Xəbər lenti
Ekspert: “Bu il qəbul nəticələrinin aşağı olacağı gözlənilir”
“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi və DİM-in pandemiya ilə əlaqədar il ərzində ənənəvi sınaq imtahanlarını keçirməməsi abituriyentlərin qəbul nəticələrinə mənfi təsir edəcək”.
Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu amillər şagirdlərin imtahan təcrübəsi qazanma imkanlarını aşağı salıb:
“2019-cu ilə qədər ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi iki dəfə keçirilirdi. Bu, nəticələrin ciddi şəkildə yaxşılaşdırılmasına imkan verirdi. Bildiyiniz kimi, şagirdlər pandemiya səbəbindən 1 il 4 aydır ki, tədris prosesindən uzaqdırlar.
Eyni zamanda, Dövlət İmtahan Mərkəzi (DİM) həmişə şagirdlərin imtahan nəticələrinin daha da yaxşı olması üçün keçirdiyi sınaq imtahanlarını 1 ildən çoxdur ki, keçirmir. Bu il də pandemiya ilə əlaqədar kağız üzərində hər hansı bir sınaq imtahanı keçirilmədi. Təbii ki, şagirdlər sınaq imtahanlarında iştirak edəndə, fənlər üzrə vaxtlarını bölə bilirdilər, eyni zamanda hansı mövzunu zəif, hansını güclü bildiklərini müəyyənləşdirirdilər və bütün hallarda bu, onların nəticələrini yüksəltmələrinə imkan verirdi. Bu il yenə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək. Nəzərə alsaq ki, sınaq imtahanları bu il keçirilməyib və pandemiya şəraitində tədrisin təşkili tam mümkün olmayıb, istər hazırlıq kursları, istərsə də repetitorların fəaliyyəti tam olaraq həyata keçirilməyib, bu, təbii ki, şagirdlərin qəbul imtahanlarının nəticələrinə öz təsirini göstərəcək".
Ekspert, həmçinin bildirib ki, şagirdlərimiz birinci imtahanda həyəcandan, diqqətsizlikdən cavab kartına köçürmələrdə sürüşmə edirdilərsə, ikinci imtahanda bunu düzəltmə şansları olurdu:
“Lakin iki ildir onlara bu şans verilmir. Digər tərəfdən, artıq DİM-in keçirdiyi imtahanlarda cavab kartları da fərqlidir. Bu da təcrübə keçməyən abituriyentlər üçün çətinlik yaradacaq. Ona görə cari ildə balların ciddi şəkildə artmasını gözləmirik, əksinə müəyyən qədər aşağı düşmə ehtimalı var”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il də bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar