Xəbər lenti
Ramazan ayı başladı
Azərbaycanda Ramazan ayı başlayıb.
Manevr.az xəbər verir ki, bu il üfüqdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprelə təsadüf edir.
Ramazan ayının builki təqviminə görə ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.
Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.
Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar qəbul etdiyi builki fətvada qeyd edilir: "Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.
Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bir daha bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır".
Qeyd edək ki, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar