gəldi, ancaq Şəhid olaraq gəldi. Telefonla 4 oktyabr ata-anamla danışıb, hər şey yaxşı olacaq, narahat olmayın - deyib...”
Xeyriyyəçilikdən, maddi yardıma ehtiyacı olanlara kömək etməkdən zövq alan şəhidimiz Vətənə olan borcunu qanı-canı bahasına ödədi. Nə yaxşı ki, uğurunda can qoyduqları qələbəni qazandıq, ruhları qarşısında baş əyirik.
Gülnar Səma
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar