Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Savaşan mən, medal alan başqaları” - Həkimdən narazılıq

Tarix: 02-07-2021 13:23     Baxış: 3237 A- / A+
“Savaşan mən, medal alan başqaları” - Həkimdən narazılıq

Tanınmış həkim-infeksionist, TƏBİB-in İşçi qrupunun üzvü Vasif Əliyev sosial şəbəkə hesabında pandemiyanın ön cəbhəsində vuruşan biri kimi ölkənin səhiyyə qurumlarından narazılığını ifadə edib.

V.Əliyev pandemiya başlayandan həmkarları ilə birgə gecə-gündüz çalışdığını deyib:

“Məni tanıyan çox insan bilir ki, pandemiya başlayan dövrdən etibarən bu müharibənin ən ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və TƏBİB sədri ilə birlikdə gecə-gündüz çalışaraq protokol tərtib etmişik. Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq. İlk brifinqlərdə çıxış edib ictimaiyyətin suallarını cavanlandırmışıq. Xalqın maarifləndirilməsi üçün elə vaxtlar olub gündə 3-4 dəfə vaxt tapıb televiziya, radiolarda çıxış etmişik və hazırda da buna davam edirik. Sosial şəbəkələrdə bəzi cahil insanların əsassız rəylərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq. Yadımdadır 2020-ci ilin mart ayında ilk dəfə “Yeni Klinika” açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana var idi. Nə bir həkim heyəti, nə də oturuşmuş bir sistem var idi. O zaman COVID-lə mübarizə təcrübəsi də yox idi. Çox həkim təmasdan qaçmaq üçün heç işə belə getmirdi. Çünki hər kəs risk altında idi. Qorxu vardı. Belə bir zamanda o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacarmadıqmı? Bacardıq. Xüsusən yeni bitirən, rezidentura təhsilini davam etdirən cavan, təcrübəsiz, ancaq enerji dolu həkimlərin hesabına bunu etdik. 100-dən çox həkimlə çiyin-çiyinə təcrübələrimi bölüşərək, usanmadan, vaz keçmədən, hər çətin anlarında arxasında duraraq bir həkim kimi yetişmələrinə köməklik etdim. Hazırda bunun bəhrəsini hamı görməkdədir. Minlərlə insan bu kollektivin hesabına xəstəlikdən qurtuldu. Doğrudur itkilərimiz də oldu. Amma bu bütün dünyada var. Reallıqla barışmaq ağır olsa da lazımdır”.

İnfeksionist “Yeni Klinika” ilə əməkdaşlığına da toxunub:

“COVID-in ilk dalğasında “Yeni Klinika” ilə yanaşı, Tədris Terapevtik klinikaya da öz dəstəyimi göstərdim. Orada işləyən həkimlərlə bilavasitə təmas quraraq, ağır xəstələrin idarə edilməsində təcrübələrimi paylaşdım. İlk modul tipli xəstəxananın açılışında Cənab Prezidentin qarşısında çıxış etmək mənə həvalə olunmuşdu. Bu işi də layiqincə yerinə yetirdik. O zamanlar xəstəliyi müalicə etmək haqda təcrübələr çox az idi. Düz 1 il əvvəl respublikanın əməkdar artisti Bəhram Bağırzadə terapevtik klinikada ağırlaşdığına görə Mərkəzi Gömrük Hospitalına köçürdülər. Azərbaycanda ilk dəfə COVID xəstəsi EKMO cihazına qoşuldu. O zaman TƏBİB-dən xəstənin infeksion kontrolunu mənim nəzarət etməyimi istədilər. Bu qədər işin içərisində onu da üstləndik. Təcrübə azlığı və ciddi məsuliyyət altında ilk dəfə ACTEMRA və İVİG müalicəsini tətbiq etdik. Heç kimin inanmadığını xəstəxana kollektivi ilə birlikdə reallaşdırdıq. Daha sonra kollegamız, dostumuz Cavid Paşayev də ölümün pəncəsindən qurtuldu.

İndi xəstə müalicə etmək çox asandı. Hamı COVID müalicə edir. Məlumatlar daha çoxdu. Antiviral preparat – Remdesivir var. O zaman bu dərmanlar yox idi. Remdesivir və Actemra ölkəyə gətirildikdən sonra Bakıda və regionlarda bu dərmanı heç eşitməyib, istifadə qaydalarını bilməyən həkimlərə nəzarəti kim etdi bəs? Bəli mən etdim. Hər gün onlarla ambulator xəstə müayinəsi ilə yanaşı dərman təsdiqi üçün gələn zənglərə da cavab verməli, uyğun xəstə olub olmadığını bu qədər işin içində analiz edib qərar verməli idim”.

Həkim Vətən müharibəsində də öz dəstəyini əsirgəməyib:

“Nəhayət 44 günlük müharibə dövrü... Həmkarlarımdan cərrah olanlar ilk gündən cəbhəyə yola düşüb tibbi xidməti orda təşkil etdilər. O zamanlar xalqımız hər 2 cəbhədə vuruşurdu. Ön cəbhədə erməni dığası ilə, arxa cəbhədə isə bitmək bilməyən COVID bəlası ilə. “Yeni Klinika”nın bir tərəfində COVID xəstələri, digər tərəfində isə yaralı əsgərlərimiz var idi. Əməliyyat olunmuş palatada yatan və reanimasiyada izlənən əsgərlərimizə infeksion nəzarəti də şərəf və qürür hissi ilə sevərək etdik. Eyni zamanda, ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərən həkimlərimizə onlayn şəkildə infeksion tərəfdən dəstəyimizi də göstərdik.

Müharibə bitsə də, pandemiya bitmədi. Qarşıda daha ağır 2-ci dalğa bizi gözləyirdi. Amma daha təcrübəli və daha qorxusuzduq. Bunun da öhdəsindən gələcəyimizdən adımız kimi əmindik. Bəzi ağır xəstələr başqa xəstəxanalarda yatsa da, onlara da vizit atmaqdan çəkinmədik. Bunun üçün həm Mərkəzi Neftçilər Xəstəxanası, həm Gömrük Hospitalına dəfələrlə xəstə müayinə etməyə gedirdim”.

V.Əliyev bütün bunların qarşılığında quru bir təşəkkür belə almadığını deyib:

“Pandemiya ilə mübarizə çərçivəsində COVID-in stasionarda müalicə prinsiplərini “Zoom” vasitəsilə paytaxtda və regionlarda COVID-lə işləyən həkimlərlə bölüşdük. Onlara özümün də daim güncəl bilgiləri takip edərək ən son yenilikləri çatdırdıq və bunu bir neçə dəfə təkrarladıq. Əslində saymaqla bitməz. Unudulan çox şey var. Onların hamısını bir mətnlə yazmaq yaşananlarla müqayisə belə olunmaz. Bu qədər içimdəkiləri paylaşmama səbəb nədir deyə soruşsanız cavabını deyirəm - DİQQƏTSİZLİK...

1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalmaq. Bu zaman içində quru bir təşəkkür belə almamaq. Nə TƏBİB, nə İcbari Tibbi Sığorta, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq, 1 dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var. Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur. Diqqətsizlik, Hörmətsizlik, Dəyər verməmək və ya İş bilməməzlik. Səbəb nə olursa olsun nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq görmədik. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görünsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki”./hit.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar