Xəbər lenti
Qurban bayramı heç zaman unudulmayan mənəvi mirasdır
Azərbaycan Xalqının Ümumilli Lideri, Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev Qurban Bayramı haqqında demişdi ki, müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir.
Bəli, dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə, tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri, dini baxışları xalqın müqəddəs etiqadına söykənməklə, özündə çox böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən kəşməkəşli, çətin anlarında belə, insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. Müqəddəs etiqada, yüksək daxili inam və ruhi saflığa tapınan Azərbaycan xalqının uzun əsrlər boyu islami dəyərlərə sadiq müsəlman hümməti kimi tanınması da məhz bu həqiqətin bariz təcəssümüdür.
Sovet imperiyasının tərkibində yaşadığımız 70 il ərzində də xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmadı. Bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. Azərbaycan xalqı hələ sovet dönəmində bütün qadağalara baxmayaraq müqəddəs Qurban və Ramazan bayramlarını da qeyd edirdi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Qurban bayramı artıq dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu təsdiqləyir. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu qədim və müqəddəs bayram yüksək səviyyədə qeyd edilir, iş günü hesab olunmur.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!".
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son altı ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimzə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Vidadi Murtuzayev
Yevlax Şəhər İcra Hakimiyyəti
Başçısı aparatının əməkdaşı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar