Xəbər lenti
Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır - Musa Qasımlı
Bu il 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü başqa bir əhvali-ruhiyyədə - qalib xalq, qalib dövlət kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəyə görə, ilk növbədə, əbədiyyən yaşayacaq şəhidlərimizə, qəhrəman qazilərimizə, bütün hərbçilərimizə, Qələbənin baş memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Bu fikirləri Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır: “Azərbaycan bu mövqeyə asanlıqla nail olmayıb. XIX əsrdə şimal torpaqlarımız çarizm tərəfindən ilhaq olunduqdan sonra azərbaycanlılar türk və müsəlman olduqları üçün hərbi xidmətə çağırılmır, özünümüdafiədən kənarda qalır və üstəlik vergi də ödəyirdilər. Buna baxmayaraq, çar ordusu sıralarında xidmət edən azərbaycanlı generallar böyük şöhrət qazanmışdılar. Əliağa Şıxlınski “Rus artilleriyasının Allahı” adlanırdı. General Hüseyn xan Naxçıvanski isə məşhur süvari polkunun komandanı kimi şöhrət qazanmışdı”.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra yaradılan ordunun təməlini 600 nəfərdən ibarət “Vəhşi diviziya” adlandırılan Azərbaycan diviziyası təşkil edirdi. Qısa müddətdə isə ordu quruldu. Bolşevik Rusiyası Azərbaycanı işğal etdikdən sonra müstəqil ordu quruculuğu dayandırıldı. Gəncə üsyanı yatırılarkən bir çox azərbaycanlı yüksək rütbəli hərbçi qətlə yetirildi. 20-ci illərin sonlarında Azərbaycan diviziyası buraxıldı, generallar, polkovniklər və digərləri qəddar repressiyanın qurbanı oldular.
II Dünya müharibəsi illərində azərbaycanlılardan təşkil olunmuş diviziyalar şöhrət qazandılar. Hətta 416-cı “Taqanroq diviziyası” Berlində Reyxstaqın qarşısında paraddan keçdi.
Professor Musa Qasımlı diqqətə çatdırıb ki, çarizmdən fərqli olaraq sovet dövləti azərbaycanlıları hərbi xidmətə çağırsa da, onların yalnız 15 faizi döyüş hərbi hissələrində xidmət edirdi. Qalanları isə tikinti batalyonlarında və yardımçı sahələrdə hərbi xidmət keçirdilər. Bu stereotipi ilk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə döyüş hərbi hissələrində xidmət edən azərbaycanlıların sayı artdı.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra ordu pərakəndə halda idi, ayrı-ayrı silahlı dəstələr fəaliyyət göstərirdi. 1993-cü ilin iyununda hakimiyyətə gəldikdən qısa müddət sonra Heydər Əliyev vahid ordu yaradılması üçün böyük işlər gördü və uğurlu Horadiz əməliyyatı nəticəsində düşmən geri oturduldu. Prezident İlham Əliyev isə Azərbaycan Ordusunu həm silah-sursat, texnologiya, həm də milli-mənəvi ruh baxımından dünyanın qabaqcıl ordularının sırasına daxil etdi.
“Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqları 44 günlük müharibədə düşməni əzərək azad etdi. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinin nadir hadisəsi oldu və bir sıra ölkələrin hərbi akademiyalarında öyrədilir. Müharibə dövründə Azərbaycan Ordusundan bir nəfər də olsun fərari olmadı. Ordumuz qürur mənbəyimizdir”, - deyə Musa Qasımlı qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar